2 qorxu və 2 təhlükəsizlik bir yerdə olmaz
Mьəllif: admin1
Tarix: 13-08-2020, 09:41
2 qorxu və 2 təhlükəsizlik bir yerdə olmaz
Xof və xəşiyyət sözünün hər ikisinin mənası qorxu deməkdir. Lakin xəşiyyət dedikdə ehtiramla və təzimlə bir yerdə olan qorxu nəzərdə tutulur.

Mühəqqiq Tusi deyir: “Xəşiyyət və xof baxmayaraq ki, lüğətdə qorxu mənasını verir, lakin ariflərin yanında fərqli mənada işlənir.

Xof - cəzaya görə olan daxili bir narahatlıqdır ki, insan düçar olduğu günaha və itaətsizliyə görə onu gözləyir. Bu hal insanların əksər hissəsində meydana gələr. Baxmayaraq ki, dərəcələri müxtəlifdir, onun ali dərəcəsi yalnız ən az insanlar üçün hasil olar.

Amma xəşiyyət elə bir haldır ki, Allahın əzəmətini və heybətini dərk edən zaman feyzindən qorxu kimi insanda hasil olur. Bu hal ancaq o kəslərdə hasil olar ki, Allahın pak zatına qarşı elmləri vardır və böyük məqamından agahdırlar. Onun qürb ləzzətini dadıblar. Elə ona görə də Quran bu halı xüsusi alimlərə şamil etmişdir. “Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar”. (“Fatir” 28)”.

Bəli, Allah qorxusu - ürəyin məhsuludur. Qorxan insan bu halı ilə İlahi rizvana diqqət edər və onun vasitəsilə pərvaz edər. Qorxan insan Allahın vədələrini bilir. Əməldə nəfsani istəklərdən çəkinər. O kəs ki, Allaha bəndəlik edər, qorxu tərəzisində yolunu azmaz, məqsədə çatar. İnsan o zaman qorxmaz ki, aqibətindən agah olmaz. Bilməz ki, əməl dəftəri yüngüldür, yoxsa ağır.

Qorxu - əgər həqiqi qorxu olarsa, nəfsi öldürər. Qorxan insan həm keçmiş və həm də gələcək qorxularının arasında qalar. O zaman ki, nəfsi həvəslərdən ölər, ürəyi həyat əldə edər. Nəticədə ürəyində rica məqamına çatar.

Qorxunun dərəcələri vardır:

1. Allahın məqamından qorxmaq, Qiyamət günü hesab və Onun qarşısında dayanmaqdan qorxmaq.
2. Allahın elmi məqamından qorxmaq. Bu ayənin buyurduğu kimi: “Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla belə) onlar Allaha şəriklər qoşublar...”. (“Rəd” 33).

3. Allahdan cəhənnəm əzabına görə və ya behişt nemətlərinə tamaha görə deyil, məhz məqamına görə qorxmaq. Allahın məqamı deyildikdə, ədaləti nəzərdə tutulur. Çünki müqədddəs zatı qorxu mənbəyi deyildir. Bəlkə ədalətinin qorxusudur. Ədalət qorxusu isə insanın əməlinə qayıdar. Çünki o kəs ki, pakdır, hesaba çəkilməkdən niyə qorxsun ki?

Cinayətkarlar o zaman ki, məhkəmə və ya zindanın yanından keçərlər, qorxarlar. Lakin normalda günahsız insanlara fərq etmir ki, orada məhkəmədir, yoxsa başqa bir yer.

«Və onların hamısının vədə yeri - mütləq Cəhənnəmdir». Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür”.(“Hicr” 43-44).

Bu ayələr Peyğəmbərə (s) nazil olan zaman, Həzrət (s) ağlamışdı və səhabələri də Həzrəti (s) bu cür görüb ağlamışdılar. Heç kəs bilmirdi ki, Cəbrayil (ə) nə nazil etmişdi. Səhabələrdən biri Peyğəmbər (s) qızının evinə gedir və bu ayələrin nazil olmasını və Peyğəmbərin (s) ağlamasını xəbər verir. Həzrət Fatimə (s.ə) evdən çıxır. Xanım (s.ə) öz mübarək başına 12 yerdən xurma lifi ilə yamanmış çadra atmışdı. Səlman bu çadranı görüb ağlamağa başladı və öz-özünə dedi: “Roma və İran padşahları ipək və zərli geyimlər geyinirlər, lakin Peyğəmbərin (s) qızı belə bir çadra örtür”.

Həzrət Fatimə (s.ə) atasının yanına gəlib soruşur: “Atacan, sizi nə qəmgin etmişdir?”. Həzrət (s) buyurur: “Bu ayələri Cəbrayil gətirmişdir” və sonra həmin ayələri Xanıma (s.ə) oxudu.

Xanım (s.ə) cəhənnəmin və atəşin adını eşidən zaman o qədər narahat oldu ki, dizləri ayaqda durmaq qüdrətini əldən verdi. Buyurdu: “Vay olsun o kəsə ki, atəşə daxil olar”.

Səlman dedi: “Ey kaş, qoyun olaydım və məni yeyəydilər, dərimi cırardılar, lakin cəhənnəmin adını eşitməyəydim”.

Əbuzər dedi: “Ey kaş, anam məni doğmayaydı, cəhənnəm atəşinin adını eşitməyəydim”.

Miqdad dedi: “Ey kaş, səhrada olan quş olardım və hesabım olmazdı. Cəhənnəm atəşinin adını da eşitməzdim”.

Əmirəl-möminin (ə) buyurdu: “Kaş vəhşi heyvanlar məni parça-parça edəydilər, anam məni doğmazdı və cəhənnəm atəşinin adını eşitməzdim”.

Sonra əlini başına qoyub ağlamağa başladı və buyurdu: “Ah, nə qədər uzaqdır Qiyamət səfəri, vay az azuqədən. Bu qiyamət səfərində onları cəhənnəm atəşinə tərəf aparacaqlar və əsirlikdə olan xəstələrin yarası müalicə olunmaz. Heç kəs bəndini açmaz, onların suyu və yeməyi atəşdəndir. Cəhənnəmin müxtəlif yerlərində alt-üst olarlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah qüdsi hədisdə buyurmuşdur: “İzzət və cəlalıma and olsun ki, bəndələrim üçün iki qorxu və iki təhlükəsizlik bir yerdə olmaz. Əgər dünyada özünü Məndən təhlükəsiz hesab edərsə, Qiyamət günü onu qorxudaram. Əgər dünyada Məndən qorxsa, Qiyamət günü onu təhlükəsiz edərəm””.

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829