Gürcüstana İslam dini nə zaman gəlib?
Müəllif: Admin
Tarix: 28-04-2019, 10:43
Gürcüstana İslam dini nə zaman gəlib?

İslamın Gürcüstana daxilolma tarixinin İslamın yaranma tarixinə yaxın olmasından çoxlarımızın xəbəri belə yoxdur.

İslam Gürcüstana hicrətin I əsrinin üçüncü onilliyində daxil olub (təqribən miladi 640-650-ci illəri əhatə edir).

İslami fütuhat (fəthetmə) başlayandan sonra ərəb müsəlmanlar Ərəbistan yarımadasından İraq və Şama hicrət etməyə başlayıblar. Onlar h.q 14-17-ci illər arasında iki yeni şəhər – Kufə və Bəsrə şəhərlərini salmış, həmçinin (Şam) Dəməşq şəhərində kütləvi şəkildə məskunlaşıblar.

Ondan sonra yeni ərazilərdəki fəthlər bu üç böyük şəhər və vilayət rəhbərləri arasında bölünüb.

Belə ki, Qafqazın fəth edilməsi istiqamətində ilk addım II xəlifə Ömərin dövründə Kufə ordusu tərəfindən atılıb. Lakin xəlifənin ölümü ilə həmin fəth yarımçıq qalıb.

III xəlifə Osman xilafət kürsüsündə oturandan sonra yenidən həmin regionun fəthinə fərman verib. Bu dəfə xəlifənin göstərişi ilə Qafqazın fəth edilməsində Şam və Suriya ordusu da iştirak edib.

Buna görə də Qafqazın fatehi iki nəfər – Həbib ibn Məsləmə (Şam ordusunun başçısı) və Salman ibn Rəbiə Bahili (Kufə ordusunun başçısı) olub.

Müsəlmanlar Gürcüstana bu iki şəxsin rəhbərliyi altında daxil olublar. Həbib Tiflis istiqamətində, Salman isə Xəzər türklərinə doğru hərəkət edib. Tiflis şəhəri Həbib ibn Məsləmənin sayəsində fəth edilib.

Gürcüstan barəsində bilinməsi lazım olan faktlardan biri də budur ki, bu ölkə Ermənistan kimi müharibə yolu ilə deyil, sülh danışıqları aparılmaqla və heç bir qan axıdılmadan fəth edilib. Bu barədə belə yazıblar:

“Hicri təqvimi ilə 25-ci ildə (miladi 646-647-ci illərdə) müsəlmanlar Gürcüstan torpağına daxil oldular. Onun şərq hissəsində yaşayan əhali, xüsusilə Tiflis şəhərinin əhalisi müsəlmanların gəlişini sülh ilə qəbul etdi.

İslami mənbələrdə müsəlmanlarla Tiflisin vali və əhalisi arasında imzalanmış sülh müqaviləsinin mətni belə qeyd edilib:

Həbib ibn Məsləmədən Tiflis əhalisinə:

Biz sizinlə sülh şəraitindəyik. Mən də sizinlə birlikdə Ondan başqa bir Tanrı olmayan yaradana ibadət edirəm.

Əmma bəd: Sizin tiflisli nümayəndəniz mən və mənim yanımda olan möminlərin yanına gəldi və sizin dilinizdən dedi ki: Biz Allahın çoxlu utanclıq, dəyərsizlik və nadanlıq dövrlərini keçəndən sonra lütf etdiyi və Peyğəmbər göndərdiyi insanlarıq.

Buna görə də həmd aləmdəkilərin Rəbbi, bağışlayan və mehriban Allaha məxsusdur. Və Onun salam və mərhəməti olsun vasitəsi ilə bizə doğru yolu göstərdiyi Peyğəmbərinə (s) ! Həmçinin həmin tiflisli sizin dilinizdən bunu da dedi ki, Allah-taala biz müsəlmanların qorxusunu düşmənlərimizin qəlbinə salıb.

Halbuki bizim Yaradanın yardımından başqa heç bir güc və qüdrətimiz yoxdur. Həmin nümayəndə dedi ki, siz bizimlə sülh tərəfdarısınız. Mən və mənimlə birlikdə olan müsəlmanlar sizin istəyinizə qarşı çıxmırıq.

Həmin tiflisli sizin hədiyyələrinizi mənim yanıma gətirdi. Biz onun pul və mal şəklində olanlarını ümumilikdə yüz dinar miqdarında dəyərləndirdik.

Lakin siz onu hər il ödəmək məsuliyyəti daşımırsınız. Amma bütün evlərin sakinləri fidyə deyil, cizyə kimi tam bir dinar ödəməlidir. Sizin bu əhdnamə və toxunulmazlıq kağızınızı möminlərdən ibarət böyük bir kütlənin qarşısında yazdım və onu Əbdürrəhman ibn Cüz ilə sizə göndərirəm.

Bizim gözümüzdə o, ağıllı, Allahın əmr və kitabından xəbərdar şəxsdir. Əgər əhdnamənin içində yazılanları qəbul etsəniz, o, onu sizə verəcək, əks təqdirdə sizi (əvvəldən də məlumat verildiyi kimi) Allah, Peyğəmbər (s) və möminlərlə döyüşə dəvət edəcək. Təbii ki, Allah xəyanətkarları sevmir.

Sağlamlıq və zərər-ziyandan amanda qalmaq düzlük arxasınca gedən şəxsə məxsusdur”.

Qeyd: “Müdafiə fərmanı”nın əsli bizə çatmayıb. Onun məzmunu bir az fərqli olaraq ərəb müəllifləri tərəfindən qorunub. Son zamana kimi “müdafiə fərmanı (siqeli)” Təbərinin (838-923-cü illərdə), Bəlazurinin (892-ci ildə vəfat etmiş) və Yəqutinin (1179-1229-cu illərdə) müxtəlif variantları bəlli idi.

Təbərinin və Bəlazurinin mətnlərini gürcü tarixinə İ.Cavaxişvili Qazaryanın alman tərcüməsinə uyğun olaraq daxil etdi. 1951-ci ildə M. Lordkipanidze tərəfindən aktın gürcü tərcüməsi giriş məktubu və qeydləri ilə dərc olundu, 1959-cu ildə E.Sixarulidze tərəfindən həyata keçirilən gürcü tərcüməsi dərc olundu. 1976-cı ildə O. Çkitişvili “müdafiə aktının” yeni variantını Əbu Ubeydənin (770-838) hekayələrindən, həmçinin ibn Zəncveyhin variantını dərc etdi.

“Müdafiə fərmanı” adından da göründüyü kimi Tiflis və digər bölgələrin əhalisini müdafiə məqsədi ilə imzalanmışdı. Çünki İslamın Gürcüstana gəlişinə qədər Gürcüstan şimaldan və qərbdən xəzərlərin, bizanslıların və müsəlman olmayan iranlıların hücumuna məruz qalırdı.

“Müdafiə fərmanı”na görə Tiflis və Gürcüstanın digər bölgələri azad nəfəs aldı. Çünki artıq müsəlmanlar onların tərəfində idi. Həbib ibn Məsləmə Tiflisdə və digər bölgələrdə əhalinin sürətlə islamı qəbul etdiyini görüb Əbdullah ibn Cərrahı islamın daha geniş yayılması ilə bağlı Tiflisdə saxladı.

Həmin müddət ərzində kütləvi şəkildə öz xaçpərstliyində qalmış Ermənistandan fərqli olaraq Gürcüstanda müsəlmanların geniş şəkildə məskunlaşmasından əlavə bölgənin (Şərqi Gürcüstan) əhalisi arasında da İslama tədricən üztutma meylləri baş qaldırıb. Belə ki, həmin illərdə Tiflis islamyönümlü, yaxud da əksəriyyəti müsəlmanlardan ibarət şəhər idi.

Bu iddianın dəlili həmin dövr, xüsusilə də h.q. III əsrdən V əsrə kimi olan dövrdə müsəlman alimləri arasında “Tiflisi” ləqəbi götürənlərin sayının çox olmasıdır. Sonrakı fəsillərdə onların barəsində müfəssəl məlumat verdiyimizdən biz hələlik burada bu mövzuya toxunmuruq.

Xəlifə Əbdül-Məlikin zamanında Qafqaz bölgəsi xəlifə tərəfindən təyin olunmuş vahid bir vali tərəfindən idarə olunurdu. O, əvvəllər də valilik mərkəzi kimi Dvin şəhərində, sonra isə Bərdədə iqamətgahla təmsil olunmuşdu. Bu bölgə 4 inzibati mərkəzə (əmirliyə) bölünmüşdü:

1. Albaniya və Sivniya (mərkəz Bərdə).
2. Kartli (Cürzan) – mərkəzi Tiflis.
3. Ayrarat və Vasburaqan (mərkəzi Dvin).
4. Rşunik və Deruberan tərəfi (Mərkəzi Van).

İslam Gürcüstana daxil olandan bu günə kimi müxtəlif mərhələlərdən keçib.

Mənbə: Gürcüstanda İslam Tarixi kitabı.

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031