Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » İnsanın unudulmuş mahiyyəti

İnsanın unudulmuş mahiyyəti

İnsanın unudulmuş mahiyyəti
İnsanların çoxu gündəlik müşahidə etdikləri şeylərə adət edərək bəzi görmədikləri və yaxud görəməyə qadir olmadıqları şeylərə əhəmiyyət vermirlər. İnsanın cism və ruhu bu hadisənin bariz nümunəsidir. Bizlərin maddi həyatında mühüm rol oynayan bizim cismimiz və onda tərkib tapmış bütün bədən üzvlərimizdir. Buna görə də elə düşünür ki, cismimiz bizim gələcək ümidlərimizin yeganə vasitə alətidir. Ruhumuz isə sadəcə olaraq cismi hərəkətə gətirərək onu həyatda saxlamaq üçün yaradılmış bir varlıqdır. Nəticədə insan həyatında cism böyük rol oynayır. Hər nə olursa olsun bədən sağlam qalmalıdır.
Şəriətdə haram və günah sayılan şeylər əgər bədənin sağlamlığına faydası olarsa, yuxarıda qeyd olunan düşüncədə olan insanlar məhz bu yolda qadağan olmuş şeylərdən istifadə etməyi özlərinə vacib bilirlər. Bu bir həqiqətdir ki, şəriətdə haram olan şeylərin bəzisi hazırda sağlamlıq üçün çox yararlıdır. Əgər belədirsə bəs nəyə görə sağlamlığa səbəb olan bəzi şeylər İslam şəriətində qadağan olmuşdur? Başqa bir tərəfdən isə görürük ki, İmam Sadiq (ə) belə bir düşüncənin qarşısında belə buyurur:
“Haram şeydə şəfa olmaz”.
Bu necə ola bilər? Elm isbat edib ki, İslamda bəzi haram sayılan şeylər bir çox dərdin dərmanıdır. Burada diqqət etmək lazımdır ki, elm və din ziddiyyətə məruz qalmayıb. İslam nöqteyi nəzərində insan deyərkən onun cism və ruhu eyni zamanda nəzərdə tutulub. Haram olan şeylər sağlamlığa bir faydası ola bilməz deyərkən, mümkündür cismə faydası olsun, Ancaq ruhun sağlamlığı üçün çox təhlükəli ola bilər. Unutmayaq ki, Ateizm və Empirizm görüşlü insanlar insanı yalnız cismi ilə təsəvvür etmişlər. Və onların nəzərində təcrübə əsasında reallaşmayan şeylər puç sayılır. Beləliklə, insanı cismdən təşkil tapmış və danışan bir heyvan kimi tərif ediblər. Halbuki İslam insanın cism və ruhdan təşkil olunduğunu söyləyib. Və onların ən önəmlisi isə onun ruhu olduğunu demişdir. Çünki, insan Allah-taalanın öz ruhundan yaranmışdır. Necə ki, Qurani-Kərimdə insan yaranışı barədə söz açılarkən onun torpaqdan yaradılması barədə danışıldıqdan sonra belə buyurulub:
“Ona öz ruhumdan üfürdüm”. (Sad surəsi, ayə 72.)
Buradan məlum olur ki, insan nəinki başqa məxluqatdan ancaq danışmağı ilə fərqlənmişdir, bəlkə onun ruhudur ki, insana şərəf və izzət bağışlayıb. Çünki, insan yeganə məxluqdur ki, uca Allahın ruhundan yaranmış və bununla da Allah-taalaya ən yaxın məxluqdur. Buna görə də insan həyatında mühüm olan şey onun ruhudur, cismi deyil. Amma insanların bir çoxu bəlkədə əksəriyyəti ruhu unudub əslində ona qulluq etmək əvəzinə daima cismin qulluğundadır. Halbuki əgər cism ruha qulluq etməmək şərtilə hər yolla olursa olsun bəslənərsə, Allah-taala yanında heç bir dəyəri olmayacaq. Çünki Allah-taalanın ruhundan yaranmış insan ruhu elə sonunda da ona tərəf qayıdacaq. Bu haqda Qurani-Kərimdə belə buyurulub:
“Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” (Bəqərə surəsi, ayə 156)
Buna görədə bütün insanlar bilməlidilər ki, insan həyatında mühüm rol oynayan onun ruhudur. Çünki Allah-taalanın ruhundan yaranmış insan ruhu elə sonunda da ona tərəf qayıdacaqdır.
Əlbəttə gərək unutmayaq ki, İslam bədən və cismə qarşı da biganə yanaşmamışdır. Və onu qoruyub sağlam bəsləmək barədə bir çox tövsiyələr etmişdir. Çünki, cism sağlam bəslənməsə ruh da bir o qədər təkamül mərhələsində nöqsanlarla üzləşəcək. Cismi faydalı güclü qidalarla bəsləmək barədə İmam Rza (ə) belə buyurub:
“Allah-taala faydalı yemək və içməkləri halal edərək zərərli şeyləri haram etmişdir. Və cism və bədənə faydalı və güc verən şeyləri isə halal buyurmuşdur. Və cism və bədəni zəiflədən və məhv edən hər bir şey də haramdır.”
Demak olar ki, insan həyatında ruh böyük rol oynadığı üçün cismi ruhun qulluğu üçün sağlam bəsləmək zəruridir. Buna görə də İslam ruh və cismi eyni zamanda sağlam bəslənməsini tövsiyə edibdir.
Hər bir insan üçün Allah-taala müəyyən vaxt təyin etmişdir. O təyin olunmuş vaxt yetişdikdə ölüm mələyi onun ruhunu bədənindən ayıraraq layiq olduğu məkana yönəldəcəkdir. Deməli ölümlə həyat bitmir, bəlkə ölümdən sonra həyat davam edəcəkdir. Ölümdən sonrakı həyatın necəliyi insanın bu dünyadakı əməllərinə bağlıdır. Bu barədə Qurani-Kərim belə buyurur:
“(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”” (Səcdə surəsi, ayə 11.)
“Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!”” (Fəcr surəsi, ayə 28-30)
Bir məsələni burada izah etmək yerinə düşərdi. Oda budu ki, dini kitablarda məxsusən ürfan kitablarında bəzi vaxtlar nəfs və qəlbdən də söz açılır. Həqiqət burdur ki, nəfs və qəlb elə ruh deməkdir. Nə qədər ki, insanın qəlbi (nəfs və yaxud ruhu) rəzil sifətlərlə çirklənməyib Allah-taala yanında o , ən şərəfli və üzü ağ olanlardandır. Bu haqda Qurani-Kərimdə belə buyurulur:
“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (Şüara surəsi, ayə 88-89.)
Buradan məlum olur ki, nə cism, nə bədən, nə mal-dövlət və nə də insanın zahiri gözəlliyi onun təkamül məqamında əsas rol oynayır. Bəlkə sağlam ruhdur ki, sağlam əməllərin vasitəsi ilə paklanıb deyilən məqama yüksələr. Necə ki, İslam peyğəmbəri (s) bir hədisdə belə buyurur:
“Allah-taala sizlərin çöhrə (zahiri gözəllik) və mal-dövlətinizə baxmaz, bəlkə sizlərin qəlb və əməllərinizə baxar.”
Deməli, bir çox insanın həyatında unudulmuş şey, onların ruhunun təkamülü və inkişafıdır. Dünyanın zahiri gözəlliyi onları ancaq cismlərini və cismlərinin zahirini bəzəməyə vadar etmişdir. Halbuki həmin ruh Allah-taaladan yaranıb və ruh olaraq , onada qayıdacaqdır. Və bu dünyada ruhun inkişafından (saleh əməllər yerinə yetirməkdən) qəflətdə olanlar qayıdış mərhələsində xəsarət çəkənlərdən olacaqdır. Çünki insanlar əməllərinin girovundadırlar. Hər kəs hansı əməlin sahibi olarsa, dərəcə və məqamıda elə o əmələ uyğun olacaqdır. Başqa sözlə desək cənnət və cəhənnəmə getmək insanın dünyadakı etdiyi əmələ bağlıdır. Nə qədər sağlam və saleh əməllər üstün olarsa, ruh da bir o qədər paklaşaraq yüksək məqama ucalar. Nəticədə isə qiyamət günündə mühasibə zamanı əməl dəftəri sag əlinə verilənlərdən olacaqdır. Elə bunun özü insan yaranışının hədəflərindəndir ki, heç bir insan unutmamalıdır.
Mənbələr:
1.Qurani-Kərim.
2. Biharül-ənvar, c 12, Məhəmmədtəqi Məclisi.
3.İnsanın İnsanla təfsiri, Ayətullah Cəvadi Amuli.
4.Müfrədatu-əlfazül-Quran, cild.4, Hüseyin ibni məhəmməd Rağib İsfəhani
5. Əlfiqhül-mənsub ilal-İmamir-Riza (ə), İmam Rzaya (ə) aid olan fiqh.


Mahir Məmmədov

/islammektebi.org/
Müəllif: Admin | 21-04-2016, 12:57
Baxılıb: 162
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.