Qurani-Kərim təvəlla və təbərranı imanın nişanəsi kimi göstərir
Mьəllif: admin1
Tarix: 14-07-2018, 10:14
Qurani-Kərim təvəlla və təbərranı imanın nişanəsi kimi göstərir
İslam dininin iki əsas sütunu vardır: təvəlla və təbərra. Bu iki sütuna görə biz Allahın dostlarını sevməli və düşmənlərini düşmən bilməliyik. Bizlər gərək Peyğəmbər (s) və Məsum İmamları (ə) özümüzə örnək qərar verək.
Bu, o qədər mühüm məsələdir ki, Quran onu imanın nişanəsi kimi tanıtmışdır. Əgər təvəlla və təbərra olmasa, qalan ibadət və itaətlər hasilsiz olar.

Quran bu iki sütuna necə baxır?

“Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün, onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki, Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır”. (“Mumtəhənə” 1).

Bu ayədən göründüyü kimi, əqidə məsələlərində məhəbbət və dostluq tövhid üzərindən olmalıdır. Əks halda küfrə gətirib çıxardar.

Allah Təala həmin surənin başqa ayəsində buyurur: “Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır. O zaman onlar öz qövmlər(inin kafirlər)inə demişdilər: “Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən uzağıq””. (“Mumtəhənə” 4).

Allah Təala bu ayədə müsəlmanları İbrahimin (ə) ardınca getməyə dəvət edir, çünki Həzrət İbrahim (ə) onlar üçün ən yaxşı örnək və nümunədir. O zaman ki, insanın örnəyi pak və imanlı bir insan olar, ruhunun və əxlaqının paklanmasına dərin təsirlər qoyar.

“Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 257).

Bu ayədə möminlər ilə kafirlərin arasında olan fərq bəyan edilmişdir. Möminlər Allaha bağlıdırlar və Onun camal və cəlal sifətlərini özlərinə örnək götürürlər, halbuki kafirlər azğındırlar.

O kəs ki, Allah yolunda qərar tutar, rəzil sifətdən fəzilətə tərəf hicrət edər. Kafirlər isə fəzilətli sifətlərini buraxıb bütlərə, şüursuz varlıqlara üz çevirərlər. Bu yolla da rəzilliklərə tərəf hicrət edərlər.

İmam Baqir (ə) buyurur: “İslam beş bünövrənin üzərində inşa edilmişdir: namaz, zəkat, həcc, oruc və vilayət. Vilayət daha üstündür. Çünki onların hamısının açarıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “İlahi ərşin ətrafında nurdan minbərlər vardır. Onun üzərində elə bir dəstə vardır ki, paltarları və üzləri nurdandır. Onlar peyğəmbər deyildirlər. Ancaq peyğəmbərlər və şəhidlər onların halına qibtə edərlər. Onlar o kəslərdir ki, Allaha xatir bir-birini sevərlər. Allaha xatir bir yerə yığışarlar və Allaha xatir bir-birini görməyə gedərlər”.

Beləliklə deyə bilərik ki, təvəlla və təbərra – dostluqdan daha uca bir şeydir. Həqiqi təvəlla və təbərra İlahi vilayəti qəbul etmək və özünü onların əmrinə müti etməkdir. Təbərra odur ki, İlahi vilayətdən qeyrisinə təslim olmayasan.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031