Hacı Rasim Məmmədovun cümə xütbəsinin tam mətni
Müəllif: admin1
Tarix: 1-11-2015, 16:14
Hacı Rasim Məmmədovun cümə xütbəsinin tam mətni
Bismilləhir-Rahmənir-Rahim
Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özümü və sizi təqvalı olmağa çağırıram.

1.Ancaq təqvanın dünya və axirətdə xeyir və bərəkəti nədən ibarətdir?
2. Təqvanın ən az nişanələri hansılardır?
3. Təqvaya daha çox hansı şey mane olur?

Bu dediyimiz sualları xülasə olaraq aşağıda qeyd etdiyimiz ayə və iki hədislə izah etməyə çalışacam.
“Əraf” surasi, ayə 96:
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ وَلَـكِن كَذَّبُواْ (96)
فَأَخَذْنَاهُم بِمَا كَانُواْ يَكْسِبُونَ
“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq. (96)”

1.Yuxarıda zikr etdiyimiz ayənin təfsirində qeyd edirlər ki, ayədə işlənən “bərəkat” sözü bərəkət sözünün cəmidir və bütün maddi-mənəvi nemətləri özündə ehtiva edir.
2. Bir mal və nemətə o zaman bərəkətli deyərlər ki, həmin nemət tez aradan getməsin, həmçinin layiqli və faydalı yerdə sərf olunsun. Çünki, çox zaman insanın əlinə çoxlu sərvət gələr, lakin puç və bihuda yerlərdə sərf olunar.
3. Ayədə qeyd olunan “yerin və göyün nemətləri” ifadəsində məqsəd bəziləri deyirlər ki, göydən yağış yağdırıb yerdən bitkilərin göyərdilməsi, bəziləri deyiblər duaların qəbul olunma və müşküllərin həlli mənasındadır. Bəziləri isə deyirlər ki, “səmavi” nemətlər deyəndə mənəvi nemətlər nəzərdə tutulur. “Ərzi” nemətlərdə isə məqsəd maddi nemətlərdir.

Xülasə olaraq desək, dünya və axirət səadəti həmçinin duaların eşidilməsi və problemlərin həlli təqva yollundan keçir. “Təfsiri nümunə” c. 6, səh. 266.

“Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyələrində buyurmuşdur): “Ey Əbuzər! İnsanın özünün özü ilə hesab çəkməsi şərikin şərikdən hesab çəkməsindən ağır olmayınca, haradan yediyini, haradan içdiyini, haradan geyindiyini, onların halal və ya haram olmasını bilməyincə, o, təqvalılardan ola bilməz.” “Mizanul-hikmə”, səh. 949, Hədis 6672.

İmam Əli (ə): “And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi bir bəndə tanımıram.” Mizanul-hikmə”, səh. 950, Hədis 6677.

İmam Sadiq (ə) (təqvanın mənası barəsindəki sualın cavabında buyurmuşdur): “Təqva Allahın səni əmr etdiyi yerdə qaib, çəkindirdiyi yerdə isə hazır görməməsidir” “Mizanul-hikmə”, səh. 951, Hədis 6685.

Bu cümə eyni zamanda şəhidlər sərvəri Həzrəti İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 7-ci gününə də təsadüf edir. Allah hər kəsin bu yolda çəkdiyi zəhmətləri və etdiyi ehsanları qəbul etsin!

Keçən dəfə sizə söylədim, biz Gürcüstanda İslam və müsəlmanların tarixi haqqda təhqiqə başlamışıq və münasib zamanlarda fürsət olduqca kitabın çapından qabaq bəzi məqamları danışacam.

Qeyd etdiyim kimi bu cümə Məhərrəm ayına təsadüf etdiyinə görə, bu təhqiqdə rastlaşdığım, İmam Hüseynə (ə) əza saxlamağın savabı haqqda olan bir rəvayəti siz əzizlərə çatdırmaq istərdim. İlk dəfə Gürcüstanda Hüseyn (ə)-a kim rozə deyib əza saxladı? Züheyr ibn Qeyn Salman ibni Rəbieyi Bahilidən nəql edir:...

Bu rəvayəti nəql etməmişdən aşaqdakı müqəddiməyə ehtiyac var. Bildiyiniz kimi, İslam və Gürcüstan tarixçilərinin yazdığına görə 23 ya 25-ci hicri qəməri tarixində (təqribən 656-657-ci miladi ili) İslam Gürcüstana qədəm qoydu. Xoşbəxtlikdən heç bir döyüş olmayıb, qan tökülmədi, əksinə Gürcüstan tərəf çox qiymətli hədiyyələrlə müsəlmanları qarşıladılar. Müsəlmanlar da qarşılıqlı olaraq yerli xalqla çox gözəl davrandılar və iki tərəfin arasında gözəl sülhnamə və əhdnamə imzalandı.

Başqa bir fürsətdə mən o anlaşmanın tam mətnini də dinləyicilərin xidmətinə çatdıracam, İnşallah. İslam qoşunları Gürcüstana iki sərkərdənin rəhbərliyi altında daxil oldular. Bir hissə Şam və Suriyadan göndərilmiş Həbib ibni Məsləmənin sərkərdəliyi idi.

İkinci hissə isə səhabə olmuş Salman ibni Rəbieyi Bahilinin sərkərdəliyi ilə. Lakin tarixi mənbələrdən anlaşılan budur ki, Həbib ibni Məsləmə Şam höküməti tərəfindən geri çağırılır. İslam ordusunun Azərbaycan və Dağıstanın Bələnçər şəhərinə qədər fəthinə Salman rəhbərlik edir. Daha sonra Salman (rəh) Xəzər xaqanları ilə baş verən döyüşlərdə şəhid edilir. Lakin bunları danışmaqda məqsədim Züheyrin Salmandan nəql etdiyi rəvayəti sizə çatdırmaqdır, hansı ki, o rəvayət Gürcüstanda nəql olunub.

Bu rəvayətin mənbəsi:
1.“Tarixi Təbəri” c. 6, səh. 224-də,2.Şeyx Müfid “İrşad” c. 2, səh. 73,
3.“Əl-Kamil-fit-tarix” c. 3, səh. 277,
4.“Əxbarut-tival” səh. 294

Züheyr deyir: “O zamanlar mən cavan oğlan idim. Fəth və qələbələrdən sonra yığışıb həmin günün şadlıq və sevincini bölüşürdük. Salman buyurdu: "Bir gün Peyğəmbərin (s) xidmətindəydik. O Həzrət (s) buyurdu: "Mənim Hüseyn adlı bir nəvəm var, O mənim tam və kamil bir görüntümdür. Təsəvvür edə biləcəyiniz bütün gözəlliklər onda cəmləşib. Ondan üstününü siz nə Əlidə (ə), nə Həsəndə (ə) nə də başqalarında tapa bilməzsiniz. Hüseyn yaxşılığın və gözəlliyin özüdür. Onun qarşısında dayanmaq zülmət və azğınlıqdır. Mən İslam dinini gətirdim. Lakin bir zaman gələcək ki, bir qrup insan din adından istifadə edib hakimiyyətə gələrək İslami şüar və dəyərləri aradan aparmağa çalışacaqlar. (Təbii ki, bu dəyərləri və doğru İslamı insanlara çatdıran Əhli-Beyt (ə) bunların saldırısına və hücumuna məruz qalacaqdılar. Çünki Əhli-Beyt (ə) həyatda və hakimiyyətdə olduğu halda bu bədxahlar öz istəklərinə çata bilməzdilər). Peyğəmbər (s) sözlərinə əlavə edərək buyurdu: "O zaman uzaqda deyil. Hüseyn böyüyüb İslamın bayraqdarı olacaq. İslam düşmənləri İslam və müsəlmanlara qarşı zülmə başladığı zaman, Hüseyn qiyam etməyə (Allah tərəfindən) məsul və naçardır. Siz kamillik və insani dəyərlərə sahib çıxaraq şücaət və qeyrət göstərmək istəsəniz, gərək Hüseynə kömək və yar olasınız. Çünki, əgər Hüseyn o gün tək və qərib qalsa və o şəkildə qətlə yetirilərək şəhid edilsə, insanlıqdan və islami dəyərlərdən əsər əlamət qalmaz". Salman deyir, mən belə hiss edirəm ki, mən Hüseynin (ə) qiyam edib kömək və mədəd istədiyi günü görməyəcəm, lakin siz cavansınız, inşallah o günü görəcəksiniz. Mən özümü məsul bilirəm ki, Peyğəmbərin (s) tapşırığını sizlərə yetirəm: "Hüseyn gözəlliklərin və yaxşılıqların imamıdır. O, qiyam etdiyi zaman onu tənha qoymayın. Siz Hüseynin (ə) yanında cihad etdikdən sonra öz döyüşünüz və şücaətiniz ilə öyünərsiniz".

Qeyd etdiyimiz kimi bu rəvayəti Züheyr nəql edir. Züheyr o şəxsdir ki, həmişə İmam Hüseyndən (ə) qaçırdı ki, Hüseyn (ə) onun dünya həyatına mane olmasın. Ancaq iş belə gətirdi ki, İmamın Kərbəla səfəri ilə Züheyrin səfəri eyni zamana təsadüf etdi. Hətta dayanacaqların birində, İmamın (ə) çadırı onun çadırına yaxın oldu. İmam bir nəfər göndərdi ki, get Züheyri buraya çağır. İmamın elçisi deyir, mən getdim gördüm Züheyr yemək yeməyə başlayıb. Dedim, Züheyr, İmam (ə) səni çağırır. Yeməyin tikəsi Züheyrin əlində dondu və o həmin halda fikrə daldı.Züheyrin həyat yoldaşı dedi: “Züheyr, nə fikirləşirsən?”
Züheyr dedi: “Mən həmişə ondan qaçırdım.”
Xanım dedi: “Doğrudur. Amma O indi səni çağırır. Getməsən Qiyamətdə Peyğəmbərin (s) və Zəhranın (ə) üzünə necə baxacaqsan?”
Xanımın bu sözləri sanki Züheyrin qeyrətini oyatdı və o durub Həzrəti Hüseynin (ə) xeyməsinə getdi. Heç bir tarixçi İmamla Züheyrin arasında olan söhbəti bilmədiyinə görə bir şey nəql etməyiblər. Ancaq Züheyr İmamın (ə) yanından öz çadırına qayıdanda çox şad və sevincli idi.
Züheyr dedi: “Dostlar, mən Hüseynçı (ə) oldum, mənim döyüş sursatlarımı toplayın. Mən gedib ona qoşuluram. Siz isə azadsınız. İstəsəniz gedin, istəsəniz gəlib Hüseynə qoşulun”.
Züheyrdən dostları nə baş verdiyini soruşanda bu qeyd etdiyimiz rəvayəti danışdı: “O qoca bizə dedi, qəhramanlıq odur ki, öz zəmanənizin imamını tək qoymayasınız, baxıb görəsiniz həqq rəhbərin hansı köməyinizə ehtiyacı varsa, onun əlindən yapışıb kömək edəsiniz. Mən indi gördüm Hüseynin (ə) mənim onun yanında olmağıma ehtiyacı var.”
Beləcə Züheyr İmam Hüseynə (ə) qoşuldu. O Züheyr ki, həmişə imamdan qaçırdı. Lakin onun bir anlıq düzgün qərar verməsi, əbədi səadətə qovuşmasına səbəb oldu.

Mən burada “Məfatihul-cinan” kitabında nəql olunmuş “Məkarimul əxlaq” duasının bir hissəsini nəql etməklə sözümə xitam vermək
istəyirəm. İmam Sadiqdən (ə) nəql olunan duanın bir hissəsində buyurulur: “İlahi, Sənə bəndə olmaq üçün mənə tofiq ver... İlahi, məni xəlq etdiyin hədəf istiqamətində hərəkət etmək üçün kömək ol”.

İmamın (ə) Kərbəladakı səhabələri müxtəlif peşə, yaş, irq və millət baxımından fərqli olsalarda hamısı bir şeydə - mərifət və bəsirətdə müştərək idilər.

Bizim İmam Hüseynin (ə) səhabələrindən alacağımız dərs budur ki: Biz 50 il qabaq yox idik və 50 sonra da olmayacağıq. Bizim istifadə edə biləcəyimiz fürsət ortada olan 50-60 ildir.

Yaşadığımız 60 il ərzində batil bir mühit və cəmiyyətin olduğu kimi, zamanəmizin vəlisi və imamı da var. Biz gərək haqq İmamın əlindən elə yapışaq ki, batil bir mühitdə yaşayıb dolaşdığımız zaman bilsinlər ki, biz həqq İmamın (ə) yavəriyik (batil və zalimlərlə fərqimiz aşkar sezilsin) çünki, İmam Hüseynin (ə) zamanında olduğu kimi indi də həqq və batil tərəf var.

Harada olduğumuz və yaşamağımız əhəmiyyət daşımır, mühüm budur ki, birdən həyatımızda İmam Zamanımızla (ə) qarşılaşsaq başımızı qaldırıb düzgün salam verək. O zaman başımızı qaldırıb düzgün salam edə bilərik ki, deyək: "Ağa, mən yaşadığım məkan və mühitdə bir neçə nəfərin əlindən tutub Sizi ona tanıtdım".

Onda Peyğəmbərin (s) bu duası halımıza şamil olar: "Allah mərhəmət etsin o şəxsə ki, haradan gəldiyini, harada olduğunu və hara gedəcəyini bilir!"



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930