Həsədin zərərləri
Müəllif: Admin
Tarix: 14-06-2019, 22:38
Həsədin zərərləri
İmam Əli (ə) buyurur:

وَ لاتحَاسَدُو، فَانَّ الحَسَدَ يَاكلُ الاْيمَانَ كَمَا تَاكلُ النارُ الحَطبَ

«Bir-birinizə həsəd aparmayın, həqiqətən, atəş odunu yandırıb kül etdiyi kimi, həsəd də imanı yandırıb puç edir.» («Nəhcül-bəlağə», xütbə 86.)

Təəssüf ki, bəzilərində az-çox bu çirkin sifət müşahidə edilir. Xüsusilə, uşaq yaşlarında insan özündə olmayanı başqalarında görəndə, həsəd aparır. Əgər insan bu çirkin sifətlə mübarizə aparmasa, qəlbində kök atıb onu cəhənnəmə sürükləyə bilər. İmanlı insan başqalarına verilmiş gözəllik, istedad kimi təbii nemətlərə həsəd apara bilərmi? «Nə üçün fılankəs məndən gözəldir, fılankəs məndən bacarıqlıdır?» demək möminə yaraşan iş deyil. Həsədin əsl mənası budur ki, nə üçün Allah məni məhrum edib? Bu isə Allahın məsləhətinə etirazdır.

Həsədcil insan Allahın işlərinə müdaxilə edir. Əgər bir insan zəhmət çəkib var-dövlət qazanır və Allah buna yol verirsə, bu işdə yalnız Allaha məlum olan səbəblər vardır. Allahın bütün işlərində hikmət vardır. Əgər hikmət Allahın sifətidirsə, imanlı insan Allahın işinə hansı əsasla etiraz edə bilər. Belə bir etiraz Allahın hikmətini qəbul etməməkdir. Həsəddə ifrata varan insan, hətta müşrik səviyyəsinə alçala bilər.

Həsəd hissini özbaşına buraxmağın olduqca pis nəticələri vardır. Başqalarının malik olduğu maddi və mənəvi nemətləri görərkən qəlbində həsəd hiss edən insan təcili bir çarə qılmalıdır. Düşünməlidir ki, əksər nemətlər insan üçün bir sınaqdır. Bu gün Allahdan nemət istəyib onu alan adam qiyamət günü öz istəyinə peşman ola bilər. Axı varlının, istedadlının Allah qarşısında vəzifələri daha ağırdır.

Unutmaq olmaz ki, İblisin küfrünün kökü həsəd idi. Bəşər tarixində müşahidə etdiyimiz qanlı müharibələrin çoxu həsəddən törənib. Bir nəfərin həsədi ucbatından minlərlə insan həyatını əldən verir. Bütün həyatını İslama sərf edib, sonradan məhz həsəd səbəbindən imamla üz-üzə dayananlar olub. Ona görə də həsədin ilk işartısı ilə mübarizə aparmaq, onun kök atmasına yol verməmək lazımdır. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 13-cü dərs.)
Ya Rəbb, bizi həsədin yandırıcı odundan qoru!


Maide.az
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930