Həzrəti Qeys kimdir? I-hissə
Mьəllif: admin1
Tarix: 25-09-2021, 10:45
Həzrəti Qeys kimdir? I-hissə
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM


Qafqazda Əhli-beyt (ə) məktəbi və mədəniyyəti tarixinin ən təsirli simalarından biri Qeys ibn Səd ibn Übadə Xəzrəci həzrət Peyğəmbərin (s) böyük səhabələrindən və Əmirəl-möminin Əlinin (ə) və İmam Həsənin (ə) sədaqətli əshabından olub. O, öz dövrünün məşhur şəxsiyyətlərindən biri, İslam tarixinin görkəmli simaları sırasındadı.

Onun adı Qeys, künyəsi Əbu Abdullah olub. Onun atası Səd ibn Übadə, Xəzrəc qəbiləsinin başçısı olub. Qeys İslamın yaranmasının ilk ilində Mədinədə dünyaya gəlib.

O, yeniyetmə yaşlarında həzrət Peyğəmbərin (s) səhabələri sırasına daxil olub. Qeys, Bənil Müstələq müharibəsindən başlayaraq həzrət Peyğəmbər (s) zamanının bütün müharibələrində – Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində – fəal iştirak edib və yaralanıb.

Qeysin Əmirəl-möminin Əliyə (ə) xüsusi rəğbəti olub. O, İmam Əlinin (ə) göstərişlərinə qeyd-şərtsiz tabe olan, Qədir-Xumda iştirak edən və həzrət Peyğəmbərdən (s) eşitdiklərinə (Qədir-Xum hədisinə) əsaslanaraq İmam Əlidən (ə) başqa heç kəsə beyət etməyən on iki (yaxud 17) nəfərdən biridir.

Qeys 19 yaşında Misirin fəthində iştirak edib və sonra orada yaşayıb. Nəhayət, Osmana etiraz hadisəsində Mədinəyə gəlib və İmam Əli (ə) xəlifə seçiləndən sonra Misirə hakim təyin edilib.

O, gözəl idarəçilik bacarığına malik və fərasətli şəxs olduğu üçün Misirə daxil olan kimi İmam Əlinin (ə) məktubunu əhaliyə oxuyub və bir xütbə oxumaqla həmin diyarı tam ələ ala bilib.

Qeys ibn Səd İmam Əlinin (ə) hakimiyyəti dövründə həm də “şortətulxəmis”in (İmam Əlinin (ə) səhabələrindən ibarət fədailər dəstəsi) başçısı olub.

Qeys ibn Səd Siffeyn müharibəsindən sonra İmam Əli (ə) tərəfindən Azərbaycana vali göndərilib. İmam Əlinin (ə) şəhədatindən sonra o, İmam Həsən Müctəbanın (ə) qoşununun başçısı və öndə gedən dəstəsində olub. Qeys İmam Həsəndən (ə) sonra da sadiq köməkçiləri sırasında yerini saxlayıb.

Qeysin fərdi və ictimai xüsusiyyətləri sırasında İmam Əlinin (ə) digər səhabələrindən fərqləndirən cəhəti onun siyasi–ictimai gözüaçıqlığıdır. Belə ki, tarixçi və bioqraflar onu ərəb xalqının həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) dövründəki beş siyasətçisindən biri hesab ediblər.

İmam Əli (ə) xilafətinin son həftəsində bütün vali və məmurlarını Müaviyə ilə yenidən müharibə etmək üçün İraqa çağırıb. Sonra Qeys tələsik Kufəyə yollanıb.

Lakin o, Kufəyə çatandan bir neçə gün sonra İmam Əli (ə) İbn Mülcəm tərəfindən şəhid edilib və İmam Həsən (ə) xəlifə olub. Həmin vaxt İmam Həsənin (ə) yeni qurulmuş xilafətinin güclənməsində ən mühüm rolu Qeys ibn Səd oynayıb və ona ilk beyət edən olub.

Qeys həmişə Peyğəmbər (s) Əhli-beytinin (ə) yanında olub. Qeys Əhli-beytə (ə) çox sadiq olub və onun barəsindəki bütün tarixi məlumatlarda onun Əhli-beytə (ə) yardım göstərmək istiqamətində çalışması qeyd edilib.

Qeys ibn Səd ibn Übadənin Qafqaza hakim olmasından sonra Əhli-beytə (ə) olan inancın yayılması və möhkəmlənməsində ən mühüm tarixi amil həmin
şəxsin ömrünün sonunda Gürcüstana hicrət etməsi olub. Onun hicrət hadisəsi belə olub: Müaviyə Qeysdən həm çox qorxur, həm də ona çox nifrət edirdi.

Qeysi ələ keçirəcəyi təqdirdə onun əl-ayağını kəsəcəyini demişdi. Vaxt keçdikcə Qeys ibn Səd ibn Übadə kimilərinə təzyiqlər daha da artırdı. Belə ki, o, ya atası kimi “şübhəli” terrora məruz qalmalı, ya da öz canını qorumaq üçün bir çarə tapmalı idi. Bəzi tarixi mənbələrdə yazıblar ki, o, çıxış yolunu Mədinədən getməklə və uzaq sərhəd bölgələrinə sığınmaqda görüb.

Əlbəttə, tarixçilər arasında Qeys ibn Sədin ölüm tarixi və dəfn edildiyi yer barəsində fikir ayrılığı var. Bəziləri yazıblar ki, o, Kufədən Mədinəyə qayıdıb və Müaviyənin hakimiyyətinin sonlarında orada vəfat edib. Bəziləri isə deyiblər ki, o, hicrətin 58-ci ilində Müaviyədən qaçaraq Tiflisdə məskunlaşıb və orada da dünyadan köçüb” (h.q. 85-ci ildə).

Sonuncu fikir daha real görünür. Çünki Qeys Müaviyənin ona göstərdiyi o qədər təzyiqdən sonra, Mədinədə qala və adi həyatını davam etdirə bilməzdi. Buna görə də onun Tiflisə siğınması daha məntiqlidir.

Öncəki məlumatlara əsasən, Qeys bir müddət Azərbaycanın valisi olub və həmin vaxt Tiflis inzibati cəhətdən oraya tabe idi. Tiflis şəhəri həmin vaxt İslam torpaqlarının son sərhəd şəhəri hesab edilirdi və o zamandan Azərbaycan sərhədində Curzan adlı bir məntəqə ( şəhər idi) idi.

Bütün məqamlarda Qeys ibn Səd ibn Übadə (r.ə.) Əhli-beytə (ə) böyük xidmət edərək və etiqadına sadiq qalaraq bu dünyadan Allah dərgahına köçüb.

Mənbə: “Gürcüstanda islam tarixi” kitabından.




Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031