Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
Mьəllif: admin1
Tarix: 6-12-2019, 10:42
Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
Əsl bəhsə daxil olmazdan öncə lazım bilirik ki, sualın mətnində gələn “kamil” kəlməsini aydınlaşdıraq. Burada “kamil” kəlməsi zahirdə “naqis” (nöqsanlı) kəlməsinin antonimidir.

Ümumi şəkildə “kamil din” dedikdə məqsədimiz elə bir dindir ki, onda heç bir nöqsanlı hal olmasın. Başqa sözlə desək, məqsəd o dindir ki, insanın dünya və axirət səadəti üçün heç bir nöqsanlı hala malik deyildir, insanın həqiqi kamalı üçün lazım olan şeylərin hamısını ona göstərir.

İslam dininin kamil olma dəlillərinin əsası “xatəmiyyət” məsələsindədir. Belə ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in “xatəm” (sonuncu) olmasının mənası, eləcə də ondan sonra peyğəmbər göndərilməsinə heç bir ehtiyac olmamasına etiqad həqiqətdə bunu bəyan edir ki, ümumi şəkildə bu din kamil bir din olmalıdır.

Çünki, kamil olmasaydı, onda Allah insanın hidayətinin kamala çatması üçün digər bir din göndərməli idi. Halbuki, əqli və nəqli dəlillərə uyğun olaraq bilirik ki, Allah (İslamdan sonra) heç bir din göndərməyəcəkdir.

Deməli, bu din qiyamətə qədər insana lazım olan hər bir şeyə malik olmalıdır. Əks halda, Allahın insanları hidayət etməkdə dəlil və höccəti tamamlamaması lazım gəlir, bu da müqəddəs Şəriət Sahibi üçün qəbahətli bir hal sayılır.

Gördüyünüz kimi, xatəmiyyət məsələsi ilə islam dininin kamil olması bir-biri ilə əlaqəli olmaqla sikkənin iki üzünə bənzəyir.

Bu yazıda yuxarıdakı suala cavab vermək məqamındayıq və həqiqətdə xatəmiyyətin isbatı üçün lazım olan yolları keçməliyik. Lakin həmin məqsədlə islam dininin kamil olması bəhsinə də nəzər yetirəcəyik.

Aşağıda qeyd edəcəyimiz dəlillər islam dininin kamil olmasından hekayət edir. İlk öncə qeyd edirik ki: islam qanunları həmişə təzə və təravətlidir, halbuki, digər qanunlardan heç birində belə təravət gözə dəymir.

Bu da islam qanunlarını bütün zamanlar üçün münasib etmişdir. Yəni islam qanunlarında hər bir əsr və zamanda, habelə, hər bir əməl üçün bir hökm tapa bilərsiniz.

Məhz belə olan halda bu dinin hər bir məsələdə müəyyən hökmə malik olduğunu görürsünüz. İslam dini heç bir məsələyə laqeyd yanaşmamışdır. Bu məsələ də islamın kamil din olma dəlillərindən biri hesab oluna bilər.

İslam dini hər bir zamanda və hər bir məsələ üçün qənaətbəxş cavaba malik olmaqla qanunçuluq sistemində misilsiz olan vasitə və mexanizmlərdən istifadə etmişdir. Aşağıda o vasitələrdən bəzilərinə işarə edirik:

1. İslam dininin külli qanun və qaydalardan istifadə etməsi.

Bu qanunlar həqiqətdə bu ilahi dinin hərtərəfli olması dəlillərindən biridir. Amma külli qanunların həmişə əhatəli olması və hər bir məsələni münasib yolla həll etməsi üçün gərək xüsusi mənbələrdən əldə və həmçinin xüsusi şəkildə istifadə edilsin. Burada o mənbələrdən bəzilərini qeyd edirik:

a) Allah-taala şəri hökmlərin əldə edilməsində sağlam əqlin hökmünü höccət hesab etmişdir. O cümlədən: hökmün əvvəlcədən bəyan olunmadığı halda bir şəxsin cəzalandırılmasının qəbahətli olması, yaxud əqlin zülmün çirkin olmasına, ədalətin gözəl olmasına və s. dair hökm çıxarması.

Beləliklə, islam dininin sağlam əql hökmlərinə diqqət yetirməsi bir sıra külli qanunları icad edir. Bu qanunlar geniş səviyyəli və hərtərəflidir, hər bir zamanda və hər bir məsələdə onlardan istifadə edilə bilər.

b) Allah-taala hökmləri məsləhət və fəsad əsasında bərqərar etmişdir. Misal üçün, hər məsələdə daha artıq məsləhət olarsa, yaxud daha artıq əhəmiyyət daşıyarsa, dərəcə etibarı ilə ondan aşağıda olan məsələlərdən irəli çəkir.

v) Külli qanunların varlığı. Bu qanunlar sair ilahi hökmləri məhdudlaşdıra bilər. Misal üçün, Allah-taala buyurur: “Allah dində sizin üçün heç bir çətinlik qərar verməmişdir.”[1]

Bu qanun insan üçün məşəqqət yaradan dini hökmləri məhdudlaşdıra və başqa bir növə çevirə bilər, beləliklə bir dini hökm mükəlləf şəxsin vəziyyət və mövqeyinə mütənasib olaraq dəyişdirilib başqa hökmə çevrilə bilər. İztirar və çıxılmaz hal, eləcə də məcburiyyət halına aid olan qanunlar da bu qəbildəndir.

q) İslam qanunları insan fitrəti ilə tam müvafiqdir. Allah-taala islam qanunlarında insanın sabit və dəyişməz təbiətinin tələblərinə riayət etmişdir. Sağlam insan təbiəti ilə uyğun olanlar onun üçün nəzərdə alınmış, qanunçuluq yolunda mötədillik əsas tutulmuşdur.

Başqa sözlə desək, mütəal Allah külli qanunları insanın pak fitrətinin tələblərinə əsasən qoymuşdur. Bu qanunlardan biri də qadınla kişi arasında olan qanunlardan ibarətdir: onlardan hər birinə məxsus olan qanun vermişdir.

ğ) İctihad, xüsusilə şiə aləmində qəbul olunmuş danılmaz prinsiplərdən biridir. Onun islam dinində qanun halına salınması ilə bu din lazım olan əhatəlilikdən bəhrələnməyə qadir olur.

Belə ki, müctəhid külli qanunları əldə əsas tutmaqla yeni məsələləri onlarla uyğunlaşdırır. Buna görə də din hər bir zamanda qarşıya çıxan yeni məsələlər üçün həll yolu bəyan edir.

Bu külli mənbələrin və yolların varlığı ilə Əllamə Şərani buyurmuşdur: “İslam fiqhi naqis deyildir; bizim elə külli qanunlarımız vardır ki, hər bir zamanda qarşıya çıxan yeni məsələlərin hökmünü ondan çıxarmaq olar. Bu məsələ Şeyx Tusinin dövründən bizim dövrümüzə qədər davam etmişdir.”[2]

2. İslam dininin əhatəli olmaq üçün istifadə etdiyi vasitələrdən biri də hökmlərin növbənöv, çeşidli olmasıdır. Siz islamın fiqh kitablarına baxan zaman görəcəksiniz ki, islam hökmlərindən böyük bir qrupu həyatın ən ibtidai məsələlərini, o cümlədən, yemək-içməkdən tutmuş, ən mürəkkəb ictimai əlaqələrə qədər, o cümlədən alver, hakimiyyət və sair kimi əhatə edir.

Deməli, birinci qisimdə qeyd etdiyimiz külli qanunlardan əlavə – bunlar bir çox məsələlərin həllində təsirlidir – insanın fərdi və ictimai həyatında çoxlu cüzi hökmləri vardır. Bu, islam dininin əhatəli olması cilvələrindən digər biri olmaqla eyni zamanda bu ilahi dinin kamil olma dəlillərindən sayılır.

Bura qədər islam dininin kamil olma dəlillərindən birinə – bu ilahi dinin hökmlərinin əhatəli olmasına işarə etdik. Bəhsin davamında bu dinin kamil olma dəlillərindən biri kimi, bir neçə məsələni qeyd edirik:

1. İslam hökmlərinin ayrı-ayrılıqda araşdırılması və onların sair ilahi dinlərdəki oxşar hökmlərlə, yaxud hazırkı hüquqi sistemlərin qanunları ilə müqayisə edilməsi islam dininin hökmlərinin kamil və mütərəqqi olmasını aşkar edən yollardan digər biridir. Nümunə üçün, müamilə hökmlərini qeyd etmək olar.

O cümlədən, alver və nikah ilə yəhudi və məsihilikdə mövcud olan bu hökmləri bir-biri ilə müqayisə etdikdə islam qanunçuluğunun nə qədər geniş səviyyəli olması tərifə layiq görülür.

Hətta dünyanın hazırda qüvvədə olan qanunları arasında Cəfəri şiə fiqhi əsasında tənzim olunan “İran mədəni qanunları” bu sahədəki müəllimlərin və mütəxəssislərin etirafına əsasən, dünyanın ən mədəni və mütərəqqi qanunudur.

2. İslamın kamil olma dəlillərindən biri də islam əxlaqının, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tutuğu rəftar və davranışın sair əxlaq məktəblərindən üstünlüyüdür (istər zühur etdiyi zaman, istərsə də hazırkı dövrdə).

İslam əxlaqının insanın fərdi və ictimai rəftar və davranışları xüsusunda verdiyi göstərişlər dünya və axirət sahəsində nəzərə alınmışdır.

Bu da yəhudilik və məsihilikdə mövcud olan qanunların əksinədir: biri dünyaya, digəri isə axirətə diqqət yetirir. Yaxud hazırkı əxlaq məktəblərinə nəzər salaq; onlar insanın birdən artıq yönünə cavab verə bilməmişlər, amma islam əxlaqı insanın bütün yönlərini – maddi və mənəvi yönlərini əhatə etməklə, bu ehtiyacların hamısını cavablandırmaqla yanaşı insan həyatı üçün çox yüksək bir hədəf irəli çəkir. Bu da ilahi qürb məqamından başqa bir şey deyildir.

3. İslam dininin kamil olma dəlilləri arasında aşağıdakı bir çox ayə və rəvayətləri qeyd etmək olar:

a) “Bunda ibadət edən insanlar üçün aydın bir “bəlağ” vardır.”[3]

Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “İblağ (bəlağ) – “kafi olmaq” mənasınadır; eləcə də o şeyə deyilir ki, insan onun vasitəsi ilə öz arzusuna çatmış olsun.”[4] Bu ayəni “Bu gün dininizi sizin üçün kamil etdim”[5] ayəsi ilə yanaşı mülahizə etdikdə başa düşürük ki, islam elə bir kamil dindir ki, insan onun vasitəsi ilə öz arzusuna – Allah dərgahına yaxınlıq məqamına nail olur.

b) “O həmin Allahdır ki, Öz Rəsulunu hidayət və haqq dinlə göndərdir ki, bütün dinlərdən üstün etsin.”[6]

Ayənin məzmunu islamın bütün dünya dinlərinə qələbə çalmasıdır. Ondan sonra da heç bir dinin gəlməməsinə, onun son din olmasına gəlincə, əgər ondan sonra digər bir dinin gələcəyi qərara alınmışdırsa, onda bu ayə nəxs olunub qüvvədən düşməli idi.

Digər tərəfdən də, sonuncu din olan bu din kamil olmasaydı, onda insanın hidayəti natamam olardı. Bu iş də Allah-taala barəsində qəbahətli sayılır.

ğ) Sümaə nəql edir ki, imam Musa Kazim (əleyhis-salam)-dan soruşdum: “Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) öz dövründəki insanlar üçün kifayət olan şeyləri gətirmişdimi?” İmam (əleyhis-salam) buyurdu: “Bəli; hətta insanların qiyamət gününə qədər ehtiyac duyduqları şeyləri də onlara gətirmişdi.”[7]

d) Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) həccətul-vidada buyurdu: “Ey insanlar! Sizi behiştə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran elə bir şey yoxdur ki, onu sizə əmr etməmiş olam; sizi cəhənnəmə yaxınlaşdıran və behiştdən uzaqlaşdıran elə bir şey yoxdur ki, sizi ondan çəkindirməmiş olum.”

Bu kimi ayə və rəvayətlər birbaşa islam dininin kamilləşdirilmiş bir din olduğuna dəlalət edir və bu da nübüvvətin xətm olunmasının rəvayət dəlillərindən biri hesab oluna bilər.

Əlavə məlumat üçün mənbələr:

1. Hüseyni, Qəzvini, “İslam qanunları irticaçıdırmı?!”

2. Xərrazi, “Bidayətul-məarifil-ilahiyyə”

3. Sübhani, “Mühaziratun fil-ilahiyyat”

4. Şirazi, “Etiqad əsaslarında tənqid və təftişçilik”

5. Təbatəbai, “Əl-mizan”, 18-ci cild

6. Kuleyni, “Kafi”, 1-ci cild

[1] “Həcc” surəsi, 78

[2] Xərrazi, Möhsün, “Bidayətul-məarifil-ilahiyyə”, 8-ci cild, səh. 270; “Səadət yolu” kitabının nəqlinə əsasən: səh. 214

[3] “Ənbiya” surəsi, 106

[4] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan”, 18-ci cild, səh. 186

[5] “Maidə” surəsi, 5

[6] “Tövbə” surəsi, 33

[7] Kuleyni, “Kafi”, 1-ci cild, səh. 57

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031