İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ VƏ İCTİMAİ MƏQAMI
Müəllif: Admin
Tarix: 20-12-2015, 10:10
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ VƏ İCTİMAİ MƏQAMI
İmam Həsən Əskəri (ə) elə gənc yaşlarında dərin elmə və spesifik əxlaqi səciyyələrə malik bir şəxs idi. Bütün camaat da o həzrətə diqqət etdiyindən, Abbasilər sülalaəsi bir neçə haldan başqa, zahirdə o həzrətlə ehtiramla davranırdı.

İmam Həsən Əskərinin (ə) görüşünə nail olan məşhur şiə alimi Səd ibn Abdullah Əşəri belə deyir: “İmam Həsən Əskərinin (ə) vəfatından on səkkiz il sonra, 228-ci h.q. ilinin Şəban ayında Qum şəhərinin vergi idarəsinin rəisi Əhməd ibn Übeydullah ibn Xaqanın (Mötəmid Abbasinin vəziri) məclisində əyləşmişdik. (O, Peyğəmbərin (s) Əhli-beyti (ə) və Qum əhalisinə qarşı ədavət bəsləyənlərdən idi.) Hakimin yanında Samirrada yaşayan “talibiyyun” təriqətindən söz düşdü. Əhməd dedi: “Samirrada Həsən Əskəri (ə) kimi təmkinli, iffətli, zəkalı, xəlifənin, eləcə də Haşimilərin yanında möhtərəm sayılan və hətta əmirlərdən, vəzirlərdən və katiblərdən belə üstün tutulan bir şəxs nə görmüş, nə də eşitmişəm. Mən bir gün babamın başı üstə dayanmışdım və atam həmin gün camaatla görüşmək üçün əyləşmişdi. Xidmətçilərdən biri gəlib “İbnur-Rza (imam Həsən Əskəri) (ə) qapıda gözləyir!” dedi. Atam uca səslə dedi: “İcazə verin, gəlsin.” O həzrət içəri girdi... Atam onu görcək bir neçə addım irəli getdi. Heç kimə, hətta əmir və valilərə etmədiyi ehtiramı o həzrətə etdi. O həzrət yaxınlaşdıqda, əlini onun boyuna salıb üzündən və alınından öpdü. Sonra da əlindən tutub öz yerində oturtdu. Özü də qarşısında oturub danışmağa başladı. Danışarkən ehtiram əlaməti olaraq o həzrətə ləqəbi ilə xitab edir və daim “Atam-anam sənə fəda olsun...!” – deyirdi.

Gecə atamın yanına gedib soruşdum: “Bu gün o qədər ehtiram bəslədiyin və hətta ata və ananı belə ona fəda etdiyin o şəxs kim idi? Atam: “O, şiələrin imamı Həsən Əskəri idi!” deyib sükut etdi. Az sonra yenidən sözə başlayıb dedi: “Oğlum, əgər bir gün xilafət Abbasilərin əlindən çıxsa, Haşimilər içərisində ondan başqa, bu işi icra edə biləcək layiqli bir şəxs yoxdur. O fəzilətli, ixlaslı və təqvalı, zahid, abid və gözəl əxlaq sahibi olduğundan xilafət məqamına hamıdan layiqlidir. Kaş, onun atasını görəydin; o, əzəmətli, zəkalı, xeyirxah və fəzilətli bir şəxs idi.” Mən bu sözləri eşitdikcə, bütün vücudum qəzəbdən alışıb yanmağa başladı. Onu tanımağa daha da meyil göstərdim və buna istəyim daha da artdı. Bəni-Haşimdən olan hər kəsdən – katiblər, qazılar, fəqihlər və hətta adi insanlardan belə, onun haqqında soruşduqda, onu hamıdan üstün bildiklərini anladım. Hamı “O, şiələrin imamıdır.” – deyirdi. Ondan sonra Həzrətin mənim yanımda məqamı artdı. Çünki dost və düşmən, hər kəs onu yaxşı adla xatırlayır və mədh edirdi.” (“Əl-qeybət”, Şeyx Tusi. s. 131-132.)

Bu rəvayətin ravisi Əhli-beyt düşmənlərindən olmasına baxmayaraq, imam Həsən Əskərinin (ə) əxlaqi və ictimai məqamını gözəl şəkildə açıqlayır.

İmam Həsən Əskərinin (ə) xidmətçisi deyir: “O həzrət xilafət sarayına getdiyi günlər camaat qəribə bir həyəcan içərisində olardı. İmam Həsən Əskərinin (ə) keçəcəyi yol atlarına minmiş camaatla dolardı. O həzrət gəldiyi zaman birdən hər tərəfə sükut çökür və İmam (ə) camaatın arasından keçərək məclisə daxil olurdu. (“Əl-qeybət”, Şeyx Tusi, s. 219.)

Təbii ki, imam Həsən Əskərini (ə) görmək üçün uzaqdan-yaxından Samirraya gələnlər şiələr idi. Baxmayaraq ki, Rəsulullahın (s) övladlarına sevgi bəsləyən digər insanlar da o həzrəti görmək üçün onun keçəcəyi yolun üzərində dayanıb cəmiyyətin sayını daha çoxaldırdılar.

Rza Şükürlü

maide.az
Oxşar xəbərlər
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031