Kərbəla əsirləri Yezid sarayında – İmam Hüseynin qızı Fatimənin qılıncdan kəskin sözü
Müəllif: Admin
Tarix: 12-10-2018, 18:51
Kərbəla əsirləri Yezid sarayında – İmam Hüseynin qızı Fatimənin qılıncdan kəskin sözü
İmam Hüseynin (ə) və digər Əhli-Beyt (ə) gənclərinin şəhadəətindən sonra qadın və uşaqlar əsir edilərək amansız bir rəftarla Kufə sarayına, İbn Ziyadın hüzuruna göndərilir. Kufədə bir neçə gün qalan əsirlər eyni qaydada, əziyyət edilərək Şam səfərinə yola düşür.

Tarixi mənbələrə əsasən təxminən 11-14 gün arası çəkən bu səfər çox şiddətli və əzab verici olur. Hətta İmam Səccad (ə) bu anları ömrünün ən ağır anı hesab edir. Yəni bu o deməkdir ki, bu səfər Aşuradan da əzab verici olur.

İmamın sözlərinə görə hətta onları qul kimi satmaq belə istəyiblər. Bundan ən dəhşətlisi budur ki, şəhidlərin kəsik başlarını ailəsinin və övladlarının gözlərinin qabağında aparırdılar. İmam Səccadın (ə) bir neçə cümləlik mübarək kəlamında bu acını hiss edib, duymaq olur:

“Şam səfəri kimi ağır müsübətimiz olmamışdı. Əllərimizi bir kəndirlə bağlamışdılar. Hətta bizi əsir kimi satmaq istəyirdilər. Amma Allah izin vermədi. Yəhudilər yaşayan məntəqələrdən keçəndə onlara deyirdilər: Bunlar o kəslərdir ki, ataları sizin atalarınızı öldürüblər, evlərinizi viran qoyublar.

Siz də bunlardan intiqam alın! Şam qadınları evlərin üstündən başımıza su və od atırdılar. Şəhidlərin başlarını bizim aramıza salırdılar, övladlarına göstərirdilər. Bizi günün altında saxlayırdılar!” ( Təzkikəruş-şühəda. Molla Həbib Kaşani).

Kufədən yola düşən əsirlər səfər ayının birində Şam şəhərinə daxil olurlar. Səfər ayının 2-ci günündə isə məlun Yezidin hüzurunə gətirilirlər. Tarixi kitablarda qeyd olunur ki, həmin gün Yezid sarayı al-əlvan bəzəməyi, bütün nüfuzlu səxslərin və saray əhlinin cəm olması əmrini vermişdi.

Əsirlər saraya daxil olduqda Yezid öz “qalibiyyətini” nümayiş etdirmək məqsədi ilə İmamaın (ə) mübarək başını gətirməyi tələb edir. Saraydakı hər kəs Yezidi qələbəsinə görə təbrik edirdi.

Lakin İmam Hüseynin (ə) böyük qızı Fatimənin öz əməli ilə qürrələnən yezidə və ordakılara üzünü tutub “Ey Yezid! Sən peyğəmbər ailəsini əsir etmisən!?” deməsi orda olanların sanki əhvalını dəyişdi. Hər kəs bir birinə qarışdırdı.

Yezid taxtan enərək əlindəki əsa ilə İmamın (ə) mübarək başına vurmağa başladı. Bu zaman qadınları naləsi qalxdı. Hətta saray əyyanları belə dözə bilməyib etiraz etdilər. Vəziyyətin çətinləşməsini görən Yezid qorxaraq bu kimi alçaq hərəkətlərinə son verdi. Qorxaraq taxtına oturdu. Bu qorxu Yezidin Aşuradan sonrakı ilk qorxusu idi.

Həmçinin bu, Müaviyyə və Yezid sülaləsi hakimiyyətinin məğlubiyyətinin başlanğıcı, Kərbəla hərakatının hədəflərinə doğru aparan ilk qələbə idi. İmam (ə) özünü fəda etməklə müsəlmanlar arasında böyük etiraz dalğası yaratdı. Getdikcə böyüyən bu dalğa nəinki Yezidi devirdi, bütün İslam ümmətini mənfur Əməvilərin əlindən xilas etdi.

Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031