TƏQVANIN HAQQI
Mьəllif: admin1
Tarix: 24-07-2015, 10:04
TƏQVANIN HAQQI

İmam Əli (ə) buyurmuşdur:

مافاتَ الْيَوْمَ مِنَ الرِّزْقِ رُجِىَ غَداً زيا دَتُهُ، وَ ما فاتَ امْسِ مِنَ الْعُمُرِ لَمْ يُرْجَ الْيَوْمَ رَجْعَتُهُ. الرَّجاءُ مَعَ الْجائى وَ الْيَأْسُ مَعَ الْماضى، فَ«اتَّقُوا اللَّهَ حَقَّ تُقاتِه‏ وَ لاتَمُوتُنَّ الّا وَ انْتُمْ مُسْلِمُونَ»؛

“Bu günün ruzisi fövtə getsə də, sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin isə bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə, ümidsizlik isə keçmişdədir. Belə isə, (Qurani-Kərimin “Ali-İmran” surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) “Allahdan layiqincə qorxun (təqvalı olun və təqvanın haqqını gözləyin). Müsəlman olmamış ölməyin.”

(“Nəhcül-bəlağə”, xütbə 114.)



ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) bu hədisin birinci hissəsində ictimai gərginliklərdən birinə toxunur. Belə ki, insan əldən çıxan və qaytarılması mümkün olan maddi imkanlara təəssüfləndiyi halda, geri qaytarılması mümkün olmayan ömür sərmayəsinin fövtə getməsinə isə təəssüflənmir. Əslində, əqli normalara əsasən, insan keçmişə və geri qaytarılması mümkün olmayanlara təəssüflənməli, keçmişdən ibrət almalı, qalan ömrünün qədrini bilməli və bacardıqca axirətə azuqə yığmalıdır.

İmam Əli (ə) öz kəlamını sübut etmək üçün “Ali-İmran” surəsinin 102-ci ayəsinə əsaslanır və insanlara təqvalı olmağı, Allahdan layiqincə qorxmağı və müsəlman kimi ölməyi tövsiyə edir.

Sual: İmamın (ə) tilavət etdiyi ayədə buyurulur ki, Allahdan layiqincə qorxun və təqvanın haqqını gözləyin. Allahdan layiqincə qorxmağın, başqa sözlə, təqvanın haqqı nədir?

Cavab: Bununla bağlı təfsir alimləri arasında fikirayrılığı olsa da, həqiqət budur ki, “təqvanın haqqı” təqvanın yüksək dərəcələrindən biridir. İmam Sadiqdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

انْ يُطاعَ فَلا يُعْصى‏ وَ يُذْكَرَ فَلا يُنْسى‏ وَ يُشْكَرَ فَلا يُكْفَرْ؛

“Allaha itaət edin və heç vaxt Ona asi olmayın. Daim Onu yad edin və unutmayın. Onun nemətlərinə şükür edin və nankor olmayın.” (“Məcməül-bəyan”, 1-ci cild, səh. 482.)

Bu hədisdə “təqvanın haqqı” ilə bağlı üç incəlik aşılanır ki, onların ən önəmlisi Allahı yad etməkdir. Allahın yadı bir çox əxlaqi səciyyələrin qaynağıdır və nəfsin tərbiyəsinə səbəb olur. Şübhəsiz, Allahın adı və yadının itaətlə və hətta təqvanın ilahi mərifətlə sıx əlaqəsi var; insanın nə qədər ilahi mərifəti və ilahi zikri artarsa, təqvası da bir o qədər artacaqdır.

Demək, təqva ilahi mərifət ağacının meyvəsidir. Doğrudan da, insan Allahın ona şah damarından da yaxın olduğuna, hər yerdə onunla birgə və onun əməllərinə nəzarət etdiyinə, düşüncələrindən xəbərdar olduğuna inanarsa, xəta və günahdan uzaq olar. Əgər insan, izzət və zillətin Onun əlində olduğuna yəqin edərsə, izzət və zillətini heç vaxt başqaları ilə əlaqələndirməz.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930