Oğurluq edib, böhtan atan nökərləri Həzrət Loğman necə ifşa etdi?
Müəllif: Admin
Tarix: 15-04-2019, 15:25
Oğurluq edib, böhtan atan nökərləri Həzrət Loğman necə ifşa etdi?
Bir zamanlar Loğman Xəvacəyə xidmət edirdi. Xəvacənin çoxlu nökərləri var idi.

Loğman aqil olduğu üçün, Xəvacə həmişə ona xüsusi diqqət göstərərdi. Başqa nökərlər də buna görə ona həsəd aparardılar. Loğmanı bədnam etmək üçün səy göstərirdilər.

Bir gün Xəvacə Loğmana və bir neçə nökərinə əmr edir ki, bağa gedib meyvə dərsinlər. Onlar meyvələri dərib evə qayıtdılar. Yol gedən zaman nökərlər meyvələri bir-bir yeməyə başladılar. Evə çatan zaman meyvələrin hamısı artıq bitmişdi. Səbəti boş halda evə gətirdilər.

Xəvacə meyvələr haqqında soruşanda nökərlər dedilər ki, meyvələrin hamısını Loğman yemişdir.

Xəvacə çox əsəbiləşir və soruşur: “Ey Loğman! Niyə meyvələri yemisən? Məgər bilmirsən ki, mənim bu axşam qonağım vardır? Mənə de görüm, bu qədər meyvəni necə yeyə bilmisən?”.

Loğman cavab verir: “Mən ağzımı bu meyvələrə vurmamışam, çünki bu, sizə qarşı xəyanət olardı”.

Xəvacə deyir: “Necə sübut edə bilərsən ki, meyvələri sən yeməmisən? Halbuki, nökərlərin hamısı deyir ki, sən yemisən?”.

Loğman: “Ey Xəvacə! Bizi imtahan et və görəcəksən ki, meyvələri kim yemişdir”.

Xəvacə: “Ey Loğman! Məni ələ salırsan? Necə başa düşüm ki, meyvələri kim yemişdir? Hər kim meyvələri yeyibdirsə, artıq onun qarnındadır. Bu iş üçün gərək hamının qarnını yarım”.

Loğman: “Tamamilə doğrudur. Meyvə o kəsin qarnındadır ki, onu yemişdir. Ancaq meyvələrin kimin yediyini bilmək üçün qarınlarını yarmağa ehtiyac yoxdur. Əmr ver ki, hamımız isti su içək və sən ata min, biz də sənin dalınca qaçaq”.

Xəvacə: “Çox yaxşı, ancaq bu iş necə nəticə verəcəkdir?”.

Loğman: “Nəticəsi işin sonunda görünəcəkdir”.

Xəvacə əmr verir və hamı isti su içir. Sonra isə onun atının dalınca qaçırlar.

Bir saatdan sonra bütün nökərlər, eləcə də Loğman qusur. İçdikləri isti su mədələrində olanları bayıra çıxardır.

Xəvacə başa düşür ki, bütün nökərlər meyvələri yeyiblər və Loğman günahsızdır. Ona görə də nökərlərini cəzalandırır və Loğmanı tərifləyir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031