Ölüm astanasında da şeytan insanı azdırmaq fikrində olurmu?
Şeytan insanın yaranışı zamanı təkəbbür səbəbindən ilahi fərmana tabe olmadı və Adəmə səcdə qılmadı. O öz əməlinə don geyindirərək dedi: "Mən ondan üstünəm. Məni oddan, onu gildən yaratdın.” ("Sad”, 76.) Onun bu əməli altı min illik ibadətini birdəfəyə puça çıxardı və ilahi dərgahdan qovuldu. Şeytan ilahi dərgahdan qovulmasında insanı təqsirləndirərək Adəm və onun övladlarına qarşı qəlbində kin saxladı. Quran şeytanın düşmənçiliyi, onun Adəmə qarşı kini və Adəm övladlarını aldatmaqda səyi haqqında buyurur: "And olsun izzət və cəlalına, bütün xalqı azdıracağam.” ("Sad”, 82.) Digər bir ayədə oxuyuruq: "Onların qarşısından, arxasından, sağ və sol tərəflərindən çıxar ki, onların çoxu nemətə şükr etməsinlər.” ("Əraf”, 17.) Şeytan öz işində çox ciddi və çalışqandır. O bütün səy və bacarığını insanın yoldan çıxmasına, mömin olmamasına sərf edir. Ona görə də insanların ömrü boyu hər an çalışır, öz vəsvəsələri ilə onları doğru yoldan çıxarmağa cəhd göstərir. Əgər bir şəxs iman nuru və təqva qazanmaqla şeytana təslim olmasa, şeytan ondan əl çəkməyib öz təlaşını daha da artırır. O son anadək heç bir mömindən əl çəkmir və onu azdıracağına ümid edir. ("Quranda əxlaq mərhələləri”, c. 11, s. 53.) Bu səbəbdən insan ömrünün son anları şeytan üçün çox əhəmiyyətlidir. O bu həssas anlarda bütün gücünü sərf edir ki, insan dünyadan imanla getməsin.
İmam Sadiq (ə) buyurmuşdur: "Bir insanın ölümü çatdıqda İblis şeytanlar arasından yardımçılarını ayağa qaldırır ki, onu küfrə çağırsınlar, dinində şübhəyə salsınlar. Həmin şəxs mömin olduqda şeytanlar ona qələbə çala bilmir...” (Kuleyni, "Fürue-kafi”, c. 3, s. 123.) Digər bir rəvayətdə oxuyuruq: "Əgər bizim dostların ölüm anı çatsa, şeytan sağdan və soldan ona yaxınlaşar ki, əqidəsindən döndərsin. Amma Allah buna mane olar. ("Əl-mizan”, c. 12, s.64.) Rəvayət və dua kitablarımızda ömrün son anlarında imanı qorumaq üçün göstərişlər bəyan olunmuşdur. Həmin kitablara müraciət edə bilərsiniz. (Əllamə Məclisi, "Biharül-ənvar”, c. 7, s. 198.; Mühəddis Qummi, "Məfatihul-cinan”, s. 179.) Oxşar xəbərlər
|