İslamda uşaqların hüquqları
Mьəllif: admin1
Tarix: 1-06-2022, 10:22
İslamda uşaqların hüquqları
Allahın Rəsulu (s) bütün bəşəriyyətə elan edir: "Ata-anaların övlad boynunda haqqı olduğu kimi (bu haqqı ödəməyən övlad ağvalideyn sayılır, itaətsiz hesab edilir), övladların da ata-anaların öhdəsində haqları var. Bu hüquqlara riayət etməyən valideynlər ağ-övlad sayılırlar." (Muhəccətul-bəyza, c 7, səh. 114)

Valideyn öz övladının bütün ehtiyaclarını təmin etməlidir. Körpənin ömrü doğulduğu gündən, bəlkə, daha əvvəl başlayır. Dünyaya göz açmış uşaqda bir çox meyllər, istəklər mövcuddur.

O, canlı bir varlıq kimi qidaya, himayəyə, digər təkamül şəraitinə ehtiyac duyur. Ata-ana və ya tərbiyəçi uşağın zəruri ehtiyaclarını tanımalı olduğundan bu ehtiyaclardan bir qismini sadalayırıq:

Uşağın fiziki, cismani ehtiyacları.

Uşağın fiziki təkamülü onun maddi ehtiyacları ödəndiyi zaman mümkün olur. Bu inkişaf kafi qidalanma, təmizlik, hava, su, məskən, yuxu, istirahət, əyləncə vasitəsi ilə əldə olunur. Hər bir uşaq yaşına, sağlamlığına müvafiq ehtiyaclara malikdir. Yaş ötdükcə qida və istirahətə olan ehtiyac da dəyişir.

Fiziki inkişafın ehtiyacları körpənin qidaya meylində özünü büruzə verir. Onun rəftarı uyğun ehtiyacdan danışır. Normal qidalanma uşağın haqqıdır. Valideyn və tərbiyəçi bu ehtiyacı təmin etməlidir. İslam təlimində körpənin qidalanma tərzinə aid xeyli göstərişlər verilmişdir.

Bu göstərişlərdən bir hissəsi südəmərlik dövrünə aiddir. Məsələn, südəmər körpənin qidalanmasında ananın vəzifələri sadalanır. Hədislərdə sonrakı yaş dövrünə aid qidalanma tərzi də öz əksini tapır. Ətraflı məlumat almaq üçün uyğun mənbələrə müraciət edə bilərsiniz.

İmam Sadiq (ə) buyurur: "Öz uşaqlarınıza sıyıq (buğda və arpa unudan aş) yedirdin. Çünki belə qidalar bədənin ətini artırır, sümükləri möhkəmləndirir". (Biharül-ənvar, c 14, səh. 845).

"Südəmər körpələr südlə qidalanmalıdır. Amma həmin dövrdə və ondan sonra düyü, buğda və arpa unundan hazırlanmış sıyıq da vermək olar. Bu qidalar uşağın gündəlik qidalanmasında müxtəliflik yaratmaqdan əlavə, növbəti qidalanma üçün hazırlıq olur. Həmin qidaların tərkibindəki hidrat 2-karbon, alüminium, maqnezium sellolların fəaliyyəti üçün faydalıdır". (Fəzlullah Siddiq, Beheşte-cəzayi, səh. 172)

Ağıl və cismin rabitəsi, idman təlimi

Həyat mühitlə daimi çəkişmədən, mühitlə tanışlıq və ondan istifadə üçün mübarizədən ibarətdir. Bu prosesdə ağıl və cisim hər biri müstəqil rol oynayır.

Bədən xarici predmetlərlə ünsiyyət, əlaqə vasitəsidir. Ağıl və beyin məhz bədən vasitəsi ilə mühiti tanıyır, bəşəriyyətin rahatlığı üçün onda dəyişikliklər aparır.

Beyin üçün alət olan bədən, cism təlim-tərbiyə vasitəsi ilə gücləndirilməlidir. Bədən hərəkətləri ilə beyin funksiyaları arasındakı rabitəni nəzərdən qaçırsaq, şəksiz ki, təlim-tərbiyədə səhvə düçar olacağıq.

Qədim yunanların "gimnastika fiziki qüvvəni artırmaq yox, insanın ruhunu dirçəltmək üçündür" fikri həqiqətdir.

Yalnız ağılı bədəndən ayırmayanlar həqiqi təlim-tərbiyə tərzini tapa bilir. İslam təlimlərində cisim ilə ruh arasındakı tarazlığa xüsusi diqqət yetirilir.

Dəstəmaz və namaz vacib, oxatma və atıcılıq müstəhəb sayılmışdır. İslamda insan həm fiziki qüvvə, həm də ruhi sağlamlığa dəvət olunur. Bir çox rəvayətlərdə uyğun həqiqətlə rastlaşırıq.

Hərəkət hər bir həyati vəzifənin əsasıdır. Cismin həyatı onun hərəkətindən asılıdır. Hiss və hərəkətsiz insan eynən ölüdür. Bir sözlə, hərəkət həyat, durğunluq isə ölümdür.

Uşaqlıq dövrü insanın fiziki bünövrəsi qoyulduğundan İmam Sadiq (ə) buyurur: "Körpənin həyatının xüsusi ilə ilk yeddi ili azad şəkildə oyunlarla və fiziki hərəkətlərə sərf olunmalıdır". (Muhəccətul-bəyza, c 2, səh. 65)

"İstər insan, istərsə də digər canlıların körpəlik nişanəsi oyuna meyldir. Çünki insanın uşaqlıq dövrü şadlıq və sevinclə səciyyəvidir. Xəyal uşaq aləminin həyati ehtiyacıdır. Körpənin şad və xürrəm, sağlam olmasını istəyirsinizsə, ona oyun və fiziki hərəkət azadlığı verməlisiniz". (Bertrand Rassel Tərbiyə…, səh. 86).

Belə bir ingilis məsəli var: «Bekar uşaq nəticədə axmaq olar». Bəli, İslam məntiqinə görə insan körpəlik dövründə oyun azadlığına malikdir. Ata-analar uyğun dövrdə öz körpələrini sıxıntıda saxlamamalıdırlar. Körpələrə azad hərəkət imkanı verilməlidir. İstənilən bir mühitdə məhdudiyyətlərlə üzləşən körpənin sağlamlığına ciddi zərbə vurulur. Nəticədə, körpə zəif, gücsüz olur.

Allahın Rəsulu (s) buyurur: "Azyaşlı körpəsi olan kəs ona uşaq hərəkətlərində yardımçı olmalı, həmkarlıq etməlidir". (Təfsili-vəsailuş-şiə, c 3, səh. 315)

Mötəbər rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) özü övladları və digər körpələrlə oynayardı. Onun yüksək məqamı uşaqlarla həmkarlıqda maneçilik törətməzdi.

Bertrand Rasselin nəzərincə, uşaqların oyuna marağının əsasını güc kəsb edilməsi təşkil edir.

Atçılıq və oxatma İslam dinində mühüm idman növlərindən sayılır. Bu baxışın əsasını dövləti mənafelər təşkil edir. Bütün fiqh kitablarında uyğun idman növlərinə yer verilmişdir.

Həzrət Əli (ə) atalara buyurur: "Öz övladlarınıza üzgüçülük və atıcılıq öyrədin". (Muhəccətul-bəyza, c 2, səh. 65)

Bu sayaq idman əql və cismi inkişaf etdirməklə yanaşı insanı gücləndirir. Güclü müsəlman Allaha zəif müsəlmandan daha əzizdir.

Həzrət Peyğəmbər buyurur: "Güclü mömin zəif mömindən daha yaxşı və sevimlidir". (Əl-İslam vət-tib, səh. 263)

Atıcılıq və atçılıq istər sülh, istər müharibə dövründə həyatın zəmanətidir. Həzrət Peyğəmbər (s) zəruri təlim və idman növlərini uşaqların hüququ kimi tanıdaraq, buyurur: "Üzgüçülük təlimi oğlan övladın atanın öhdəsindəki hüququdur…" (Muhəccətul-bəyza, c 2, səh. 65)

Psixoloji ehtiyaclar

1. Uşaq üçün gözəl ad seçimi. Atanın dünyaya göz açmış övlada ilk ehsanı gözəl addır.

İmam Riza (ə) buyurur: "Atanın öz övladına ehsanı üçün ilk vasitə onun gözəl ad seçməsidir. Əlbəttə ki, hər biriniz övladlarınıza yaxşı ad qoymalısınız". (Biharül-ənvar, c 6, səh 24)

Övladlarına xoşagəlməz ad seçən ata onun şəxsiyyətinə zərbə vurur. Çünki yaxşı ad ehtirama səbəb olur, xoşagəlməz ad istehza doğurur, ruhi sarsıntı yaradır.

Psixoloji sarsıntıları araşdırmış Freyd belə hesab edir ki, bu sarsıntıların əsas səbəblərindən biri fərdin başqaları tərəfindən diqqətdən kənarda saxlanılmasıdır.

Təbii ki, xoşagəlməz adı olan şəxs daim başqalarının istehzası ilə üzləşir. Həzrət Peyğəmbər (s) sarsıntıların qarşısını almaq, uşağa ehtiram göstərmək məqsədi ilə buyurur: "Övladın ata öhdəsində üç hüququ var: Ona gözəl ad seçmək, yazı öyrətmək, yetkin yaşa çatdıqda evləndirmək". (Biharül-ənvar, c 6, səh 24)

İmam Rizadan (ə) belə bir rəvayət nəql olunur: "Bir şəxs həzrət Peyğəmbər (s)-dan övlad qarşısındakı vəzifələri haqqında soruşdu. Həzrət (ə) buyurdu: Ona yaxşı ad qoy, ədəb öyrət, layiqli yerdə qərar ver". (Biharül-ənvar, c 6, səh 24)

2. Uşağa ehtiram. İslam Peyğəmbəri (s) uşağın məqamına işarə ilə buyurur: "Uşaqlarınızın şəxsiyyətinə qiymət verin, öz rəftarınızı düzgün qurun ki, Allahın mərhəmətinə nail olasınız.

Öncə qeyd etməliyik ki, insan həyatının ən mühüm dövrü uşaqlıqdır. İnsan bu dövrdə formalaşır, tərbiyəni asan qəbul edir. Ona valideynlər, mühit, ətrafındakılar təsir edirlər".

İslam Peyğəmbəri (s) körpənin şəxsiyyətinin inkişafı, onun cəmiyyətə düzgün uyğunlaşması üçün valideynlərə və tərbiyəçilərə əmr edir ki, körpəyə ehtiram göstərilsin.

Şəksiz ki, bütün insanlar başqalarının etinasızlığından, mənfi münasibətindən əziyyət çəkir. Məqam arzusunda olmayan insan yoxdur. İnsan kimsəyə göstərilməyən ehtiram arzusundadır.

Şəxsiyyəti qiymətləndirilməyən, hörmət göstərilməyən, əhəmiyyət verilməyən uşaq həyatdan ləzzət ala bilmir, süst və qəmgin olur. Həssas uşaqlarda bu hal ifrata varır.

Mümkün etinasızlıq nəticəsində yaranan həqarət hissi insanın əsəblərini qıcıqlandırır. Bu hal ifrata vardıqda psixoloji tarazlıq pozulur, insan həyatdan bezir, ölümünü istəyir, dünyaya və ətrafındakı insanlara bədbin olur.

Belə şəxslər o qədər məyus olurlar ki, hətta cəmiyyət üçün təhlükə yaradırlar. Çünki onlar heç bir işdən çəkinmirlər.

İmam Hadi (ə) buyurur: "Özünü yararsız sayan insanın şərindən özünü amanda bilmə". (Biharül-ənvar, c 2, səh. 214)

Həzrət Əli (ə) buyurur: "Özünü yararsız sayan insandan xeyir gözləmə". (Qürərul-hikəm, səh. 712)

"Körpənin bütün narahatlıqlarını aradan qaldırmağa çalışsanız, onun gələcəyi üçün daha çox problem yaratmış olacaqsınız. Yəni körpəni nərmə-nazik, qayğısız böyütmək onu insan üçün labüd həyat çətinlikləri qarşısında dözümsüzlüyə düçar etməkdir".

"İnsanı labüd çətinliklərdən kənarlaşdırmaq onun təbii inkişafına zidd deyilmi? Bir daha təkid edirik ki, körpənin səadəti və digər böyük nemətləri dərk etməsi üçün onu kiçik çətinliklərlə mübarizəyə hazırlamaq lazımdır. İfrat rahatlıq içində olan insanın ruhu inkişafdan dayanır, məhv olur. Əzab-əziyyət görməyən insan şəfqət ləzzətini duymur. Onun qəlbinə heç nə təsir etmir. Belələri insanlar arasında div tək yaşayırlar".

"Uşağı bədbəxt etmək üçün ən rahat yolu tanıyırsınızmı? Bundan ötrü istədiyini zorla etməyi öyrətməyi lazımdır. O, istəyinə asanlıqla çata-çata daha çox istəyəcəkdir".

Qarşısında hamını diz çökmüş görməyə adət etmiş yeniyetmə cəmiyyətə çıxarkən xeyli təəccüblənir. Hər addımda qarşılaşdığı müqavimət onu heyrətləndirir. O, özünə tabe edəcəyini düşündüyü dünyanın onu heçə döndərə biləcəyinə əmin olur. Onun özündən razılığı, arxayınlığı istehza doğurur.

Rəvayətdə buyurulur: "Özündən razı adama qəzəblənən çox olar". (Təfsili-vəsailuş-şiə, c 3, səh. 134)

"Həyatın acı sınaqları belələrinə anladır ki, onların həqiqi gücü hansı həddədir. Onların əli işdən soyuyur, xəyalları sönükür və məyus olurlar. Onlar tezliklə süst, qorxaq, yararsız bir varlığa çevrilir, xəyali yüksəklikdən gerçək uçuruma yuvarlanırlar". (Emil Təlim-tərbiyə, səh. 61-64)

3. Uşağa mərhəmət və sevgi.

İslam Peyğəmbəri (s) körpəyə mərhəmət və sevgi haqqında buyurur: "Uşaqlarınızı sevin, onlara verdiyiniz vədə əməl edin. Allah taala qadınlara və uşaqlara xatir qəzəbləndiyini tək heç nəyə görə qəzəblənmir". (Təfsili-vəsailuş-şiə, c 2, səh. 241)

İnsanın zəruri və ruhi ehtiyaclarından biri qarşılıqlı məhəbbətdir. O, sevməyə və sevilməyə çox meyillidir. Digər mənəvi ehtiyaclar kimi bu mənəvi ehtiyac da insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Uyğun ehtiyacın ödənməsi həyatın ilkin mərhələrində xüsusi əhəmiyyət kəsb edir.

Şəxsiyyətin düzgün formalaşdırılması üçün İslam dini uşağa qarşı məhəbbəti tövsiyə edir.

İmam Sadiq (ə) buyurur: "Ənsardan olan bir kişi həzrət Peyğəmbərdən (s) soruşur ki, kimə ehsan edək? Həzrət buyurur: Ata-anaya. Kişi ata-anasının öldüyünü bildirir".

Həzrət (s) buyurur: "Övladlarına ehsan et". (Təfsili-vəsailuş-şiə, c 2, səh. 241)

İmam Sadiq (ə) buyurur: "Övladlara qarşı məhəbbətə görə Allah taala insana mərhəmət edir". (Təfsili-vəsailuş-şiə, c 2, səh. 241)

4. Uşağı öpmək.

Uşaq öz ata-anasının, qohumların onu öpməsinə psixoloji ehtiyac duyur. Uşaq ona göstərilən məhəbbətə biganə qalmır. O, öz ətrafındakıların öpüşünə qarşılıqlı məhəbbətlə cavab verir. Uşağı qucağa götürmək, öpmək onun daxili ehtiyaclarını ödəyir.

Həzrət Peyğəmbər (s) buyurur: "Övladınızı çox öpün. Hər öpüşünüz müqabilində behiştdə elə məqamlar qazanarsınız ki, hər məqamarası məsafə beş yüz ildir". (Muhəccətul-bəyza, c 2, səh. 64)

Bir kişi həzrət Peyğəmbərin (s) xidmətinə gəlib ərz etdi: "Mən heç vaxt bir uşağı öpməmişəm".

Həzrət buyurdu: "Bizim nəzərimizcə, bu kişi cəhənnəm əhlidir". (Muhəccətul-bəyza, c 2, səh. 64)

Həzrət Peyğəmbər (s) başqa bir hədisdə buyurur: "Bir şəxs övladını öpərsə, Allah ona savab yazar, övladını sevindirərsə, Allah qiyamət günü onu sevindirər, övladına Quran öyrədərsə, Allah qiyamət günü ona nurdan libas geyindirər ki, onun nurundan behişt əhlinin çöhrəsi işıq saçar". (Muhəccətul-bəyza, c 2, səh. 237)

Təcrübədə sübut olmuşdur ki, körpənin inkişafı üçün ana südü kifayət etmir. Bu inkişafda ən təsirli amillərdən biri ananın diqqət və məhəbbətidir. Bu mənəvi qida ana südü qədər əhəmiyyətlidir.

Bu səbəbdən də uşağın dayə döşündən yox, ana döşündən süd əmməsi tövsiyə olunur. Dayənin əmdirdiyi körpə mənəvi qidadan məhrum olur. Ona görə də ana istər dayənin əmdirdiyi, istərsə də əmzikdən heyvan südü əmən körpənin yanında olmalı, nəvaziş göstərməlidir.

Şəksiz ki, valideyn məhəbbətindən məhrum körpələrdə sevgi yanğısı olur. Ata-ana tərəfindən biganəlik, diqqətsizlik hiss edən körpənin qəlbində onlara qarşı kin yaranır.

Belə uşaqlar yaşadıqları cəmiyyətdən intiqam almaq istəyirlər. Bəzən bu hal psixoloji zədələrə səbəb olur və cinayətlərlə müşayiət edilir.

Ona görə də İslam dini uşağa qarşı məhəbbəti tövsiyə edərək bildirir ki, hər bir körpə sevgidə qərq olmalıdır. Amma israfa yol verilməməlidir. Çünki sevgidə israf körpə üçün zərərlidir. İfrat sevgi ilə əhatə olunmuş uşaqlar müstəqillikdə çətinlik çəkirlər.

Ən pisi isə körpəni sevgidən məhrum etməkdir. Körpənin səciyyəvi xüsusiyyətlərini unutmamalıyıq. Körpə uşaq yaşlı insandan fərqlənir. O, öz təbiəti etibarilə ətrafdakıların sevgisinə möhtacdır.

Həzrət Peyğəmbərin (s) uşaqlara oyunda kömək etməsi, hətta ibadət zamanı onların hisslərinə biganə qalmaması dəfələrlə bəyan olunub.

Əbdillah ibn Şəddad nəql edir: "Peyğəmbər (s) namaz qıldığı vaxt azyaşlı İmam Hüseyn (ə) məscidə daxil olub, səcdəyə getmiş Peyğəmbərin boynuna mindi. Peyğəmbər (s) səcdəsini o qədər uzatdı ki, camaat hansısa hadisə baş verdiyini düşündü."

Namazdan sonra bu işin səbəbini soruşduqda Həzrət (s) belə cavab verdi: "Övladım boynuma minmişdi. O, düşənədək tələsməmək qərarına gəldim». Doğrudanmı, gülüş dolu uşaqlıq illəri üçün təəssüf etməyən var?! Axı bu dövr kimsə üçün ikinci dəfə müyəssər olmur!"

Ey atalar! Ölümün bu körpələri sizdən nə vaxt alacağını bilmədiyiniz üçün onları təbiətin bəxş etdiyi xoş dəqiqələrdən məhrum etməyin. Belə olsa, sonralar təəssüf etməzsiniz. Onların həyat şirinliklərindən faydalanması üçün çalışın. Çalışın ki, ölüm onları haqlamamış dünyanın ləzzətini dadsınlar…

Böyüklərlə böyük, kiçiklərlə kiçik kimi rəftar etmək lazımdır. Həzrət Peyğəmbər (s) buyurur: «Azyaşlı körpəsi olan şəxs özünü uşaq dünyasına uyğunlaşdırmalıdır».

Russo yazır: "İnsanların xoşbəxtliyi üçün görə biləcəyimiz yeganə iş hərəni layiq olduğu yerdə oturtmaqdır. İnsanların istəklərini onların fiziki və mənəvi ehtiyaclarına uyğun gerçəkləşdirək. Əlimizdən başqa iş gəlmir. Qalan işlər bizim ixtiyarımızda deyil".

Başqa bir rəvayətlə kifayətlənirik: "Bir şəxs Həzrət Peyğəmbərdən (s) öz övladının haqları haqqında soruşdu. Həzrət buyurdu: Ona yaxşı ad və ədəb ver, layiq olduğu yerdə qərar ver".

Seyid Məhəmməd Baqir höccəti

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031