Əhli-sünnə mənbələrində İmam Əlinin (ə) fəzilətləri
Müəllif: Admin
Tarix: 23-02-2021, 11:27
Əhli-sünnə mənbələrində İmam Əlinin (ə) fəzilətləri
1. Əl-Hakim ən-Neysəburi deyib: "Fatimə bintə Əsədin, Əmirəl-möminin Əli ibn Əbu Talibi Kəbənin içində dünyaya gətirməsi xəbərləri mütavatir dərəcədədir".
"Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 550.

2. Zeyd ibn Ərqəm buyurub: "Allah Rəsulu (s) ilə birgə İslamı ilk qəbul edən şəxs – Əli ibn Əbu Talibdir".

Ən-Nəsai, "Xəsais İmam Əli", s. 16, hədis 3. Kitabın mühəqqiqi Əbu İshaq əl-Huveyni deyib ki, hədisin sənədi səhihdir.

3. İmam Əli (ə) buyurub: "Allah Rəsulu (s) ilə birgə ilk namaz qılan şəxs məhz mənəm".

"Müsnəd Əhməd ibn Hənbəl", c. 2, s. 98, hədis 1191. Kitabın mühəqqiqi Əhməd Muhəmməd Şakir deyib ki, hədisin sənədi səhihdir.

4. İmam Əli (ə) buyurub: "Mən Allahın qulu, Allah Rəsulunun (s) qardaşıyam. Ən böyük doğru danışan (Siddiqul-Əkbər) mənəm. Məndən sonra kim bunu iddia edərsə, yalançıdır! Mən insanlardan yeddi il əvvəl namaz qılmışam".

Hədisdən sonra əl-Buseyri deyib: "Bu hədisin sənədi səhihdir”.

Əl-Hakim, "əl-Mustədrək"də əl-Minhal ibn Amr yolu ilə rəvayət edib və deyibdir: "Şeyxeynin (Buxari və Müslümün) şərtinə əsasən səhihdir". Əl-Buseyri, "Zəvaid ibn Macə", s. 46. hədis 29.

5. İmam Əlidən (ə) nəql olunub: “Peyğəmbər (s) buyurub: "Ey Əli! Sən mənim seçdiyim və inanıb güvəndiyimsən"”.

İbn Əbu Asim, "Əs-sünnə", c. 2, s. 891, hədis 1365. Kitabın mühəqqiqi Basim ibn Feysal əl-Cəvabira deyib ki, hədisin sənədi səhihdir.

6. Hafiz əs-Suyuti deyib: "ət-Təbərani və əl-Hakim, İbn Məsuddan nəql ediblər: “Peyğəmbər (s) buyurub: "Əliyə baxmaq ibadətdir"”. Hədisin sənədi həsəndir". (Mötəbərdir) "Tarix əl-xuləfə", s. 150.

7. Hafiz əl-Heysəmi deyib: "Əbuzər nəql edir: “Peyğəmbər (s) buyurdu: "Ey Əli! Həqiqətən məndən ayrılan – Allahdan ayrılmışdır, səndən ayrılan isə məndən ayrılmışdır".

Əl-Bəzzar bu hədisi rəvayət etmişdir və onun raviləri güvənilən şəxslərdir". "Məcməuz-zəvaid və mənbəul-fəvaid", hədis 14771.

8. Peyğəmbərin (s) azad etdiyi köləsi Səfinəh nəql edib: "Peyğəmbərə (s) (yemək üçün) quş əti gətirildi.

Peyğəmbər (s) buyurdu: "İlahi! Ən çox sevdiyin şəxsi mənə yetir ki, bu quş ətindən mənimlə birgə yesin".

Bu zaman Əli (ə) gəldi. Peyğəmbər (s) buyurdu: "İlahi, o, mənim də (ən çox) sevdiyim şəxsdir"”. Ət-Təbərani, "əl-Mucəmul-kəbir", c. 7, s. 96, hədis 6437.

Hafiz əl-Heysəmi bu hədisin sənədilə bağlı deyib: "Ət-Təbəranin nəql etdiyi hədisin sənədinin raviləri Fitr ibn Xəlifə istisna olmaqla, yerdə qalanları "Əs-Səhih"in (Buxari və Müslümün) raviləridir.

Fitr ibn Xəlifə də güvənilən şəxsdir. (Yəni hamısı etibarlı ravilərdir). "Məcməuz-zəvaid və mənbəul-fəvaid", c. 9, s. 24, hədis 14727.

9. Bureydə əl-Əsləmi deyib: "Peyğəmbər (s) kişilərdən ən çox Əlini, xanımlardan isə ən çox Fatiməni sevirdi".

Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər. "Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 168, hədis 4735.

10. Hafiz əs-Suyuti deyib: “İmam Əli nəql edib: "Peyğəmbər buyurub: “Allah Əliyə rəhm eləsin. İlahi! Əli (ə) hara dönərsə, haqqı onunla birgə et!"”.
“Sənədi səhihdir". "Əl-Cəmius-səğir", hədis 4412.

11. Ümmü Sələmə xanım Allah Rəsulundan (s) belə eşitdiyini nəql edib: "Əli Quran ilə, Quran da Əli ilə birgədir. Onlar Kövsər hovuzuna qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar".

Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər. "Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 134, hədis 4628.

12. İmam Əli (ə) buyurub: "And olsun toxumu yaran və canı yaradan Allaha ki, ummi olan Peyğəmbər (s) mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək". "Səhih Müslüm", İman kitabı, 33-cü bab, c. 1, s. 87, hədis 78.

13. Hafiz əs-Suyuti deyib: "Ət-Tabərani səhih sənədlə Ümmü Sələmə xanımdan nəql etmişdir ki, Rəsulullah (s) buyurub: "Kim Əlini sevsə - məni sevib, məni sevən isə Allahı sevibdir. Kim Əliyə nifrət etsə - mənə nifrət edib, mənə nifrət edən isə Allaha nifrət edibdir"”. "Tarix əl-xuləfə", s. 138-139.

14. Hafiz əs-Suyuti deyib: "Ümmü Sələmə xanım nəql edib ki, Peyğəmbər (s) buyurub: "Kim Əlini söysə - məni söymüşdür. Məni söyən isə Allahı söymüşdür””.
“Sənədi səhihdir". "Əl-Cəmius-səğir", hədis 8736.

15. Əbuzər nəql edib: “Allahın Rəsulu (s) buyurdu: "Hər kim mənə itaət etsə - Allaha itaət etmişdir və hər kim mənə asi olsa – Allaha asi olmuşdur. Həmçinin hər kim Əliyə itaət etsə - mənə itaət etmiş və hər kim Əliyə qarşı asi olsa – mənə qarşı asi olmuşdur".

Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər. "Əl-Mustədrək alə əs-səhiheyn", c. 3, s. 130, hədis 4617.

16. İmam Əli (ə) nəql edib: “Peyğəmbər buyurub: "Mən hikmət eviyəm, Əli isə onun qapısıdır".

Hədisdən sonra Muhəmməd ibn Cərir ət-Təbəri deyib ki, bu hədisin sənədi səhihdir. "Təhzib əl-Asar", s. 104.

17. Cabir ibn Abdullah əl-Ənsari nəql edib: “Peyğəmbər buyurub: "Mənim ümmətimin daha qazi olan şəxsi (ən elmli şəxsi) Əli ibn Əbu Talibdir"”.

Hafiz əl-Heysəmi deyib ki, bu hədisi ət-Təbərani "Mucəmul-əvsət"də nəql edib və onun sənədi həsəndir. (Mötəbərdir) "Məcməuz-zəvaid və mənbəul-fəvaid", c. 9, s. 235, hədis 14918.

18. Əbu Tufeyl nəql edib: "İmam Əlinin (ə) xütbə edərkən belə dediyinin şahidi oldum: "(Hər bir şeyin barəsində) Soruşun məndən! Allaha and olsun ki, Qiyamətə qədər baş verəcək hər nə şey barəsində soruşsanız, onun barəsində sizə xəbər verərərm.

Allahın Kitabı barəsində soruşun məndən! Allaha and olsun ki, hər bir ayənin gecəmi-gündüzmü, səhradamı-dağdamı nazil olduğunu bilirəm"”.

Əl-Əzrəqi, "Əxbəru-Məkkə", c. 1, s. 92, hədis 40. Kitabın mühəqqiqi doktor Əbdul-Məlik ibn Abdullah ibn Duheyş deyib ki, hədisin sənədi səhihdir.

19. İmran ibn Husayn nəql edib: ... "Dörd səhabə döyüşdən qayıddıqdan sonra Peyğəmbərə (s) gəlib Əlidən şikayət etdilər.

Peyğəmbərin (s) üzündə qəzəb aşkar oldu və dedi: "Əlidən nə istəyirsiz?! Əlidən nə istəyirsiz?! Əlidən nə istəyirsiz?! Əli məndəndir və mən də ondanam. Əli məndən sonra bütün möminlərin vəlisidir". (Rəhbəridir)”.

Tirmizi deyib ki, hədisin sənədi həsən, Albani isə deyib ki, səhihdir. "Sünən Tirmizi", c. 8, s. 212, hədis 3712.

20. İmam Əlidən (ə) nəql olunub: "Peyğəmbər (s) Qədir-Xumda Əlinin əlindən tutaraq dedi: "Allah Təbərək və Təala sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?".

(Səhabələr) Dedilər: "Bəli". Peyğəmbər (s) dedi: "Allah və Rəsulunun (s) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və Allah və Rəsulunun (s) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?". (Səhabələr) Dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulu hər kimin mövlasıdırsa, (ixtiyar sahibi və dostudursa) bu Əli də onun mövlasıdır (ixtiyar sahibi və dostudur).

Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri Allahın Kitabı və digəri isə mənim Əhli-Beytimdir"”.

Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir. İbn Həcər əl-Əsqəlani, "əl-Mətalibul-aliyə", c. 16, s. 142, hədis 3943.

Buradək kifayətlənirik. Rəcəb ayının 13-ü – İmam Əlinin (ə) mövlud münasibəti ilə bayramınızı təbrik edirik!


Allahverdi Əlizadə,
“Dəyərlər”
Oxşar xəbərlər
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031