İmam Mehdinin (ə.f) zühuru əhli-sünnə mənbələrində
Mьəllif: admin1
Tarix: 25-02-2024, 10:43
İmam Mehdinin (ə.f) zühuru əhli-sünnə mənbələrində
İmam Mehdiyə (ə.f) etiqad bəsləmək təkcə şiələrə xass deyil. Belə ki, sünnilərin də nüfuzlu alimləri bir çox səhabə və tabeindən bu barədə nəql olunmuş hədisləri öz kitablarında qeyd etmişlər.

Sünni məzhəbinin Hənəfi, Şafei, Maliki, Hənbəli kimi alimlərinin kitablarında Peyğəmbərin (s) İmam Mehdi (ə.f) barədə söylədikləri haqda çoxlu sayda hədislər vardır.

Bəzi tədqiqatçıların apardığı araşdırmalardan məlum olur ki, sünni mühəddislər 33 peyğəmbər səhabəsindən İmam Mehdi (ə.f) ilə əlaqədar hədisləri öz kitablarında nəql etmişlər.

Həmçinin məşhur sünni alimlərindən 106 nəfəri İmamın (ə.f) zühuru ilə əlaqədar rəvayətləri kitablarında cəm etmiş, 32 nəfəri isə ayrıca kitab yazmışlar.

Əhməd ibn Hənbəl (241 h.q) "Müsnəd”, Buxari (256 h.q) "Səhih Buxari” kitablarını İmam Mehdinin (ə.f) doğumundan əvvəl qələmə almışlar. Bu kitablara göz gəzdirsək, orada Həzrət Mehdi (ə.f) ilə əlaqədar bəzi hədislərin qeyd olunduğunu görərik.

Əhməd ibn Hənbəl öz Müsnəd əsərinin "Babul-Məhdi" (Mehdi fəsli) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

"Dünyanın sonuna bir gün qalsa da, Allah-Taala bizdən bir nəfəri seçər ki, zülm ilə dolmuş dünyanı ədalətlə doldursun.”

Böyük sünni tədqiqatçılarından sayılan İbn Əbil-Hədid yazır ki, dünya və şəri öhdəçiliklərin yalnız Mehdinin (ə.f) zühurundan sonra sona çatacağı barədə bütün İslam firqələri həmfikirdilər.

Tanınmış sünni alimi Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddət” adlı kitabında Nəsəl adlı birinin Peyğəmbərdən (s) sonra gələcək vəsiy və canişinləri barədə maraqlandığını qeyd edir. Belə ki, Həzrət Muhəmməd (s) bu sualın cavabında İmamların hamısının adını sonda da zühur edəcək İmam Mehdinin adını çəkir.

Çağdaş zəmanəmizdə xüsusi radikarlıq və təkfirçiliklə tanınan vəhhabilər də Mehdilik mövzusunu qəbul etmişlər. Belə ki, Ərəbistanın "rabitətul-aləmil-islamiyy” kimi mühüm dini mərkəzlərindən biri bəyanat verərək bildirmişdir:

"O (Mehdi), Peyğəmbərin (s) səhih hədislərdə xəbər verdiyi on iki nəfər raşidi xəlifələrin sonuncusudur. Mehdi haqqında hədisləri bir çox səhabələr nəql etmişdir: Hafiz və mühəddislərdən bəzisi Mehdi haqda olan hədislərin həm səhih, həm də həsən olduğunu açıq şəkildə bildiriblər.

Bu hədislərin toplusu mütəvatirdir. Mehdinin qiyamına etiqad bəsləmək vacibdir və bu, "Əhli-sünnə vəl-Cəmaət”in danılmaz əqidəsindəndir. Bunu cahil və bidətçi şəxsdən başqa heç kəs inkar edə bilməz.” ("Təfsiri nümunə", c.7, s.375; "Gənclər üçün 50 dərs”, s.320)

Tədqiqatçıların bəzisi sünni mənbələrində bu mövzu ilə əlaqədar nəql olunan hədislərin sayının 200-ə yaxın, şiə mənbələrində nəql olunanların sayının 1000-dən çox olduğunu qeyd etmişlər. ("Təfsiri nümunə", c.7, s.375; "Gənclər üçün 50 dərs”, s.320)

Sünni və şiələr tərəfindən qeyd edilən hədislərin arasında olan fərqin səbəbi budur ki, şiələr məsum imamlardan da bu səpkidə hədisləri mötəbər hesab edirlər.

Şiələr məsumlardan nəql olunan hədisləri Peyğəmbərdən (s) sonra mötəbər hesab etdiyi halda, sünnilər yalnız Peyğəmbərin (s) sözlərini mötəbər və dəlil hesab edirlər. Buna görə də bu mövzuda Əhli-sünnədən nəql olunan hədislər Peyğəmbərdəndir (s).

Nəticə etibarı ilə bunu deyə bilərik ki, İmam Mehdi (ə.f) mövzusunun Peyğəmbər (s) tərəfindən nəql olunması qəti məsələdir və İslam dinində İmam Mehdi (ə.f) və məhdəviyyət əhəmiyyətli ideoloji baxışlardan biridir.




İslami saytlara istinadla
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930