Həzrət Fatimənin (s.ə) gülləri
Mьəllif: admin1
Tarix: 12-01-2023, 19:32
Həzrət Fatimənin (s.ə) gülləri
(Həzrəti Rüqəyyənin (ə) pak ruhuna, onun timsalında cəmi körpə qızların zərif varlığına, qızlarım Zəhra və Əsmaya ithaf edirəm.)

Anam məni öz bağrının üstündə xırda toxum şəklində böyüdüb bəsləmişdi. Anam baharın əvvəllərində cücərib boy atsa da mən demək olar ki, baharın örtalarında dünyaya gəlmişdim.

Anamın nazənin və mütənasib ləçək qollarının nizamlı əhatəsində, onun sinəsindən ətrafa yayılan rayihəli və məstedici ətirli qoxularının əhatəsində gözəl günlər keçirirdim.

Qısa da olsa gözəl və qayğısız günlər yaşayırdım. Gecənin soyuqluğu bir qədər üşütsə də, sübhün məlahətli nəsimi məni səhərin gəlişindən xəbərdar edir, əlləri ilə anamı və məni oxşayır, şirin yuxudan oyadırdı.

Dodaqlarıma qonmuş sübhün şəffaf və büllur şəbnəmləri mənə şərbət kimi, sirab edirdi. İlahi nə ləziz şərbət idi. Yeni doğmaqda olan günəş oynaq şəfəqləri ilə mənimlə zarafatlaşır, məni güldürürdü. Mənə nə qədər nəvaziş göstərirdi, ilahi!

Mənim anam bir kəndin yaxınlığında bitmişdi, deyəsən bir yol kənarı idi, maşınlar çox az gəl-get etsə də at və ulaq arabaları, səhər əkinlərinə tələsən əkinçilər, gəzintiyə çıxan ailələr daha çox hərəkət edirdi bu yolda.

Anamın boyu qısa olduğuna görə nə qədər çalışsam da boylanıb yuxarıdan o kəndə baxa bilmirdim. Amma çox arzulayırdım o kəndi görməyə... Bunun iki səbəbi vardı, biri bu idi ki, hər səhərin açılmasını o kənddən gələn azan səsinin məlahətli sədalarına oyanırdım.

Nə xöşbəxt adam idi bu müəzzin, Allah ona nə gözəl səs bəxş etmişdi. Hərdən mən də anamla birlikdə ona qoşulub azan oxuyurduq, sonra Tanrıya zikrlər edirdik, bəli, bəli, siz insanlara bəlkə də bu təəccüblü görünür.

Bizim də öz dilimiz var, danışırıq. Sizlərdən çox az insan bizləri eşidib dərk edə bilirlər, yalnız içərinizdəki əsl Allah adamları-övliyalar bizi başa düşürlər, bizlər onları sevirik, həm də çox yaxşı tanıyırıq, amma sizlər yox. Allah onları sizlərdən gizli saxlayır...

Hiss edirik ki, yanımızdan keçən adamlar, səsimizi eşitmirlər, biz onları yalnız öz gözəl rənglərimiz və gözəl ətrimizlə cəlb edirdik.

Bir dəfə günorta vaxtı, deyib gülə-gülə yoldan keçən bir nişanlı oğlanla qız bizə yaxınlaşdı. Onları anamın təravətli və məxməri ləçəkləri cəlb etmişdi.

Hər ikisi bizə lap yaxınlaşdı, Onlardan:-Ay Allah nə qədər gözəl çiçəkdir -deyib əvvəl oğlan istədi ki, qızdan qabaq burnunu yaxınlaşdırıb ətrimizi qoxulasın, açığı istəmədim belə olsun, dedim ey kaş əvvəlcə, yanındakı xırdaca qız gəlib ətrimizi qoxulayaydı. Elə belə də oldu, qız çox zirək qız imiş, zarafatla nişanlısını itələyib dedi:

-Şahin nə olar, qoy bu incə çiçəyi əvvəlcə mən qoxulayım-deyib dərindən ətrimizi öz xırda burnuyla öz ciyərlərinə çəkdi... Anam da mənim xətrimə öz ləçəklərini lap onun burnuna söykədi və qucaqladı...

Qız:–Oxaay!- deyib sanki məst oldu, -ilahi, elə bil cənnət ətridir. Bunu görən oğlan istədi ki, bizi dərib öz nişanlısına hədiyyə versin. Lakin qız razı olmadı:-Şahin, görürsən ki, bu çiçəkdən burada necə azdır, həm də əlimizdə evə gedənə qədər solacaq.Tək biz deyilik ki, qoy başqaları da baxıb qoxulayaraq həzz alsınlar...

O kənddəki məscidi də çox görmək istəyirdim. Çünki, bir dəfə yanımızdan keçən adamlardan eşitdim ki, bu məscid Həzrət Rüqəyyənin (ə) adınadır, İmam Hüseynin (ə) övladı o körpə və məsum qızın...

Orada namaz qılan uşaqları da çox görmək istəyirdim. Uşaqlardan, xüsusən qızlar məni daha şox cəlb edirdi, çünki, mən özüm də anamın qızı idim axı.

Yanımızda hər gün, hər saat bir gülün, bir çiçəyin solduğunu görürdük, bu bizə bir qüssə gətirirdi, kədərləndirirdi. Anamla mənim böyük arzumuz vardı, o da bu idi ki, kaş bizi, kimsə dərərək yaxınlıqda olan kənd məscidinə hədiyyə edəydi!...

Aradan bir-iki gün də keçdi, deyəsən sonumuz yaxınlaşırdı, ana-bala öz aramızda, sonumuz haqda dərdləşərək aqibətimizi fikirləşirdik.

Bir gün səhər vaxtı idi, bir də gördük ki, uşaqların gülüş səsləri eşidildi, səslərindən məlum olurdu ki, onlar deyəsən get-gedə bizə yaxınlaşırdılar. Onların əksəriyyəti qız, bir neçəsi isə oğlan idilər.

Bizi və ətrafımızdakı çiçəkləri gördükdə səsləndilər:

-Ay Allah nə gözəl güllərdir, uşaqlar bu gün məscidimizdə Xanım Fatimeyi Zəhranın (s) ad günüdür, gəlin bu güllərdən bir böyük çələng və gül dəstələri düzəldək, bayramda iştirak edən analarımızı təbrik edib onlara təqdim edək. Bu təklif uşaqlardan hamısının ürəyindən oldu. Anamla mənim isə sevincimizin həddi-hüdudu yox idi.

Biz eyni zamanda bir neçə arzumuza birlikdə çatırdıq. Həm azan səslərini hər gün eşitdiyimiz məscidi, oradakı uşaqları görəcək, həm də analar anası Fatimənin (s) ad günündə iştirak edəcəydik. Çəməndə bitən bir gül üçün bundan da böyük xöşbəxtlik ola bilərdimi!!!

...Məscidə uşaqlar əllərində güllər daxil olduqda bütün məscidə toplaşanlar ayağa durdular, salavat dedilər, şən sürud sədaları yüksəldi, hər tərəf gül-çiçəyə qərq oldu, biz güllər bir birimizi qucaqlayıb təbrik edir bu xöşbəxtliyi bizə nəsib edən pərvərdigarımıza saysız şükürlər edirdik.

Qadınlar bizi bağrına basıb dərindən qoxulayır, ətrimizi sinələrinə çəkirdilər...

Xöşbəxtliyə bax ki, biz adi çöldə bitən adi bir güldən Həzrət Fatimənin güllərinə çevrildik!...

Hacı Rizvan İsmayılov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031