Ölümdən qorxmamaq üçün nə etməli?
Mьəllif: admin1
Tarix: 5-02-2020, 11:16
Ölümdən qorxmamaq üçün nə etməli?
Allaha və Qiyamət gününə etiqad bəsləməmək, ölümü məhv olmaq kimi bilmək – ölümdən qorxmağın ən əsas səbəblərindəndir. Hədislərimiz buyurur ki, ölümdən qorxmağın səbəblərindən biri də axirət üçün azuqə toplamamaqdır.

İmam Sadiq (ə) əziz atası İmam Baqirdən (ə) nəql edir ki, buyurub: "Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və soruşur ki, mən ölümdən niyə qorxuram?”.

Həzrət (s) buyurur: "Malın və sərvətin vardırmı?”. Deyir: "Bəli”. Buyurur: "Onu qabaqcadan göndərmisən?”. Deyir: "Yox”. Buyurur: "Elə bu səbəbə görə ölümü sevmirsən”.

İmam Əli (ə) də bu haqda buyurur: "Ah, azuqənin az olmasından və yolun uzun olmasından, səfərin uzaq olmasından, məqsədin və giriş yerinin böyük olmasından”.

Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və deyir: "Ey Allah Rəsulunun (s) oğlu! Bizim başımıza nə gəlib ki, ölümü sevmirik?”. Həzrət (ə) buyurur: "Çünki siz axirətinizi viran və dünyanızı abad etmisiniz. Ona görə də abadlıqdan viranəliyə köçməyi bəyənmirsiniz”.

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, ölümdən qorxmağın ən mühüm səbəblərindən biri də axirət üçün azuqə toplamamaqdır.


Bəs nə edək ki, bu qorxu bizi tərk etsin?

Ölüm qorxusundan xilas olmağın ilk addımı budur ki, ölüm haqqında düzgün məlumata malik ola bilək. Bu məlumat o qədər mühümdür ki, mömin insanları ölüm qorxusundan xilas edər və ölümü qarşılamaq üçün hazırlıqlı olarlar.

İmam Cavad (ə) buyurur: "O kəslər ki, ölümdən qorxurlar, onunla üz-üzə gəlmək üçün hazır deyildirlər. Ölümü tanımayıblar”.

Bir nəfər soruşur: "Niyə bəziləri ölümü bəyənmirlər?”.

Buyurur: "Çünki ölümü tanımayıblar. Əgər onu tanısaydılar, Allah Təalanın övliyalarından olardılar. Şübhəsiz ki, ölümü sevərdilər. Bilərdilər ki, axirət onlar üçün dünyadan daha yaxşıdır”.

Sonra İmam (ə) sual verir: "Niyə uşaq və dəli, bədəni sağlam edən dərmanı içməkdən çəkinirlər?”.

Bir nəfər deyir: "Çünki onlar dərmanın faydasından agah deyildirlər”.

Həzrət (ə) buyurur: "And olsun o Kəsə ki, Muhəmmədi (s) haqq olaraq peyğəmbərliyə məbus etmişdir! Həqiqətən o kəs özünü ölüm üçün hazır etməz, məgər o halda ki, ölüm onun üçün xəstəyə dərmandan daha faydalıdır. Agah ol! Əgər insanlar bilsəydilər ki, ölümləri hansı nemətlərlə sonlanar - onu sevərdilər”.

Ölümdən qorxmamağın ən mühüm amilləri axirətə inanmaq, saleh əməl görmək, Allaha yaxınlaşmaqdır. Hər nə qədər saleh əməl çox olarsa, ölüm qorxusu bir o qədər az olar.

İman və saleh əməl sayəsində insan o yerə gəlib çatar ki, nəinki ölümdən qorxmaz, bəlkə onun müştaqı belə olar. Çünki ölüm insanı Məhbubuna qovuşdurar.

Ölüm insanın axirətə daxil olması üçün müqəddimədir. Əgər bu müqəddimədən kamala çatmaq üçün istifadə olunarsa, hər nə qədər uzun olarsa, bir o qədər yaxşıdır.

Çünki insanın kamalını artırar. İnsanı axirətdə ən yüksək məqama çatdırar. Allahdan istəyək ki, bizə uzun ömür versin və onu Allaha itaət etməklə, sağlam şəkildə keçirək.

İmam Səccad (ə) Allaha belə dua edərdi: "Allahım, o zamana qədər ki, ömrüm Sənə itaət yolundadır, onu artır. Lakin o zaman ki, ömrüm şeytanın çıraqgahı olar, canımı al”.

Həzrət Zəhra (s.ə) belə dua edərdi: "Allahım! Qeyb elminə və xəlq üzərində olan qüdrətinə and verirəm ki, o zamana qədər ki, həyatda olmağımı mənim üçün yaxşı bilirsən, məni sağ saxla. O zaman ki, ölümü mənim üçün yaxşı hesab edirsən, məni öldür!”.

İmam Əli (ə) buyurur: "Əgər ömrünü Allaha itaət yolunda başa vurmusansa, sənin xoşbəxtlik mənbəyindir”.


/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930