Oruc tutanın iki sevinci olar, biri iftarda, digəri isə Qiyamət günü
Mьəllif: admin1
Tarix: 7-04-2023, 21:21
Oruc tutanın iki sevinci olar, biri iftarda, digəri isə Qiyamət günü
Allahın adıyla....

Ağamız, Mövlamız İmam Rza (ə) buyurmuşdur:-"Oruc tutanın iki sevinci olar, biri iftarda, digəri isə Qiyamət günü".

"Sevinc" və "kədər" biri-digərinə zidd kəlmələrdir. Tərifi nədir? "Sevinc"-insanın xoşuna gələn hadisələrdən sonra baş verən nəfsi haldır. "Kədər"-insanın xoşuna gəlməyən hadisələrdən sonra baş verən nəfsi haldır.

Hər ikisi 2 qismə bölünür. Maddi və mənəvi sevinc. Maddi və mənəvi kədər.

"Maddi sevinc"-insanın təbiət və məzacına müvafiq və uyğun olan hadisələrdən sonra yaranır. Məsələn, hər bir insanın susuz olan anında içdiyi su, onun cismani tələbatını ödədiyinə görə, təbiət və məzacına uyğundur.

"Mənəvi sevinc"-insanın ağlına və ruhuna müvafiq və uyğun olan hadisələrdən sonra yaranır. Məsələn, Arximedin suya batarkən "Arximed qanununu" kəşf etmə hadisəsi və o zaman "evrika" (tapdım) qışqırması, onun ağlının və ruhunun ehtiyaclarını ödəməsindən irəli gəlmişdir. Bu sevinc "mənəvi sevincdir".

"Maddi kədər" "maddi sevincin", "mənəvi kədər" də "mənəvi sevincin" tamamilə ziddidir. Yuxarıdakı izahdan sonra aydın olduğuna görə, şərhə və tərifə ehtiyac duymuram.

Deməli əziz və istəkli İmamımız Həzrəti Əli ibni Musər-Rza (ə) ağamız, bu mübarək hədisi ilə , sevincin hər iki qisminə işarə etmişdir. Oruc tutmada həm "maddi sevinc" , həmçinin "mənəvi sevinc" vardır. "Maddi sevinc" iftar vaxtı, "mənəvi sevinc" isə Qiyamət günü olacaqdır.

Orucun 3 qismi vardır.

1."Sovmul-am" (ümumi oruc).
2."Sovmul-xas" (xüsusi oruc)
3."Sovmul-əxəs" (daha xüsusi oruc).

"Ümumi oruc"-şəriətimizdə qeyd olunan, orucu batil edən işlərdən çəkinməklə hasil olur. Məsələn, bir müsəlman "qürbətən iləllah" niyyəti ilə, sübh azanından axşam azanına qədər yeməkdən , içməkdən və sair. orucu batil edən işlərdən çəkinərsə, onun orucu düzgündür (səhihdir), və bu oruc "ümumi oruc" adlanır.

"Xüsusi oruc"-yuxarıda deyilən şərtlərə əlavə olaraq, qulağın , gözün, dilin və bütün bədən üzvlərinin oruc olmasıdır. Başqa sözlə, oruc tutanın nəinki "qarnı", hətta bütün əzaları haramdan və günahdan çəkinməlidir. Yeri gəlmişkən bunu da deyim ki, hər bir ibadətin düzgün olma şərtləri və qəbul olma şərtləri vardır.

İbadətin düzgün olma şərtləri , din alimlərinin risaləsində qeyd olunmuşdur. Məsələn, oruc ibadətinin düzgün olma şərtləri, orucu batil edən işlərdən çəkinməkdir. Amma bütün ibadətlərin yeganə qəbul olma şərti vardır.

O da günahdan və haramdan çəkinməkdir. Risalədə deyilən şərtlərə əməl etmişiksə, orucumuz səhihdir (düzgündür), amma günahlardan çəkinmişiksə, o zaman orucumuz Allah dərgahında qəbuldur.

Deməli "ümumi oruc"-düzgün oruc, "xüsusi oruc" isə qəbul olunan orucdur.

"Daha xüsusi oruc" -insan zehninin və qəlbinin orucudur. İnsanı Allahdan uzaqlaşdıran hər hansı bir düşüncədən uzaqlaşmaqdır.

Bəzən insan haramlardan çəkinir, amma haram olmayan mübah işlərlə məşğul olub, Allahdan bir anda olsa belə qafil olur. O zaman həmən insan, orucun iki qismini yerinə yetirmiş, axırıncı qismini isə əldən vermişdir.

İlahi, biz müsəlmanlara orucun hər 3 qismini nəsib elə !!!!.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930