Dualarla təbliğat aparan İmam (ə)
Müəllif: admin1
Tarix: 18-03-2021, 23:00
Dualarla təbliğat aparan İmam (ə)
İmam Əlinin (ə) evində yeni nəvəsi olan İmam Səccad (ə) dünyaya gəldi. Bu ağır siyasi zamanda İmam Əli (ə) Cəməldə, Siffeyndə və Nəhrivanda ağır döyüşlər aparırdı. Körpənin atası olan İmam Hüseyn (ə) isə İmam Əlinin (ə) ordusuna başçılıq edirdi.

Tarixçilərin yazdığına görə, İmam Səccadın (ə) anası – Sasanilərin axırıncı padşahı üçüncü Yezdəgirdin qızı Şəhribanu olmuşdur. O zaman ki, İran padşahı və ailəsi müsəlmanlar tərəfindən əsir götürülür,

İmam Əli (ə) onların müdafiəsinə qalxır və Peyğəmbərdən (s) belə bir hədis nəql edir ki, buyurur: “Əzizlərim, zillətə düşən qövmləri əziz tutun”.

İmam Əli (ə) əmr verir ki, əsirləri buraxsınlar və nəcib ailələr onların qızları ilə evlənsinlər. İmam Əli (ə) padşahın qızlarından birini İmam Həsənə (ə) və birini də İmam Hüseynə (ə) nikahlayır.

Xanım Şəhribanu 33-cü hicri ilində Şəban ayının 5-də ilk övladını dünyaya gətirir, ancaq doğum zamanı vəfat edir. Ona görə də körpənin böyüməsi üçün dayələr tutulur. İmam Səccad (ə) da o dayələrin ətəyində böyüyür. Ona görə də hamı elə bilir ki, bu dayələrdən biri onun əsil anasıdır.

Əmirəl-möminin (ə) şəhid olan zaman İmam Səccadın (ə) 7 yaşı var idi.

Bütün ailə Kufədən Mədinəyə köçür. İmam Səccad (ə) da onların içində idi. İmam Səccad (ə) atası İmam Hüseyn (ə) tərəfindən tərbiyə almış və İlahi dinə yiyələnmişdir.

İmam Zeynul-abidinin (ə) əxlaqi və elmi hələ kiçik yaşlarından ətrafında olanların diqqətini cəlb etmişdi. O, böyüyən zaman da heç bir zaman birbaşa təbliğat aparmazdı. Başqa İmamlar (ə) kimi öz məkarim əxlaqı ilə insanları hidayət edərdi.

Cabir ibni Abdullah İmam Səccad (ə) haqqında deyirdi: “Peyğəmbər (s) övladları arasında Əli ibni Hüseyn (ə) kimisini görməmişəm”.

İmamın (ə) ağır həyatından xəbərdar olmayanlar azdır. Həyatının ən gənc yaşlarında çiyninə düşən ağır vəzifələr, onu həddən artıq tez qocaltmışdır. Heç kəsin görmədiyi faciələri görmüş və bununla belə, heç bir zaman şikayət etməmişdir.

İmam Səccad (ə) ağır siyasi vəziyyətdə yaşadığı üçün sözlərini dualar vasitəsilə davamçılarına çatdırmağa çalışmışdır ki, bu dualar da “Səhifeyi-Səccadiyyə” kitabında cəm olmuşdur.

İbni Şəhri Aşub yazır: “Zahidlik və moizə mövzusunda çox az kitab tapmaq olar ki, orada İmam Səccadın (ə) sözləri bəyan olunmasın”.

Salam olsun sənə, ey İmam Səccad (ə)!

Salam olsun sənə, ey Zeynəbin (s.ə) əziz tutduğu İmam!

Salam olsun sənə, ey Hüseynin (ə) intiqamını alanların yavəri!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031