MUXTAR SƏQƏFİNİN QIYAMI
Müəllif: Admin
Tarix: 28-09-2017, 17:11
MUXTAR SƏQƏFİNİN QIYAMI
Əbu Übeyd oğlu Muxtar 1-ci hicri-qəməri ilində dünyaya gəlmiş və 67-ci hicri-qəməri ilində Müsəb ibn Zübeyr tərəfindən qətlə yetirilmişdir. Taif şəhərinin Səqif qəbiləsindən olduğu üçün soyadı Səqəfi, künyəsi Əbu İshaq, ləqəbi isə Keysandır və Keysaniyyə firqəsi ona mənsubdur. Keysan zəkalı, zirək və huşyar mənasını verir. Əsbəğ ibn Nobatənin rəvayətinə əsasən, ona bu ləqəb imam Əmirəlmöminin Əli (ə) tərəfindən verilmişdir.

Muxtar Səqəfi Kərbəla faciəsindən beş il və “Təvvabin” (Tövbə edənlər) qiyamından bir il sonra, 66-cı hicri-qəməri ilində Aşura faciəsinin cinayətkarlarından, imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qatillərindən intiqam almaq üçün Kufədə qiyam etdi. Onun Kərbəla şəhidlərinin qatillərindən intiqam alması Əhli-beytin (ə) və tərəfdarlarının sevincinə səbəb oldu.

MUXTAR VƏ KƏRBƏLA FACİƏSİ

İmam Hüseynin (ə) səfiri Müslim ibn Əqil imam Hüseyn (ə) üçün beyət almaq üçün Kufəyə gəldikdə, Muxtar onunla yaxından həmkarlıq etdi və evini onun ixtiyarında qoydu.

Lakin Übeydullah ibn Ziyad Kufəyə daxil olduqdan sonra Muxtar, Müslim ibn Əqillə həmkarlıq etdiyi üçün zindana atıldı və Kərbəla faciəsi baş verdiyi zaman Kufədə zindanda saxlanılırdı. İmam Əlinin (ə) yaxın səhabəsi Meysəm Təmmar, Muxtarla birgə Kufə zindanında ikən, bir gün Meysəm, Muxtara dedi: “Sən zindandan azad olub, zülmkar Übeydullah ibn Ziyadı öldürəcək və ayağını onun üzünə qoyacaqsan...” Meysəm edam olundu. Muxtar isə Kərbəla faciəsindən sonra bacısının həyat yoldaşı Abdullah ibn Ömərin vasitəçiliyi və Yezidin əmri ilə həbsdən azad edildi. Ondan sonra Taifə gedib, bir il orada yaşadı. Həmin zaman Abdullah ibn Zübeyr Məkkədə qiyam edib özünü müsəlmanların xəlifəsi elan etmiş və Məkkənin hökmranlığını ələ almışdı. Muxtar Taifdən Məkkəyə getdiyi zaman, Abdullah ibn Zübeyr onu həmkarlığa dəvət etdikdə, bir sıra şərtlərlə onunla həmkarlığı qəbul etdi.

Məkkə Yezid ordusunun vasitəsilə mühasirəyə alındıqda, Muxtarın tədbirləri və fədakarlığı ilə Məkkənin mühasirəsinə son qoyuldu və Muxtar 64-cü hicri-qəməri ilində Yezidin ölümündən beş ay sonra Kufəyə döndü. Onun Kufəyə döndüyü zaman, artıq Kufə Zübeyrlilərin ixtiyarına keçmişdi. Onun Kufəyə daxil olması Süleyman ibn Sürəd Xüzainin rəhbərliyi ilə “Təvvabin” ordusu Yezid ordusu ilə döyüşmək üçün şəhərdən çıxmışdı.

Muxtar Kufəyə daxil olduqdan sonra inqilabi fəaliyyətinə başladı, fəaliyyətini imam Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyənin imzası və razılığı ilə əlaqələndirdi. Bir qrup şiə Kufədən Mədinəyə gedib, Məhəmməd Hənəfiyyədən Muxtar haqda soruşduqda, onların sualına üstüörtülü cavab verərək dedi: “Mən istəyirəm ki, Allah-Taala istədiyi hər bir bəndəsinin vasitəsilə düşmənlərimizdən intiqamımızı alsın!”

Bu söz şiələr arasında yayıldıqda, Muxtarın ətrafına çoxlu şiə toplaşdı. Nəhayət, Muxtar kifayət qədər qüvvə topladıqdan, nüfuzlu şəxsləri, o cümlədən Malik Əştərin oğlu İbrahimi özünə cəlb etdikdən sonra, 66-cı hicri-qəməri ilinin Rəbiüs-sani ayının 14-cü günü Kufədə “imam Hüseynin (ə) qanının intiqamı naminə irəli” şüarı altında qiyam edib Kufəni ələ keçirtdi. Abdullah ibn Zübeyrin Kufədəki valisi Abdullah ibn Müti də gizli şəkildə şəhər tərk etdi.

Muxtar Kufəni ələ keçirtdikdən sonra əsas vəzifəsini icra etməyə, yəni imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin qatilllərindən intiqam almağa başladı. O, hakimiyyətdə olduğu müddətdə Aşura faciəsinin cinayətkarlarından, o cümlədən, Ömər Səd, Şümr, İbn Ziyad, Xuli, Sənan, Hərmələ, Həkim ibn Tüfeyl, Münqəz ibn Mürrə, Zeyd ibn Rəqqad, Ziyad ibn Malik, Malik ibn Bişr, Abdullah ibn Üseyd, Əmr ibn Həccac və Kərbəla şəhidlərinin qanının tökülməsində iştirak edən bir çoxlarını qılıncdan keçirtdi.

Nəql olunur ki, Muxtar, Übeydullah ibn Ziyadın kəsilmiş başını Məhəmməd Hənəfiyyəyə, o da imam Səccada (ə) göndərdikdə, İmam (ə) Muxtara dua edib belə buyurdu: “Allaha həmd və şükürlər olsun ki, düşmənlərimizdən intiqamımızı aldı. Allah Muxtara xeyir əta etsin.”

İmam Baqirin (ə) hüzurunda Muxtardan söz düşdükdə, bəziləri onun haqda pis danışdı. Bu zaman İmam (ə) buyurdu: “Muxtar haqda pis danışmayın, çünki o, bizim şəhidlərimizin qatillərini öldürdü, (düşmənlərdən) intiqamımızı aldı...” (“İxtiyaru mərifətir-rical”, Şeyx Tusi, səh.125-127; “Camiur-ruvat”, 1-ci cild, səh.22; “Tarixi-xüləfa”, Ustad Rəsul Cəfəryan, səh.517.)

Nəhayət, Muxtar on səkkiz ay (67-ci hicri-qəməri ilinin Ramazan ayının 14-cü gnününə qədər) hakimiyyətdə oldu və nəhayət, Zübeyrlilər tərəfindən məğlubiyyətə uğrayaıb, 67 yaşında ikən Abdullah ibn Zübeyrin qardaşı Müsəbin əli ilə öldürüldü. (“Tətimmətül-müntəha – xəlifələrin tarixi”, Şeyx Abbas Qummi, 64-67-ci hicri-qəməri ilinin hadisələri.)

Rza Şükürlü

maide.az
Oxşar xəbərlər
«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031