Əmmar Yasir - Haqla batilin meyarı
Müəllif: Admin
Tarix: 8-10-2019, 11:44
Əmmar Yasir - Haqla batilin meyarı

Səfər ayının 9-u (Oktyabr ayının 8-i) İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın səhabəsi Əmmar Yasirin şəhadət günüdür. Elə bu münasibətlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Əmmarın atasının adı Yasir, anasının adı isə Süməyyədir. Uzun illər Yəmənə hakim olmuş quraqlıq, qəhətlik və fəqirlik ucbatından Yasir digər iki qardaşı ilə birlikdə, onlardan ayrılmış başqa bir qardaşlarını axtara-axtara Məkkəyə gəlir. Onlar qardaşlarını tapa bilməyəcəklərinə əmin olduqdan sonra geri qayıtmaq qərarına gəlirlər. Amma Yasir Məkkədə qalası olur. Zaman ötür, Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzumun kənizlərindən biri ilə evlənir. Bu kənizin adı Süməyyə olur. Bu izdivacdan Əmmar dünyaya gəlir. (“Tənqihül-məqal”, Mamaqani, c.2, səh.320.)

Həzrət Muhəmməd (s) peyğəmbərliyə seçilikdə, Əmmar ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslər sırasına qatılır. Bu ailə Peyğəmbərlə (s) çiyin-çiyinə müqavimət, səbir və fədakarlıq tarixi yaradırlar.

Yasirlə Süməyyə İslamı qəbul etdiklərindən Əbu Cəhl və onun köməkçilərinin şallaqları altında şəhadətə çatır, İslamın ilk şəhidləri məqamını qazanır və İslam tarixinin səhifələrini qanları ilə rəngləyirlər.

Bu iki qəhrəmanın gənc övladı Əmmar isə təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bilir. O, ata-anasının cəlladlar əlində şəhadətə yetməsinə şahid olur. Əmmar işgəncələr altında müşriklərin istədiyi sözü deməyə məcbur olur. O, təqiyyə etdiyi üçün Peyğəmbərdən (s) xəcalət çəkirdi. Amma ayə nazil olur və bu ayə Əmmarın imanına şahid duraraq, onun təqiyyəsini bəyənir. (“Nəhl” surəsi, ayə 106.)

Əmmar Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə mühacirət edənlər arasında olur. Bu dəstə canını qüreyşlilərdən qorumaqla yanaşı, hicrət etdikləri yerdə İslamı təbliğ etməli olurlar. İslam Peyğəmbərinin (s) Mədinəyə hicrətindən sonra Əmmar da mühacirlərlə birliklə Həzrətə qoşulur və Mədinə məscidinin tikintisində Peyğəmbər (s) və müsəlmanlara kömək edir. Tikinti işində Əmmar canla-başla işləyir, ağır daşlar daşıyırdı. Peyğəmbər (s) ona buyurur: “Əmmar! Özünü bu qədər zəhmətə salma”. Əmmar deyir: “Bu məscidin tikintisində daha artıq işləmək istəyirəm”. Peyğəmbər (s) əlini Əmmarın çiyninə qoyub buyurur: “Sən behişt əhlisən, bir dəstə zalım səni qətlə yetirər”. (“Əyanüş-şiə”, c.8, səh.373.)

Peyğəmbərin (s) Əmmar haqda buyruqları dildən-dilə gəzir. Həzrətin sözləri Əmmarın simasını müsəlmanlara tanıtdırır və onu daha da sevdirir. Məhz Peyğəmbərin (s) münasibətinə görə, Əmmar bütün könüllərdə özünə yer tapır.

Haqq və vilayətin müdafiəsi Peyğəmbərin (s) vəfatından sonra Əmmar bəziləri kimi rahatlıq və sərvət dalınca qaçmır. Əksinə o, haqqın müdafiəsi yolunda olmazın məhrumiyyətlərinə düçar olur. Peyğəmbərin (s) vəsiyyətlərinin görməməzliyə vurulması Əmmarın iman dolu vücudunu haqq və fəzilət müdafiəçisi kimi ağrıdırdı.

Əmmar Peyğəmbər səhabələri, Salman Farsi, Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Əbu Əyyub Ənsari, Xüzeymə ibn Sabit, Osman ibn Hənif, Səhl ibn Hənif ilə birlikdə məscidə gəlib, imam Əlinin (ə) haqqının müdafiəsi üçün müsəlmanların qarşısında çıxış edir. (“Tənqihul-məqal”, c.2 səh.321.)

Əmmarın Kufədə valiliyi İkinci xəlifənin dövründə Əmmar Kufəyə vali təyin olunur. İbn Məsud da bir Quran müəllimi və xəzinədar kimi onu müşayiət edir. O, imam Əmirəlmöminin Əli (ə) eşqi ilə dolu bir qəlblə yalnız qısa müddət Kufədə hakim olur.

Onun ədalətli və dinə müvafiq rəftarı bəzi dünya düşkünlərini razı salmır. Onlar xəlifəyə ünvanlanmış böhtan dolu məlumatları ilə Əmmarın işdən uzaqlaşmasına nail olurlar. Əmmar yenidən Mədinəyə qayıdır və imam Əlinin (ə) elm və helm dəryasından faydalanmaqda davam edir.

Əmmar Mədinəyə qayıtdığı vaxt ondan soruşurlar ki, işdən uzaqlaşdırılmağın səni narahat etmirmi? Əmmar belə cavab verir: “Mənə bu iş həvalə olunanda sevinməmişdim ki, kənarlaşdırılanda da narahat olam!”

Əmmar Yasir – haqla batilin meyarı Əmmar da haqla batilin ölçüsü olmuş çöhrələrdən sayılır. Bu üsul Peyğəmbəri-Əkrəmin (s) tərəfdarları arasında məşhur bir üsul idi. Onların qarşısına bir çətinlik çıxdıqda deyərdilər: “Baxın görün, Əmmar Yasir necə hərəkət edir, hansı yolu seçir?” Nümunə üçün, Siffeyn döyüşündə Əmmar haqla batil ölçüsü oldu. O, hara üz tuturdusa, Peyğəmbər (s) səhabələri də onun ardınca gedirdilər. Bəzi səhabələr Peyğəmbərin (ə) Əmmarın şəhadəti barədəki buyruğunu əsas götürərək, o, şəhid olanadək döyüşdən çəkindilər. Onlar yalnız Əmmarın şəhadəti ilə haqq cəbhəsini tanıya bildilər. Əmmar Yasirin həqiqət ölçüsü olması Peyğəmbərin (s) buyruğuna əsaslanırdı. Həzrət (s) buyurmuşdu: “Əmmar haqq ilə, haqq da Əmmarla olar. Haqq hansı tərəfə dönsə, Əmmar da həmin tərəfə dönər”. (“Tənqihul-məqal”, c.2, səh.321.)

Siffeyn döyüşündə imam Əlinin (ə) ordusundan Əmmar Yasirin başçılığı və Haşim Mirqalin bayrağı altında olan bir qrup mücahid öz döyüş hazırlıqlarını bildirirlər. Hücumdan qabaq Əmmar Yasir imam Əliyə (ə) yaxınlaşıb ərz edir: “Ey Allah Rəsulunun (s) qardaşı! Meydana çıxıb, döyüşməyimə icazə verirsənmi?” Həzrət (ə) buyurur: “Səbir et! Allah sənə rəhmət etsin.” Bir saat ötür. Əmmar yenidən İmama (ə) yaxınlaşıb meydan icazəsi istəyir. İmam (ə) isə əvvəlki cavabını təkrarlayır.

Əmmar üçüncü dəfə İmama (ə) müraciət etdikdə, İmamın (ə) gözləri yaşla dolur. Bu göz yaşları Əmmarın şəhadətindən danışır. Əmmar bunu hiss edib deyir: “Ey Əmirəlmöminin! Bu gün Peyğəmbərin (s) mənə xəbər verdiyi gündür.” İmam (ə) miniyindən düşüb, Əmmarı ağuşuna alır və onunla vidalaşıb buyurur: “Allah-Taala Özü və Peyğəmbəri (ə) tərəfindən sənə mükafat versin. Sən yaxşı qardaş və dost oldun”.

Əmmar deyir: “And olsun Allaha, açıq gözlə sənə ardıcıl oldum. Hüneyn döyüşü günü həzrət Peyğəmbər (s) mənə buyurdu: “Ey Əmmar! Məndən sonra fitnə qopar. Həmin vaxt Əlinin (ə) ardınca get. Çünki o haqladır, haqq isə onunla!”

Bu vaxt Əmmar su istəyir. Amma içməyə su olmur. Ənsardan bir kişi ayağa qalxıb ona bir kasa süd gətirir. Əmmar südü içir və bir anlıq fikrə gedir. Birdən üzündə təbəssüm peyda olur və deyir: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, axırda içdiyin süd olacaq”.

Əmmar meydana yola düşür. Haqq ilə batilin döyüşü başlayır. Əmmar Yasir, qoşununun arasından fəryad çəkərək deyir: “Ey insanlar! O kimdir ki, təşnə suya tələsdiyi kimi behiştə doğru tələssin? Behişt nizələrin kölgəsindədir, ey xalq! Qarşınızdakılar dinə həvəssiz gəldilər, qılınc qorxusundan müsəlman olduqlarını bildirdilər. Bu gün isə dindən çıxmaq üçün fürsət tapıblar...” (“Əl-ixtisas”, s. 13.)

İslamın şücaətli döyüşçüləri Əmmarın sözlərini eşidib yerlərindən qalxır və düşmən qoşununa hücum çəkirlər.

Əmmarın şəhadəti Nəhayət, 94 yaşlı bu qorxusuz aslan bir çox düşmən döyüşçülərini qanına qəltan etdikdən sonra nizə zərbəsindən yerə yıxılır. Amansız düşmən onun başını bədənindən ayırır.

Əmmarın şəhadət dağı imam Əli (ə) üçün çox ağır olur. Əmmarın şəhadət xəbəri Həzrətə çox təsir edir.

Gecə düşür, savaş alovu sönməyə başlayır. Əmirəlmöminin Əli (ə) gecənin qaranlığında şəhidlər arasında gəzir və nəhayət, Əmmarın pak cəsədinə çatır. Həzrət yerə oturur, bu azadə şəhidin başını qucağına alır və Əmmarın şəhadətinə ağlayır.

Əmmar vəsiyyət etmişdi ki, onu öz libası ilə dəfn etsinlər. O, Allahın düşmənlərlə hesab çəkməsini istəyirdi. İmam (ə) onun cənazəsi üçün namaz qılır və Əmmar öz qanlı libaslarında torpağa tapşırılır. (“Usdul-ğabə”, c.4, səh.47; “Əmmar Yasirin həyatı” kitabından, Ustad Cavad Mühəddisi.)


Rza Şükürlü ( Maide.Az )
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031