KƏRBƏLA ŞƏHİDLƏRİNDƏN: CÜNADƏ İBN KƏB İBN HƏRS (HARİS) ƏNSARİ VƏ OĞLU ƏMR
Mьəllif: admin1
Tarix: 5-10-2018, 09:30
KƏRBƏLA ŞƏHİDLƏRİNDƏN: CÜNADƏ İBN KƏB İBN HƏRS (HARİS) ƏNSARİ VƏ OĞLU ƏMR
Cünadə ibn Kəb Ənsari yetmiş yaşında ikən əhli-əyalı və övladı Əmr ilə birlikdə Məkkədə imam Hüseynə (ə) qoşulmuş və Aşura günü oğlu Əmrlə o həzrətin rikabında şəhadətə yetmişdir. Cünadə ibn Kəb Ənsari Aşura günü günortadan öncə şəhadətə yetən şəhidlərdəndir. “Nahiyeyi-müqəddəsə” ziyarətində həm Cünadənin, həm də oğlu Əmrin adı çəkilmişdir:

السلام علی جنادةبن کعب الانصاری الخزرجی، و ابنه عمرو بن جناده

“Salam olsun Cünadə ibn Kəb Ənsariyə və onun oğlu Əmr ibn Cünadəyə!”

Cünadə ibn Kəb Ənsari döyüş meydanına doğru hərəkət edərkən bu rəcəzi oxuyurmuş:

أَنَا جُنادٌ وَأَنَا ابْنُ الْحارِثِ لَسْتُ بِخَوَّارٍ وَلا بِناکِثٍ‌

عَنْ بَیْعَتی‌ حَتَّی یَرِثْنی‌ وارِثی‌ الْیَوْمَ ثاری فِی الصَّعیدِ ماکِثٌ


“Mən Cünadəyəm, Harisin oğluyam! Qorxaq, zəif və əhd-peymanı pozan deyiləm. Öz varisimə bu əhdi əmanət qoyub gedənə qədər öz əhdimə sadiq qalacağam. Bu gün bədən üzvlərim bu torpaqda sındırılacaqdır.”

O, şəhadətə yetdikdən sonra, onun on bir yaşlı oğlu Əmr imam Hüseynin (ə) hüzuruna gəlib, döyüşə getmək üçün icazə istədi. İmam Hüseyn (ə) ona icazə vermədi və buyurdu: “Bu yeniyetmənin atası ilk hücumda şəhadətə yetdi. Bəlkə, anası onun döyüşə getməsinə razı deyil!”

Əmr dedi:

انَّ اُمِّی هِیَ الَّتِی اَمَرَتْنِی

“Elə məni döyüşə əmr edən anamdır.”

Bundan sonra imam Hüseyn (ə) icazə verdi və o, xatirələrdə həkk olan bir rəcəzlə meydana qədəm qoydu:

اَمیرِی حُسَیْنٌ وَ نِعْمَ الاَْمیرُ سُرُورُ فُوادِ الْبَشیرِ النَّذیرِ

عَلِىٌّ وَ فاطِمَهُ والِداهُ فَهَلْ تَعْلَمُونَ لَهُ مِنْ نَظیر

لَهُ طَلْعَهٌ مِثْلُ شَمْسِ الضُّحى لَهُ غُرَّهٌ مِثْلُ بَدْر مُنیر


“Mənim əmirim Hüseyndir, necə də gözəl əmirdir, müjdələyən və qorxudan Peyğəmbərin (s) qəlbinin sevincidir. Əli atası, Fatimə isə anasıdır. Siz ona bənzərini tanıyırsınızmı? Onun çöhrəsi parlaq günəşi, alnı isə ayı xatırlayır!” (“Mənaqibi-ali Əbi Talib”, 4-cü cild, səh.104.)

Cünadənin oğlu Əmr şəhadətə yetdikdən sonra, başını bədənindən ayırıb, imam Hüseynin (ə) qoşununa tərəf atdılar. Əmrin anası Bəhriyyə (Məsud Xəzrəcinin qızı) oğlunun başını götürüb öpdü və dedi: “Salam olsun sənə, ey gözümün nuru, qəlbimi sevindirdin!” Sonra xeymənin sütunundan yapışıb düşmən ordusuna hücum etdikdə, İmam (ə) onu geri qaytardı. Həmin vaxt Əmrin anası bu beyti oxuyurdu:

اَنَا عَجُوزٌ فِی النِّساءِ ضَعیفَهٌ خَاوِیَهٌ بالِیهٌ نَحیفَهٌ

اَضْرِبُکُمْ بِضَرْبَه عَنیفَه دُونَ بَنِی فَاطِمَهَ الشَّریفَه

“Mən qadınlar içərisində qoca, zəif, gücsüz və arıq olsam da, lakin əziz Fatimənin övladlarını himayə etməkdə sizə viranedici zərbələr endirərəm.” (“Məqtəlül-Hüseyn”, Xarəzmi, 2-ci cild, səh.26; “Əbsarul-eyn”, səh.158.)

Bəli, Kərbəlada qadınlar göstərdilər ki, ictimai vəzifə yalnız kişilərə məxsus deyil, qadınlar da ictimai cərəyan və səhnələrdə öz şəri-dini, ictimai-siyasi vəzifələrini layiqincə icra etməlidirlər. Məxsusən, haqqın bərpası və dini qanunların icrasından söz gedirsə, qadın-kişi, böyük-kiçik – hamı məsuliyyət daşıyır. Haqqın müdafiəsi, izzət, şərəf və Allahın razılığı yolunda mübarizə zamanı kişi ilə qadın bərabərdir, hamı səhnədə hazır olmalı, öz vəzifəsini ifa etməlidir. Maraqlıdır ki, Kərbəla səhnəsi bütün dərsləri özündə əks etdirmişdir.

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930