Nə üçün İmam Məhdi (ə.f) zühur etmir?
Mьəllif: admin1
Tarix: 17-03-2022, 19:47
Nə üçün İmam Məhdi (ə.f) zühur etmir?
Sual olunur ki, dünya zülm və fəsadla dolduğu halda, nə üçün İmam Məhdi (ə) zühur etmir? Nə üçün o həzrət öz qiyamı ilə dünyaya haqq və ədaləti ərməğan gətirmir?

Axı haçana qədər zülm, fəsad, haqsızlıq, hiyləgərlik və hoqqabazlığın şahidi olacağıq? Nə üçün o həzrətin qeyb dövrü uzun çəkməlidir?

Axı o həzrət nəyin intizarındadır? Bir sözlə, bunda məqsəd nədir?

Böyük xilaskarın zühuruna etiqad bəsləyən digər məzhəblər də onun bir gün qiyam edib dünyanı haqq-ədalətlə dolduracağını deyirlər. Onlarda da sual yaranır ki, nə üçün o böyük xilaskar qiyam edib susuz dünyanı haqq-ədalətlə sirab etmir?

Bu sualın həm qısa, həm də geniş cavabı vardır. Qısa cavabı odur ki, dünyamiqyaslı bir inqilabın gerçəkləşməsi üçün layiqli və səlahiyyətli rəhbərlə yanaşı, ümumi hazırlıq lazımdır. Təəssüflər olsun ki, hələ də dünya belə bir hakimiyyəti qəbul etməyə hazır deyil! Hazırlıq yarandıqda, onun qiyamı da qəti olacaq!

İzah:

1. Qeyd etməliyik ki, İmam Məhdinin (ə) qiyamı da ilahi peyğəmbərlərin qiyamı tək təbii səbəb və hadisələrlə əlaqədar baş verəcək, möcüzə və qeyri-adi işlər yalnız istisna xarakteri daşıyacaq. Odur ki, səmavi rəhbərin islahat proqramlarında onlara önəm verilməyəcək.

Doğrusu, hər şeydən əvvəl bütün ilahi elçilərin silahı layiqli insanların tərbiyəsi, lazımi məsləhətlər, ümumbəşəri tədbirlər, dini əhkamlar çərçivəsində hər bir ali məqsədin həyata keçməsi və bərpasından ibarətdir.

Onların ideyaları və ya hərəkatı heç vaxt möcüzə və yaxud düşmənin geri çəkilməsilə ölçülüb-biçilmir. Demək, dünyamiqyaslı ədalətin bərpası qlobal şərait tələb edir.

2. Görünür, hələ də dünya səviyyəsində belə bir hazırlıq mövcud deyildir:

a) Psixoloji hazırlıq: İnsanlar mütləq dünya səviyyəsində zülm və ədalətsizliyin acısını və mövcud şəraitdə ictimai ədalətin bərpasının qeyri-mümkünlüyünü dadmalı, ilahi meyarlarsız həqiqi mənada heç bir çətinliyin aradan qalxmayacağını, əksinə günbəgün qalaq-qalaq üst-üstə töküləcəyini duymalıdırlar.

Onlar bu böhranların öz məhsulu olduğunu və onların həllində aciz qaldıqlarını hiss etməlidirlər. Arzu edilən böyük və ali məqsədlər ruhsuz maddiyyat çərçivəsində yox, əsl insani dəyərləri qiymətləndirə bilən fövqəl-təbii ölçülər sayəsində mümkündür.

İnsanların baxışları o qədər inkişaf etməlidir ki, tərəqqini yalnız dünyagörüşündə, bütün düşüncələri aşan ideya və amallarda görməlidirlər. Bu dünyanın ötəri zər-zivəri heç vaxt səadət və xoşbəxtlik gətirə bilməz.

Onlara nə qədər əhəmiyyət verildikcə, bir o qədər həyat bulanır, alt-üst olur. Bir sözlə, insanlar susamalıdırlar və susamayınca çeşmələrə doğru üz tutmayacaqlar. Yaxud arzu olunmayan həyatı birinə bəxş etmək bihudə işdir.

Burada belə bir sual yaranır ki, nə vaxt bəşəriyyətdə belə bir arzu baş qaldıracaq? Cavab belədir ki, bu məsələ zamanla əlaqəli bir məsələdir. Bir də ki, bu haqda bir fikir yaradan agah insanlar da olmalıdır. Hər halda, bunun özünün də zamana ehtiyacı var!

b) Mədəni və texnoloji təkamül: Bütün dünyanı bir bayraq altına yığmaq, hegemonların əlini qırmaq, təlim-tərbiyəni genişləndirmək, ayrı-seçkiliyə son qoymaq, normal həyatın bərpası, elmi potensiyalı yüksəltmək, müasir sənaye və texnologiyanın sayəsində bütün dünyanın problemsiz müntəzəm rabitəsinin təşkili üçün cahanşümul islahat proqramları böyük əhəmiyyət daşıyır.

Zühur əsrində sənaye və texnologiya, xüsusilə, nəqliyyat və informasiya vasitələri o qədər inkişaf edəcək ki, dünyanın böyük qitələri həqiqətdə bir-birinə yaxın şəhərlər, şərq və qərb bir ev kimi görünəcək, zaman və məkan ölçüləri aradan qalxacaq... Sənaye və texnologiya sahəsində belə bir inqilab yüksək məlumat, ruhi və fikri hazırlıq tələb edir. Həqiqətdə, mütərəqqi texnologiya ümumdünyəvi islahat aparmaq və ideal quruluşa çatmaq üçün bir vasitədir.

c) İnqilab hissinin çiçəklənməsi: Böyük islahatçının ordusunun özəyini təşkil edərək cəhənnəmi xatırlayan bu dünyada insanlara baharın gəlişini xəbər verən qrupun təşkili kimi bir məsələ böyük əhəmiyyət daşıyır.

Dövrə uyğun mütərəqqifikirli, qayğıkeş və fədakar insanlar tərbiyə olunmalı, hətta neçə nəsil bir-birinin ardınca ötüb-keçməlidir. Bunun da zamana ehtiyacı var! Hər halda, onlar birbaşa və ya dolayı yolla inqilabın rəhbərinə tabedirlər.

Hədislərdə xalqların sınaqlardan keçirilməsi, səlahiyyətli şəxslərin seçilməsinin İmam Məhdinin (ə) qeyb dövrünün uzun çəkməsinin səbəblərindən biri kimi qeydə alınması məhz bu məsələyə görədir.

İlahi sınaqlar həqiqətdə istedadların çiçəklənməsi, ləyaqət və səlahiyyətlərin aşkar olması, daha doğrusu, haqq ilə batilin bir-birindən ayrılması üçündür. Başqa sözlə, məqsəd tərbiyə, təkamül və hazırlıq yaratmaqdır. (“Hokuməte cahaniye həzrət Məhdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.95-98.)


(Maide.az)
Oxşar xəbərlər
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031