Yəqub (ə) peyğəmbər olduğu halda, niyə Yusifə (ə) səcdə etmişdir?
Mьəllif: admin1
Tarix: 13-03-2019, 20:28
Yəqub (ə) peyğəmbər olduğu halda, niyə Yusifə (ə) səcdə etmişdir?
Yəhya ibni Əksəm, Məmun zamanının məşhur qazilərindən olmuşdur. Bu ünsür, İmam Rza (ə) ilə münazirə etmiş, amma təbii ki, İmama (ə) məğlub olmuşdu.

İmam Rza (ə) şəhid olandan sonra, ibni Əksəm hələ həddi-büluğa çatmayan İmam Cavad (ə) ilə münazirə edib, atasının intiqamını almaq istəyir və qalib gəlmək istəyirdi. Lakin bu dəfə də məğlub olur.

İmam Cavad (ə) şəhid olandan sonra da ibni Əksəm sakit durmur və qarışıq suallar yazıb, cavabını İmam Cavadın (ə) övladlarından tələb edir.

İmam Cavadın (ə) Musa adlı oğlu onun suallarını cavablandırmaq üçün gedir, ancaq cavab verə bilmir. Ona görə də qardaşı İmam Hadinin (ə) yanına gedir və olanları danışır. İmam (ə) da onun verdiyi suallar barədə soruşur.

Musa deyir: “Onun birinci sualı bu ayə ilə bağlı idi. “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm».

Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir»”. (“Nəml” 40).

İbni Əksəm deyir ki, Süleyman (ə) Bilqeysin taxtını istəyən zaman, Asəf onu bir göz qırpımında gətirir. Məgər peyğəmbərin (ə) onun yardımına ehtiyacı vardı ki?

İmam (ə) qardaşına buyurur: “Yaz: “Bismilləhir-Rahmənir-Rahim! Allah səni düz yola hidayət etsin. Bizi bu suallarınla imtahana çəkmək istəyirsən ki, bizdə zəif nöqtə tapasan və eyib axtarasan.

Süleyman (ə) Asəfin bildiyindən aciz deyildi. Öz cin və insdən olan ümmətinə başa salmaq istəyirdi ki, ondan sonrakı hüccət – Asəfdir. O elmi Süleyman (ə) Allahın əmri ilə ona ötürmüşdü və təlim vermişdi ki, imamət mövzusunda onunla münaqişə etməsinlər.

Həmçinin Həzrət Davudun (ə) zamanında belə Allah tərəfindən olan elm, Həzrət Süleymana (ə) təlim edilmişdi. Atasından sonra rəhbərin kim olacağı məlum olmuşdu. Hüccət tamam olmuşdu””.

İkinci sualı: “Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi.

Doğrudan da O, məni zindandan çıxardan zaman və şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra, sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur»”. (“Yusif” 100).

Sual: Yəqub (ə) peyğəmbər olduğu halda, niyə Yusifə (ə) səcdə etmişdir?

Cavab: Yəqubun (ə) və oğlanlarının səcdəsi Yusif (ə) üçün deyildi. Əslində Allah itaəti və Yusifə (ə) olan əlaqəyə görə idi. Həmçinin mələklərin səcdəsi də Adəm (ə) üçün olmamışdır. Əslində Allah itaəti üçün olmuşdur.

Onlar Yusifə (ə) qovuşduqları üçün şükür əlaməti olaraq səcdə etmişdilər.

Üçüncü sualı: “Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!”. (“Yunus” 94).

Sual: Burada Allah kimə xitab edir? Əgər peyğəmbərə xitab edirsə, o, necə şəkk edə bilər ki? Əgər başqasıdırsa, Quran kimə nazil olmuşdur?

Cavab: Burada xitab olunan şəxs – Həzrət Peyğəmbərdir (s). Ancaq onun vəhy olunan elmdə şəkki yox idi. Lakin nadanlar deyirdilər ki, “Niyə Allah mələyi risaləti üçün göndərməmişdir? Bizimlə peyğəmbər arasına fərq qoymamışdır? O da (bizim kimi) yeyir, içir, yatır, bazara gedir?”.

Allah da vəhy edir ki, səndən əvvəlki dinlərdə olanlardan soruş gör ki, məgər Allah indiyə qədər heç elə bir peyğəmbər (ə) göndərmişdir ki, başqa insanlar kimi yeyib, içməsinlər?

Allah yaxşı bilirdi ki, Peyğəmbər (s) onun risalətini elan etmişdir və yalançı deyildir. Peyğəmbərin (s) doğruçu olduğuna yəqinliyi var idi. Ancaq istəyirdi ki, bu iddia ilə tərəfsiz şəkildə danışsın.

Dördüncü sualı: “Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur)”. (“Loğman” 27).

Sual: “Burada adı çəkilən yeddi dəniz hansıdır və haradadır?”.

Cavab: Yeddi dəniz bunlardır: 1. Kibrit dənizi. 2. Aralıq dənizi. 3. Fələstində olan dəniz. 4. O dəniz ki, torpağı qaradır və suyu istidir. Deyilənə görə Viktoriya dənizi ola bilər. 5. Sudanda olan dəniz. 6. Afrikada olan isti dəniz ki, Lisan adlanır. 7. Bəhrun dənizi.

Beşinci sualı: “Və onların ətrafında (yeməklə dolu) qızıl kasalar və (pak içki ilə dolu) kuzələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərin ləzzət aldığı (hər) şey hazırdır. Siz orada əbədisiniz”. (“Zuxruf” 71).

Sual: Adəmin (ə) ürəyi buğda yemək istədi, bəs niyə cəzalandırıldı?

Cavab: Behiştdə insanın ürəyi istəyən hər bir ləzzət mövcuddur. Allah da hər şeyi Adəm (ə) üçün halal etmişdi, Allahın qadağan etdiyi ağac isə həsəd ağacı idi. Allah onlara tövsiyə etmişdi ki, Allahın başqa məxluqlardan üstün etdiklərinə həsəd gözü ilə baxmasınlar. Adəm (ə) isə bunu unudur və onlara həsəd aparır”.

İbni Əksəm bu kimi sualları davam etdirir, ancaq hər birində yenə də məğlub olur və nəhayət təslim olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930