Cahiliyyət dövründə Peyğəmbərin (s) gənciliyindən ibrətlər
Mьəllif: admin1
Tarix: 15-01-2016, 11:10
Cahiliyyət dövründə Peyğəmbərin (s) gənciliyindən ibrətlər
Tarix boyu, Rəhmət və Mərhəmət Peyğəmbərinin (s) pak həyat tərzinə həm dostları, həm də düşmənləri şahid olmuşlar. Belə ki, öz dürüstlüyü, sədaqəti, mehribanlığı və əmanətdarlığı ilə məşhur olan Həzrət Məhəmməd (s) elə müşriklərin, yəni Məkkə camaatının tərəfindən Əmin ləqəbi almışdı. Bir insanı öz düşməni tərifləyirsə, şübhəsiz ki, bu, onun yüksək mənəvi şəxsiyyətindən xəbər verir.

Bu kiçik məqalədə, iki mühüm nöqtəyə işarə etmək istəyirəm. Təsəvvür edin, cahiliyyət dövrünün min bir fəsadı içərisində heç birinə uymamaq çox yüksək dərəcəli şəxsiyyətdən xəbər verir. Yeri gəlmişkən, İslam düşmənlərinin Peyğəmbərin (s) bir neçə xanımla evlənməsini əldə bayraq edib qeyri-əxlaqi əməl kimi göstərməsinə, Allah Rəsulunun (s) gəncliyindəki paklığı, bu haqda ona qarşı irəli sürülən ittihamları rədd etməyə qadirdir. Belə ki, Məkkə şəhərində əxlaqsızlıq son dərəcəyə çatmışdı. Hətta əxlaqsız qadınlar öz mənfur niyyətlərinə kişiləri dəvət etmək üçün özlərinə məxsus evlərinin qarşısında bayraq asardılar. Həmin dövrdə Həzrət Məhəmməd (s) peyğəmbərlik məqamına seçilmədiyi halda belə, bu pisliklərə heç bulaşmadı. Əgər İslam düşmənlərinin ona vurmaq istədyi ləkə əziz peyğəmbərdə olmuşdursa (nəuzubillah) bəs nə üçün gəncliyində heç bir qadınla adı çəkilməmişdir? Axı gənclik buna daha münasib idi? Yenə də əgər belə olsaydı dövrünün düşmənləri bunu əldə dəlil edib Peyğəmbərin məqamını aşağı salmaq üçün bayraq etməzdilərmi? Deməli Rəsulullah (s) əsla cahiliiyətin pisliklərinə bulaşmamış və özündə belə şəhvətə meyl göstərməmişdir. Qeyri-əxlaqi hərəkətlərə meylli olan şəxs, cahiliyyət dövründə ərəblərin pis bilmədiyi belə fürsətləri heç əldən verərdimi? Peyğəmbərimiz (s) 25 yaşında olduğu halda, 40 yaşlı Həzrət Xədicə (ə) ilə pak, dürüst və şəffaf tərzdə ailə qurmuşdur. Həyat yoldaşı dünyadan gedənə qədər də, başqa qadınlarla evlənməmişdir. Ömrünün ən təravətli çağlarını ona həsr etmişdir. Əgər bu evlilik, onun sərvətinə görə idisə, nə üçün Xədicə bütün var-dövlətini islam dini yolunda xərclədiyi zaman, Peyğəmbər (s) yeni sərvətli qadın axtarmadı? Unutmayaq ki, Həzrət Məhəmmədin (s) ailə qurduğu xanımların çoxu yaşlı və pənahsız olmuşdur. Allahın elçisi (s) onlara sahib çıxmış, qayğı göstərmişdir. Bəzi xanımlarla evliliyi isə İslam dininin yayılmasına və təhlükələrdən amanda qalmasına xidmət etmişdir. Və sair.

Tarixə nəzər salsaq görərik ki, cahiliyyətin bir çox pis tərəfləri peyğəmbəri çox narahat edirdi. Bir gün Məkkə bazarında baş vermiş hadisə Peyğəmbəri (s) çox təsirləndirdi. Belə ki, qumar oynayan bir şəxsin dəvəsini, evini, hətta on illik həyatını belə uduzduğunu görən Peyğəmbər (s) bu hadisədən elə təsirlənir ki, həmin gün Məkkədə qala bilməyib ətraf dağlara çəkilir. Yalnız gecə yarısı keçdikdən sonra evə qayıda bilir. O, həzrət bu cür hadisələri görüb azğın təbəqələrin hərəkətlərindən heyrətlənirdi.

Tarixi mənbələrə əsasən Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsindən iyirmi il öncə, Zübəydi qəbiləsindən olan bir şəxs, Məkkəyə satmaq üçün mal gətirdi. Əmr ibn Asın atası, As ibn Vail onun malını satın aldı. Amma pulunu ödəmədi. Mal sahibi Qüreyşdən yardım istədi. Amma heç kim ona kömək etmədi. Bu zaman o, Əbu Qübeys dağına qalxaraq, ürək sızladan şerlərlə və ah-nalə ilə camaatı köməyə çağırdı. Bəni-Haşim, bəni-Zöhrə və bəni-Təym qəbiləsindən bir qrup şəxs, Məkkənin ağsaqqallarından və rəhbərlərindən biri olan Abdullah ibn Codanın evində toplanaraq, həmişə birlikdə məzlumların yadımçısı və zalımların düşməni olmağa, zalımdan məzlumun haqqını geri almağa söz verərək, əhd-peyman bağladılar. Sonra isə As ibn Vailin yanına gedərək, Zübeydi qəbiləsindən olan kişinin mallarının haqqını alıb, ona verdilər. Allahın rəsulu (s) da, bu müqavilədə fəal iştirak etmişdi. O, sonralar buyururdu: "Abdullah ibn Cudanın evində, elə bir əhd-peymanda iştirak etdim ki, onu qırmızı tüklü (yunlu) dəvələrə sahib olmağa dəyişmək istəmərəm. İndi də məni belə bir əhd-peymanda iştirak etməyə dəvət etsələr, hər zaman onların dəvətini qəbul edərəm."

"Hilfül-füzul" – "Comərdlər əhd-peymanı" kimi tanınan bu müqavilə, o qədər dərin mənalı, möhkəm bünövrəli və bəşərin fitrətindəki insani duyğularına uyğun bir müqavilə idi ki, gələcək nəsillər də, ona riayət etməyə meyl göstərirdilər.

Digər önəmli işarə olunacaq məsələ, Peyğəmbərin (s) 40 il ərzində zərrəcə bütlərə önəm verməməsi idi. Allah rəsulu (s) babası həzrət İbrahimin (ə) Hənif dinində idi, məhz buna görə də, o həzrət, Həra dağına gedərdi. Tək-tənha bir olan Allaha ibadət edərdi. Onu çağırardı və Ona sığınardı. Burada diqqət olunası və bizim üçün böyük dərs burasındadır ki, insanı ən çox təsirləndirən iki muhüm şey; əqidə və nəfsi istəklər, Peyğəmbərin (s) timsalında pak və xətasız qalmışdı. Uca Allahın peyğəmbəri (s) Xədicə (ə) xanımla evləndikdən sonra iqtisadi vəziyyəti daha da yaxşılaşmışdı. Lakin o Həzrət (s) yanlış əqidəli insanlar içində, nəfslərinin istəklərinə qul olan cahillər arasında, zəngin olduğu zaman belə onların bataqlıqlarına ayaq qoymadı. Əksinə, onların arasında bir günəş kimi nur saçırdı. Ən maraqlı tərəfi də, bundan ibarətdir ki, o Həzrət (s) gənc idi və hələ peyğəmbərliyə məbus olmamışdı. Deməli, bizə öyrədir ki, ictimai mühit nə qədər pisliklərə bulaşsa da, Allaha olan iman və təqva ilə günahlardan və çirkin əməllərdən amanda qalmaq mümkündür.

Elçin Daşdanzadə



Islammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930