Peyğəmbəri-Əkrəmin (s) insanlara ən gözəl hədiyyəsi nədir?
Müəllif: Admin
Tarix: 9-01-2019, 19:37
Peyğəmbəri-Əkrəmin (s) insanlara ən gözəl hədiyyəsi nədir?
Ən gözəl ibadət, Ən üstün mükafat....

Peyğəmbəri-Əkrəmin (s) insanlara öyrətdiyi ən gözəl cümlə nədir?

Peyğəmbəri-Əkrəmdən (s) bir çox hədislər və kəlamlar nəql olunub ki, hər birinin özünəməxsus yeri və qiyməti vardır. Amma deyə bilərik ki, bütün bu hədis və kəlamlar içində o həzrətin biz insanlara bəxş etdiyi ən gözəl hədiyyə və dəyərli töhfə bütün səmavi və ilahi maarifin əsli və həqiqətini özündə cəmləşdirən “lə iləhə illəllah” ifadəsidir. İmam Rza (ə) bu ifadəni Allahın möhkəm qalası adlandırır və onu öz silsilə sənədləri ilə məsum ata-babalrından və nəhayət, cənab Cəbrail-Əmindən nəql edir. Hədis belədir:

لَمّا وافى أبُو الحَسَنِ الرِّضا(ع) بِنَيسابورَ وأرادَ أن يَخرُجَ مِنها إلَى المَأمونِ اجتَمَعَ إلَيهِ أصحابُ‏الحَديثِ، فَقالوا لَهُ: يَابنَ رَسولِ اللّهِ، تَرحَلُ عَنّا ولا تُحَدِّثُنا بِحَديثٍ فَنَستَفيدَهُ مِنكَ؟! وكانَ قَد قَعَدَ فِي العُمارِيةِ، فَأَطلَعَ رَأسَهُ وقالَ: سَمِعتُ أبي موسَى بنَ جَعفَرٍ يَقولُ: سَمِعتُ أبي جَعفَرَ ابنَ مُحَمَّدٍ يَقولُ: سَمِعتُ أبي مُحَمَّدَ بنَ عَلِيٍّ يَقولُ: سَمِعتُ أبي عَلِيَّ بنَ الحُسَينِ يَقولُ: سَمِعتُ أبِيَ الحُسَينَ بنَ عَلِيِّ بنِ أبي طالِبٍ يَقولُ: سَمِعتُ أبي أميرَ المُؤمِنينَ عَلِيَّ بنَ أبي طالِبٍ يَقولُ: سَمِعتُ رَسولَ اللّهِ(ص) يَقولُ: سَمِعتُ جَبرَئيلَ يَقولُ: سَمِعتُ اللّهَ جَلَّ جَلالُهُ يَقولُ: لا إلهَ إلاَّ اللّهُ(ص) حِصني، فَمَن دَخَلَ حِصني أمِنَ مِن عَذابي. قالَ: فَلَمّا مَرَّتِ الرّاحِلَةُ نادانا: بِشُروطِها، وأنَا مِن شُروطِها.

“(Məmunun əmrilə) İmam Rza (ə) Xorasana səfərində Nişapurdan keçərkən hədis raviləri o həzrətin ətrafına toplaşıb dedilər: “Ey Peyğəmbər övladı! Bizi bəhrələnməmiş və bir hədis deməyibmi tərk edirsiniz?” İmam (ə) kəcavədən başını çölə çıxarıb buyurdu: “Atam Musa mənə babam Cəfərdən, o da Muhəmməddən, o da Əlidən, o da Hüseyndən, o da Əli ibn Əbu Talibdən, o da Peyğəmbəri-Əkrəmdən (s), o da Cəbraildən, o da Allah-Taaladan belə nəql edib: “Lə ilahə illəllah mənim hasarımdır və hasarıma daxil olan kəs əzabımdan aman tapar.” Dəvə yola düşdükdə, Həzrət uca səslə buyurdu: “Amma bunun şərtləri vardır ki, mən özüm də (imamət və vilayəti qəbul etmək) onun şərtlərindənəm.” (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.135, hədis 4.)

“Lə iləhə illəllah” zikrinin təsir və bərəkətləri

Burada bu zikrin bəzi təsir və bərəkətlərinə işarə etmək istəyirik ki, Peyğəmbəri-Əkrəmin (s) bu qiymətli hədiyyəsinin qədrini bilək:

1. Ən gözəl ibadət:

İmam Sadiq (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Ən gözəl ibadət “lə iləhə illəllah” zikridir.” (“Kafi”, c.2, səh.506.)

2. Ən üstün mükafat:

Ravi deyir: İmam Baqirdən (ə) belə eşitdim: “Heç bir zikrin savabı “lə iləhə illəllah” zikrinin savaqbına çatmaz, heç bir zikr onun yerini tutmaz və heç bir zikr onunla bərabər ola bilməz.” (“Kafi”, c.2, səh.516.)

3. “Lə iləhə illəllah” zikrinin savabı – Behiştdə bir ev:

Peyğəmbəri-Əkrəm (s) buyurur: ““Lə iləhə illəllah” deyən şəxsə, Behiştdə qırmızı yaqutdan bir ağac əkilər və məhsulu da ağ müşk olar ki, baldan şirin və qardan ağdır və o, ən gözəl ətirdir.” (“Kafi”, c.2, səh.517.)

4. Allah dərgahında ən sevimli əməl:

Ravi deyir: İmam Baqir (ə) və yaxud İmam Sadiqdən (ə) belə eşitdim: ““Lə iləhə illəllah” və “əllahu-əkbər” – zikrlərini çox deyin. Çünki Allah dərgahında “lə iləhə illəllah” və “əllahu-əkbər”dən sevimli zikr yoxdur.” (“Kafi”, c.2, səh.506.)

5. Behişt qiyməti:

Hədisdə var: ““Lə iləhə illəllah” və “əllahu-əkbər” – zikrləri Behiştin qiymətidir. Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:

جاءَ أعرابِيٌّ إلَى النَّبِيِّ(ص) فَقالَ: يا رَسولَ اللّهِ، هَل لِلجَنَّةِ مِن ثَمَنٍ؟ قالَ: نَعَم. قالَ: ما ثَمَنُها؟ قالَ: لا إلهَ إلاَّ اللّهُ، يَقولُهَا العَبدُ الصّالِحُ مُخلِصًا بِها. قالَ: وما إخلاصُها؟ قالَ: العَمَلُ بِما بُعِثتُ بِهِ في حَقِّهِ، وحُبُّ أهلِ بَيتي.

Bir bədəvi ərəb Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Behiştin qiyməti varmı?” Həzrət buyurdu: “Bəli!” O dedi: “Qiyməti nədir?” Həzrət buyurdu: “Saleh bəndə xalis niyyətlə “lə iləhə illəllah” desin!” O dedi: “Necə xalis niyyət etməlidir? ” Həzrət buyurdu: “Buyruqlarıma əməl etməli və Əhli-beytimi sevməlidir.” (“Dəaimül-İslam”, c.1, səh.73.)

6. “Lə iləhə illəllah” deyənlərə Cəbrail-Əminin müjdəsi:

İmam Sadiq (ə) nəql edir ki, Cəbrail-Əmin Peyğəmbəri-Əkrəmə (s) buyurdu: “Xoş olsun sənin ardıcıllarından “lə iləhə illəllah, vəhdəhu, vəhdəhu, vəhdəhu” deyənlərin halına!“ (“Kafi”, c.2, səh.517.)

7. Günahların kəffarəsi:

Ravi deyir ki, İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “Hər kim gündə gün çıxmamış və gün batmamışdan qabaq on dəfə«لا إِلهَ إِلَّا اللَّهُ وَحْدَهُ لا شَرِیکَ لَهُ لَهُ الْمُلْکُ وَ لَهُ الْحَمْدُ یُحْیِی وَ یُمِیتُ وَ یُمِیتُ وَ یُحْیِی وَ هُوَ حَیٌّ لَا یَمُوتُ بِیَدِهِ الْخَیْرُ وَ هُوَ عَلى‏ کُلِّ شَیْ‏ءٍ قَدِیرٌ» (Lə iləhə illəllah, vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmd, yuhyi və yumitu və yumitu və yuhyi, və huvə həyyun lə yəmutu, biyədihil-xəyr, və huvə ələ kulli şəy`in qədir) – deyərsə, həmin günün günahlarının kəffarəsi hesablanar.” (“Kafi”, c.2, səh.518.)


Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930