Ölümdən niyə qorxuruq?
Mьəllif: admin1
Tarix: 27-11-2015, 20:59
Ölümdən niyə qorxuruq?

Ağıllı insanın xüsusiyyətlərindən biri də sabahını sığortalamaq üçün bu gündən tədbirlər tökməkdir. Dünya həyatımızda ətrafımıza nəzər salsaq görərik ki, biri gələcəkdə gözəl karyera qurmaq üçün illərlə təhsil alır, digəri gələcəkdə hansısa bir dünya malına sahib olmaq üçün illərlə pul yığır və s. Halbuki bütün bu planlar qurularkən həmin gözlənilən vaxtın gələcəyi ehtimal olunur və heç kimin nəinki o vaxta, heç sabahkı günə belə çıxacağı haqqında yüz faizlik gümanı yoxdur. Belə olan halda, gələcəyi ehtimal olunan sabahkı günləri üçün bu gündən hazırlıq görən insanın, gələcəyi şübhəsiz olan ölümdən sonrakı həyatı xatırlayıb, onun üçün hazırlıq görməməsi həqiqətən də çox düşündürücüdür. Bu səbəblə də Peyğəmbərimiz ölümü çox xatırlamağı və ondan sonrası üçün hazırlıq görməyi əmr etmiş, nəfsinə dəyər verməməyi və ölümdən sonrası üçün çalışmağı ağıllılıq əlaməti saymışdır.
Ümumiyyətlə, İslamda ölümü xatırlamaq və ölümdən sonrasını düşünmək bütün müsəlmanlara tövsiyə edilmişdir. Amma bu tövsiyə mömünə, dünya həyatını zindan etmək üçün deyil, əksinə, dünya həyatını düzgün qurmaqla bərabər axirət həyatına da hər an hazır olması, hər iki dünyası üçün müsbət fəaliyyətlərinə görə səadət ümidilə yaşaması və bədbəxt olmaması üçün edilmişdir. Qış azuqəsi hazır olan insanı qışın gəlişi qorxutmadığı kimi, axirət ''azuqəsi'' hazır olan insanı da ölümün gəlişi qorxutmaz. Bəs rahat ömür sürüb, belə bir axirət ''azuqəsini'' necə hazırlamalıyıq? Necə yaşamalıyıq ki, istənilən vaxt ölümün gəlişinə hazır olaq və ölümün gözlərinə dik baxaq? Bunun tək yolu - Allahın əmr etdiyi, peyğəmbərlərin və əməlisaleh insanların getdiyi yolu izləməkdir ki, məhz bu yolu izləyən insan ömrünü əsl mömün kimi başa vuraraq axirətinə hazır olaraq köç edir. Əsl mömün dünyadan ayrılarkən qiyamətinin qopacağını və əməllərindən hesaba çəkiləcəyini bilir. Qəbrin qaranlıq, ilan-çiyanla dolu, dar və tənhalıq evi olduğunu, orada sorğu-sual olunacağını və qəbri bu dəhşətli halından xilas edib cənnət bağçalarından bir bağça halına gətirməyin öz əlində olduğunu da bilir. Bundan başqa, qəbirdə əməllərinin Rəsulullaha və özündən əvvəl vəfat etmiş mömün qohumlarına ərz ediləcəyini də bilir. Bax bütün bunları bildiyi üçün də ölümü çox xatırlayaraq heç vaxt yadından çıxarmamalı və ona hazırlaşmalıdır.

Mömün, ölümdən sonrasını yaddan çıxarmayaraq ölümə hazır olduğu üçün ölümdən qorxmaz. O, ölümdən qorxmanın, varlığı olmayan bir xəyaldan qorxmaq olduğunu bilir. Çünki, ölümə hazır olmayan insanları qorxudan ölüm deyil, ölümdən sonrasıdır.

Beləliklə, insanların ölümdən qorxmalarının yeganə səbəbi, ölümdən sonrakı həyatı qavrayaraq, ona hazır olmamalarıdır ki, insanın fəzilət dərəcəsi və təqvası artdığı nisbətdə ölüm qorxusu azalır. Söhbətin bu yerində, Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlikin "Ölümdən niyə qorxuruq?" şəklindəki sualına tabiundan olan Sələmə ibn Dinar əl-Mahzuminin verdiyi cavabı da qeyd etmək yerinə düşərdi. Hazırcavab bir şəxs olan Sələmənin xəlifəyə cavabı belə olmuşdur: "Dünyanızı abadlaşdıraraq axirəti xaraba halına saldınız. Abad yerdən xarabaya getmək əlbəttə ki, sizi hürkütməlidir". Beləcə o, ölümdən qorxanların qorxu səbəblərinin ölümə hazır olmadıqları olduğunu bildirmişdir. Ölümü çox xatırlayan mömün isə, ona hazır olduğu üçün belə bir qorxusu olmur.

Axirət "azuqəsi" hazırlamamış və ölümə hazır olmayan insanlar üçün isə, ölüm həddindən artıq qorxuludur. Ölüm qardaşı qardaşdan, övladı anadan, arvadı ərindən ayırır. İnsanı, uğrunda axirətini qurban verdiyi, canından çox sevdiyi mallarından ayırır. Çox vaxt isə, mallarını, sevmədiyi insanlara qismət edir. Ölüm, dünyada qu tükündən olan yataqları belə bəyənməyən neçə-neçə nazlı bədənləri torpağın altında çürüdür.

Ölümün insanlara etdiyi təsir nəticəsində mənəvi aləmə inanmayan insanların bir çoxu maddi ölümü ortadan qaldırmaq və maddi aləmdə daha çox qala bilmənin yollarını axtarmaqdadırlar. Bu məqsədlə özlərini buzxanalarda donduran və barokameralarda əbədilik axtaranlar haqqında məlumatlara gündəlik həyatımızda tez-tez rast gəlirik. Düzdür, bunlar da ölümü xatırlayırlar, amma ölümdən sonrakı həyata hazırlıq üçün yox, ölümü ortadan qaldırıb dünyadakı səfahət və səfalətlərinə davam edə bilmək üçün.

Çox qəribədir ki, çoxumuz ölümün yaxınlaşdığını anladığımız zaman, Allahın hüzuruna təmiz çıxmaq üçün dua və niyaza, tövbə və istiğfara başlayırıq. Onu başa düşmək lazımdır ki, biz real olaraq hər gün, hər saat, hər dəqiqə və hər an ölümə yaxınlaşmaqda və ölməkdəyik. Çünki axirətə hazırlıq üçün verilmiş olan ömürlərimiz keçməkdədir. Qısacası, ölüm döşəyinə qədər təxirə salmadan hər an ölümü xatirimizdə tutmalı və ölümə hazır olmalıyıq.

Ölümə hazır olmaq isə qısaca, gözəl yaşamaq deməkdir. Daima hər xüsusda gözəl hərəkət etmək üçün, ölümü xatırlamaq və ölüm ərəfəsində yaşadığını bilmək kifayətdir.

Ümumiyyətlə, insanlara öyrəşdikləri yerdən ayrılmaq çətin gəlir. Bu etibarla dünya həyatına alışdıqları üçün ölümü də sevməz, dünyadan ayrılmaq istəməzlər. Amma mömünə yaraşan hərəkət, həqiqətən sevilməyə layiq olan şeyləri sevməkdir. Hər kəs yaşamağı sevər, amma mömün, dünyadakı qısa həyatdan çox axirətdəki əbədi həyatı sevməli və ona, orada xoşbəxt yaşamağa hazırlaşmalıdır. Dahilərdən biri belə demişdir: "Doğulduğun zaman hər kəs gülür, sən isə ağlayırdın. Dünyada elə yaşa ki, öləndə, hər kəs ağladığı halda sən güləsən".
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031