Orucun hökmləri barədə
Müəllif: Admin
Tarix: 5-05-2019, 11:16
Orucun hökmləri barədə
ORUCUN HÖKMLƏRİ

Məsələ-852) “Oruc” müqəddəs İslam şəriətində o əmələ deyilir ki, insan bütün gün (fəcrdən məğribədək) Allahın fərmanına itaət etmək məqsədilə yemək-içməkdən və sonradan geniş şəkildə deyiləcək (orucu batil edən) şeylərdən qorunsun.

Məsələ-853) Oruc vaxtının şəri meyarı “sadiq fəcr” dir, nəinki “kazib fəcr” və onu təyin etmək mükəlləfin öz öhdəsinədir.

Məsələ-854) Fəcrin doğmasında (sübh azanı və imsak vaxtında) aydın gecələrlə başqa gecələrdə fərq yoxdur.

Məsələ-855) Münasibdir möhtərəm möminlər orucun imsakında ehti-yatı riayət etmək üçün radio-televizordan sübh azanı deyilən zaman oruc üçün imsak etsinlər.

Məsələ-856) Əgər oruc tutan xatircəm ola ki, məğrib azanı məğrib vaxtı daxil olmaqla birgə verilib (yəni düz vaxtında verilib və səhv edilməyib), caizdir azan deyilən kimi iftar etsin və azanın sonunadək gözləmək lazım deyil.

Orucun qisimləri (növləri)

Məsələ-857) Oruc bir baxımdan dörd qismə bölünür:

1. Vacib oruclar, mübarək Ramazan ayının orucu kimi.
2. Müstəhəb oruclar, Rəcəb və Şaban aylarının orucları kimi.
3. Məkruh oruclar, Aşura gününün orucu kimi.
4. Haram oruclar, Fitr bayramı gününün (Şəvval ayının biri) və Qurban bayramı gününün (Zilhəccə ayının onu) orucları kimi.

Məsələ-858) Əgər bir şəxs orucun ona zərər edəcəyini bilə, ya zərər edəcəyindən qorxa gərək orucu tərk etsin (tutmasın) və əgər oruc tutarsa, batildir, hətta haramdır, istər onun yəqini və ya qorxusu şəxsi təcrübədən ələ gəlsin, istər əmin həkimin dediyindən hasil olsun və istərsə də başqa bir üqəlayi (aqil və normal insanlar arasında qəbul olunan və etina edilən) mənşə olsun.

Məsələ-859) Orucun xəstəliyə səbəb olması yaxud xəstəliyi şiddət-ləndirməsi və ya oruc tutmağa qadir olmamasında meyar, oruc tutan şəxsin öz təyin və müəyyən etməsidir. Buna əsasən əgər həkim ona orucun zərər etməsini bildirə, lakin o, şəxsi təcrübə nəticəsində orucun ona zərər etməməsini bilə, gərək oruc tutsun. Həmçinin əgər həkim ona orucun zərər etməməsini deyə, lakin o, orucun ona zərər etməsini bilə yaxud zərər edəcəyindən qorxa, oruc tutmamalıdır.

Məsələ-860) Əgər elə bilə ki, oruc ona zərər etmir və oruc tuta, amma sonradan məlum ola ki, oruc ona zərər edibdir, gərək onun qəzasını tutsun.

Məsələ-861) Həkimlərin, orucun xəstələrə zərər etməsinə görə oruc tutmaqdan çəkindirmələri, o zaman etibarlıdır ki, onların sözü insanı xatircəm etsin və ya zərər qorxusuna səbəb olsun, əks təqdirdə etibarlı deyil.

Vacib oruclar

Məsələ-862) Vacib oruclar aşağıdakılardan ibarətdir:

1. Mübarək Ramazan ayının orucu. 2. Qəza orucu. 3. Kəffarə orucu. 4. Ata və ananın orucunun qəzası (böyük oğula vacibdir). 5. Nəzir, əhd və andla vacib olan müstəhəb oruclar. 6. Etikaf günlərindən üçüncü günün orucu. 7. Təməttü həccində qurbanlıq əvəzinə tutulan oruc.

Orucun vacib olma şərtləri

Məsələ-863) Orucun vacib olma şərtləri aşağıdakılardır:

1. Büluğ: (Həddi-büluğa çatmaq). 2. Əql: (Aqil -ağıllı- olmaq) 3. Qüd-rət: (Oruc tutmağa qadir olmaq). 4. Bihuş olmamaq. 5. Müsafir olmamaq. 6. Haiz (aylıq adətdə-heyz) və nəfsa (uşaq azad etdikdən sonra nifas halında) olmamaq. 7. Orucun zərər etməməsi. 8. Orucun hərəcli (yəni çox çətin və məşəqqətli) olmaması.

Məsələ-864) Oruc (yalnız) yuxarıdakı məsələdə göstərilən şərtlərə malik olan şəxslərə vacibdir. Buna əsasən, həddi-büluğa çatmamış uşaqlara, dəlilərə (məcnunlara), bihuşlara, oruc tutmağa qadir olmayanlara, müsafirlərə, haiz və nəfsa qadınlara, oruc zərər edən ya çox məşəqqətli olan şəxslərə vacib deyil.

Məsələ-865) İnsan zəifliyə görə orucu tərk edə bilməz, amma əgər zəifliyi bir həddə ola ki, ona dözmək çox çətin və müşküldür, orucunu yeyə bilər. Həmçinin əgər oruc ona zərər edərsə və ya orucun ona zərər etməyindən qorxarsa. Buna əsasən həddi-büluğa çatan qızlara oruc tutmaq vacibdir və onu çətinliyə və cismi zəifliyə görə tərk etmək caiz deyil. Amma əgər oruc tutmaq onlara zərər edə və ya çox çətin və məşəqqətli ola, bu zaman iftar edə bilərlər.

Orucun səhih olma şərtləri

Məsələ-866) Orucun səhih olma şərtləri aşağıdakılardır:

1. İslam. 2. İman. 3. Əql. 4. Bihuş olmamaq. 5. Müsafir olmamaq. 6. Haiz və nəfsa olmamaq. 7. Orucun zərər etməməsi. 8. Niyyət etmək. 9. Orucu batil edənləri tərk etmək. 10. (Müstəhəb oruc tutmaq üçün) boynunda qəza orucunun olmaması.

Məsələ-867) (Yalnız) yuxarıda göstərilən şərtlərə malik olan şəxslərin orucları səhihdir (düzdür), buna əsasən, kafirin, dəlinin, müsafirin, haiz və nəfsa qadınların, oruc zərər edən şəxslərin, oruc niyyəti etməyən-lərin və bilərəkdən orucu batil edən işləri görənlərin orucları batildir. Həmçinin boynunda qəza orucu olan şəxslər müstəhəb oruc tuta bilməzlər və tutarlarsa səhih deyil.

Orucun niyyəti

Məsələ-868) Oruc gərək başqa ibadətlər kimi niyyətlə olsun, belə ki, yemək-içməkdən və sair orucu batil edənlərdən uzaq qalmaq Allahın fərmanına əməl etməyə xatir olsun. Belə bir əzm etmək (niyyət üçün) kifayətdir və onu dilə gətirmək lazım deyil.

Məsələ-869) Oruc fəcrdən başladığı üçün niyyəti o andan təxirə salmaq olmaz və daha yaxşıdır orucun niyyəti fəcrdən qabaq edilsin.

Məsələ-870) Əgər gecənin əvvəlində niyyət edə ki, sabah oruc olacaq, sonra yata və sübh azanınadək yuxudan oyanmaya və ya başı işə qarışmaq nəticəsində sübhün yetişməyini bilməyə, sübh olduqdan sonra xəbəri ola, orucu səhihdir.

Məsələ-871) Əgər bir şəxs Ramazan ayında, sübh azanı zamanı bi-lərəkdən oruc niyyəti etməyə, orucu batildir, hətta gün əsnasında niyyət etsə belə, amma vacibdir, qürubadək orucu batil edənlərin hər birindən qorunsun və Ramazan ayından sonra o günün qəzasını yerinə yetirsin.

Məsələ-872) Əgər bir şəxs unutmaq səbəbinə və ya xəbəri olmadan Ramazan ayında oruc niyyəti etməyə və günün əsnasında yadına düşə, əgər orucu batil edən işlərdən qarşıya çıxıbsa orucu batildir, amma gərək qürubadək orucu batil edənlərin hər birindən qorunsun . Amma əgər orucu batil edənlərdən heç biri qarşıya çıxmayıbdırsa, zöhrdən sonradırsa, orucu batildir , amma əgər zöhrdən qabaqdırsa, vacib ehtiyata əsasən oruc niyyəti etsin və sonradan o günü qəza etsin.

Məsələ-873) Əgər Ramazan ayından başqa vacib oruc üçün məsələn, kəffarə ya qəza orucu kimi, zöhrə yaxın vaxtadək niyyət etməyə, əgər o zamanadək orucu batil edənlərdən qarşıya çıxmayıbsa, niyyət edə bilər və orucu səhihdir.

Məsələ-874) Müstəhəb oruc üçün günün hər bir zamanında oruc tutmaq fikri olsa, niyyət edə bilər və orucu səhihdir, bu şərtlə ki, o zamanadək orucu batil edənlərdən heç biri baş verməmiş olsun.

Məsələ-875) Ramazan ayının oruc qəzası boynunda olan şəxs müstəhəb oruc tuta bilməz, hətta əgər vacib orucun niyyət vaxtı ötüb keçəndən sonra da müstəhəb oruc niyyəti etsə (yəni zöhrdən sonra da olsa belə), müstəhəb oruc səhih deyil. Amma əgər yadından çıxara və müstəhəb oruc tuta, gün ərzində yadına düşdükdə orucu batildir (istər zöhrdən sonra ya qabaq), əgər zöhrdən qabaq yadına düşsə, Ramazan ayının qəza orucunu niyyət edə bilər və orucu səhihdir.

Məsələ-876) Ramazan ayının oruc qəzası boynunda olan şəxs müstə-həb oruc niyyəti etsə, bu qəza orucu yerinə sayılmaz.

Məsələ-877) Əgər bir şəxs boynunda qəza orucu olub olmamasını bilməyə və şəri baxımdan əmri olan oruc niyyətilə (qəza və müstəhəb olmağından asılı olmayaraq) oruc tuta, əgər həqiqətən boynunda oruc qəzası olarsa, qəza hesablanır.

Məsələ-878) Əgər xəstə, Ramazan ayı əsnasında sağala, vacib deyil ki, oruc niyyəti etsin, amma əgər zöhrdən qabaq sağalıbdırsa və orucu batil edən işlərdən qarşıya çıxmayıbsa, müstəhəb ehtiyat budur ki, oruc niyyəti edib oruc tutsun, lakin gərək sonradan o günün qəzasını tutsun.

Məsələ-879) Əgər insan şəkk edə ki, Şaban ayının axırıdır ya Ramazan ayının əvvəli (yövmüşşəkk), oruc tutmaq vacib deyil və əgər oruc tutmaq istəsə Ramazan orucu niyyəti edə bilməz, amma Şaban ayının axırıncı gününü müstəhəb orucunun niyyətini və ya qəza niyyəti (qəzası olanlar üçün) edə bilər və əgər sonradan məlum olsa ki, o gün Ramazanın biri (əvvəli) olubdur, Ramazan ayı orucundan sayılacaq və o günün qəzası yoxdur və əgər (Şaban və ya qəza niyyətilə oruc tutarsa) və o gün əsnasında Ramazan ayının olması məlum olarsa, gərək həmin andan Ramazan ayının orucu niyyəti etsin.

Niyyətin davamlı olması

Məsələ-880) Vacibdir ki, orucun niyyəti axıradək (arası kəsilmədən) davam etsin.

Məsələ-881) Niyyətin davamlı olmasını pozanlar bunlardır:

1. Oruc niyyətini kəsmək (belə ki, günün əsnasında niyyətdən dönə və artıq orucu davam etmək məqsədi olmaya) orucu batil edir və ikinci dəfə niyyət etməyin faydası yoxdur, amma gərək məğrib azanınadək orucu batil edən şeylərdən çəkinsin.

2. Orucun davamında tərəddüd etmək (belə ki, hələ orucunu batil etmək qərarına gəlməyib).

3. Orucu batil etmək niyyəti (belə ki, orucu batil edənlərdən istifadə etmək istəyə, məsələn, yemək qərarına gələ, amma hələ bir iş görməyə).

İkinci və üçüncü yerlərdə vacib ehtiyat budur ki, orucu sona çatdırsın, sonradan qəzasını da tutsun.

Məsələ-882) Bu dediklərimiz vaxtı müəyyən olan vacib oruclara aiddir Ramazan ayının orucu kimi ya müəyyən bir günün nəzir orucu kimi, amma müstəhəb oruclarda və vaxtı müəyyən olmayan vacib oruclarda belə deyil, yəni əgər orucu sındırmaq qərarına gələ (niyyətindən dönə), amma orucu batil edən işlərdən heç biri baş verməyə, sonradan zöhrdən qabaq (müstəhəb oruclarda qürubadək) yenidən niyyət edər-sə, orucu səhihdir.

Orucu batil edən işlər

Məsələ-883) Orucu batil edən işlərə “müftirat” deyilir və onlar aşağı-dakılardır:

1. Yemək-içmək. 2. Cinsi yaxınlıq. 3. İstimna (masturbasiya). 4. Allaha, peyğəmbərlərə (ə) və məsumlara (ə) yalan bağlamaq (vacib ehtiyata əsasən). 5. Qatı tozu hülquma yetirmək (vacib ehtiyata əsasən). 6. Başı bütövlükdə suyun altına batırmaq (salmaq) (vacib ehtiyata əsasən). 7. Sübh azanınadək cənabətli ya heyzli və ya nifaslı qalmaq. 8. Maye ilə imalə etmək. 9. Bilərəkdən qusmaq.

1. Yemək-içmək

Məsələ-884) Əgər oruc tutan bilərəkdən bir şey yeyə ya içə, orucu batildir, yeyib içdiyi istər yeməli və içməli olsun, istərsə də yeməli və içməli olmasın, parça və kağız kimi, istər çox olsun, istərsə də az, çox kiçik su damcısı və ya çox kiçik çörək qırıntısı kimi.

Məsələ-885) Əgər oruc olan şəxs dişinin dibində qalan (xörək qırıntısını) bilərəkdən uda, orucu batil olur, amma əgər dişinin dibində bir şeyin qaldığını və ya hülqumuna yetişdiyini bilməyə və ya udmağı qəsdən olmaya yaxud qəflət üzündən ola, orucu batil olmur.

Məsələ-886) Səhv və unutmaq üzündən yeyib-içmək orucu batil etmir. Bu barədə vacib və müstəhəb oruclar arasında fərq yoxdur. Həmçinin ağız suyunu udmaq orucu batil etmir.

Məsələ-887) Vacib ehtiyat budur ki, enerji verən ya qida sayılan iynələrdən (ampullardan) və ya damara vurulan iynələrdən yaxud sis-tem köçürülməsindən qorunsun, amma əzələyə vurulan və ya bihiss etmək üçün vurulan iynələrin, həmçinin yara və kəsik üzərinə qoyulan dərmanların işkalı yoxdur.

Məsələ-888) Vacib ehtiyat budur ki, burun yolu ilə və dil altına qoymaqla cəzb olunan narkotik maddələrdən qorunsun.

Məsələ-889) Əgər yemək yeyən zaman bilə ki, sübh oldu, gərək ağzındakı tikəni çıxartsın və əgər bilərəkdən udarsa, orucu batil olur. (Orucu bilərəkdən batil edənin hökmü sonradan deyiləcək).

Məsələ-890) Başdan və sinədən gələn bəlğəmi ağızın fəzasına (daxilinə) yetişmədikdə udmağın eybi yoxdur və orucu batil etmir, amma ağız daxilinə gəldikdə vacib ehtiyata əsasən udmaq olmaz.

Məsələ-891) Əgər oruc halında təzyiq dərmanı (həbb, kapsula) içmək zəruri olarsa işkalı yoxdur, lakin onu içmək orucu batil edir (yəni dərman atmaq yemək sayılır).

Məsələ-892) Damaqdan gələn qanı nə qədər ki, udmayıb, orucu batil deyil və əgər ağzın suyuna qarışıb aradan gedərsə, pakdır, onu udmağın işkalı yoxdur və orucu da batil etmir. Həmçinin əgər ağzının suyu qanlı olub olmamasında şəkk edərsə, onu udmağın işkalı yoxdur və orucu səhihdir.

Məsələ-893) Ağızdan qan gəlməklə oruc batil olmur, amma vacibdir ki, hülqumuna yetişməyin qarşısını alsın.

2. Cinsi yaxınlıq

Məsələ-894) Cinsi yaxınlıq orucu batil edir, hərçənd məni (sperma) xaric olmasa belə.

Məsələ-895) Əgər oruc olmağını unudub cinsi yaxınlıq edə, orucu batil olmur, amma yadına düşən kimi, dərhal bu işdən əl götürməlidir, əks təqdirdə orucu batildir.

3. İstimna (masturbasiya)

Məsələ-896) Əgər oruc tutan bilərəkdən öz əməlilə özündən məni xaric edə, orucu batildir.

Məsələ-897) Gündüz möhtəlim olmaq (məninin yuxuda xaric olması) orucu batil etmir, hətta əgər bilə ki, yatdıqda möhtəlim olacaq, yuxusunun qarşısını almaq lazım deyil.

Məsələ-898) Əgər oruc olan şəxs yuxuda məni xaric olan zaman yuxudan ayıla, qarşısını almaq vacib deyil.

4. Allaha, peyğəmbərlərə və məsumlara (ə) yalan bağlamaq.

Məsələ-899) Allaha, peyğəmbərlərə və məsumlara (ə) yalan bağlamaq (vacib) ehtiyata əsasən orucu batil edir, hərçənd sonradan tövbə edə və yalanına etiraf edə.

Məsələ-900) Rəvayət (hədis) kitablarında yalan olub olmaması sabit olmayan (məlum olmayan) hədisləri deməyin işkalı yoxdur, amma müstəhəb ehtiyat budur ki, onları deyən zaman nəql etdiyi kitablara istinad etsin (məsələn, desin ki, filan kitabda belə yazılıb ki, Pey-ğəmbər(s) buyurubdur. . . ).

5. Qatı tozu hülquma yetirmək

Məsələ-901) Oruc tutan şəxs vacib ehtiyata əsasən yeri süpürərkən yerdən qalxan toz kimi qatı tozu udmasın, amma tozun təkcə ağıza ya buruna daxil olması orucu batil etmir, həmçinin siqaret tüstüsü və digər tüstülər də vacib ehtiyata əsasən orucu batil edir.

Məsələ-902) Əgər oruc tutan tənginəfəsliyə düçar ola (astma xəstə-liyi), elə bir maddədən istifadə edə ki, təzyiqli hava, dərmanla hərçənd qaz şəklində hülquma daxil ola (sprey), orucun işkalı yoxdur.


6. Başı suya batırmaq (salmaq)

Məsələ-903) Əgər oruc tutan şəxs bilərəkdən başını bütövlükdə suyun altına sala, vacib ehtiyata əsasən orucu batildir və gərək o günün orucunun qəzasını tutsun.

Məsələ-904) Yuxarıdakı məsələdə fərqi yoxdur ki, başını suya batırar-kən bədənini də sala yaxud təkcə başını sala.

Məsələ-905) Əgər birinci başının bir yarısını suya sala, sonra onu çıxardıb o biri yarısını sala, orucu batil olmur.

Məsələ-906) Əgər başını bütövlüklə suyun daxilinə sala, amma saçlarından bir miqdarı çöldə qala, orucu batil olur.

Məsələ-907) Əgər şəkk edə ki, başı bütöv suyun altına daxil oldu ya yox, orucu səhihdir.

Məsələ-908) Əgər oruc tutan ixtiyarsız olaraq suya düşə və başı tamamilə suyun altına girə, orucu batil olmur, lakin gərək dərhal başını sudan çıxarsın. Həmçinin əgər oruc olmağını unuda və başını suya sala, orucu batil olmur, lakin yadına düşən kimi gərək dərhal başını sudan çıxarsın.

Məsələ-909) Əgər oruc tutan şəxs məxsus geyimlə (dalğıcların libası kimi), bədəni islanmadan suya girə, o libas bədənə yapışan libas olduqda orucun səhih olması işkallıdır və vacib ehtiyata əsasən onun qəzasını tutmalıdır.

Məsələ-910) Başa su tökmək (qabla, duşla və s. ) orucu batil etmir.

7. Sübh azanınadək cənabət və (ya) heyz və (ya) nifas halında qalmaq

Məsələ-911) Ramazan ayının gecəsi cənabətli olan şəxs gərək sübh azanından qabaq qüsl etsin və əgər bilərəkdən qüsl etməsə, orucu batildir (səhih deyil). Bu hökm Ramazan ayının qəza orucuna da aid olur.

Məsələ-912) Əgər bir şəxs Ramazan ayının gecəsində cünub ola, bilmədən sübhə kimi qüsl etməyə, məsələn, yuxuda cünub ola və sübhədək yuxuya qala, orucu səhihdir.

Məsələ-913) Sübhədək cənabətli qalmağın orucun batil olmasına səbəb olması Ramazan ayının orucuna aiddir, başqa oruclar, xüsusilə müstəhəb orucları batil etmir.

Məsələ-914) Əgər cünub Ramazan ayında cənabət qüslünü sübhədək unuda və cənabətli halda sübh edə, orucu batildir. (Vacib) ehtiyata əsasən Ramazan ayının qəzası da bu hökmdədir, amma başqa oruclarda oruc batil olmur.

Məsələ-915) Əgər bir şəxs cənabətli olmamağı orucun səhih olmasının şərtlərindən olmasını bilmədən cənabətli halda bir neçə gün oruc tuta, bu oruclar batildir və gərək qəzasını yerinə yetirsin.

Məsələ-916) Əgər bir şəxs Ramazan ayında nəcis suyla qüsl edə, bir neçə gündən sonra o suyun nəcis olmasını bilə, onun tutduğu oruclar səhihdir .

Məsələ-917) Ramazan ayının gecəsində vəzifəsi qüsl vermək olan şəxs, vaxtın darlığına yaxud suyun ona zərər etməsinə və ya başqa səbəblərə xatir qüsl edə bilmirsə, gərək qüsl əvəzinə təyəmmüm etsin.

Məsələ-918) Vəzifəsi təyəmmüm olan şəxs Ramazan ayının gecəsi özünü cünub edə bilər (xanımı ilə yaxınlıq edə bilər), bu şərtlə ki, təyəmmüm etmək üçün kifayət qədər vaxt olsun.

Məsələ-919) Ramazan ayının gecəsində cənabət qüslu yaxud bu qüslun əvəzinə təyəmmüm edən şəxsdən sübh azanından sonra məni xaric olsa da belə onun orucu səhihdir.

Məsələ-920) Yuxuda cünub olmaq orucu batil etmir, buna əsasən əgər sübh azanından qabaq və ya sonra yata və yuxuda cünub ola və sonra yuxudan oyana, orucu batil olmur baxmayaraq ki, namazlar üçün qüsl verməsi vacibdir və qüslu namaz vaxtına qədər təxirə sala bilər.

Məsələ-921) Oruc tutan şəxs Ramazan və sair aylarda yuxuda cünub olarsa, dərhal qüsl etmək vacib deyil.

Məsələ-922) Əgər bir şəxs oyaq halda cünub ola yaxud da yuxuda cünub olduqdan sonra oyana və bilə ki, əgər yatarsa qüsl üçün sübh azanından qabaq oyana bilməyəcək, qüsl etmədən qabaq yatmaq caiz deyil. Əgər yata və sübhdən qabaq qüsl etməyə, orucu batildir. Amma əgər ehtimal verə ki, yatarsa sübh azanından qabaq qüsl etmək üçün oyanacaq və qüsl etmək fikri də olarsa (yəni durduqdan sonra qüsl etmək qərarında olarsa), oyana bilmədiyi təqdirdə orucu səhihdir, am-ma əgər ikinci dəfə yata və sübhədək oyana bilməyə, gərək o günün qəzasını tutsun.

Məsələ-923) Hər zaman Ramazan ayının gecəsində sübh azanından qabaq möhtəlim olduğunu bilməyə və yenidən yata, sübh azanından sonra bilə ki, sübh azanından qabaq möhtəlim olubdur, orucu səhihdir. Həmçinin əgər fəcrdən qabaq (sübh azanından qabaq) şəkk edə ki, möhtəlim olub ya yox və şəkkinə etina etmədən yenidən yata, sübh azanından sonra ayıla və bilə ki, fəcrdən qabaq möhtəlim olubdur, necə ki, birinci dəfə ayıldığından sonra möhtəlim olmaqdan heç bir əsər-əlamət müşahidə etməyə və təkcə ehtimal verə ki, möhtəlim olubdur, orucu səhihdir.

Məsələ-924) Aylıq adətindən pak olan və vəzifəsi qüsl vermək olan qadın, həmçinin nifasdan pak olan və qüsl verməsi vacib olan qadın, qüslünü Ramazan ayının sübh azanınadək verməzsə orucu batildir.

Məsələ-925) Oruc olan qadın gün əsnasında heyz və ya nifas qanı görərsə, orucu batil olur hərçənd məğrib azanına yaxın olsa belə.

Məsələ-926) Əgər qadın nəzir orucu əsnasında heyz qanı görərsə orucu batildir və pak olduqdan sonra qəzasını tutmaq vacibdir.

8. İmalə etmək

Məsələ-927) Maye ilə imalə etmək orucu batil edir, hərçənd naçarlıq üzündən və müalicə üçün ola.

Məsələ-928) Müalicə üçün bəzi xəstə qadınların istifadə etdikləri (bə-dəninə qoyulan) xüsusi dərmanlar orucu batil etmir.

9. Qusmaq

Məsələ-929) Oruc tutan bilərəkdən qusarsa, hərçənd xəstəliyə görə buna naçar olsa belə orucu batildir, amma əgər səhvən ya ixtiyarsız olarsa işkalı yoxdur (orucu səhihdir).

Məsələ-930) Əgər gəyirmək nəticəsində (mədəsindən) bir şey ağız boşluğuna gələ, gərək onu bayıra çıxarsın (yəni əgər bilərəkdən udarsa, orucu batildir), amma əgər ixtiyarsız olaraq udarsa, orucu səhihdir.

Məsələ-931) Əgər oruc tutan bilərəkdən ixtiyarlı olaraq orucu batil edən işlərdən birini edə, orucu batil olur, amma əgər bilərəkdən olmazsa, məsələn, ayağı sürüşüb suya düşməklə başı suya bata yaxud oruc olmağını unuda və bir şey yeyə və ya icbarla boğazına bir şey tökələr, orucu batil deyil. Bu hökmdə vacib, müstəhəb, Ramazan və qeyri-ramazan orucları arasında fərq yoxdur.

Məsələ-932) Əgər oruc tutan ikrah nəticəsində iftar edə, belə ki, başqası onu orucunu batil etməyə məcbur edə (məcbur edə ki, özü orucunu sındırsın), məsələn, ona deyələr ki, əgər orucunu açmasan canına ya malına zərər vuracaq və o, bu zərərin qarşısını almaq üçün orucunu aça, orucu batildir.

Məsələ-933) Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini edə və orucu batil olub deyə bilərəkdən yenidən orucu batil edən-lərdən qarşıya çıxara, orucu batil olur.

Məsələ-934) Əgər bir şəxs şəkk edə ki, orucu batil edən işlərdən qarşıya çıxarıb ya yox, məsələn, ağzına daxil olan qatı tozu yaxud suyu udub ya yox, orucu səhihdir.

Ramazan ayının orucunu bilərəkdən batil etməyin kəffarəsi

Məsələ-935) Əgər Ramazan ayının orucunu bilərəkdən, ixtiyarlı olaraq və heç bir şəri üzrü olmadan batil edə, (batil edənlərdən birini edə), orucu batil olmaqdan və o günün qəzasından əlavə kəffarə də ona vacib olur, istər batil edən zaman kəffarənin vacib olmasını bilə, istərsə də, bilməyə.

Məsələ-936) Əgər bir şəxs müəyyən bir üzr səbəbinə ehtimal verə ki, Ramazan ayının orucu ona vacib deyil və oruc tutmaya, amma sonradan məlum ola ki, oruc ona vacib olubdur, qəzadan əlavə kəffarə də vacibdir. (çünki, orucun vacib olmamasına ehtimal vermək, iftar etmək üçün kifayət etmir). Amma əgər iftar etməsi (oruc tutmaması yaxud orucunu pozması) orucun ona zərər etmə qorxusuna görə ola və bu qorxunun üqəlayi mənşəyi də, ola (aqillər arasında bu qorxu normal və düzgün sayıla), bu zaman kəffarə vacib deyil, amma o günün qəzası vacibdir.

Məsələ-937) Əgər şəri hökmü bilmədən, orucu batil edən işlərdən qarşıya çıxara, məsələn, başı suya salmağın orucu batil etməsini bilmədən başını suya sala, orucu batildir, amma kəffarə vacib deyil və təkcə qəza etməlidir.

Məsələ-938) Əgər haram olmasını bildiyi, lakin orucun batil olmasına səbəb olmasını bilmədiyi orucu batil edən bir işi edərsə, orucu batildir, qəzadan əlavə vacib ehtiyata əsasən kəffarə də vacib olur.

Məsələ-939) Əgər müəyyən bir səbəbə görə orucu açmaq caiz ya vacib ola, məsələn, onu orucunu batil etməyə məcbur edələr yaxud suda qərq olanı xilas etmək üçün özünü suya ata, bu halda ona kəffarə vacib deyil, amma gərək qəzasını yerinə yetirsin.

Məsələ-940) Əgər oruc tutanın mədəsindən bir şey onun ağız boş-luğuna gələ, onu uda bilməz və əgər bilərəkdən udarsa, qəza və kəf-farə vacib olur.

Məsələ-941) Əgər oruc tutan etimad ediləsi olmayan şəxsin məğrib olmasını xəbər verməsinə etimad edib iftar edə və sonra məlum ola ki, hələ (iftar etdiyi zaman) məğrib olmayıb, həm qəza və həm kəffarə vacibdir.

Məsələ-942) Əgər oruc tutan kişi oruc olan öz xanımı ilə cinsi yaxınlıq edə və qadın da, bu işə razı ola, onların hər birinə bilərəkdən orucunu batil edən şəxsin hökmü aiddir və hər ikisinə qəzadan əlavə kəffarə də, vacib olur.

Kəffarənin miqdarı və qaydası

Məsələ-943) Ramazan ayında bilərəkdən (iftar etməyin) orucu batil etməyin kəffarəsi İslam dinində üç şeydən biridir:
1. Bir qul azad etmək;
2. İki ay (altmış gün) oruc tutmaq;
3. Altmış yoxsula yemək vermək.

Bu dövrdə azad etməyə qul olmadığı üçün mükəlləf gərək yerdə qalan iki kəffarədən birini yerinə yetirsin.

Məsələ-944) Kəffarənin miqdarında orucu halalla ya haramla batil etməkdə fərq yoxdur, istər yemək yeməklə ya halal xanımı ilə yaxınlıq etməklə, istərsə də, zina ya istimna etməklə orucunu batil etsin (bir kəffarə vacib olur, yəni ya altmış gün oruc tutmalı ya da altmış yoxsulu yedirtməlidir) baxmayaraq ki, haram işlə batil etdikdə cəm kəffarə (hər ikisini) vermək müstəhəbdir, yəni həm altmış gün oruc tutsun, həm də altmış yoxsula yemək versin.

Məsələ-945) Əgər bu üç kəffarədən heç biri mümkün olmaya, gərək hər miqdarda yoxsullara yemək verə bilirsə versin və vacib ehtiyata əsasən istiğfar da etsin, amma əgər heç bir miqdarda yoxsula yemək vermək qüdrəti yoxdursa istiğfar etməsi kifayətdir, yəni ürəkdən və dili ilə desin: “Əstəğfirullah” (yəni Allahdan bağışlanmaq diləyirəm).

Məsələ-946) (Kəffarə üçün) oruc tutmağa və yoxsulu yedirtməyə qadir olmadığına görə istiğfar edən şəxs sonradan oruc tutmağa ya yoxsula yemək verməyə qadir olarsa, bu işi görmək lazım deyil, baxmayaraq ki, müstəhəb ehtiyatla uyğundur.

Məsələ-947) Əgər bir şəxs altmış gün kəffarə orucu tutmaq istəyə, gərək bir ay tamam və ikinci aydan ən azı bir gün də ona əlavə etməklə ardıcıllıqla oruc tutsun və əgər qalan günlər ardıcıl da olmasa işkalı yoxdur.

Məsələ-948) Altmış gün kəffarə orucu tutmaq istəyən qadın bu arada aylıq adət günlərinə və s. təsadüf edərsə, o günlər sona yetdikdən sonra qalanlarını tuta bilər və lazım deyil əvvəldən başlasın.

Məsələ-949) Yoxsula yemək vermək iki cür ola bilər: 1. Hazır yeməklə onları doyurmaqla. 2. Hər bir yoxsula 750 qram çəkisində (bir müdd) buğda ya un ya çörək və ya düyü yaxud da, bu kimi ərzaqlar verməklə.

Məsələ-950) Əgər bir şəxs (yuxarıdakı məsələdə deyildiyi kimi) kəf-farə üçün altmış yoxsula yemək vermək istəyə, altmış yoxsul tapa bildiyi təqdirdə bir-iki nəfərin və ya çoxunun səhmini bir nəfərə verə bilməz və lazımdır altmış nəfərin hər birinə bir səhm yemək versin. Amma yoxsul ailənin sayı qədər ailə başçısına (yoxsula) onların səhmlərini verə bilər ki, onlar üçün məsrəf etsin. Yoxsullarda böyük və kiçik, kişi və qadın arasında fərq yoxdur.
Kəffarənin hökmləri

Məsələ-951) Əgər oruc tutan bir gündə bir neçə dəfə orucu batil edən işlərdən görə, təkcə bir kəffarə boynuna gəlir. Lakin bu iş cinsi yaxınlıq və ya istimna olarsa, vacib ehtiyata əsasən hər bir cinsi yaxınlıq və ya istimna üçün ayrıca kəffarə vacib olur.

Məsələ-952) Əgər bilərəkdən orucunu batil edən şəxs, orucunu batil etdikdən sonra səfərə gedə, kəffarə boynundan düşmür. Buna əsasən əgər (gecə cünub halında yuxudan oyana və bilərəkdən sübh azanınadək qüsl ya təyəmmüm etməyə və kəffarə verməsin deyə (gecədən) səfərə getmək qərarına gələ və zöhrdən qabaq səfərə çıxa, bu iş, yəni gecə səfərə getməyi qərara almaq və gündüz səfərə çıxmaq, kəffarənin üstündən götürülməsi üçün kifayət etmir.

Məsələ-953) Kəffarə boynuna gələn şəxsə onu dərhal yerinə yetirmək vacib deyil, amma o qədər təxirə salmamalıdır ki, vacibi yerinə yetirmək üçün səhlənkarlıq sayılsın.

Məsələ-954) Vacib kəffarənin üzərindən bir neçə il ötərsə və onu yerinə yetirməzsə, kəffarəyə bir şey əlavə olmur.

Məsələ-955) Orucun kəffarəsində qəza və kəffarə arasında tərtib vacib deyil.

Ramazan ayının orucunun qəzasını iftar (batil) etməyin kəffarəsi

Məsələ-956) Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən sonra onu poza bilməz (caiz deyil) və əgər bilərəkdən batil edərsə kəffarə va-cib olur.

Məsələ-957) Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq onu poza bilər bu şərtlə ki, qəzanı tutmaq üçün vaxt olsun, məsələn, əgər beş gün qəzası varsa və Ramazan ayına da, beş gündən artıq qalmayıbsa, vacib ehtiyata əsasən zöhrdən qabaq da, poza bilməz, əgər pozarsa, kəffarə vacib olur.

Məsələ-958) Əgər bir şəxs başqası üçün Ramazan ayının qəza orucunu tutmağa əcir ola, zöhrdən sonra bu orucu pozduqda kəffarə vacib olmur.

Məsələ-959) Ramazan ayı orucunun qəzasının kəffarəsi budur ki, gərək on nəfər yoxsula yemək versin və əgər gücü çatmırsa, gərək üç gün (vacib ehtiyata əsasən ardıcıl) oruc tutsun.

Təxir kəffarəsi

Məsələ-960) Əgər bir şəxs üzrlü səbəbə görə Ramazan ayının orucunu tutmaya və növbəti Ramazan ayınadək üzrsüz və səhlənkarlıq üzündən onun qəzasını yerinə yetirməyə, gərək dərhal orucu qəza etsin və hər gün üçün təxir kəffarəsi versin, amma Ramazan ayının oruc qəzasını oruc tutmağa mane olan üzrün (məsələn, səfərin) uzanmasına xatir tuta bilməyə və gələn Ramazan ayınadək təxirə sala, bu zaman təkcə qəzasını tutmaq kifayətdir və kəffarə vermək vacib deyil baxmayaraq ki, (müstəhəb) ehtiyatla müvafiqdir. Xatırladırıq ki, bu üzr xəstəlik olarsa, onun xüsusi hökmü var ki, deyiləcək.

Məsələ-961) Gələn Ramazan ayınadək tutulmayan Ramazan ayının qəza orucunun kəffarəsi, məsələni bilməməyə görə boyundan düşmür, buna əsasən əgər bir şəxs bilməyə ki, bu ilin Ramazan orucunun qəzasını növbəti Ramazan ayınadək yerinə yetirmək vacibdir və təxirə sala, gərək hər bir təxirə saldığı günə bir kəffarə versin.

Məsələ-962) Ramazan ayının oruc qəzasının təxir kəffarəsi (hərçənd bir ildən də artıq təxirə salsa belə), bir dəfə vacib olur və illər ötdükcə ona əlavə olmur. Buna əsasən əgər bir neçə il təxirə salarsa, gərək qəza etsin və hər bir günə bir kəffarə versin.

Məsələ-963) Təxir kəffarəsi bir müdd (750 qram) təamdır (yemək) ki, yoxsula verilməlidir.

Məsələ-964) Hər bir günə bir müdd təam təxir kəffarəsi vacib olan şəxs, bir neçə günün kəffarəsini bir yoxsula verə bilər.

Fidyə və onun vacib olma yerləri

Məsələ-965) Aşağıdakı yerlərdə gərək fidyə verilsin:
1. Oruc tutmaq məşəqqətli və çətin olan qoca kişi və qoca qadın.
2. ”İstisqa” xəstəliyinə düçar olan şəxs, yəni teşnə və susuzluq xəstəliyinə düçar olanlar, belə ki, oruc tutmaq onlar üçün məşəqqətli olsun.
3. Azad olmağı yaxın olan hamilə qadınlar, əgər oruc uşağa zərər edirsə.
4. Südverən qadınların südü az olduqda, əgər oruc tutmaq körpəyə zərər edərsə.
5. Xəstə şəxslərə, əgər oruc tutmaq zərər edərsə və həmin xəstəlik-ləri növbəti Ramazan ayınadək davam edərsə.

Məsələ-966) Əgər hamilə qadın orucun uşağa zərər etməyindən qorxa və onun bu qorxusunun üqəlayi (aqillər arasında qəbul edilmiş və normal) mənşəyi ola, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da, tutsun.

Məsələ-967) Əgər südverən qadın oruc tutmaq nəticəsində südünün azalması yaxud qurumasın körpəsinə zərər etməsindən qorxa, (oruc tutmamalıdır və əgər orucdursa) gərək orucunu iftar etsin (pozsun), hər bir gün üçün fidyə ödəsin və həmin günlərin qəzasını da tutsun.

Məsələ-968) Xəstəlik səbəbinə Ramazan ayı orucunu tutmayan xəs-tənin xəstəliyi yeni Ramazan ayınadək davam edərsə, tutmadığı orucların qəzası vacib deyil və təkcə hər bir gün üçün fidyə verməlidir.

Məsələ-969) Xəstəlik səbəbinə Ramazan ayı orucunu tuta bilməyən qadın, (həmin) xəstəliyi növbəti Ramazan ayınadək davam etdiyinə görə, qəzasını tutmadığı orucların fidyəsi onun özünə vacibdir və ərinin boynuna bir şey vacib olmur.

Məsələ-970) İki il ardıcıl şəri üzr səbəbinə oruc tuta bilməyən qadının üzrü bətnindəki uşağa yaxud körpəsinə zərər etmək qorxusu olubdursa, qəzadan əlavə hər gün üçün fidyə də ödəməlidir. Əgər bu orucların qəzasını növbəti Ramazan ayınadək şəri üzrü olmadan təxirə salıbdırsa, qəza və fidyədən əlavə təxir kəffarəsi də verməlidir. Amma əgər (onun üzrü özünə olan zərər olubdursa və zərərə görə yeni Ramazan ayınadək orucun qəzalarını tutmağa qadir olmayıbsa, (qəzası yoxdur və) təkcə fidyə ödəməlidir.

Məsələ-971) Fidyənin miqdarı təxir kəffarəsi miqdarındadır yəni bir müdd təam. Bu təam yoxsula verilməlidir.

Məsələ-972) Əgər bir şəxs müəyyən bir gündə oruc tutmağı nəzir edə və bilərəkdən o gün oruc tutmaya yaxud orucunu sındıra, gərək kəffarə versin.

Məsələ-973) Nəzirin kəffarəsi “qəsəm” (and içmək) kəffarəsidir ki, öz yerində bəyan ediləcək.

Təkcə orucun qəzası vacib olan yerlər (kəffarə vacib olmadan)

Məsələ-974) Əgər bir şəxs Ramazan ayında oruc niyyəti etməyə və ya riya ilə orucunu batil edə, lakin orucu batil edənlərdən heç birini etməyə (məsələn, yeyib içməyə və s. ), o günün qəzası vacibdir, amma kəffarəsi yoxdur.

Məsələ-975) Əgər bir şəxs Ramazan ayında cənabət qüslünü unuda və cənabət halında bir ya bir neçə gün oruc tuta, təkcə o günlərin qəzası ona vacib olur.

Məsələ-976) Əgər Ramazan ayının səhərində sübhün olub olma-mağında axtarış etmədən orucu batil edən işləri görə (məsələn, yemək yeyə), sonra məlum ola ki, o zaman sübh olubdur, gərək (yalnız) o günün qəzasını tutsun, amma əgər araşdırdıqdan sonra məlum ola ki, hələ sübh olmayıb (məsələn) bir şey yeyə, sonra məlum ola ki, o zaman sübh olubdur, o günün qəzası vacib deyil.

Məsələ-977) Əgər Ramazan ayında havanın qaranlığına xatir yəqin edə ki, məğrib olubdur və ya şəri cəhətdən sözü höccət olan (etibarlı olan) şəxsin məğrib olmasından xəbər verdiyinə görə iftar edə və sonra məlum ola ki, o zaman hələ məğrib deyilmiş, gərək o günün qəzasını tutsun (kəffarəsi yoxdur).

Məsələ-978) Əgər üfüqdə bulud olmaq səbəbinə güman edə ki, məğrib olubdur və iftar edə, sonra məlum ola ki, o zaman məğrib deyilmiş, o günün qəzası vacib deyil.

Məsələ-979) Ramazan ayının səhərində nə qədər ki, fəcrin tülu etməsinə (sübh azanı vaxtının daxil olmasına) yəqin etməyibdir, orucu batil edən işlərdən edə bilər, məsələn, yeyib-içə bilər, amma əgər sonradan məlum olsa ki, o zaman sübh olubdur, onun hökmü 976-cı məsələdə bəyan edilibdir.

Məsələ-980) Ramazan ayının günü nə qədər ki, məğribin yetişməsinə yəqin etməyibdir, iftar edə bilməz, (yəni orucu batil edən işlərdən görə bilməz və əgər məğribin olmasına yəqin edərək iftar edərsə və sonradan o zaman məğrib olmaması məlum olarsa, bunun hökmü 977 və 978-ci məsələlərdə bəyan olubdur.

Məsələ-981) Əgər oruc tutan dəstəmaz zamanı suyu ağıza alıb məzməzə etmək müstəhəb olduğu üçün bu işi edə və ixtiyarsız olaraq suyu uda (su hülqumundan içəri gedə), orucu batil olmur və qəzası da vacib deyil, amma bu işi dəstəmaz üçün deyil, sərinləşmək və s. üçün edərsə və su ixtiyarsız olaraq daxilə gedərsə, gərək o günün qəzasını tutsun.

Orucun qəzasının hökmləri

Məsələ-982) Əgər bir şəxs bir neçə gün huşsuz və koma halında ola və vacib oruc əlindən gedə, o günlərin qəzası vacib deyil.

Məsələ-983) Əgər bir şəxs məst olmaq nəticəsində orucu əldən verə, məsələn, məst olmaq səbəbinə niyyət etməyə, bütün günü imsak etsə belə, o günün qəzası vacibdir.

Məsələ-984) Əgər bir şəxs oruc niyyəti etdikdən sonra məst ola, bütün günü ya günün bir hissəsini məst halında keçirə, (vacib) ehtiyata əsasən gərək o günü qəza etsin, xüsusilə şiddətli məstlik halında ki, ağılı aradan aparır.

Məsələ-985) Aylıq adəti yaxud doğuş səbəbinə (heyz və nifas səbəbinə) oruc tutmayan qadınlar, gərək Ramazan ayından sonra onları qəza etsinlər.

Məsələ-986) Əgər bir şəxs üzrlü səbəbə görə bir neçə gün Ramazan ayının orucunu tutmaya və o günlərin sayını da bilməyə, (məsələn, bilməyə ki, beş gün tutmayıb yoxsa altı gün, beş gün tutarsa kifayət edər yaxud) məsələn, bilmir ki, Ramazanın iyirmi beşi səfərə gedib ki, bu zaman beş gün qəzası var yoxsa iyirmi altısı səfərə gedibdir ki, bu zaman dörd gün qəzası var, az miqdarı (dörd gün) tutarsa kifayət edər. Amma əgər səfərə getdiyi günü bilə məsələn, bilə ki, Ramazan ayının beşi səfərə gedib, lakin bilmir ki, onu gecəsi qayıdıb ki, bu zaman beş gün qəzası olacaq yoxsa on biri gecəsi qayıdıb ki, bu zaman altı gün qəzası olacaq, (vacib ehtiyata əsasən çox miqdarı (misalda altı gün) qəza etməlidir.

Məsələ-987) Əgər bir neçə Ramazan ayından qəzası ola, hər hansını qabağa salsa eybi yoxdur, amma əgər axrıncı Ramazan ayının vaxtı dar ola, məsələn, axrıncı Ramazan ayından beş gün qəzası ola və növbəti Ramazan ayının yetişməsinə də beş gün qala, bu zaman (vacib) ehtiyata əsasən axrıncı Ramazan ayının oruclarını qəza etməlidir.

Məsələ-988) Ramazan ayı orucunun qəzasını yerinə yetirən şəxs zöhrdən qabaq iftar edə bilər (orucunu poza bilər), bu şərtlə ki, qəza etmək üçün kifayət qədər vaxt ola, amma zöhrdən sonra iftar etmək caiz deyil.

Məsələ-989) Əgər xəstəlik səbəbinə Ramazan ayının orucunu tutmaya və onun xəstəliyi növbəti Ramazana qədər uzana, tutmadıqları orucların qəzası vacib deyil, amma əgər (həmin şəxs, yəni xəstəlik səbəbinə oruc tuta bilməyən şəxs, xəstəliyin uzanmasına xatir deyil) başqa bir üzr səbəbinə (məsələn, səfərdə olduğu üçün) yeni Ramazanadək qəzaları tuta bilməyə, vacibdir onları qəza etsin. Həmçinin əgər bir şəxs xəstəlik səbəbinə deyil, başqa bir üzrə görə məsələn, səfərdə olduğu üçün oruclarını qəzaya verə və onun üzrü növbəti Ramazanadək uzana, qəzaya verdiyi orucları qəza etməsi vacibdir.

Məsələ-990) Zəifliyə və acizliyə xatir orucu tuta bilməmək qəzanın götürülməsinə səbəb olmur, buna əsasən (təzə) həddi-büluğa çatmış qız uşaqları cismi zəifliyə xatir tuta bilmədikləri orucları hətta növbəti Ramazanadək tuta bilməsələr belə, qəza etmələri vacibdir.
Həmçinin bir neçə il oruc tutmayan şəxs sonradan gərək tutmadıqları bütün orucları qəza etsin və hal-hazırda tutmağa qadir olmasa da onun boynundan götürülmür.

Ata və ananın oruclarının qəzası

Məsələ-991) Əgər ata və həmçinin vacib ehtiyata əsasən ana səfərdən başqa üzr səbəbinə orucunu tutmaya və qəza edə bildiyi halda qəza etməyələr, böyük oğula vacibdir ki, onlar dünyadan getdikdən sonra o orucların qəzasını yerinə yetirsin; ya özü tutsun ya icarə ilə başqasına tutdursun. Amma əgər qəzaları səfərdə olduqlarına xatir olubdursa, vacibdir onları qəza etsin, hətta ata və anası onları qəza etməyə imkanları yaxud fürsətləri olmasa da, belə.

Məsələ-992) Ata və ananın bilərəkdən (yəni üzrsüz) qəzaya verdikləri orucların qəzası da, vacib ehtiyata əsasən böyük oğlun boynuna gəlir, ya özü tutmalı ya əcir vasitəsilə tutdurmalıdır.

Məsələ-993) Ata və ananın namaz və oruclarının qəzası arasında heç bir fərq yoxdur, belə ki, (böyük oğlu) hər birini qabağa sala bilər.

Müsafir orucunun hökmləri

Məsələ-994) Ramazan ayında səfərə gedən şəxs, namazlarını qəsr qılacağı yerlərdə oruc tutmamalıdır və hər yerdə dörd rəkətli namazlarını tamam qılmalıdırsa oruc da, tutmalıdır, on gün bir yerdə qalmaq məqsədi olan müsafir kimi və ya səfər işi olan müsafir kimi. (Əlbəttə bəzi yerlər müstəsnadır).

Məsələ-995) Oruc tutan şəxs zöhrdən sonra səfərə çıxarsa gərək orucunu tamamlasın, amma zöhrdən qabaq səfərə çıxarsa orucu batildir, lakin tərəxxüs həddinə çatmadan orucunu iftar edə bilməz, əgər tərəxxüs həddinə çatmadan iftar edərsə, vacib ehtiyata əsasən (bilərəkdən orucu batil etmək) kəffarəsi boynuna gəlir. Əlbəttə, əgər məsələni bilmədən olsa kəffarə yoxdur.

Məsələ-996) Əgər müsafir zöhrdən qabaq vətəninə daxil ola yaxud on gün qalmaq məqsədi olan yerə yetişə, əgər orucu bati edən işlərdən etməyibsə, vacibdir oruc niyyəti etsin və oruc tutsun, amma əgər orucu batil edənlərdən qarşıya çıxıbsa, o günü sonradan qəza etməlidir. Amma əgər zöhrdən sonra yetişərsə oruc tuta bilməz (və sonra gərək qəza etsin).

Məsələ-997) Ramazan ayında səfərə getmək hərçənd orucdan qaç-maq məqsədilə olsa belə caizdir. Əlbəttə, yaxşıdır ki, yaxşı və zəruri işlərdən başqa işlər üçün səfər etməsin.

Məsələ-998) Məscidul-həramda etikaf etmək istəyən müsafir, əgər Məkkədə on gün qalmaq qərarına gələ yaxud səfərdə oruc tutmağı nəzir etmiş olsa, (etikafa daxil olub) iki gün oruc tutduqdan sonra, etikafını üçüncü günün orucu ilə tamamlamaq ona vacib olacaqdır. Am-ma on gün qalmaq məqsədi yoxdursa və səfərdə oruc tutmağı nəzir etməyibsə, səfərdə orucu səhih deyil, orucu səhih olmadığı üçün etikaf da səhih olmayacaqdır.

Ayın əvvəlinin sübuta yetmə yolları

Məsələ-999) Ayın əvvəli beş şeylə sübuta yetir: 1. Mükəlləf özü (ayın çıxmasını) görməklə. 2. İki adil şəxsin şəhadətilə. 3. Elm və yəqin gətirən məşhurluqla. 4. Otuz gün keçməklə. 5. Hakimin hökmü ilə.

Məsələ-1000) Gündüz hilalı görmək ay görünəndən sonra olan gecə üçün kifayətdir.

Məsələ-1001) Aparatla (məsələn, teleskopla) ayı görməyin adi gözlə görməklə fərqi yoxdur. Meyar ayı görməkdir, (hər hansı yolla olursa olsun), buna əsasən adi gözlə, eynəklə və teleskopla görməyin hökmü birdir. Amma kompüterlə hilalın şəklini göstərmək (çəkmək), görmək sayılmadığı üçün (ayın əvvəlini sübut etmək üçün) işkallıdır.

Məsələ-1002) “İstihlal” (ayı görmək) özü-özlüyündə vacib deyil.

Məsələ-1003) Ayın kiçik və aşağıda olması ya böyük və yuxarıda olması və ya nazik ya qalın olması və s. ayın biri ya ikisi olmaq üçün şəri dəlil deyil. Amma əgər mükəlləfə onun vasitəsilə yəqin hasil olarsa, gərək öz yəqininə əməl etsin.

Məsələ-1004) Ayın əvvəli təqvim və münəccimlərin elmi hesab-lamaları ilə sübut edilmir, əlbəttə, əgər onların dediyindən yəqin hasil olarsa, yəqinə əməl olunmalıdır.

Məsələ-1005) Əgər bir şəhərdə ayın əvvəli sübuta yetə, o şəhərlə üfüqü bir olan şəhərlər üçün də, kifayət edir.

Məsələ-1006) Üfüqlərin bir olmasından məqsəd budur ki, ayın görünmə ehtimalının olub olmaması baxımından birdirlər.

Məsələ-1007) Nə qədər ki, hakim ayın görünməsinə hökm etməyibdir, ayın onun yanında sübuta yetməsi, başqaları üçün kifayət etmir. Bəli, əgər başqaları (hakim üçün ayın görünməsinin sübuta yetməsindən) ayın görünməsinə xatircəm olarlarsa, kifayət edər.

Məsələ-1008) Əgər bir şəxs ayın hilalını görə və bilə ki, ayın görünməsi hakimi şəri üçün hər hansı bir səbəbə əsasən mümkün deyil, lazım deyil ayın görünməsini hakimi şəriyə desin bu şərtlə ki, onun xəbər verməməsinin müəyyən bir fəsadı olmasın.

Məsələ-1009) Əgər hakim sabahın bayram olmasına hökm edə və bu hökm ölkənin hamısına aid ola, onun hökmü (ölkənin) bütün şəhərləri üçün etibarlıdır.

Məsələ-1010) Hökumət tərəfindən ayın görünməsini elan etməkdə, o hökumətin islam hökuməti olub olmaması şərt deyil, bu barədə meyar ayın məntəqədə görünməsinə xatircəmlik tapmaqdır.

Məsələ-1011) Əgər hilal bir şəhərdə görünməyə, lakin radio və televiziya vasitəsilə ayın görünməsi elan oluna, əgər bu elandan ayın görünməsinə xatircəmlik hasil olarsa və ya vəliyyi-fəqihin ayın görün-məsinə dair hökmünü elan edərlərsə, kifayətdir və ayın əvvəli sübuta yetir.

Məsələ-1012) Əgər ayın əvvəli, hətta o məntəqə ilə vahid üfüqü olan qonşu şəhərlərin üfüqündə də, görünməsi və ya iki adil şəxsin şəhadət verməsi ilə yaxud da hakimin hökmü ilə sübuta yetməzsə, gərək ayın əvvəli sübuta yetincə ehtiyat edilsin.

Məsələ-1013) Əgər Ramazan ayının əvvəli sübuta yetməzsə, oruc vacib deyil, amma sonra məlum ola ki, oruc tutmadığı gün ayın əvvəli olubdur, gərək o günü qəza etsin.

Məsələ-1014) Ramazanın axırı və Şəvvalın əvvəlində şəkk etdiyi gün (yəni bilmir ki, Ramazan ayının axırıdır yoxsa Şəvval ayının əvvəli və bayram günüdür), gərək oruc tutsun, amma əgər günün əsnasında məlum ola ki, bayramdır gərək iftar etsin, hərçənd məğribə yaxın olsa belə.

Orucun müxtəlif məsələləri

Məsələ-1015) Mübarək Ramazan ayının gecələrində Quran tilavət etmək, dua oxumaq, dini mərasimlərdə iştirak etmək məqsədilə cama-atın əksəriyyətinin oyaq olduqları məntəqələrdə camaatın eşitməsi üçün bu ayların səhərlərinin xüsusi proqramlarının mikrafonla yayımlan-masının işkalı yoxdur, amma əgər məscidin qonşularının əziyyətinə səbəb olarsa caiz deyil.

Məsələ-1016) Ramazan ayının günlərinin dualarını (birinci gün, ikinci gün və s. günlərin dualarını) savab məqsədilə oxumağın işkalı yoxdur.

Məsələ-1017) Müstəhəb oruc tutan şəxsə vacib deyil ki, onu sona çatdırsın və istədiyi hər zamanda onu batil edə bilər, hətta əgər mömin bir qardaşı onu yemək yeməyə dəvət edərsə, müstəhəbdir onun dəvətini qəbul etsin və orucunu sındırsın. Mömin qardaşın bu dəvətini qəbul etmək baxmayaraq ki, orucun batil olmasına səbəb olur, lakin bu şəxs orucun əcr və savabından məhrum olmur.

Məsələ-1018) Əgər oruc tutan şəxs bir məntəqədə (iftar vaxtı) iftar edə, sonra elə bir yerə səfər edə ki, orada hələ günəş qürub etməyib, onun orucu səhihdir və o yerdə bir şey yemək (və sair orucu batil edən işləri görmək) öz yerində məğrib zamanı iftar etdiyi təqdirdə, caizdir.

Məsələ-1019) Əgər bir şəxs Ramazan ayının iyirmi yeddisinədək öz yerində oruc tuta, sonra ayın iyirmi səkkizində öz şəhəri ilə üfüqü bir olan şəhərə gedə və iyirmi doqquzu o yerə yetişə və məlum ola ki, o məntəqədə bayram elan olubdur, əgər iyirmi doqquzuncu gün o məkanda bayramın elan edilməsi şəri yollarla olarsa, o günün qəzası ona vacib olmur, lakin bunun mənası budur ki, o, bir gün Ramazanın əv-vəlindən oruc tutmayıbdır, ona görə də tutmadığına yəqin etdiyi günün qəzasını tutmalıdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Hazırladı: Ramin Əli

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031