Bəşər asimanının parlaq ulduzu – Xanım Fatiməyi-Zəhra (s.ə)
Müəllif: admin1
Tarix: 13-04-2014, 22:39
Bəşər asimanının parlaq ulduzu – Xanım Fatiməyi-Zəhra (s.ə)


Bismilləhir-Rahmənir-Rahim!


Yaşadığımız günlər Həzrət Fatimənin (s.ə.) mübarək mövludu ilə bağlı günlərdir. Bu günlərin əhəmiyyəti, Xanımın (s.ə.) mübarək şəxsiyyəti ilə bağlı idealların dərk edilməsi ilə səciyyələnir. Həzrət Zəhranın (s.ə.) mübarək şəxsiyyəti – yalnız Allaha tapınmağın, ötəri nəsnələrə bağlanmamağın kamil nümunəsidir.

Xanımın (s.ə.) məqamı

İlahi dinin son Peyğəmbəri (s) Xanım Fatiməyi-Zəhranı (s.ə.) İlahi qəzəbin və İlahi məhəbbətin meyarı kimi bəşəriyyətə tanıtdırır. Həzrət Peyğəmbərdən (s) belə nəql edirlər: «Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir».

Həzrət Zəhranın (s.ə.) bu cür uca məqamı o deməkdir ki, haqqla batilin müəyyən edilməsinin göstəricisidir, meyarıdır o Xanım (s.ə.). Həzrət Zəhra (s.ə.) tərəfdarı olan – haqq yoldadır; Xanımla (s.ə.) müxalifətçilik edən – batil əqidədədir. Həzrət Zəhranı (s.ə.) qəzəbləndirən – Peyğəmbəri (s) qəzəbləndirər. O kəs ki, Peyğəmbəri (s) qəzəbləndirər - Allahı qəzəbləndirmiş olur. Və əksinə, Həzrət Zəhranı (s. ə.) sevindirən – Rəsuli-Əkrəmi (s) şad etmişdir. O kəs ki, Rəsuli-Əkrəmi (s) şad edər – Allah Təalanı sevindirmiş olur. Bax, bu cür yüksək dərəcə verilir Xanıma (s.ə.). Və Həzrət Zəhra (s.ə.) vasitəsilə, bu yüksək dərəcə ümumilikdə qadına verilir.

Həzrət Peyğəmbərdən (s) nəql edirlər: «Fatimə - dünya və axirət qadınlarının seyyidəsidir».

Bir daha Xanımın (s.ə.) yüksək məqamına diqqət çəkilir. Həzrət Zəhra (s.ə.) dünya və axirət xanımlarının seyyidəsi kimi tanıtdırılır. Seyyidə nədir? Yəni böyüyüdür, yəni rəhbəridir, yəni ən kamilidir. Bütün xanımlar üçün ən kamil nümunədir. Bu nümunədən faydalananlar – bu zirvəyə layiq olmağa çalışar, cılız hisslərin burulğanından xilas olar, nicat tapar.

Həzrət Peyğəmbər (s) – İlahi Elçidir. Dedikləri şəxsi münasibətdən irəli gəlmir, insanlara hidayət yolunu göstərmək missiyasının realizəsindən doğur. Rəsul (s) üçün ən əziz kim ola bilər? Allah dərgahında ən sevimli insan. Allah dərgahında ən sevimli insan - ən təqvalıdır. Xanım Zəhra (s.ə.) – təqvanın təcəssümüdür. Ən kamil, ən əziz insandır. Budur qadına verilən məqam. Budur qadına verilən dəyər.

Başqa yerdə Peyğəmbərimiz (s.ə.) belə buyurur: «Fatimə - dünya qadınları arasında parlaq bir ulduzdur».

Bir ulduza bənzədir Peyğəmbərimiz (s) Həzrət Zəhranı (s.ə.)... Parlaq bir ulduza... Necə qaranlıq gecədə parlaq ulduz yolçuya yol göstərir, eləcə də dünya qaranlığında azmaq istəməyən insan gərək Zəhra (s.ə.) nurundan yapışsın. Azmaz onda insan, sapmaz haqq yoldan...

Təqva tövsiyəsi

Bəli, Həzrət Fatimə (s.ə.) – bir kamil insan nümunəsidir. Onun qısa, lakin başdan-başa məna ilə dolu olan həyatının hər anı Allaha Təalaya xidmətdən ibarətdir.

Həzrət Fatimənin (s.ə.) insanlara vəsiyyət etdiyi ən mühüm dəyər – təqvadır. Təqva mövzusunda dinimizin çoxlu əməli göstərişləri vardır. Bununla əlaqəli Məsumlardan (ə) nəql edilən hədislərə nəzər salaq. Allahın Peyğəmbəri (s) buyurub: “Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq”.

İmam Əli (ə) buyurub: “Sizin ən uzaqgörəniniz - ən təqvalınızdır”.

Digər yerdə İmam Əli (ə) buyurub: “Ən xoşbəxt insan - hamıdan təqvalı olandır”.

Rəsuli-Əkrəmdən (s) təqvalılığı xarakterizə edən belə hədis nəql edirlər: “Ən təqvali insan - onun xeyrinə və ya ziyanına olmasından asılı olmayaraq, haqqı deyəndir”.

İmam Əlidən (ə) nəql edilən növbəti hədisdə dünyanın aldadıcı mahiyyəti açıqlanır bütün ötəri nəsnələrin qalarlı olmaması vurğulanır. Eyni zamanda qeyd edilir ki, təqva ilə yüklənən əməllər əbədi həyat üçün son dərəcə əhəmiyyət kəsb edir: “Dünya çox hiyləgərdir və onda hər nə varsa - aldadıcıdır. Məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç bir azuqəsində xeyir və yaxşılıq yoxdur”.

Təqvanın İlahi seçim olmasını, bu keyfiyyətin Allahın razılığının nəhayəti olmasını çatdıran mübarək hədisdə İmam Əlidən (ə) buyurulur: “Allah Təala sizə təqvalı olmağı tapşırdı və bunu, Öz bəndələrindən razılığının tacı və istəyinə çevirdi”.

Allah Təala insanın təqvalı olmağını istəyir, bunu Öz razılığının şərti kimi tanıdır bəndəsinə. Və bu təqvalılıq insanın özü üçündür, Allahın ehtiyacı yoxdur insanın təqvalı olub-olmamasına. Sadəcə, insanı sevən Rəbb, onun üçün xeyir aqibət istəyir. Və təqvalı həyat - həm dünya, həm axirət səadətinə aparan ən qısa yoldur.

Ali hədəflər ardınca olmaq

Həzrət Fatimənin (s.ə.) həyatına diqqət etdikdə, ilk öncə diqqəti çəkən - ali hədəflərin üstün tutulması amilidir. Və bu üstün tutma həm də onda özünü göstərir ki, həyatın hər bir səhnəsində ali hədəflər ən mərkəzi yerdədir. Xanım Zəhra (s.ə.) bütün həyatı boyu ardıcıl və davamlı olaraq hər bir şeyi məhz ali hədəflərə uyğun olaraq edirdi. İstər fərdi həyatında, istər ailə həyatında, istər ictimai həyatda, ana olaraq, övlad olaraq, həyat yoldaşı, dəyərlər təbliğatçısı, zülmü ifşa edən olaraq, Həzrət Fatimə (s.ə.) fəqət Allah Təalanın rizayətini düşünürdü. Ali amallar ardınca idi. Və bu istiqamətdə hər zaman fədakarlığa hazır idi.

Həzrət Zəhranın (s.ə.), Əhli-beytin (ə) yolunu getmək istəyən insan gündəlik həyatında məhz bu iki məsələni ibrət götürsə, böyük irəliləyiş etmiş olar: ali hədəflərin ardınca olmaqlıq və bu durumu qorumaq üçün fədakarlıq halətinin mövcudluğu. Xanım Zəhranın (s.ə.) o yüksək amallar ardınca olması mövzusuna diqqət yetirsə və bu amalları özü üçün qəbul etsə, bu amallara döğru istiqamətləndirsə, Xanım Zəhra (s.ə.) irsindən götürdüyü ən böyük töhfə olar.

Peyğəmbərimizin (s) ümmətə etdiyi vəsiyyətə uyğun olaraq, Həzrət Fatimə (s.ə) öz məhşur xütbəsində mühacir və ənsarlara xitab edərək, haqq yolundan sapmamağın dəqiq reseptini təqdim etmişdir: “Agah olun ki, Allahın Peyğəmbəri (s) qiymətli və böyük bir əmanəti, yəni səma kitabı olan Quranı sizə əmanət qoyub getmişdir. O, səadət və təkamülün kamil nüsxəsidir. Allahın nuru və bürhanı, Böyük Allahın gücü, hüccət və İlahi qanunlar məcmuəsi bu kitabda aydın verilmişdir. Əgər onun hökmlərinə əməl etsəniz, səadət və təkamülün son həddinə çatarsınız. Zəlalət və cəhalətin zülmətindən nicat taparsınız. Bu, elə bir təkamüldür ki, başqalarının həsədinə səbəb olar”.


Allah Kitabına bağlılıq

Həzrət Zəhra (s.ə) elə bir ailədə böyümüşdü ki, bu ev Quranın nazil olma yeri idi. Xanım Zəhra (s.ə.) vəhy ab-havasında böyüyüb boya-başa çatmışdı.

Həzrət Zəhra (s.ə) Allah Kitabı olan Quranla yaxından ünsiyyətdə idi. Xanım (s.ə.) daima İalhi Kitabla bağlılıqda idi. Peyğəmbərimizin (s) sadiq səhabəsi Salman belə nəql edir: “Allahın Rəsulu (s) məni iş görmək üçün Həzrət Fatimənin (s.ə) evinə yolladı. Evin qapısına yaxınlaşanda evin içində Quran tilavət edən Fatimənin (s.ə) səsini eşitdim”.

Başqa bir yerdə yenə də qocaman səhabə Salman belə nəql edir: “Zəhranın (s.ə) evinə daxil oldum, gördüm ki, öz işi ilə məşğul ola-ola Quran oxuyur”.

Həzrət Fatimə (s.ə) Allah Kitabına olan bağlılığını çatdıran hədisdə buyurur: “Sizin dünyanızdan üç şey mənim üçün sevimlidir: Quranı tilavət etmək, Rəsullahın (s) simasına baxmaq və Allah yolunda infaq etmək”.

Həzrət Fatiməni (s.ə.) anarkən, onun ideallarına diqqət etmək düzgün olardı. Həzrət Fatimənin (s.ə.) irsini yada salmaqdır. Bu irsdən söz düşərkən, ilk növbədə göz önünə hicab gəlir. Xanımların iffət, həya rəmzi olan hicab.

Həzrət Fatimə (s.ə.) – bir kamil insan nümunəsidir. Onun qısa, lakin başdan-başa məna ilə dolu olan həyatının hər anı Allaha Təalaya xidmətdən ibarətdir.

Bəli, Həzrət Fatimə (s.ə.) fəqət Allah Təalanın rizayətini düşünürdü. Ali amallar ardınca idi. Və bu istiqamətdə hər zaman fədakarlığa hazır idi.

Bir ana, bir qız, bir həyat yoldaşı olaraq ən nümunəvi xanım olan, dünya və axirət qadınlarının seyyidəsi olan, həyatın bütün səhnələrində ibrət olan, qeyrət, iffət, həya, namus, sədaqət təcəssümü olan Həzrət Fatiməyi-Zəhra (s.ə.)... Bu dəyərləri yaşatmaq istəyən, gərək Xanımın (s.ə.) həyat yoluna, amallarına diqqət etsin. Bu amallarla yaşasın. Və bu yaşam ötəri, vaxtaşırı olmasın gərək. Xanımın (s.ə.) nümunəsindən bəhrələnmək istəyən – gərək həyatın hər bir səhnəsində bu idealı yaşatmağa çalışsın.


Mübarək ailə

Həzrət Zəhranın (s.ə) valideynləri - varlıq aləminin ən ali insanı olan Rəsulallah (s) və varlıq aləminin kamil qadınlarından biri olan Xədicə-Kubra (s.ə) idi. Həyat yoldaşı – kişilərin içində İslamı ilk olaraq qəbul edən İmam Əli (ə), oğulları – İmam Həsən (ə) və İmam Hüseyndir (ə). Həzrət Zeynəb (s.ə.) – Kərbəla qəhrəmanı – Xanım Zəhranın (s.ə.) qızıdır. Deyirlər ki, əgər Həzrət Fatimənin (s.ə) mübarək tərbiyəsinin məhsulu ancaq Xanım Zeynəb (s.ə) olsaydı, bu artıq Həzrət Zəhranın (s.ə) əzəmət və iftixarına kifayət edərdi. Həzrətin (s.ə.) bütün balaları yaradılışın kamil təcəssümü idi.

Bəli, necə bir mübarək ailədir ki, ata da məsumdur, həyat yoldaşı və övladları da məsumdur, xanımın özü də məsumdur. Həzrət Fatimənin (s.ə.) mübarək ailəsi bəşərin yaranma səbəbi idi. Belə ki, Allah buyurmuşdur: “Ey Əhməd! Əgər sən olmasaydın, varlıq aləmini yaratmazdım. Əgər Əli (ə) olmasaydı, səni xəlq etməzdim, əgər Fatimə (s.ə) olmasaydı, siz iki nəfərə vücud verməzdim”.

İmam Sadiq (ə) Xanımın (s.ə) dərəcəsi barədə buyurur: “O, Siddiqeyi-Kubradır (s.ə) ki, onun bilik mehvəri üzərində keçmiş əsrlər dövrə vururlar”.

Əziz Peyğəmbərimiz (s) onun haqqında belə buyurmuşdur: “Əgər (yaxşılıqlar) gözəlliklər insan şəklini alsaydı, o Fatimə olardı. Həqiqətən qızım Fatimə yer üzərindəki ən üstün insandır, həm zatı baxımından, həm də şərafəti baxımından”.

Bəli, Allahın Elçisi (s) Xanım Fatiməni (s.ə.) bəşəriyyətə belə tanıdır. Bəşər övladı bu tanıtımın əhəmiyyətini dərk etməli, bu mübarək nümunəni özü üçün həyat ülgüsü seçməlidir.

Həzrət Sahibi-Zaman (ə.f.) Həzrət Zəhra (s.ə.) haqqında buyurmuşdur: “Rəsullahın (s) qızı mənim üçün gözəl bir nümunədir. ...”.

Həzrət Zəhranın (s.ə) fəziləti hələ də lazım olan qədər dərk edilməmişdir. Əslində, bəşər acizdir bu böyüklüyü, bu dühanı rahat dərk etməkdə. Amma kamillik yolunun yolçusu olan insan üçün Rəsuli-Əkrəmin (s) çatdırışı ayıldıcı missiya daşıyır. Həzrət Peyğəmbər (s) buyurur: “Vay (əzab olsun), yenə vay, vay o kəsə ki, Zəhra (s.ə) fəzilətində şəkk etmişdir”.

İmam Sadiq (ə) Xanımın (s.ə.) məqamını bəlli edən hədisdə ardıcıllarından birinə belə buyurmuşdur: “Allah yanında Fatimənin (s.ə) doqquz adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhəddəsə, Zəhra”. Sonra buyurdu: “Fatimənin məna və təfsirini bilirsən?” Dedim: “Siz buyurun”. İmam (ə) buyurdu: “Fatiməni ona görə Fatimə adlandırmışdılar ki, şərdən uzaqdır”.

Digər yerdə İmam Sadiq (ə) buyurur: “O zaman ki, Fatimə ibadət mehrabında dayanırdı, onun nuru səma əhlini nurlandırırdı. Necə ki, ulduzlar yer əhlini nurlandırır”.

İmam Həsən (ə) buyurur: “Dünyada Fatimədən daha çox ibadət edən yox idi. O qədər ibadət edərdi ki, mübarək ayaqları qabar bağlayardı”.

Həzrət Fatimənin (s.ə.) yüksək məqamı, onun övladı İmam Hüseynin (ə) şücaət məktəbində təzahür tapmışdır. İmam Hüseyn (ə) Aşura günü bu həqiqəti bir daha açıqladı. İmam (ə) buyurmuşdur: “Şücaətimə, kəramətimə və azad düşüncələrimə görə anam Zəhranın (ə) nəcibliyinə və təmizliyinə minnətdaram”.

Bəli, bütün bəşəriyyət üçün azadlıq, igidlik, fədakarlıq, şücaət, mərdlik, zülm qarşısında əyilməmək məktəbinin ən nəcib müəllimi olan İmam Hüseyn (ə), bu keyfiyyətləri Həzrət Zəhra (s.ə.) tərbiyəsindən əxz etdiyini diqqətə çatdırır.

Sonda Həzrət Zəhra (s.ə.) şəxsiyyətinin daha bir gözəl çaları İmam Həsənin (ə) mübarək dili ilə çatdırılır. İmam Həsən (ə) Xanım Zəhranın (s.ə.) insanlara olan diqqəti haqqında belə buyurmuşdur: “Bir gecə gördüm ki, anam namaz qılır, Günəş çıxana qədər rüku və səcdə ilə məşğul oldu. Eşidirdim ki, hər bir qadın və kişi üçün dua edirdi. Onların adlarını çəkirdi, ancaq özü üçün dua etmirdi. Ərz etdim: “Ana! Niyə başqalarına dua etdiyin kimi, özünə də dua etmirsən?”. Buyurdu: “Övladım! Əvvəl qonşu, sonra ev””.

Bəli, Xanım Zəhra (s.ə.) hər zaman başqalarını düşünürdü. Öz qısa, amma başdan-başa İlahi xidmətlə dolu olan həyatının hər bir anını insanları hidayət yoluna gətirmək üçün ülgü qərar verdi.

Bu gün də, Xanımın (s.ə.) mübarək mövludu günlərində bizim edə biləcəyimiz ən gözəl iş – Həzrətin (s.ə.) ideallarını gündəlik həyatımızda yaşatmaq qərarıdır. Allah Təala bizləri belə qərarlarda sabitqədəm etsin!

Bayramımız mübarək olsun!

Allahım! Bizləri Xanım Zəhranın (s.ə.) yolunu gedənlərdən qərar ver! Amin!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031