Cümə namazının fəlsəfəsi
Mьəllif: admin1
Tarix: 2-02-2023, 23:00
Cümə namazının fəlsəfəsi

“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz bu, sizin üçün daha xeyirlidir”. (“Cümə” 9).

Bu ayə iman gətirənlərə xitab edərək buyurur ki, azan oxunan kimi alış-verişi buraxın və namaza tərəf tələsin.

Bu ayə deyir ki, cümə gününün azanı verilən kimi hər kəsin vəzifəsidir ki, əlindəki alış-verişini buraxıb, Allahın evinə tərəf getsin və namazını iqamə etsin.

Yəni, namaz qılmaq bir müsəlman üçün alış-verişdən daha önəmlidir, xüsusilə də cümə günündə.

Bəs niyə məhz cümə günündə?

Tarixdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etməzdən əvvəl belə qərara almışdılar ki, onlar həftənin bir günündə bir yerdə toplaşıb Allaha ibadət etsinlər.

Həmin gün kimi də şənbə günündən əvvəlki günü seçdilər və o gündən bəri cümə günü insanların toplaşdığı gün kimi tarixə yazıldı. Cümə - yəni camaatın toplaşması, cəm olması deməkdir.

Həzrət Peyğəmbərin (s) Mədinədə qıldığı ilk cümə namazı Rəbiul-əvvəl ayının 12-də olmuşdur.

Həzrət Peyğəmbər (s) cümə namazı ilə bağlı buyurur: “Allah cümə namazını sizlərə vacib buyurmuşdur, hər kim onu mənim həyatımda və ya mənim vəfatımdan sonra təhqir və ya inkar üzündən tərk edər, Allah onu pərişan edər və işinə bərəkət verməz.

Bilin ki, onun namazı qəbul olmaz. Bilin ki, onun zəkatı qəbul olmaz. Bilin ki, onun həcci qəbul olmaz, bilin ki, onun yaxşı əməlləri qəbul olmayacaqdır o zamana qədər ki, bu işinə görə tövbə edər”.


Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah! Mən dəfələrlə həccə hazırlaşmışam, ancaq bu tövfiq mənə nəsib olmayıbdır”. Həzrət (s) buyurur:“Cümə namazı – yoxsulların həccidir”.

Bəs cümə namazının fəlsəfəsi nədir?

Cümə namazı hər şeydən əvvəl camaatla bir yerdə qılınan namazdır. İbadət insanın ruh və canını lətif edər, ürəyini günahlardan yuyar və qəlbində olan pası təmizləyər.

Cümə namazı həcc əməlindən sonra böyük cəmiyyətlə yerinə yetirilən bir ibadətdir. Bu ibadətin ictimai və siyasi faydaları vardır.

Cümə namazından əvvəl xətib ölkədə olan siyasi, ictimai, iqtisadi məsələləri insanların nəzərinə çatdırır və bu böyük cəmiyyəti qəflətdən ayıldır.

Bundan əlavə, insanları İslam maarifi ilə maarifləndirir. İnsanlar arasında vəhdət və həmrəylik yaranır. Ümumi çətinlikləri həll etmək üçün insanların rəyinə dəyər verilir.

Elə ona görə də İslam düşmənləri həmişə cümə namazından qorxmuşdular. Həzrət Peyğəmbərin (s) qurduğu dövlət, cümə namazlarından çox sayda bəhrə aparmışdır.

Ancaq əksinə Bəni-Üməyyə öz qüdrətini məhkəmləndirmək üçün ondan sui-istifadə etmişdir.

Ona görə də dinimiz həmişə cümə namazına xüsusi əhəmiyyət vermişdir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930