İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
Müəllif: Admin
Tarix: 13-04-2014, 19:27
Bölmə: Sual-Cavab
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?


Salam dini özünün cahanşümul keyfiyyətlərinə görə dünyada özünə xeyli dost qazandığı kimi, düşmənlər də qazanmışdır. İslamın 14 əsrlik tarixi boyunca dinimizin həm ideoloji əsaslarına, həm şəriət hökmlərinə, həm də məsumlarımızın həyat və fəaliyyətlərinə yersiz iradlar tutulmuş, həyasız töhmətlər və iftiralar atılmışdır. Bu çirkin iftiraların əksəriyyəti dinimizə qarşı qərəzli mövqedə duran Qərb "təqdiqatçıları" tərəfindən irəli sürülmüşdür. Həmin iftiralardan biri də bundan ibarətdir ki, guya Həzrəti Muhəmməd Peyğəmbər (s) qadınlara həddən artıq meyil göstərmişdir. Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!)

***
Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır:
1. Peyğəmbərimizin çox qadınla evlənməsi, Allah tərəfindən ona verilmiş imtiyaz idi. Sıravi müsəlmanlar eyni vaxtda yalnız 4 qadınla daimi evlilik halında yaşaya bildikləri halda, Həzrəti Rəsulullaha (s) onlardan seçilmək üçün daha çox qadınla evlənmək icazəsi verilmişdi. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbərimiz eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).

2. Peyğəmbərimizin həyat yoldaşlarının sayı barasində mənbələrdəki məlumatlar ziddiyyətlidir. Mərhum Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabının sonuncu cildində, "Ummu'l-muminin" başlığı altında yazır ki, Peyğəmbərin həyat yoldaşlarının 11, 12, 15, 18, 21 və 22 nəfər olması barəsində nəzəriyyələr mövcuddur.

Məşhur tarixçi Məsudi "Murucu'z-zəhəb" kitabında (2-ci cild, səh. 282-283) qeyd edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) 15 nəfər qadınla evlənmişdir. O, bunların 11 nəfəri ilə fiziki əlaqədə olmuş, 4-ü ilə isə yaxınlıq etməmişdir. Məsudi "Murucu'z-zəhəb"də qadınlardan yalnız üçünün - Xədicə, Səvdə və Aişənin adını çəkib, haqlarında qısa məlumat verir. Özünün qeyd etdiyinə görə, o, Peyğəmbərin xanımlarının hamısı barəsində başqa bir əsərində – «Kitabu'l-əvsət»də ətraflı söz açıbmış; "Murucu'z-zəhəb"də isə yalnız qadınların sayını qeyd etməklə kifayətlənir.

Həzrəti Muhəmmədin (s) həyatından bəhs edən "Sireyi-İbn Hişam" kitabında Pey-ğəmbərin xanımlarının sayı 13 nəfər göstərilir. Peyğəmbər onların 11-i ilə əlaqədə olmuşdur. Bu 11 nəfərdən ikisi (Xədicə və Zeynəb binti Xuzeymə) Peyğəmbərin sağlığında vəfat etmiş, qalan 9-u isə Peyğəmbərdən sonra da yaşamışdır. Onların adları belədir: Xədicə, Aişə, Səvdə, Zeynəb binti Cahş, Ummu-Sələmə, Hafsa, Ummu-Həbibə, Cuveyriyyə, Səfiyyə, Meymunə, Zeynəb binti Xuzeymə.

Peyğəmbərin əlaqədə olmadığı o biri iki qadının adı isə Əsma və Umrədir ("Sireyi-İbn Hişam", fars. tərc., cild 2, səh. 417-422). Həmin kitabda 13 nəfərin hər biri barədə qısa məlumat verilmişdir.

Digər məşhur tarixçi Yəqubi Həzrəti Peyğəmbərin (s) 21 və ya 23 nəfər qadınla evləndiyini yazmışdır. Yəqubi qeyd edir ki, Peyğəmbər bu qadınlardan yalnız 13 nəfəri ilə əlaqədə olmuşdu. Qalanları ya kəbin kəsiləndən sonra, zifafdan əvvəl vəfat etmiş, ya da zifafdan əvvəl Peyğəmbər onlara talaq vermişdi. 13 nəfərin siyahısına "Sireyi-İbn Hişam"dakı 11 nəfər, Mariyeyi-qibtiyyə və Ummu-Şərik Qəziyyə adlı qadın aiddir ("Tarixi-Yəqubi", fars. tərc., cild 1, səh. 452-455). Ehtimal olunur ki, Yəqubi öz kitabında Peyğəmbərin yalnız daimi həyat yoldaşlarının deyil, kənizlərinin də adını qeyd etmişdir; buna görə də onun kitabında 20 nəfərdən çox qadının siyahısı verilir.

Mudərris Təbrizi "Reyhanətu'l-ədəb" kitabında saydığı nəzəriyyələrin birində "Sireyi-İbn Hişam"dakı 11 nəfərlik siyahını təkrar etmişdir. Əllamə Təbərsi "İlamu'l-vəra" kitabında həmin 11 nəfərə daha 10 nəfəri də əlavə edərək, ümumi sayı 21-ə çatdırmışdır. Təbərsinin fikrincə, Peyğəmbər bu qadınların 12-si ilə (əvvəlki 11 nəfər və Ummu-Şərik) əlaqədə olmuşdur.

Əllamə Məclisi də "Biharu'l-ənvar"da sonuncu məlumatı təsdiq edir, amma Peyğəmbərin əlaqədə olmadığı qadınların sayını 10 nəfər göstərir. Beləliklə, Əllamə Məclisiyə görə, Həzrəti Rəsulullahın (s) xanımlarının ümumi sayı 22 nəfər imiş.

Bir daha qeyd edirik ki, bəzi kitablarda Peyğəmbərin xanımlarının sayının çox olması bu səbəbdəndir ki, müəlliflər kənizləri də buraya aid etmişlər. Bəzən eyni bir qadının başına gələn hadisələr iki müxtəlif adama aid edilmiş, bəzən də bir qadının adındakı nöqtə və hərflərin dəyişməsi üzündən yeni ad yaranmışdır.

Fransız tədqiqatçısı Qustav le Bonun "İslam və ərəb mədəniyyəti" kitabını fars dilinə tərcümə etmiş Seyyid Haşim Hüseyni də Peyğəmbərin izdivacları mövzusunda yazdığı müxtəsər haşiyələrdə Peyğəmbərin 11 nəfər xanımı haqqında məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Qustav le Bon (1841-1931) da adı çəkilən kitabda İslam mədəniyyəti barəsində ətraflı və düzgün məlumat verməsinə baxmayaraq, Həzrəti Muhəmməd Peyğəmbəri (s) "qadınlara ifrat meyil göstərməkdə" ittiham etmişdir. Seyyid Haşim Hüseyni bir tərcüməçi kimi müəllifin sözlərinə əmanətlə yanaşmaqla yanaşı, bu və digər ziddiyyətli məqamlarda haşiyə şəklində öz etirazlarını bildirmiş, qənaətbəxş cavablarla dinimizi bəzi haqsız irad və töhmətlərdən müdafiə etmişdir.


Həzrəti Peyğəmbərin (s) izdivacları
Həzrəti Muhəmməd Peyğəmbərin (s) izdivaclarının səbəb və şəraitini araşdırarkən, konkret olaraq 11 halın hər birini ayrı-ayrılıqda tədqiq etməliyik. Aşağıda Peyğəmbərin 11 xanımının hər biri barəsində qısa məlumat verilir.

1. Həzrəti Muhəmməd Peyğəmbər (s) 25 yaşına kimi subay olmuş, 25 yaşında ikən ilk dəfə ailə qurmuşdur. Onun ilk həyat yoldaşı Qureyş soyundan olan Xədicə binti Xuveylid idi. Peyğəmbərimiz Məkkədə öz əmanətdarlığı ilə məşhur olduğundan, Xədicə Şama (Suriyaya) göndərdiyi ticarət karvanına başçılıq etməyi ona təklif edir. Həzrəti Muhəmməd (s) Xədicənin karvanına rəhbərliyi öhdəyə götürərək Şama yollanır və böyük qazanc ilə qayıdır. Bu zaman Xədicə öz rəfiqələri vasitəsilə xəbər göndərib Muhəmməd (s) kimi şəxsin həyat yoldaşı olmaqdan məmnun qalacağını bildirir və Həzrəti Muhəmməd (s) Xədicə ilə evlənir. Peyğəmbərimizə ərə gedərkən Xədicənin artıq 40 yaşı var idi və bundan əvvəl iki dəfə ərdə olmuşdu. Birinci dəfə Əbu Halə adlı şəxslə ailə qurmuş, sonra boşanıb Ətiq adlı şəxsə ərə getmişdi. Xədicənin bu iki nəfərdən övladları da var idi. Həzrəti Xədicənin uca məqamı ilə bağlı bu üç nöqtəni qeyd etmək kifayətdir:
Birincisi, Həzrəti Xədicə İslamı qəbul etmiş ilk şəxsdir.
İkincisi, o, bütün sərvətini Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasına yardım etmək üçün xərcləmiş və İslamın inkişafına güclü kömək göstərmişdir.
Üçüncüsü, Həzrəti Muhəmməd Peyğəmbər (s) Xədicənin vəfatına qədər başqa qadınla evlənməmiş, ömrünün sonuna qədər isə Xədicənin adını ehtiramla yad etmişdir.

2. Həzrəti Xədicənin vəfatından bir qədər sonra Peyğəmbərimiz (s) Qureyş soyundan olan Səvdə binti Zəm'a ilə ailə qurdu. Səvdə bundan əvvəl Səkran adlı müsəlmanın həyat yoldaşı idi və əri ilə birlikdə Həbəşistana hicrət etmişdi. Həbəşistandan qayıtdıqdan sonra Səvdənin əri vəfat etdi. Belə bir şəraitdə himayəsiz qalmış Səvdə ya öz müşrik qohumlarının yanına qayıtmalı, ya da maddi və mənəvi əziyyətlərlə üzbəüz qalmalı idi. Birinci halda o, dinini itirəcək və müşrik olmaq məcburiyyəti qarşısında qalacaqdı. İkinci halda isə, aclıq və səfalətlə üzləşəcəkdi. Həzrəti Muhəmməd (s) bu mömin qadını himayə edib çətinliklərdən qorumaq üçün onunla evləndi.

3. Rəvayətlərə görə, Peyğəmbərin xanımları arasında yeganə bakirə qız Aişə binti Əbu Bəkr olmuşdur; qalan qadınların hamısı Həzrəti Muhəmmədə (s) ərə gedərkən dul olmuşlar. Hicrətdən iki il qabaq, Aişənin 7 yaşı olarkən, onun kəbini Peyğəmbərimizə kəsilmiş, lakin yaşı az olduğundan Peyğəmbərimiz onunla bir müddət əlaqədə olmamışdır. Aişənin 9 yaxud 10 yaşı tamam olanda Peyğəmbərimiz onu həyat yoldaşı kimi qəbul etmişdir.
Məlum olduğu kimi, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Aişə ilə evlənməsinin səbəbi, onun atası Əbu Bəkrlə münasibətləri dərinləşdirmək, Əbu Bəkri İslama daha da yaxınlaşdırmaq idi.
(Aişənin Peyğəmbərə ərə gedərkən daha çox yaşa malik olması, hətta bundan əvvəl başqa adamın həyat yoldaşı olması barədə də məlumatlar vardır ki, bunlar əksər tarix kitablarında göstərilən yuxarıdakı görüşlərə uyğun olmadığı üçün, onları burada qeyd etmirik).

4. Peyğəmbərimizin zaman etibarilə 4-cü izdivacı Ömər ibn Xəttabın qızı Hafsa ilə olmuşdur. Hafsa bundan əvvəl Xuneys adlı şəxsin arvadı idi. Xuneys öldükdən sonra Ömər dul qalmış Hafsanı layiqli bir adama ərə vermək istəyir. Bu məqsədlə o, ən yaxın dostları olan Əbu Bəkrlə Osmana müraciət edir. Lakin hər ikisi etiraz edib Hafsa ilə evlənmək arzusunda olmadıqlarını bildirirlər. Ömər onlardan Peyğəmbərə şikayət edir və Peyğəmbərimiz Öməri sakitləşdirib buyurur: "Sənin qızını Osmandan daha üstün bir adam alacaq". Sonra Həzrəti Rəsulullah (s) Hafsa ilə özünün evlənmək istədiyini bildirir və beləliklə, 21 yaşlı Hafsa hicrətin 2-ci, yaxud 3-cü ilində "möminlərin anaları" cərgəsinə qoşulur. Peyğəmbərin Hafsa ilə icdivacı da siyasi səbəbə əsaslanırdı (Aişə ilə bağlı vəziyyətdə olduğu kimi).

5. Peyğəmbərimizin beşinci xanımı Zeynəb binti Xuzeymə idi. Hədsiz səxavət və alicənablığına görə ona "Ummu'l-məsakin" (miskinlərin anası) deyirdilər. Zeynəbin əri Abdullah Uhud döyüşündə şəhid olduqdan sonra Peyğəmbərimiz bu alicənab qadını səfalətdən xilas etmək üçün onunla evləndi. Peyğəmbərə ərə getdikdən bir neçə ay sonra Zeynəb binti Xuzeymə vəfat etdi. Peyğəmbərimiz özü onun cənazə namazını qılaraq dəfn etdi.

6. Peyğəmbərin bibisi oğlu Əbu Sələmə Uhud döyüşündə aldığı ölümcül yaradan vəfat etdikdən sonra arvadı Ummu Sələmə dörd uşaqla başsız qalmışdı. Ummu Sələmə öz əri ilə iki hicrətdə - Həbəşistana və Mədinəyə hicrətlərdə iştirak etmişdi. Bu qadının bütün qohumları Məkkədə idi. Mədinədə qəriblik şəraitində 4 nəfər yetimi böyütmək Ummu-Sələmənin imkanı xaricində idi. Buna görə də Peyğəmbərimiz onunla evlənərək, uşaqlarına atalıq qayğısı göstərdi. Ummu Sələmə Peyğəmbərin vəfatından sonra 50 ildən artıq yaşamış, həmişə Əhli-beytin (ə) müdafiəsi yolunda öz nüfuz və bacarığından istifadə etmişdir. Onun Həzrəti Əli (ə), Fatimə (ə), İmam Həsən (ə), Hüseyn (ə) və Zeynu'l-abidinlə (ə) mehriban münasibəti tarixdə məşhurdur.

7. Həzrəti Rəsulullah (s) bibisi qızı Zeynəb binti Cahşı, öz oğulluğu Zeyd ibn Harisə ilə evləndirmişdi. Lakin Zeynəbin xasiyyətinin pisliyi üzündən bu ailə uğurlıı olmadı. Nəhayət, iş o yerə çatdı ki, Peyğəmbərdən icazə alandan sonra Zeyd Zeynəbə talaq verib boşadı. Bundan sonra Peyğəmbər özü Zeynəblə ailə qurdu. O vaxta qədər müsəlmanlar elə güman edirdilər ki, bir şəxsin oğulluğunun arvadı da ona haramdır. Peyğəmbər öz oğulluğunun keçmiş arvadını almaqla müsəlmanlara əyani surətdə başa saldı ki, yalnız doğma oğlun həyat yoldaşı qaynataya haramdır. Peyğəmbərin bu icdivacı ilə bağlı bəzi kitablarda yazılmış çirkin iftiralar tamamilə uydurmadır. Həmin iftiraya görə, guya Peyğəmbərimiz Zeynəbi çimərkən görüb ona vurulmuş və Zeydi məcbur etmişdir ki, Zeynəbi boşasın. Bu cür "rəvayətlər" Həzrəti Rəsulullahın (s) ünvanına açıq-aşkar təhqir və həyasız böhtandan başqa bir şey deyildir.

8. Müsəlmanlar hicrətin 6-cı ilində Bəni-Mustaliq qəbiləsini məğlub etdikdən sonra xeyli qadını əsir götürmüşdülər. Qəbilə başçısının qızı Cuveyriyyə Sabit adlı müsəlmanın kənizi oldu. Cuveyriyyə öz ağası ilə müqavilə bağlamışdı ki, ona hissə-hissə pul ödəyərək, axırda azad olacaq. Bu müqaviləni rəsmiləşdirmək məqsədilə Cuveyriyyə Həzrəti Muhəmməd Peyğəmbərə (ə) müraciət etdi. Peyğəmbərimiz hadisəni bilən kimi müqavilədə nəzərdə tutulmuş məbləği ödəyib Cuveyriyyəni azad etdi və Cuveyriyyə öz razılığı ilə azad qadın kimi onunla ailə qurdu.
Bundan sonra müsəlmanlar Bəni-Mustaliqdən olan bütün əsirləri azad etdilər. Onlar Peyğəmbərin həyat yoldaşı ilə həmqəbilə olan şəxsləri əsir saxlamağı və onları qul-qaravaş kimi işlətməyi düzgün hesab etmədilər. Nəticədə, Bəni-Mustaliq qəbiləsi bu alicənablığa cavab olaraq, bütünlükdə İslam dinini qəbul edib, müsəlman oldu. Aişə bu məsələni nəzərdə tutaraq söyləmişdir: "Öz qəbiləsinə Cuveyriyyədən daha çox xeyir verən bir şəxs görməmişəm".

9. İslamın qatı düşməni Əbu Süfyanın qızı Ummu Həbibə öz əri ilə birlikdə müsəlmanlığı qəbul edib Həbəşistana hicrət etmişdi. Həbəşistanda Ummu Həbibənin əri İslamdan dönüb xristianlığı qəbul etdi, lakin Ummu Həbibə dinində möhkəm qalıb ona tabe olmadı. Nəhayət, əri vəfat etdikdən sonra Həzrəti Peyğəmbər vəkil vasitəsilə Həbəşistanda olan Ummu-Həbibənin kəbinini özünə kəsdirdi. Mədinəyə qayıtdıqdan sonra Ummu Həbibə Peyğəmbərimizin xanımlarının sırasına qoşuldu. Bu imanlı qadın bütün qohumluq əlaqələrini yalnız İslama tabe etmiş, hətta doğma atası Əbu Süfyanla belə, çox soyuq davranmışdır.

10. Xeybər qalaları fəth olunduqdan sonra oradakı yəhudilərin başçısının qızı Səfiyyə müsəlmanlara əsir düşmüşdü. Səfiyyənin əri Xeybər zadəganlarından idi və döyüşdə öldürülmüşdü. Həzrəti Muhəmməd Peyğəmbər (ə) Səfiyyənin İslam dininə meylini görüb, onu azad etdi. Səfiyyə İslamı qəbul edib müsəlman olduqdan sonra Peyğəmbərimiz onunla evləndi. Bu hərəkət yəhudilərin bir hissəsinin gözündə İslam dininin daha da ucalmasına səbəb oldu.

11. Hicrətin 7-ci ilinin sonunda Peyğəmbərimiz daha bir qadınla - Meymunə bint Harislə ailə qurdu. Meymunə Həzrəti Rəsulullahın (s) əmisi Abbasın baldızı idi. Əvvəlki əri öldükdən sonra başsız qalmış Meymunə Peyğəmbərlə ailə qurmaq arzusunda olduğunu bildirdi. Həzrəti Muhəmməd (s) onun xahişini qəbul edib, öz xanımları cərgəsinə qoşdu.

Peyğəmbərin kənizlərinə gəlincə, daha geniş yayılmış rəvayətə əsasən, onların sayı 3 nəfər olmuşdur. Bu kənizlərin ən məşhuru Mariyə Misir hökmdarı tərəfindən Peyğəmbərimizə hədiyyə kimi göndərilmişdi. Peyğəmbərlə Mariyənin izdivacından İbrahim adlı bir uşaq dünyaya gəlmiş, lakin hicrətin 10-cu ilində, 18 aylıq ikən vəfat etmişdi.

Nəticə
Həzrəti Muhəmməd Peyğəmbərin (s) həyat yoldaşları haqqında verdiyimiz məlumatdan aşağıdakı nəticələrə gəlirik:
Birincisi, Həzrəti Rəsulullah (s) qətiyyən qadın düşkünü və şəhvət əsiri olmamışdır. Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, bu, gənclik illərində özünü büruzə verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi keçən 25 il ərzində yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir. Elə gənc yaşlarında cavan və daha yaraşıqlı qadınlarla evlənmək imkanı olduğu halda, Həzrəti Muhəmmədin (s) özündən yaşca böyük və dul olan Xədıcəni alması bunu göstərır ki, o, gələcək həyat yoldaşını zahiri gözəlllk və cavanlığına görə deyil, iman və əxlaqına görə seçirdi.

İkincisi, Peyğəmbərimiz ömrünün son 13 ilində də əlində hakimiyyət və böyük imkan olduğu halda, əxlaqa zidd olan xırdaca bir hərəkətə də yol verməmişdir. Bu dövrdə onun evləndiyi qadınların böyük əksəriyyəti (Aişədən başqa hamısı) dul və uşaqlı olmuşdur. Uşaqlı qadınları alaraq, onların yetim balalarına atalıq qayğısı göstərən bir şəxsin cinsi ləzzətlərə aludə olduğunu söyləmək nə dərəcədə məntiqə uyğundur?

Üçüncüsü, Peyğəmbərimizin bütün izdivacları, yuxarıdakı misallardan aydın göründüyü kimi, ya siyasi, ya da sosial səbəblər üzündən baş vermişdir. Peyğəmbər bəzi qadınları almaqla, onların ailəsi və qəbiləsi ilə olan münasibətləri daha da sıxlaşdırmışdır. Bəzi qadınlar isə öz himayədarını itirib dul qaldıqdan və ya cihadda müsəlmanlara əsir düşdükdən sonra Peyğəmbər onların izzət və iffətıni qorumaq, səfillikdən xilas etmək, uşaqlarına qayğı göstərmək məqsədilə onları evinə gətirib özünə məhrəm etmişdir. Zeynəb binti Cahşla bağlı hadisədə isə Peyğəmbərimizin məqsədi, müsəlmanlara İslam şəriətinin incəliklərini göstərmək olmuşdur.

Həzrəti Muhəmməd (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə onlara Peyğəmbər ailəsinin üzvü olmaq, Peyğəmbərin həyat tərzini yaxından görmək və Peyğəmbərin mübarək dilindən yüzlərlə hədis eşidib gələcək nəsillərə çatdırmaq imkanı vermişdir. Peyğəmbərin xanımları Aişə, Ummu Sələmə, Hafsa, Meymunə və başqaları hədis sahəsində etibarlı ravilərdən sayılmışlar. Onlar qadınlara aid şəriət məsələlərini Peyğəmbərdən öyrənib sair müsəlman qadınlara öyrədirdilər.

Həzrəti Rəsulullah (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə, onların özlərini və uşaqlarını aclıqdan və dilənçilikdən xilas etmiş; 11 qadına ömrünün sonuna kimi izzət və şərəflə yaşamaq, müsəlmanlar tərəfindən "ummu'l-muminin" ("möminlərin anası") kimi tanınmaq imkanı vermişdir. Bu həqiqəti qəbul etməyərək, Peyğəmbərimizin ünvanına böhtan yağdırmaq ən azı insafsızlıqdır.

Natiq RƏHİMOV
islam.az
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930