MÖMİNİN MÖMİN ÜZƏRİNDƏ HANSI HAQQI VAR?
Müəllif: Admin
Tarix: 1-07-2018, 23:21
MÖMİNİN MÖMİN ÜZƏRİNDƏ HANSI HAQQI VAR?


Həzrət Mühəmməd Peyğəmbər (s):
«Möminin mömin üzərində yeddi haqqı var ki, bunlar izzət və cəlal sahibi olan Allah tərəfindən vacib buyurulub: onu böyük və möhtərəm saysın, ürəyində ona məhəbbət bəsləsin, mal-dövləti ilə ona yardım göstərsin, onun qeybətini danışmağı özünə haram bilsin, xəstələnəndə ziyarətinə getsin, öləndə dəfnində iştirak etsin və vəfatından sonra onu yalnız yaxşı sözlə xatırlasın».

İmam Mühəmməd Baqir (ə):
«Mömin şəxsin öz mömin qardaşı üzərindəki haqlarına bunlar daxildir: acdırsa, onu doyursun; bədəninin ayıb yerlərini örtməyə geyimi yoxdursa, onu geyindirsin; çətinliyi varsa, həll etsin; borcu varsa, ödəsin; vəfat etsə, ailəsinə və uşaqlarına baş çəksin».

İmam Cəfər Sadiq (ə) rəvayət edir ki, atası Imam Baqir (ə) tez-tez buyurarmış:
«Dostlarınızı böyük sayın, onlara ehtiram göstərin. Bir-birinizə üz turşutmayın. Bir-birinizə ziyan yetirməyin, həsəd aparmayın. Məbada bir-birinizin paxıllığını çəkəsiniz. Allahın sadiq bəndələri olun!».

İmam Cəfər Sadiq (ə):
«...Özün üçün istədiyini müsəlman qardaşın üçün də istə. Ehtiyacın olsa, ona müraciət et. Əgər səndən nə isə istəsə, ver. Heç bir xeyri ondan əsirgəmə ki, o da səndən heç bir xeyri əsirgəməsin. Onun arxa-dayağı ol, o da sənin arxa-dayağındır. Səndən uzaqda olsa, onun haqqını qoru. Qayıdıb gələndə görüşünə get. Onu əziz tut və qədrini bil. Çünki sən ondansan, o da səndəndir. Əgər səndən gileylənsə, ondan uzaq qaçma, səni bağışlamasına çalış. Əgər o, xeyir əldə etsə, Allaha həmd et. Əgər onun başına pis iş gəlsə, qolundan tut, kömək et. Ondan ötrü tələ qursalar, ona yardımçı ol.

Kim öz qardaşına «uf» desə, onların arasındakı mənəvi qardaşlıq qırılar. Əgər kimsə öz din qardaşına: «Sən mənim düşmənimsən» – desə, onlardan biri dindən çıxmış olar. (Qardaşını özünə düşmən sayan adam bu sözü dediyinə görə günah qazanar. Qarşı tərəf isə əgər təqsirkardırsa – qardaşını qəzəbləndirdiyinə görə, təqsirkar deyilsə – qardaşı ilə barışmadığına görə günah qazanar). Kim öz qardaşını haqsız yerə ittiham etsə, ona iftira atsa, duz suda əriyib yox olduğu kimi onun ürəyində də iman əriyib yox olar...».

«Müsəlmanın öz müsəlman qardaşı üzərində haqqı budur ki, onu görəndə salam versin, xəstələnəndə görüşünə getsin, səfərə getsə (və ya uzaqda olsa), onun barəsində xeyir niyyətdə olsun, asqıranda ona dua etsin («yərhəməkəllah», yəni «Allah sənə rəhm etsin» desin), onun dəvətini qəbul etsin, ölsə dəfn mərasiminə qatılsın».

«Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu tənha buraxmaz, ona xəyanət etməz».

«Insanı imandan çıxaran (imansız edən) cəhətlərdən ən xırdası budur ki, bir nəfərlə din üzərində qardaşlıq etmiş olsun, amma onun bütün eyiblərini və səhvlərini bunun üçün öyrənib yadda saxlasın ki, bir gün bütün bunları onun üzünə vursun».

«Hər kim din qardaşını özünə rəva bilmədiyi (bəyənmədiyi) bir halda görsə və imkanı olduğu halda onu bu vəziyyətdən xilas etməsə, ona xəyanət etmiş kimidir».

«Möminlərdən kim öz din qardaşına yardım göstərmək imkanı olduğu halda onu çətinliklər içində tənha buraxsa, Allah onu bu dünyada və axirətdə tənha buraxar».

«Mömin möminin qardaşı, görən gözü və bələdçisidir. Ona xəyanət etməz, zülm etməz, onu aldatmaz, yerinə yetirməyəcəyi məsələ barədə ona vədə verməz...».

Müəlla ibn Xüneys adlı səhabə İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Müsəlmanın müsəlman üzərindəki haqqı nədir?». İmam cavab verdi: «Yeddi haqq var ki, bunların hər biri öz yerində və öz şəraitində vacib olur. Bunlardan birini qəsdən yerinə yetirməyən adam Allahın vəlayətindən və itaətindən çıxmış olar, Allah onu öz bəndəsi saymaz». Müəlla soruşdu: «Sənə fəda olum, bunlar hansı haqlardır?». İmam Sadiq (ə) buyurdu: «Ey Müəlla! Mənim sənə yazığım gəlir. Qorxuram ki, həmin haqları biləndən sonra onları qorumayasan və günah qazanasan». Müəlla xahişində israr edib dedi: «Qüdrət və qüvvət yalnız Allaha məxsusdur (yəni nə olacaqsa olacaq)». İmam buyurdu: «Bu haqların ən yüngülü budur ki, özün üçün istədiyini müsəlman qardaşın üçün də istəyəsən, özünə rəva görmədiyini ona da rəva görməyəsən. İkinci haqq budur ki, onu qəzəbləndirməyəsən, onun razılığını qazanasan və tapşırıqlarına əməl edəsən. Ona öz bədəninlə, sərvətinlə, dilinlə, əl və ayağınla yardım göstərəsən. Onun gözü, bələdçisi və aynası olasan. O ac qalanda sən yeyib tox olmayasan, o susuz qalanda sən içib sirab olmayasan, o çılpaq qalanda sən geyinmiş olmayasan. Əgər sənin xidmətçin varsa, mü\səlman qardaşının isə xdmətçisi yoxdursa, öz xidmətçini göndərəsən ki, onun paltarlarını yusun, xörəyini bişirsin, yatağını hazırlasın. Onun üçün içdiyin anda vəfalı qalasan, onun dəvətini qəbul edəsən, xəstələnəndə yoluxmağa gedəsən, vəfat etsə dəfnində iştirak edəsən, nəyə isə ehtiyaclı olduğunu bilsən, yardım əlini uzadasan, onu səndən nə isə istəməyə məcbur etməyəsən, özün onu qabaqlayıb istəyini yerinə yetirəsən. Əgər belə etsən, onu sevmiş olarsan, bu yolla Allahı sevmiş sayılarsan».

Əbdül-əla ibn Əyün adlı səhabə rəvayət edir ki, Əhli-beyt tərəfdarlarından bir dəstə müsəlmanın müsəlman üzərində haqqı barədə İmam Sadiqdən (ə) soruşmağı məndən xahiş etdi. Mən bu barədə imamdan soruşdum, amma cavab vermədi. Mədinədən çıxanda o həzrətlə vidalaşmaq üçün hüzuruna getdim. Ayrılanda dedim: «Sizə sual verdim, amma cavabını söyləmədiniz». Imam buyurdu: «Qorxdum ki, kafir olarsınız (yəni bu haqları biləndən sonra əməl etməzsiniz və bunun məsuliyyəti üzündən günah qazanarsınız). Allahın öz bəndələrinə vacib etdiyi göstərişlərdən ən çətinləri bunlardır: bəndənin ədalətə riayət etməsi (belə ki, din qardaşının onun özünə qarşı etməsini rəva bilmədiyi əməli özü din qardaşına qarşı etməsin); mal-dövlət vasitəsilə qardaşına yardım göstərməsi; hər bir vəziyyətdə Allahı zikr etməsi. Amma bu, «sübhan Allah» ya «əlhəmdü lillah» demək deyil. Allahı hər yerdə zikr etmək odur ki, Allahın haram buyurduqları ilə qarşılaşanda Onu yada salasan və haramdan əl çəkəsən».

Bir gün Əhli-beyt tərəfdarlarından biri başqa şəhərdən Mədinəyə gəlib İmam Cəfər Sadiqlə (ə) görüşür. İmam ondan soruşur ki, həmin şəhərdəki dostları necə adamlardır? O da öz dostlarını xeyli tərifləyir, onlardan razılıq edir. İmam soruşur: «Onların varlıları kasıblarla görüşürlərmi?». O adam cavab verir: «Bəli, amma gec-gec». Imam yenə soruşur: «Bəs, varlılar kasıbların vəziyyəti ilə maraqlanırlar?». Həmin şəxs cavab verir: «Hərdən-bir maraqlanırlar». Imam sual verməkdə davam edir: «Varlilar əllərində olan sərvətdən kasıblara verirlərmi?». O adam cavab verir: «Siz elə məsələlərdən sual verirsiniz ki, belə xüsusiyyətlər bizlərdə az-az müşahidə edilir». İmam Sadiq (ə) bu yerdə buyurur: «Bəs, sən nə əsasla onların əsl Əhli-beyt tərəfdarı olduqlarına inanırsan?».

Əbu İsmayıl adlı şəxs İmam Cəfər Sadiqə (ə) dedi: «Sizə fəda olum, bizim aramızda Əhli-beyt tərəfdarları çoxdur». İmam soruşdu: «Varlılar kasıblara şəfqət və yardım göstərirlərmi? Yaxşılar pislərin təqsirindən keçirlərmi? Aralarında yaxınlıq və mehribanlıq varmı?». Əbu İsmayıl cavab verdi: «Xeyr, bu xüsusiyyətlər onlarda yoxdur». İmam buyurdu: «Deməli, onlar Əhli-beyt dostu deyillər. Əhli-beyti sevənlər mən dediyim kimi olmalıdırlar».

Əban ibn Təğlib adlı məşhur səhabə İmam Cəfər Sadiqlə (ə) birlikdə həcc vaxtı Kəbənin ətrafında təvaf edirdi. Bu zaman Əhli-beyt dostlarından biri Əbanı çağırıb xahiş edir ki, bir məsələni həll etmək üçün onunla birlikdə getsin. Əban İmam Sadiqin (ə) müşayiəti ilə etdiyi təvafı yarımçıq kəsmək istəmir və həmin adama əli ilə rədd işarəsi verir. İmam bunu görüb Əbandan soruşur ki, o adam kimdir? O adamın Əbanla dost və əqidə qardaşı olduğunu öyrənincə İmam göstəriş verir ki, Əban həmin adamla birlikdə o işin dalınca getsin. Əban təəccüblə soruşur: «Təvafımı yarımçıq buraxıb gedim?». İmam təsdiq edir. Əban yenə soruşur: «Hətta vacib təvaf olsa belə?». İmam yenə onun getməsində israr edir.

Əban öz dostuna qoşulub gedir və həmin işdə ona yardım göstərir. Qayıdandan sonra İmam Sadiqdən (ə) xahiş edir ki, möminin mömin üzərindəki haqqı barədə ona danışsın. İmam əvvəlcə bu barədə danışmaq istəmədyini bildirir, çünki bu haqların icrasının nə qədər çətin olduğunu bilir. Amma Əbanın təkidi ilə buyurur: «Möminin mömin üzərində haqqı budur ki, var-dövlətini onunla bölüşsün». İmam bunları deyəndən sonra Əbanın üzünə baxır ki, sözlərinin ona necə təsir etdiyini görsün. Həqiqətən, Əban bu işin çətinliyindən dəhşətə gəlmişdi. İmam sonra buyurur: «Ey Əban, başqasını özündən artıq sayanların (özündən qabaqda bilənlərin) savabı barədə Allahın nələr buyurduğunu bilmirsənmi? Amma bil ki, əgər mal-dövlətinin yarısını öz mömin qardaşına versən, yenə onu özündən artıq saymış olmazsan, yalnız onu özünə bərabər tutmuş olarsan. Əgər mal-dövlətini qardaşınla bölüşəndən sonra sənə qalan maldan yenə ona versən, bu halda onu özundən artıq tutmuş sayılarsan».

(Hədislər «Üsuli-Kafi» kitabındandır; «İman və küfr» kitabı, «Möminin öz qardaşı üzərindəki haqqı və bu haqqı əda etməsi» babı).

Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031