GÖZƏL ƏXLAQ - İSLAMIN ƏN MÜHÜM MİSSİYASI
Mьəllif: admin1
Tarix: 5-11-2018, 19:55
GÖZƏL ƏXLAQ - İSLAMIN ƏN MÜHÜM MİSSİYASI
Ümumi nöqteyi-nəzərdən, əxlaq insanda zati bir məsələ deyil, əksinə ev, məktəb (ailə və təhsil ocaqları) və ətraf mühitdə formalaşan bir amildir. Əxlaq düzgün olduqda, insanın dərinliklərinə işləyir, onu doğru yola istiqamətləndirir və onda yüksək keyfiyyətlər yaradır. Düzgün olmadıqda isə, onu əyri yola çəkib mənfi xüsusiyyətlər formalaşdırır. Sosioloqlar da buna işarə edərək bildirirlər ki, ictimai həyat təsiretmə və təsirlənmə həyatıdır; hər bir insan ətrafındakılara təsir göstərməklə yanaşı, həm də onlardan təsirlənir.

İnsanın keçmiş əsrlərdən bəri kəsb etdiyi əxlaq öz geniş məfhumu ilə insan həyatının bütün sahələrində müsbət təsirlərini buraxır. Heç vaxt ondan ayrılmır və daim onu kölgə tək izləyir. Əxlaq alimləri etiraf edirlər ki, əxlaq zati deyil. Bu fikri meşədə heyvanlar arasında böyümüş uşaq üzərində aparılmış təcrübə ilə də sınaqdan keçirmişlər. Nəticədə, uşaq heyvanlar kimi dördayaq üzərində yerimiş, onlar kimi davranmışdır. Heyvanlardan ayrıldıqda da, yenə əvvəlki halına davam etmişdir.

Gözəl əxlaq insanı fərqləndirən xüsusiyyət, ona həyatında və hətta ölümündən sonra da üstünlük verən amildir. İnsan ali mərhələlərə məhz gözəl əxlaq sayəsində yiyələnir. Bəzi sosioloqların fikrincə, xalqlar əvvəl öz fiziki qüvvələrinə görə fəxr edirlərmiş. Bir qədər inkişaf etdikdən sonra elmlə fəxr etmiş, inkişafın son həddinə çatdıqda isə əxlaqla öyünmüşlər. Əxlaq insan həyatının ən önəmli və üstün mərhələsidir. Əxlaq millətlərin inkişafı və irəliləməsində ən əsas dayaqdır. Gözəl bir deyim var: Əxlaq yaşadıqca xalqlar da yaşamış, əxlaq itirildikdə isə onlar da məhv olmuşlar.

Heç kəs bu həqiqəti dana bilməz. Doğrudan da, xalqların yaşayışı onların əxlaq prinsiplərinə bağlı olduğu kimi, əxlaqın itib batması ilə xalqın da sonu gəlib çatır. Əxlaqsız cəmiyyət sanki həyat nişanəsi olmayan ölmüş bir cəmiyyətdir.

Bir sıra qərb dövlətlərinin xüsusi önəm verdikləri elm və texnologiya inkişafı insan üçün yetərli sayıla bilməz. Bunlar zəif dövlətləri ələ keçirməkdən ötrü istifadə edilən vasitələrdən başqa bir şey deyil. Həmin dövlətlərin insan hüquqlarından, xalqların azadlığından danışması da mənasızdır. Əgər həmin dövlətlər dediklərimizə əmin olsalar, öz xalqlarına ehtiram, sevgi göstərib onları narkotik maddələr, cinsi azlıqlar və gündəlik həyatdakı digər günahlardan qorumağa çalışarlar.

Bəzi ideologiya və ictimai məktəblərə ötəri nəzər saldıqda, görürük ki, bu cərəyanların heç biri insanın mənəvi inkişafında və onları mənfur xislətlərdən qorumaqda müs­bət rol oynaya bilməmişdir. Xüsusilə, kapitalizm və kommu­nizm məktəblərində əxlaq normaları özünü əsla doğrulda bilməmiş­dir.

Kapitalizm quruluşunda fərdlərə, marksizm quruluşunda isə yalnız dövlətə önəm verilirdi. Mənəvi məsələlərə isə əsla diqqət yetirilmirdi. Məhz bu səbədən, bu cərəyanlar sonda iflasa uğrayaraq tarixin yaddaşından silindi.

İslama gəldikdə isə şükürlər olsun ki, dinimizdə əxlaqın gözəlləşdirilməsinə xidmət edən kifayət qədər göstərişlər mövcuddur. Həzrət Peyğəmbər (s) öz cahanşümul missiyasında əxlaqa xüsusi önəm vermiş, insanı yüksəldəcək istənilən dəyərə hörmətlə yanaşıb mənfi və cəmiyyəti korlayacaq xislətlərə qarşı amansız mübarizəyə girişmişdir.

Gözəl əxlaq İslam missiyasının ən mühüm hissələrindən biridir. Həzrət Peyğəmbər (s) özü buyurmuşdur ki, mən gözəl əxlaqi dəyərləri tamamlamaq üçün peyğəmbər seçilmişəm.

Əxlaq həyatın davamı üçün lazım olan sevgi, əlaqə, həmkarlıq və digər önəmli amillərdəndir.

Qeyd etmək yerinə düşər ki, İslam dini-iqtisadi sahəni də əxlaq prinsipləri əsasında qurmuşdur. Belə ki, iqtisadi inkişafın qarşısını ala biləcək və ölkəni məhrumiyyətlə üzləşdirəcək möhtəkirliyi, aldatmanı, hiyləni haram etmişdir.

Həzrət Peyğəmbər (s) üstün əxlaqına görə digər peyğəmbərlərdən fərqlənməklə Allah-Taalanın ən böyük nişanələrindən biridir. O, öz gözəl əxlaqı ilə tarixin məcrasını dəyişmiş, cəhalət və nadanlıq girdabında çapalayan, bütlərə pərəstiş edən, həyatın heç bir sahəsindən xəbəri olmayan, qız uşaqlarını diri-diri torpağa basdıran bir cəmiyyətdə düşüncə və ideoloji cəhətdən son dərəcə böyük bir çevriliş həyata keçirtdi.

Hansı ki, həmin cəmiyyət “qız uşaqlarının diri-diri torpağa basdırılması əxlaqi dəyərlərdəndir” düşüncəsi ilə yırtıcılaşan, aclığın hökm sürdüyü və bu səbəbdən də, aclıq qorxusundan bəzilərinin öz övladlarını öldürdüyü bir cəmiyyət idi.

Həzrət Peyğəmbər (s) öz böyük və uca əxlaqı ilə onları bu çirkinliklərdən xilas edərək onlar üçün mütərəqqi iqtisadi bir nizam da yaratdı. (Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı, Şeyx Baqir Şərif Qərəşi, müəqddimə.)

Haızrladı: Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930