“Kərbəla hadisəsi hakimiyyət üstə olan savaş idi” deyənlərə CAVAB
Mьəllif: admin1
Tarix: 30-08-2021, 23:02
“Kərbəla hadisəsi hakimiyyət üstə olan savaş idi” deyənlərə CAVAB
Öncədən qeyd edək ki, Həzrəti Hüseyn qətiyyən dünya məqamının arxasınca deyildir.

Fani bir səltənət üçün canını fəda etmədi, ailəsinin bu yolda düşmənə əsir etmədi. Kim bu mənadan xəbərdar olduğu halda imam Hüseyni (ə) dünya düşkünü bilərsə, Qurani-Kərimi inkar etmişdir.

Əgər Yezidə qarşı olan qiyam dünyəvi məqamlara yetişmək üçün olsaydı, Allah Rəsulu (s) ona yardım etməyi əmr etməzdi. Əhli sünnə mənbələrində qeyd edilmiş bir hədisə nəzər yetirək: Şeyx Süleyman Bəlxi Hənəfi “Yənaibul-Məvəddə”nin 60-cı babında Buxari, Bəğəvi və ibn Siqqin “Tarix”indən, İmamul-Hərəm, Şafeinin “Zəxairul-uqba”sından, “Sirei Molla”dan və daha digər əhli sünnə alimlərindən nəql edərək Ənəs ibn Haris ibn Bayədən belə nəql edir:

“Rəsuli-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Şübhəsiz, bu oğlum (Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada olsa, ona yardım etsin.”

Ənəc ibn Haris peyğəmbərin (s) əmrinə əməl etmək üçün Kərbəlaya getdi və orada Həzrət Hüseyn (ə) ilə bərabər öldürüldü.

Demək ki, imam Hüseynin Kərbəladakı qiyamı məqam eşqi üçün deyil, haqq üçün idi. Etiraz edənlər əgər imam Hüseynin (ə) şəhadəti, əhli-beytin əsarəti üzərində düşünsələr, haqq və həqiqəti görərlər.

Məqam üçün baş qaldıran və dövrünün dövlətinə qarşı qiyam edən kəs, əsla arvad-uşaqla yola çıxmazdı; kiçik uşaqları, hamilə qadını, qundaqdakı südəmər körpəni özü ilə götürməzdi.

Əksinə yalnız ona kömək edən bir dəstə ilə hərəkət edər, düşmənə qalib gəlib hakimiyyəti ələ keçirdikdən və hədəfinə çatdıqdan sonra ailəsini yanına gətirərdi.

Həzrət Hüseynin (ə) ailəsi və kiçik uşaqları ilə birlikdə etdiyi bu hərəkət, Onun dünyəvi xilafət və rəyasətdə gözü olmadığına və düşmənə qalib gəlmək üçün hərəkət etmdiyinə böyük bir dəlildir.

Belə bir niyyəti olsaydı, Yəmənə gedər, özünün və atasının dostlarını başına toplayar və oranı mərkəzə çevirib döyüşə tam olaraq hazırlaşdıqdan sonra hücuma keçərdi.

Bu səbəbdən əmisi uşaqları, dostları və qadaşları dəfələrlə bu fikri təklif etmiş, nəticədə mənfi cavab almışlar. Çünki onların imamın əsl hədəf və məqsədindən xəbərləri yox idi.

İmam Hüseyn (ə) qalib olmaq üçün heç bir maddi imkanının olmadığını bilirdi. 84 qadın və uşaqla etdiyi hərəkət qəti bir nəticə əldə etmək üçün idi.

O, babası peyğəmbərin (s) böyük zəhmətlər bahasına ucaltdığı, Bədir, Uhud və Hüneyn şəhidlərinin qanıyla suvardığı və Əli ibn Əbu Talib kimi bir bağbanın becərdiyi pak Lə iləhə illəllah ağacını qorumaq istəyirdi.

Digər tərəfdən isə zülm, təhdid, qətl və od vurub yandırmaqda, təcrübəli olan hökümət pak ağacın bağbanını kənarlaşdırmaqla, tövhid və nübuvvət bağçasının təməlini məhv etməyə istiqamətləndiyini görürdü.

Bəzi qüvvələr xilafətdən sui-istifadə edərək deyirdilər: “Ey Bəni Umeyyə! Xilafəti top kimi əlinizdə tutmağa çalışın. And olsun Əbu Sufyann adn içdiyi o şeyə ki, (məqsəd bütlərdir), hər zaman sizin üçün belə bir səltənət arzu edirdim; onu miras olaraq uşaqlarınıza ötürün.”

Vəziyyəti belə görən imam Hüseyn (ə) yalnız və yalnız peyğəmbərin (s) risalətini dirçəltmək üçün Kərbəlaya doğru hərəkət etdi. Ən yaxın dostlarını və ailəsini götürərək Kərbəlaya apardı.

Bəzi dar düşüncəlilər deyirlər ki, imam Hüseyn (ə) Mədinədən niyə çıxdı? Orda qalmalı, qiyam etməli və orada şəhid olmalı idi. Amma onlar anlamırlar ki, əgər imam Hüseyn (ə) Mədinədə qalaraq qiyam etsəydi, düşünən insanların bu qiyamdan xəbərləri olmaycaqdı və həzrətin nə üçün qiyam etdiyini başa düşməyəcəkdilər.

Bir çox din tərəfdarı öz şəhərlərində haqq üçün qiyam etmiş, lakin heç kim onların hədəf və məqsədlərindən xəbəri olmamışdı. Niyə öldürüldüklərinin səbəbi belə bilinməmişdi. Hətta düşmənlər, xalqa onların məqsədlərinin əksini söyləyib və beləliklə də digərlərinin də üsyan etmələrinin qarşısını almış olurdular.

İmam Hüseyn (ə) haqq və həqiqəti üzə çıxarmaq üçün rəcəb ayında Məkkəyə yola düşdü. Çünki bu ayda insanlarMəkkəyə Ümrə ziyarətinə gəlirdilər. Ərəfə gününə qədər orada yüz minlərlə insana həqiqətləri bəyan etdi.

İmam, xalqa Yezidin şərab içib qumara qurşandığını, it və meymunlarla oynadığını, dinin hökmlərini ayaq altına atdığını, pak ağac olan Lə iləhə illəllahın kökünü qırmaq istədiyini, xilafət iddiasında olan bu azğın insanın dinin təməlini aradan aparmağa və cəddi peyğəmbərin (s) zəhmətlərini boşa çıxartmağa çalışdığını, öz babalarının isə İslamı qorumaq üçün qiyam etdiyini və hər şeyi gözönünə alaraq bütün varlığını fəda etməyə hazır olduğunu bildirirdi.

Demək ki, imam Hüseynin qiyamı, Mədinədən Məkkəyə və Məkkədən də Kufəyə gedişi dini nişanaləri qorumaq və bütün cəmiyyətə Yezidin dinsiz, əxlaqsız bir inanca sahib olduğunu və təlafi edilməyəcək bir qrup zərərli əməllərini elan etmək üçün idi.

İmamın qardaşları, əmisi oğlanları və Onu sevən dostları həzrətin (ə) Kufəyə hərəkətinə mane olmaq üçün belə deyirdilər: “Sizə məktub yazıb dəvət edən kufəlilər vəfasızlıqlarıyla məhşurdurlar.

İllər boyu bu məmləkətdə kök salmış bəni-Üməyyənin qüdrəti və azğın Yezidin səltənəti ilə baş-başa gələ bilməzsiniz; çünki haqq əhli çox azdır.

İnsanlar dünyanın köləsi olmuşlar. Onların dünyası bəni-Üməyyə ilə uyuşduğu üçün bəni Üməyyənin ətrafına toplaşmışlar. Qalib gəlməyəcəksiniz, bu səfərdən əl çəkin.

Əgər hicazda qalmaq istəmirsinizsə, onda Yəmənə gedin. Çünki orada sizi sevən çoxdur, camaatı da qeyrətlidir. Sizi yalnız, tənha qoymazlar. Orada ömrünüzün sonuna qədər rahat qala bilərsiniz”.

İmam Hüseyn (ə) həqiqətləri hər kəsə bəyan edir, bu hərəkətinə mane olmaq istəyənlərə qısa cavablar verirdi. Amma qardaşı Məhəmməd ibn Hənəfiyyəyə, əmisi oğlu Abdullah ibn Abbas kimi yaxın və sirdaşlarına belə buyurdu:

“Zahirdə qalib olmayacağımı mən də bilirəm. Zəfər və fəth üçün getmirəm: mən ölməyə gedirəm. Məzlumiyyətin gücüylə zülm və fəsadın kökünü qazımaq istəyirəm”.

Bəzilərinin qəlbini gücləndirmək üçün həqiqətlərdən (sirlərdən) bir qismini onlara söyləmək məcburiyyətində qalırdı.

Bir cavabında belə buyurur: “Cəddim Rəsulallahı yuxuda gördüm. Mənə belə buyurdu: “İraqa get. Şübhəsiz, Allah səni şəhid olaraq görmək istəyir”.

Məhəmməd ibn Hənəfiyyə və İbni Abbas: “Elə isə qadınları nə üçün aparırsan?” -dedikdə imam Hüseyn (ə) belə buyurdu: “Cəddim buyurdu: “Şübhəsiz, Allah onları əsir olaraq görmək istəyir”.

Rəsulallahın əmriylə onları əsarət üçün aparıram. Yəni şəhadətimlə əhli-beytimin əsarətində bir sirr vardır. Onların əsarəti şəhadətimin tamamlayıcısıdır.

Məzlumiyyətin bayraqdarlığını edərək Şama gedəcəklər. Yezidin xilafət və dünyəvi qüdrətinin kökünü qazıyacaq, küfr və zülmün bayrağını yıxacaqlar”.

Elə də oldu. Həzrət Zeynəbi-Kubranın Yezidin qüdrət və əyləncə məclisində yüzlərlə bəni-Üməyyənin başbilənləri, xarici elçilər və bir çox yəhudi və xristianların qarşısında öz mübariz bəyanı və eləcə də imam Seyyidus-Sacidin Zeynul-Abidinin (ə) Şamda - Məscidi-Əməvidə Yezidin qarşısında minbərdəki xütbəsi ilə bəni-Üməyyənin əzəməti yox oldu. Bu bəyan və xütbələr xalqın qəflət yuxusundan oyanmasına səbəb oldu.

İmam Səccad (ə) Şamdakı xütbəsində Allah-təalaya həmd-səna etdikdən sonra belə buyurdu: “Bizə (Ali-Məhəmmədə) Allah tərəfindən altı xüsusiyyət verilmişdir; başqa insanlara görə yeddi fəzilətimiz vardır.

Bizə elm, səbir, cömərdlik, fəsahət, igidlik və möminlərin qəlblərinə sevgimiz verilmişdir. Başqa insanlara görə fəzilətlərimiz isə bunlardır: Seçilmiş peyğəmbər - Məhəmməd bizdəndir;

Siddiq Əmirəl-möminin Əli ibn Əbu Talib bizdəndir; Cəfəri-Təyyar bizdəndir; Allahın Rəsulunun aslanı Həmzə bizdəndir; bu ümmətin iki övladı imam Həsən və imam Hüseyn bizdəndir və bu ümmətin Mehdisi bizdəndir!”

Sonra özünü tanıtmağa başlayaraq belə buyurdu: “Tanıyanlar məni tanıyır; tanımayanlara isə indi özümü tanıdaram: Mən, xas sifət və fəzilətlərə sahib olan Xatəmul-ənbiya Məhəmməd ibn Abdullahın övladıyam...”

Daha sonra imam Səccad məlun Muaviyənin dövründə gecə-gündüz açıq-aydın mövlamız və müvəhhidlərin mövlası Əmirəl-möminin Əliyə lənət oxunan, illər boyu iftira deyilən minbərin üzərində durub Yezid, bəni-Üməyyə və düşmənlərinə xitabən şamlılara çatdırılması qadağan olunan Əmirəlmöminin həzrət Əlinin fəzilətlərini bəyan edərək belə buyurdu:

“Mən, insanlar “La iləhə illəllah” deyənədək onların burunlarına qılınc vuranın oğluyam; Mən, iki qılıncla Rəsulallahın (s) önündə döyüşənin, düşməni iki qılıncla vuran, iki dəfə hicrət edən, iki dəfə beyət edən, kafirlərlə Bədir və Hüneyndə döyüşən və bir gözqırpımı da olsa belə Allahı inkar etməyənin oğluyam;

Mən, möminlərin salehi, Peyğəmbərlərin varisi, dinsizləri yox edən, müsəlmanların əmiri, mücahidlərin nuru, abidlərin zinəti, Allah qorxusundan ağlayanların tacı və səbirlilərin səbirlisi, aləmlərin Rəbbinin elçisi olan Ali-Yasinin namaz qılanlarının ən yaxşısının oğluyam;

Mən, Cəbrayılın təyid etdiyi və Mikayılın yardım etdiyi insanın oğluyam; Mən müsəlmanların hərəmini qoruyan, dindən çıxanları (nəhravanlıları), beyətdən dönənləri (Cəməl döyüşündə iştirak edənləri), zülm və tağut əhlini (Siffeyn döyüşünə qatılanları) və öz düşməni olan nasibiləri öldürən, Qureyşin hamısının ən iftixarlısı olan, möminlərin içində Allah və Rəsulunun dəvətini ilk qəbul edən, imanda hər kəsdən önə keçən, zalımların belini qıran, müşrikləri həlak edən, Allahın münafiqlərə qarşı oxlarından bir ox olanın oğluyam;

Mən, Rəbbul Aləminin hikmət dili, Allahın hikmət gülüstanı, Onun elm heybəsi, comərd, bağışlayan, gülərüzlü, bütün döyüşlərdə qabaqcıl, igid, çox səbirli və gözəl əxlaqlı olan, ibadət üçün çox qiyam edən, nəfsini saflaşdırmış, fasiq dəstələri dağıdan, mübarizəsi ilə nəfsinin iradə cilovunu əlində tutan, qəlbi hər kəsdən daha güclü və daha sabit və əzmi hər kəsdən güclü olan, məzlumların haqqını hər kəsdən daha yaxşı alan, ən etibarlı, döyüş meydanlarında qızğın bir aslan kimi olan, döyüşlərdə istər piyada olsun, istər atlı, ona yaxınlaşanları yerə sərən, fırtınanın qumu, tozu, torpağı dağıtdığı kimi din düşmənlərini dağıdan, hicazlıların ən cəsuru, iraqlıların ən qəhramanı, məkkəli və mədinəli olan, hər batil dindən üz çevirib İslama yönələn, Əqəbədə beyət edən, Bədir və Uhud qəhramanı, ağacın altında Rizvan beyətinə qatılan, Allah üçün hicrət edən, ərəblərin ağası, Peyğəmbərin iki övladı Həsən və Hüseynin atasının oğluyam! Bax, bu sifətlərin sahibi cəddim Əli ibn Əbu Talibdir!”.

İmam Zeynul-Abidin sonra belə buyurdu: “Mən, Xədiceyi-Kubranın oğluyam; Mən, Fatimeyi-Zəhranın oğluyam; Mən, başı arxadan kəsilmişin oğluyam; Mən, susuz dodaqlarla şəhid olanın oğluyam; Mən, digər insanların ixtiyarına qoyan, amma özünə isə suyun qadağan edildiyi kimsənin oğluyam;

Mən, qüsl verilməyib, kəfənlənməyənin oğluyam; Mən, kəsilmiş başı nizədə dolaşanın oğluyam; Mən, Kərbəlada ailəsinin hörməti saxlanılmayanın oğluyam; Mən, müqəddəs bədəni bir yerdə, başı digər bir yerdə olanın oğluyam; Mən, ailəsi əsir düşüb Şama gətirilənin oğluyam”.

Sonra İmam (ə) yüksək səslə ağlamağa başladı; ardıcıl “mən..., mən...” deyir, babası həzrət Əlinin fəzilətlərini sayırdı. Nəhayət, camaat da cuşa gəldi, çığırıb ağlamağa başladı.

İmam Hüseynin şəhadətindən sonra Ona tutulan ilk matəm məclisi, Şamda - Əməvi məscidində tutulan bu matəm idi. Seyyidüs-Sacidin həzrət Zeynul-Abidin babası həzrət Əlinin fəzilətlərini xatırladıqdan sonra Yezidin və düşmənlərinin qarşısında atası imam Hüseynin başına gələnləri anlatmağa başladı.

O qədər anlatdı ki, camaat hönkür-hönkür ağlamağa başladı. Yezid qorxuya düşərək, məscidi tərk etmək məcburiyyətində qaldı. İmam Səccadın bu məsciddəki bəyanı Əməvilərin əleyhinə başlayacaq qiyamın təməlini qoydu.

Bu səbəbdən Yezid peşman olduğunu bildirib, bu hadisənin günahını Ubeydullah ibn Mərcanının üstünə ataraq, onu lənətlədi. Sonda bəni-Üməyyənin küfr, zülm və dinsizlik səltənəti yıxıldı. İndiyə qədər bəni-Üməyyənin zülümlə hökm sürdükləri Şamda onlardan heç bir kəsin belə qəbri qalmamışdır.

Ancaq bəni-Haşim və Rəsulallahın əhlibeytindən olan bir çox şəxsin məzarı oradadır. Şamlıların və hər arif, alim şiə və sünni müsəlmanların ziyarətkahı halına gəlmişdir.

Qısası, bütün tarixçilər və Kərbəla hadisəsini qələmə alanlar imam Hüseynin Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya qədər olan müddət ərzində açıq-aydın və üstüörtülü olaraq daima şəhid olacağını söylədiyini və insanlara, ölmək üçün getdiyini anlatdığını yazmışdır.

İmam Hüseyn Məkkədə “Tərviyə” günü bir çox müsəlmanın qarşısında xütbə oxuyaraq öz şəhadətini açıq-aydın xəbər verdi. Allaha həmd-səna, Xatəmül- ənbiyaya səlat və salamdan sonra belə buyurdu:

“Ölüm gənc qızın boynuna taxılan boyunbağı kimi Adəm oğullarının boyunlarına taxılmışdır, onlara əzəldən yazılmışdır. Yaqub Yusifin həsrətini necə çəkirdisə, mən də keçmişlərim üçün elə darıxıram.Yetişəçəyim şəhadət yeri mənim üçün təyin edilmişdir. Sanki görürəm: Nəvavis ilə Kərbəla arasında ac qurdlar bədənimi paramparça edirlər...”

Bu sözləri ilə insanlara Kufəyə, yəni xilafətin mərkəzinə gedə bilməyəcəyini, Kərbəla ilə Nəvavis arasında qaniçən qurdlar tərəfindən öldürüləcəyini bildirirdi.

“Qurdlar”dan məqsəd bəni-Üməyyə və digər qəbilələrdən olan qatilləri idi ki, qaniçən qurdlar kimi onları tikə-tikə edib qətlə yetirərlər.

Bu kimi sözlər imam Hüseynin xilafət üçün deyil, şəhadət üçün hərəkət etdiyini göstərir. Yol boyunca müxtəlif ibarələrlə ölüm xəbərini verirdi. Fasilə verdiyi hər yerdə uşaqları və əshabını toplayıb hey belə buyururdu:

“Yəhyanın başını kəsib zinakar bir qadına göndərmələri bu dünyanın nə qədər puç və dəyərsiz olduğunu göstərməyə yetər. Yaxında mən məzlumun başını da bədənimdən ayırıb, şərab içən Yezidin yanına aparacaqlar”.

Kufəyə 10 fərsəx qaldıqda Hürr ibn Yezid Riyahi 1000 atlı ilə imam Hüseynin yolunu kəsərək: “Ubeydullah Kufəyə getməyinizə mane olmağı və sizdən uzaqlaşmamağı mənə əmr etmişdir” - dedi. İmam hər hansı bir müqavimət göstərmədən təslim olub, orada yerləşdi.

Bir az düşünün, əgər imam Hüseyn əmirlik və xilafət sevdasında olsaydı, Hürrə təslim olardımı? Hürrün 1000-dən çox əsgəri yox idi, amma İmamın 1300 atlı və piyadə əsgəri vap idi.

Bunların içində Qəməri-bəni-Haşim həzrət Abbas və həzrət Əli Əkbər kimi igid gənclər də var idi. Onların hər biri təkbaşına min nəfəri dağıtmağa yetərdi.

Kufəyə də 10 fərsəxdən çox qalmamışdı. Tabeliyində olanlarla onları məğlub edib hökumətin mərkəzinə (Kufəyə) daxil olması lazım idi, xalq da döyüş hazırlığında imamı gözləyirdi.

Bu cür qalib gələ bilərdi; lakin İmam belə etmədi. Hürrün sözü ilə orada çölün ortasında qaldı. Dörd gün sonra düşmənə yardımçı dəstələr gəldikdə, peyğəmbər övladının vəziyyəti daha da çətinləşdi.

İmam Hüseyn başqa bir məqsədlə bu qədər yol gəlmişdi. Xilafət düşüncəsi olsaydı, düşmənlər onu hər tərəfdən mühasirə etdikdə və bu mühasirə ən şiddətli hala gəldikdə ətrafında olan insanların dağılması üçün şərait yaratmazdı.

Aşura axşamı söhbət və xütbələri iddiamızı təsdiqləyir. Çünki o gecəyə qədər atlı və piyada birlikdə 1300 nəfər imamın yolunda döyüşməyə hazır idi.

Amma İmam məğrib və işa namazlarından sonra yüksək bir yerə çıxaraq, uzun bir xütbə söylədi. Xütbəsində bir qisim məsələlərə toxundu ki, imamın ordusuna məqam və dünya malı üçün qoşulanların canına böyük bir qorxu saldı.

Bütün tarix kitablarında imamın belə buyurduğu yazılmışdır: “Buraya hökumət və riyasət fikri ilə gələnlər bilsinlər ki, sabah burada olan hər kəs öldürüləcəkdir. Onlar məndən başqa kimsəni istəmirlər. Mən beyətimi sizlərdən götürdüm. Gecənin qaranlığından istifadə edərək durub gedin”.

Hələ İmamın sözləri bitməmişdi ki, 42 nəfərdən başqa hamı durub getdi. O, 42 nəfərdən 18-i bəni-Haşimdən, 24-ü isə imam Hüseynin (ə) əshabından idi.

Gecə yarısından sonra düşmən ordusundan 30 nəfər imam Hüseyni arxadan vurmaq üçün hücuma keçdi. İmam o arada Quran oxuyurdu.

İmamın bu tilavəti onlara elə təsir göstərdi ki, tövhid ordusuna qatılıb imam Hüseynin cərgəsinə keçdilər. Onlar ilə birlikdə haqqın qurbanları 72 nəfərə çatdı. Onların da çoxu zahid, abid və Quran qarisi idi.

Bütün bunlar, imam Hüseynin məqam düşgünü və xilafət arzusunda olmadığını göstərən açıq-aydın dəlillərdir. İmam Hüseynin hədəfi yalnız dini dirçəltmək və İslamın müdafiəsi idi. Vəzifəsini bu yolda canı və qanı bahasına yerinə yetirmək istəyirdi.

Can verərək Lə iləhə illallah bayrağını yüksəldib, küfr və fəsad bayrağını yıxmağı qarşısına məqsəd qoymuşdu. Çünki dinə yardım etmək bəzən öldürmək, bəzən də ölməklə mümkün olur.

İmam Hüseyn də mərd-mərdanə qiyam edib, bir çox, xüsusilə kiçik uşaqlarını qurban verərək məzlumiyyətin gücu ilə bəni-Üməyyənin fəsad və zülmünün kökünü qazıdı.

İmam Hüseynin Lə iləhə illəllah kəlməsini ucaltmaq üçün dinə böyük bir xidmət göstərdiyini dost-düşmən hər kəs təsdiq və təqdir edir. Hətta müsəlma olmayanlar belə bunu etiraf edirlər.

XIX əsrdə fransız dilində yazılan bir ensiklopediyada bir ingiltərəli tədqiqatçı qadının “Üç şəhid” adlı uzun məqaləsi yer almışdır. O məqalənin məzmunu belədir “İnsanlıq tarixində üç nəfər haqqın ucalması üçün hər fədakarlıqdan daha üstün bir fədakarlıq göstərmişdir:

Atomluqda Yunan həkimi Sokrat, həzrət İsa ibn Məryəm (Bu qadın xristian olduğu üçün həzrət İsanın (ə) öldürüldüyünə inanır, amma biz müsəlmanlar Onun öldürüldüyünə və asıldığına inanmırıq.

Çünki Qurani-kərim “Nisa” surəsi 157 və 158-ci ayəsində açıq-aydın belə buyurur: “...Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər.Onlarda yalnız belə bir təsəvvür yarandı.

Bu haqda ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar.

Həqiqətdə onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır...”) və üçüncüsü müsəlmanların peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi həzrət Hüseyn”.

Daha sonra belə davam edir: “Bu üç nəfərin şəhadət məqamına baxıldığı zaman, həzrət Hüseynin Sokrat və həzrət İsadan daha əhəmiyyətli və daha güclü olduğunu hər kəs təsdiqləyir. Bu səbəbdən Ona Seyyidüş-Şühəda (Şəhidlərin ağası) deyilir.

Çünki Sokrat və həzrət İsa haqq yolunda sadəcə öz canlarını fəda etdilər. Amma həzrət Hüseyn vətənindən uzaq bir çölün ortasında, kimsənin əlinin yetişmədiyi bir yerdə düşmənlər tərəfindən mühasirəyə alındı və ən əzizlərini haqq yolunda fəda etdi.

Onların hər birini fəda etmək, Hüseyn üçün öz başını verməkdən daha çətin idi. Öz əli ilə onları düşmənin qarşısına göndərərək bu yolda qurban etdi.

İmam Hüseynin məzlumiyyətinə ən böyük dəlil, qundaqda olan südəmər uşağını qurban etməsidir. Südəmər uşağa su vermək üçün apardıqda, o alçaq qövm su vermək əvəzinə onu oxladı.

Dünya tarixində belə bir şey görülməmişdir. Düşmənin bu hərəkəti Hüseynin məzlumiyyətini sübut etdi.

Bax, bu məzhlumiyyətin gücü ilə güclü bəni-Üməyyə ailəsinin izzətini yox edərək, onları bütün aləm qarşısında rəzil etdi. Onun və ailəsinin fədakarlıqları nəticəsində Məhəmmədin dini yenidən həyat qazandı”.

Milliyyətcə alman olan doktor Marbin, fransalı doktor Cozef və başqa bu kimi avropalı tarixçilərin hamısı yazdıqları tarix kitablarında Seyyidüş-Şühəda həzrət Hüseynin (ə) qiyam və fədakarlığının İslam dinini canlandırdığını və bəni-Üməyyənin zülm və küfrünün qarşısını aldığını təsdiqləmişlər.

Əgər Onun bu qiyamı olmasaydı, bəni-Üməyyə tövhid dininin əsasını tamamilə aradan aparacaq və aləmdə Allah, Peyğəmbər, din və şəriət adına heç bir şey qalmayacaqdı.

Mövzunun nəticəsi.

Qeyd etdiklərimizin nəticəsi budur ki, insaflı dost-düşmən hər kəs həzrət Seyyidüş-Şühədanın qiyam və döyüşünün din yolunda olduğunu qəbul edir.

Artıq hamı çox gözəl anlayır ki, Hüseyn (ə) Yezidin çirkin işlərinə qarşı çıxaraq savaşmışdır. Qeyd etdiyimiz dəlilləri bird aha xülasə şəkildə qeyd edək;

1. Əgər Yezidə qarşı olan qiyam dünyəvi məqamlara yetişmək üçün olsaydı, Allah Rəsulu (s) ona yardım etməyi əmr etməzdi. Əhli sünnə mənbələrində qeyd edilmiş bir hədisə nəzər yetirək: “Rəsuli-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Şübhəsiz, bu oğlum (Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada olsa, ona yardım etsin.”

2. Məqam üçün baş qaldıran və dövrünün dövlətinə qarşı qiyam edən kəs, əsla arvad-uşaqla yola çıxmazdı; kiçik uşaqları, hamilə qadını, qundaqdakı südəmər körpəni özü ilə götürməzdi.

Əksinə yalnız ona kömək edən bir dəstə ilə hərəkət edər, düşmənə qalib gəlib hakimiyyəti ələ keçirdikdən və hədəfinə çatdıqdan sonra ailəsini yanına gətirərdi.

Həzrət Hüseynin (ə) ailəsi və kiçik uşaqları ilə birlikdə etdiyi bu hərəkət , Onun dünyəvi xilafət və rəyasətdə gözü olmadığına və düşmənə qalib gəlmək üçün hərəkət etmdiyinə böyük bir dəlildir.

3. İmam Hüseynin (ə) Mədinədən çıxması özü də bir dəlildir. Əgər mövzu hakimiyyət olsaydı Yəmənə gedər, özünün və atasının dostlarını başına toplayar və oranı mərkəzə çevirib döyüşə tam olaraq hazırlaşdıqdan sonra hücuma keçərdi.

Bu səbəbdən əmisi uşaqları, dostları və qadaşları dəfələrlə bu fikri təklif etmiş, nəticədə mənfi cavab almışlar.Çünki onların imamın əsl hədəf və məqsədindən xəbərləri yox idi.

4. Bu mövzuda ən gözəl və ən aydın dəlilərdən biri də imam Hüseynin Məhəmməd Hənəfiyəyə dediyi sözdür: “Zahirdə qalib olmayacağımı mən də bilirəm. Zəfər və fəth üçün getmirəm: mən ölməyə gedirəm. Məzlumiyyətin gücüylə zülm və fəsadın kökünü qazımaq istəyirəm”.

5. İmam Hüseynin yol boyu şəhidlik və ölüm ayələrini oxuması da səfərinin əsl məqsədini ortaya qoyur. Məkkədə "Tərviyə" günü dediyi bu sözdə bir dəlildir: “Ölüm gənc qızın boynuna taxılan boyunbağı kimi Adəm oğullarının boyunlarına taxılmışdır, onlara əzəldən yazılmışdır.

Yaqub Yusifin həsrətini necə çəkirdisə, mən də keçmişlərim üçün elə darıxıram.Yetişəçəyim şəhadət yeri mənim üçün təyin edilmişdir. Sanki görürəm: Nəvavis ilə Kərbəla arasında ac qurdlar bədənimi paramparça edirlər...”

6. Bir az düşünün, əgər imam Hüseyn əmirlik və xilafət sevdasında olsaydı, Hürrə təslim olardımı? Hürrün 1000-dən çox əsgəri yox idi, amma İmamın 1300 atlı və piyadə əsgəri vap idi.

Bunların içində Qəməri-bəni-Haşim həzrət Abbas və həzrət Əli Əkbər kimi igid gənclər də var idi.Onların hər biri təkbaşına min nəfəri dağıtmağa yetərdi.Kufəyə də 10 fərsəxdən çox qalmamışdı.

Tabeliyində olanlarla onları məğlub edib hökumətin mərkəzinə (Kufəyə) daxil olması lazım idi, xalq da döyüş hazırlığında imamı gözləyirdi. Bu cür qalib gələ bilərdi; lakin İmam belə etmədi.Hürrün sözü ilə orada çölün ortasında qaldı.

Dörd gün sonra düşmənə yardımçı dəstələr gəldikdə, peyğəmbər övladının vəziyyəti daha da çətinləşdi. İmam Hüseyn başqa bir məqsədlə bu qədər yol gəlmişdi.

Xilafət düşüncəsi olsaydı, düşmənlər onu hər tərəfdən mühasirə etdikdə və bu mühasirə ən şiddətli hala gəldikdə ətrafında olan insanların dağılması üçün şərait yaratmazdı.

7. Aşura axşamı söhbət və xütbələri iddiamızı təsdiqləyir. Çünki o gecəyə qədər atlı və piyada birlikdə 1300 nəfər imamın yolunda döyüşməyə hazır idi.

Amma İmam məğrib və işa namazlarından sonra yüksək bir yerə çıxaraq, uzun bir xütbə söylədi. Xütbəsində bir qisim məsələlərə toxundu ki, imamın ordusuna məqam və dünya malı üçün qoşulanların canına böyük bir qorxu saldı.

Bütün tarix kitablarında imamın belə buyurduğu yazılmışdır: “Buraya hökumət və riyasət fikri ilə gələnlər bilsinlər ki, sabah burada olan hər kəs öldürüləcəkdir.

Onlar məndən başqa kimsəni istəmirlər. Mən beyətimi sizlərdən götürdüm. Gecənin qaranlığından istifadə edərək durub gedin”. Hələ İmamın sözləri bitməmişdi ki, 42 nəfərdən başqa hamı durub getdi.

O, 42 nəfərdən 18-i bəni-Haşimdən, 24-ü isə imam Hüseynin (ə) əshabından idi. Gecə yarısından sonra düşmən ordusundan 30 nəfər imam Hüseyni arxadan vurmaq üçün hücuma keçdi.

İmam o arada Quran oxuyurdu.imamın bu tilavəti onlara elə təsir göstərdi ki, tövhid ordusuna qatılıb imam Hüseynin cərgəsinə keçdilər.

Onlar ilə birlikdə haqqın qurbanları 72 nəfərə çatdı.Onların da çoxu zahid, abid və Quran qarisi idi. Bütün bunlar, imam Hüseynin məqam düşgünü və xilafət arzusunda olmadığını göstərən açıq-aydın dəlillərdir. İmam Hüseynin hədəfi yalnız dini dirçəltmək və İslamın müdafiəsi idi.


Mahir Şəkərov - İlahiyyatçı, araşdırmaçı.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031