Ölüm- Son yoxsa başlanğıc?
Mьəllif: admin1
Tarix: 14-05-2016, 21:49
Ölüm- Son yoxsa başlanğıc?

Ölüm insanın qaça və inkar edə bilmədiyi həqiqətlərdəndir. Elm adamları tarix boyu ölümə müxtəlif açıqlamalar vermişlər. Biz ölümü din alimlərinin nəzəri ilə qiymətləndirib, onun həqiqətindən xəbərdar ola bilərik. Peyğəmbər (s) və məsum imamlar ölümə aşağıdakı formalarda açıqlama vermişlər;
İmam Hadi (ə) buyurur: “Ölüm insan üçün onu müxtəlif çirk və aludəliklərdən paklayan hamam kimidir”.

Yorğun iş rejimi keçən xüsusilə tozlu-torpaqlı məkanda çalışan fəhlə üçün işdən sonra ən önəm verdiyi məqam hamam qəbul etmək, toz-torpaqdan, tərdən və s. aludəliklərdən paklanmaqdır. Bir ömür həyat aludəliklərinə bulaşan şəxs üçün də ölüm hamam kimi paklayıcıdır.

İmam Səccad (ə) buyurur: “Ölüm mömin üçün köhnə libasları soyunub təzə və təmiz paltar geymək kimidir”.

Ölüm həqiqətən mömin bəndə üçün köhnə, çirkli paltarı çıxarib, əl-ayağından ağır zəncirləri açıb əvəzində isə yeni, ətirli, rahat paltar geyməyə, rahat miniyə süvar olmağa bənzəyir.

Amma kafir üçün isə bunun tam əksidir. Yəni, kafir üçün ölüm bahalı, təmtəraqlı libasları çıxarıb yerinə yun, insana əziyyət edən libası geyməyə, böyük əzaba daxil olmağa bənzəyir.

İmam Cavad (ə) buyurur: “Ölümə hazır şəxs üçün ölümün faydası dərmanın xəstəyə faydasından çoxdur.

Uşaq xəstələnərkən sağalması üçün faydalı olan dərmanları qəbul etməkdən necə imtina edirsə, eləcə də insan ölümdən çəkinir. Halbuki ölümə özünü hazırlayan şəxs üçün (yəni axirət sorğu-sualına hazır olan mömin üçün) ölümün faydası dərmanın xəstəyə faydasından artıqdır.

İmam Hüseyn (ə) buyurur: “Ölüm körpü kimidir. İnsan onun vasitəsilə çətinlik və problemlərdən yaxa qutarır”.

İmam Hüseyn (ə) Aşura günü ölümdən qorxmurdu. Hətta öz səhabələrinə buyururdu: “Ey mənim həvadarlarım! Səbr edin! Çünki ölüm sizi çətinliklərdən, problemlərdən keçirən, onlardan uzaqlaşdıran vasitədir. Bəs hansı biriniz zindandan saraya daxil olmaq istəmir? Amma düşmənləriniz üçün əksinədir. Onlar ölməklə qəsrdən zindana daxil olacaqlar”.

İmam Baqir (ə) buyurur: “Ölüm hər gecə sorağınıza gələn yuxu kimidir”.

İmam Baqirdən (ə) ölüm barədə soruşduqda israrla buyurardı: “Ölüm hər gecə sorağınıza gələn yuxudur. Lakin insanın bir daha oyanmayacağı ən uzun yuxudur”.

Yuxuda olan yaxşı və pərişan yuxular görür. Yuxudan ayılarkən əgər yuxusu yaxşı yuxudursa ayıldığına təəssüf edir. Yox əgər kabus görürsə ayıldığına və bunun yuxu olduğuna sevinir. Ölümdə bu cəhətdən yuxu kimidir. Amma ölümün yuxu ilə fərqi onun daimi olmasındadır. Yəni dünyasını dəyişən şəxs ya daimi kabus ya da şirin yuxu görür.

İslam Peyğəmbəri (s) buyurur: “Ölüm bir evdən digər evə köçmək kimidir”.

Digər bir hədisdə isə belə buyurur: “Sizlər fəna üçün deyil bəlkə bəqa (əbədiyyət) üçün yaradılmısınız”.

Deməli, ölüm insanı fani dünyadan əbədi axirətə köçürən bir vasitədir.

Bəzən də ölüm yuxudan, qəflətdən ayılmaq kimi tanıtdırılır;

İslam Peyğəmbəri (s) buyurur: “İnsanlar yuxudadırlar. Öləndən sonra isə ayılacaqlar”.



İmam Əli (ə) buyurur: “Hər bir evin qapısı vardır. Axirət evinində qapısı ölümdür”.

İmam Əli (ə) məntiqli şəkildə ölümü qapıya bənzədir. Çünki Quran və sünnədən aydın olur ki, insan axirət üçün, əbədiyyət üçün, dünya isə imtahan, keçid üçün yaradılmışdır. Deməli, dünyadan axirətə bir keçid, bir qapı, bir yol olması zəruridir. İmam Əlidə (ə) bunu ölümlə əlaqələndirir.

Bəs niyə ölümdən qorxuruq?

Təbii ki, bütün insanlar deyil bəlkə əksər insanlar ölümdən qorxur. Bunu da elm adamları bir neçə amillə əlaqələndirirlər.

Ölümün həqiqətini bilməmək. Misal üçün, daim dağ zirvələrinin fəthi ilə məşğul olan alpinist növbəti dağa qalxarkən onun aqibətindən, hansı nöqtəyə qalxmaqdan xəbərdardır. Lakin ilk dəfə dağ zirvəsinə qalxmaq istəyən nəticənin necə olacağını bilmədiyindən həyəcan və qorxu keçirdir. Hədislərin birində isə belə deyilir: “İnsan bilmədiyi şeyin düşmənidir. İnsanda ölümə tanış olmadığından onla üzləşməkdən çəkinir, qorxur.

Keçmişdə atılan səhv addımlar, edilən xətalar və günahlar insanı ölümdən qorxmağa vadar edir. Adətən ahıl yaşına yəni ömrünün son baharını yaşayan şəxslər ölümün iyi burunlarına dəydiyi üçün həyəcan keçirirlər. Cavanlıqda ləzzətlərə qərq olaraq atdığı yanlış addımlar indi onu düşünməyə sövq edir. Görəsən günahlarıma görə mənimlə necə rəftar edəcəklər? Məni hara göndərəcəklər? Bu kimi suallar insanda ölümə qarşı ikrah və qorxu yaradır.

Qurani-kərim bu haqda buyurur: “De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət və nemətinə nail olasınız,)Halbuki onlar öz əlləri ilə törədib öncədən göndərdikləri şeyə görə əsla ölümü arzulamazlar və Allah zalımları(n halını) biləndir. Həqiqətdə insan ölümdən yox ölümdən sonrakı aqibətdən qorxur. Yəni, axirət evini abadlaşdırmayanlar adətən ölümdən qorxur. Necə ki, insan geniş, böyük evdən uçuq, xaraq daxmaya köçmək istəmir eləcə də dünyadan axirətə (yəni dünya nemətlərində qərq olub halal-harama, günaha-savaba riayət etməyən şəxs axirətdəki cəhənnəmə) köçmək istəmir”. “Cümə”, 6-7

Ölümdən sonrakı aqibətdə insanda ölümə qarşı qorxu yaradır. Burda isə insan məhz ölümdən deyil sonrakı hadisələrdən qorxur, çəkinir. Çünki orda onu xoş sayılan heçnə gözləmir.

Bir nəfər İslam Peyğəmbərinin (s) yanına gəlib soruşdu: “Niyə ölümdən acığım gəlir?” Peyğəmbər (s) isə cavabında buyurdu: “Çünki xeyir əməllərdən axirət dünyasına göndərməmisən”.

Digər səbəb isə insanın ətrafına bağlılığıdır. İnsan bəzən bir şeyə bir kəsə o qədər bağlanır ki, özünü onsuz təsəvvür etmir. Bağlandığı şəxs və ya şeylə əlaqəsinin kəsilməsini isə ən böyük müsibət, bədbəxtlik hesab edir.

Dünyasını dəyişən şəxsdə sevdiklərindən ayrılmaq, onlardan uzaq düşmək məcburiyyətindədir. Bu halda ölümdən qorxması, ondan çəkinməsi təbiidir. Lakin mömin bəndənin axirətdə sevdikləri ilə görüşmək, onlara qovuşmaq şansı vardır. Kafir bəndə isə bunlardan məhrumdur.

İmam Kazım (ə) buyurur: “Ölüm kafiri nemətlərdən ayrı salır”.

Lakin bu iki amili qismən və ya tam şəkildən özündən uzaqlaşdıran yəni savab və xeyir əməllərlə axirət evini abadlaşdıran, dünya nemətlərini ötəri bilib onları Allaha xatir sevən şəxs üçün ölüm arzuolunandır.

İmam Əli (ə) buyurur: “And olsun Allaha ki, Əbu-Taliboğlunun ölümə rəğbəti (yəni özü) körpənin anasının sinəsinə rəğbətindən çoxdur”. Digər yerdə İbn-Mülcəm onu mehrabda zərbətləyərkən İmam bu ifadəni işlətdi: “And olsun Kəbənin rəbbinə nicat tapdım”.

İnsanın dünyadan axirətə keçid məntəqəsi onun qəbri, məzarıdır. İnsan dünyasını dəyişdikdə kimliyindən asılı olmayaraq qəbrə qoyulur. Ondan sonra isə insanın əməlləri dəyərləndirilir. Əgər mömin və yaxşı insandırsa, müsafir kimi qarşılanır. Əks təqdirdə isə cinayətkar kimi qarşılanaraq ilahi əzabla cəzalandırılır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930