Peyğəmbərin (s) gənciliyi cahiliyyət dövründə
Müəllif: Admin
Tarix: 22-10-2019, 10:42
Peyğəmbərin (s) gənciliyi cahiliyyət dövründə
Peyğəmbərin (s) pak həyat tərzinə həm dostları, həm də düşmənləri şahid olmuşlar. Belə ki, öz dürüstlüyü ilə məşhur olan hz. Məhəmməd (s) elə müşriklərin, yəni Məkkə camaatının tərəfindən Əmin ləqəbi almışdır. Bir insanı düşmənin özü tərifləyirsə, şübhəsiz, yüksək qiymətləndirilən bir tarixi faktır.

Bu kiçik məqalədə iki mühüm nöqtəyə işarə etmək istəyirəm. Təsəvvür edin, cahiliyyətin min bir fəsadı içərisində heç birinə uymamaq çox yüksək dərəcəli şəxsiyyətdən xəbər verir, yeri gəlmişkən, islam düşmənlərinin Peyğəmbərin (s) İlahi hikmətə əsasən bir neçə xanımla evlənməsini təhrif edib islamofobiya kimi göstərməsinə Allah Rəsulunun (s) gəncliyinin özü bir dəlildir.

Belə ki, Məkkə şəhərində əxlaqsızlıq son dərəcəyə çatmış, hətta əxlaqsız qadınlar öz mənfur niyyətlərinə kişiləri dəvət etmək üçün özlərinə məxsus evlərinin qabağında bayraq asardılar, görəsən həmin dövrlərdə Peyğəmbər (s) nə üçün bu pisliklərə heç bulaşmadı? O zaman hətta Peyğəmbərliyə belə yetişməmişdi axı?

Əgər islam düşmənlərinin ona vurmaq istədyi ləkə əziz Peyğəmbərdə olmuşdursa, (neuzubillah) bəs nə üçün gəncliyində heç bir qadınla adı çəkilməmişdir, axı gənc idi, buna daha münasib idi? Yenə də əgər belə olsaydı dövrünün düşmənləri bunu əldə dəlil edib Peyğəmbərin (s) məqamını aşağı salmaq üçün bayraq etməzdilərmi?

Deməli, Rəsulullah (s) əsla cahiliyyətin pisliklərinə bulaşmamış və gözündə belə şəhvətə meyl göstərməmişdir. Sadəcə, həzrəti Xədicə xanımla pak, dürüst və şəffaf tərzdə ailə qurmuşdur.

Hətta cahiliyyətin bir çox pis tərəfləri Peyğəmbəri (s) çox narahat edirdi. Məkkə bazarında baş vermiş olay Peyğəmbəri (s) çox təsirləndirdi. Belə ki, qumar oynayan bir şəxsin dəvəsini, evini, hətta onillik həyatını belə uduzduğunu görən Peyğəmbər (s) bu hadisədən elə təsirlənir ki, həmin gün Məkkədə qala bilməyib ətraf dağlara çəkilir. Yalnız gecə yarısı keçdikdən sonra evə qayıda bilir. O, həzrət bu cür hadisələri görüb azğın təbəqələrin hərəkətlərindən heyrətlənirdi.

Digər önəmli məsələ peyğəmbərin (s) 40 il ərzində zərrəcə bütlərə önəm verməməsi idi. Allah rəsulu (s) babası həzrət İbrahimin (ə) Hənif dinində idi, məhz buna görə də o həzrət Hira dağına gedərdi, tək-tənha tək olan Allaha ibadət edərdi, Onu çağırardı və Ona sığınardı, burada diqqət olunası və bizim üçün böyük dərs burasındadır ki, insanı ən çox təsirləndirən iki muhüm şey vardır: onlardan birincisi əqidə, ikincisi isə nəfsi istəklərdir.

Uca Allahın peyğəmbəri (s) Xədicə (r.ə) xanımla evləndikdən sonra iqtisadi vəziyyəti daha da yaxşılaşmışdı, lakin o həzrət əqidəsi üfunətli olanlar içində, nəfsdən başqa bir quruluşu olmayan cahillər arasında bu qədər imkanatı ilə onlara zərrəcə qarışmayıb və həmin cahilliyyət ona əsla sirayət etməmişdi, əksinə onların arasında bir günəş kimi nur saçırdı.

Ən maraqlı tərəfi də bundan ibarətdirki, o həzrət həm gənc, həm də hələ peyğəmbərliyə məbus olmaışdı. Deməli, bizə öyrədir ki, ictimai mühit nə qədər pisliklərə bulaşsa da Allaha olan iman və təqva ilə günahlardan amanda qalmaq mümkündür.


Elçin Daşdanoğlu

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930