Rəhbərlik əxlaqı, iqtisadi, ictimai, sinfi əxlaq – əxlaqın tanınmayan tərəfləri
Mьəllif: admin1
Tarix: 16-02-2019, 10:38
Rəhbərlik əxlaqı, iqtisadi, ictimai, sinfi əxlaq – əxlaqın tanınmayan tərəfləri
İslam əxlaqının çox geniş dairəsi vardır ki, onların bəzisi çox da tanınmamışdır. Əxlaqın məhz bu sahələri ilə tanış olaq.

Rəhbərlik əxlaqı.

Müdir və rəhbərlərin ən çox etdikləri səhvlər ona görə baş verir ki, müdir tabeliyində olan insanları istedad və təcrübələrinə əsasən seçmək əvəzinə, şəxsi yaxınlıq və əlaqələrinə görə seçər. Bu zaman onların arasındakı rabitələrdə naqisliklər yaranar.

Bu bəlanı şeytanın (lən) tələlərindən biri hesab edirlər. Vəzifəli şəxslərin çoxlarının tabeliklərində əsas etibarilə yaxınlarının və qohumlarının olduğu üçün, onlar gerçəkliyi və həqiqətləri görməkdən kor və kar olurlar.

Nəticədə müdirlər, həmin şəxslərin nöqsanlarını görməz və kamal sifətlərini isə həddən artıq şişirdərlər. Bəzən iş o yerə gəlib çatır ki, onların nöqsanlarını kamal sifətləri kimi görməyə başlayarlar.

Əmirəl-möminin (ə) buyurur: “4 şey dövlətlərin məhv olmasına səbəb olar:

1 və 2. Üsulid-dini kənara qoyub, füruid-dinlə məşğul olmaq.

3 və 4. Alçaq insanları irəli itələmək və fəzilət sahiblərini geridə saxlamaq”.

Yəni, rəhbər elə olmalıdır ki, mühüm mövzularda ikinci dərəcəli deyil, məhz birinci dərəcələri çətinlikləri aradan qaldırmağa çalışmalıdır.

Bununla yanaşı, rəhbərlik edən şəxs öz yaxınlarından və qohumlarından olan mənəviyyatsız və təcrübəsiz insanları işə almaq və tərifləmək yerinə, fəzilət sahiblərinə üstünlük verməlidir. Ancaq bu zaman irəli gedə və tərəqqi edə bilər və öz şəxsi tərəqqisi ilə cəmiyyətin inkişafına öz töhfəsini vermis olar.

Bununla yanaşı, əgər insan fəzilət əhlidirsə, onun təcrübəsi və həmin sahəyə aid elmi də olmalıdır. Bütün bunlar tədqiq edildikdən sonra, həmin şəxs işə qəbul edilməlidir.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, elə bir şəxsi işçi və ya müdir təyin edər, o halda ki, müsəlmanların arasında bu işə daha layiq, Qurana və sünnətə daha agah birinin olduğunu bilər – belə bir vəziyyətdə Allaha, Rəsuluna (s) və bütün möminlərə xəyanət etmiş olar”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, əgər müdir və ya işçi seçirsənsə, bilməlisən ki, həmin şəxsin bu işə ləyaqəti vardır və eyni zamanda Qurana və sünnətə agahdır.

Həzrət Peyğəmbər (s) bu yolla müdirin malik olmalı sifətlərini sadalayır. Bizə xəbərdarlıq edir ki, əgər belə bir insan ola-ola, başqa birini müdir seçərsinizsə - o zaman bütün İslam aləminə xəyanət etmiş olarsınız.

Xəyanət isə kəbirə günahlardan biridir.

Əmirəl-möminin (ə) buyurur: “Həqiqətən, Allah haqq rəhbərlərinə vacib etmişdir ki, özlərini zəif insanlarla eyni həddə salsınlar. Ona görə ki, yoxsulların əllərinin boş olması onları həyəcan və üsyana çəkməsin”.

Bu hədisdən belə nəticələr çıxartmaq olar:

1. Müdir və rəhbər – üzərinə böyük məsuliyyət alan bir şəxsdir ki, bu məsuliyyətin ağırlığını hiss etməlidir.

2. Müdir – haqq rəhbəri olmalıdır. Yəni, Allahını, Peyğəmbərini (s), dinini tanıyan bir şəxs olmalıdır.

3. Özünü yoxsullarla eyni səviyyəyə salmaq dedikdə, sadə yaşamaq nəzərdə tutulur. Yəni, yeməyindən tutmuş, geyiminə qədər səmimi olaraq özünü yoxsullara bərabər tutmalıdır. Necə ki, Məsumlarımız (ə) bu cür olmuşdular.

4. Yoxsullar öz rəhbərlərini bu halda görən zaman, öz kasıb həyatları onlara ağır gəlməz və belə bir yaşayışa görə üsyan etməzlər.

Beləliklə deyə bilərik ki, əxlaqın müxtəlif sahələri vardır ki, onlardan biri də müdirlik və rəhbərlik əxlaqıdır. Hər kim bu əxlaqa riayət edərsə, o zaman irəli gedər və tərəqqi edə bilər.

İqtisadi əxlaq.

İslam dininin nəzərinə görə, iqtisadiyyat – ictimai həyatın ən əhəmiyyətli sahələrindən biridir. Dinimiz müsəlmanları bir-birinin işlərini islah etməyə və bir-birinə yardım etməyə vəzifələndirmişdir.

Zənginlərə buyurmuşdur ki, yoxsulların əlindən tutsunlar. O kəslər ki, bu əxlaqi vəzifədən boyun qaçırdarlar – iqtisadi balansı təhlükə altına salarlar. Ona görə də Allah bu cür insanları kəskin şəkildə tənqid və məzəmmət edir.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, səhəri edər və niyyəti müsəlmanların işini islah etmək olmazsa – müsəlman deyildir. O kəs ki, yardıma çağıran müsəlmanın səsini eşidər və ona yardım üçün tələsməzsə – müsəlman deyildir”.

Səmaə nəql edir ki, İmam Sadiqə (ə) belə bir sual verdim: “Bir dəstə insan toxdur və öz xərclərindən əlavə olan sərvətləri toplayıb, yığırlar. Halbuki, müsəlman qardaşlar kəskin şəkildə möhtacdırlar və zəkat belə, onlara kifayət etmir. Məgər rəvadırmı ki, onlar tox olsunlar, halbuki, müsəlman qardaşları bu ağır ruzigarda ac qalsınlar?”.

İmam (ə) buyurdu: “Müsəlman, müsəlmanın qardaşıdır. Gərək ona zülm etməsin. Gərək onu tək qoymasın və xar etməsin. Gərək onu məhrum etməsin.

Bu səbəbdən müsəlmanlara lazımdır ki, qardaşcasına və bərabər halda səy göstərsinlər. Bir-birinə yardım və köməkdə, hacət sahiblərinin hacətini yerinə yetirməkdə səy göstərsinlər. Allahın əmrində olduğu kimi, bir-birinə qarşı mehriban və bağışlayan olsunlar”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman bizim davamçılarımızdan biri başqa müsəlmanın yanına gedər və ondan hacəti üçün yardım istəyər və o da qüdrəti olduğu halda, yardım etməzsə – Allah da onu, hacətlərin qəzasına görə bizim düşmənlərimizə giriftar edər ki, bu işinə görə Qiyamət günü ona əzab versin”.

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Əgər mömin, mömin qardaşının ehtiyacı olan şeyi ki, özündən və ya başqalarından ona çatdıra bilər, məhrum edərsə – Allah onu Qiyamət günü qara üzlə, tərs çönmüş gözlərlə, boynundan asılan əlləri ilə həbs edər və elan olunar ki, bu, həmin xaindir ki, Allaha və Rəsuluna (s) xəyanət etmişdir. Sonra əmr olunar ki, onu atəşə atsınlar”.

İmam Sadiq (ə) buyurur: “O kəsin ki, evi olar və mömini orada sakin olmaqdan möhtac qoyar, Allah buyurar: “Ey mələklərim! Mənim bu bəndəm dünyada başqa bəndəmə məskən verməkdən simiclik etmişdir. İzzətimə and içirəm ki, heç bir zaman behiştimdə sakin olmayacaqdır””.

Bu kimi hədislər bizləri iqtisadi əxlaqın qayda-qanunları ilə tanış edir və buyurur ki, əgər müsəlmansansa, əgər Əhli-Beyt (ə) davamçısısansa – ətrafında olan mömin qardaşlarına qarşı laqeyd olmamalısan.

Onların iqtisadi çatışmazlıqlarına görə sən məsuliyyət daşıyırsan. Əgər imkanın var və onlara yardım etmirsənsə, bu əməl səni dindən çıxarda bilər və Allah yanında mənfur edə bilər.

Ona görə də hər bir müsəlman gərək başqa müsəlmanın əlindən tutsun və bacardığı qədər hacətlərini yerinə yetirsin.

İctimai həyatın əxlaqı.

İctimai əxlaqda insanların bir-biri ilə olan rabitəsi tədqiq olunar.

Belə bir sual verilir ki, insanın cəmiyyətdə yaşaması məcburidirmi?

Alimlərin bəzisi bu fikirdədir ki, ictimai həyat – məcburi bir mövzudur. Yəni, ictimai həyat – bir insan üçün təbii zərurətlərdəndir. Lakin belə bir əqidə İslam əqidəsi ilə uyğun gəlmir.

Dinimiz buyurur ki, hər bir insan cəmiyyətdə yaşayıb-yaşamamasına görə ixtiyar sahibidir, azaddır. Çünki hər bir insan müstəqil bir varlıqdır. Müstəqil ruhu vardır, iradəsi vardır, fikri vardır, maarifi vardır. İstəsə – insanlarla bir yerdə yaşayar, istəməsə – yaşamaz.

İnsanın ictimai həyat sürməsinə səbəb olan amilləri tanıyaq.

1. İnsanın ağlı. Aqil insan öz ağlı ilə dərk edə bilir ki, öz ehtiyaclarını təmin etmək üçün – istər maddi olsun, istərsə də mənəvi – gərək cəmiyyət içində yaşasın. Yəni, başqaları ona yardım etsin və o da başqalarına yardım etsin.

2. Təbii meyil. Bu hiss insanı məcbur edər ki, əks cinsə tərəf meyil etsin. Onunla ailə qurub, övlad sahibi olsun. Bunun üçün də həmin şəxsin cəmiyyətdə yaşaması lazımlıdır.

Ola bilsin ki, insanın bəzən inzivaya çəkilməsi onun üçün faydalı olsun. Misal üçün, Kəhf səhabələri kimi. Ancaq ən çox hallarda insanın cəmiyyət içində yaşaması ona fayda və mənfəət gətirər. Kamala doğru irəliləməsində yardımçı olar.

Beləliklə, deyə bilərik ki, insanın ictimai əxlaqı o zaman düzgün formalaşır ki, o, öz ağlının rəhbərliyi ilə yaşayır, hiss və meyillərin dominantlığı ilə deyil. Ağlı isə ona deyir ki, cəmiyyət içində yaşamaq və bir-birinə yardım edib, bir-biri ilə rabitə qurmaq – onu insan kimi yaşada bilər.

Çünki fərdi yaşayış hər insanın qüdrətində deyildir. Hər kəsin tək halda öz ehtiyaclarını təmin edib, dinimizin buyurduğu kimi yaşaması – çox çətin bir işdir. Odur ki, insan, digər insanlara ehtiyaclıdır.

Amma digər insanlarla birgəyaşayış o deməkdir ki, onların haqlarına hörmətlə yanaşmalı, toplumun digər üzvlərinin hüquqlarını pozmamalıdır.

Siyasi əxlaq.

İslam siyasəti – xüsusi siyasətdir. Dinimizin Qərb məfkurəsi ilə fərqi ondadır ki, dinimiz siyasətlə dinin vəhdətdə olmasının tərəfdarıdır. İslam siyasətində əxlaq nəinki siyasətdən ayrı deyildir, əslində İslami siyasət – əxlaq fəlsəfəsi üzərində qurulmuşdur.

Qərb doktrinasına görə, siyasət – qüdrət əldə etmək üçün vasitədir. Qüdrət – məhvedəndir. Mütləq qüdrət, mütləq fəsad gətirər. Tarixin hegemonları ki, mala, qüdrətə və sərvətə malik olmuşdular – ədalət üçün yer qoymamışdılar. Hər nəyi görürdülərsə, öz mülkləri edirdilər.

Bu səbəbdən deyə bilərik ki, qüdrət niyyəti – öz-özlüyündə xəbis bir yanaşmadır. Ancaq İslam dininin siyasəti qüdrət əldə etməyə qulluq etmir. İslam siyasətinin əsil hədəfi – cəmiyyətdə haqqı və ədaləti bərpa etməkdir. Zülmü aradan aparıb, insanlara xidmət etməkdir. Onları kamal sifətləri ilə tanış etməkdir. Ona görə də İslamın modelində siyasətçi heç bir zaman həris və tamahkar olmamalı və özünü bu kimi çirkin sifətlərə bulaşdırmamalıdır.

İmam Sadiq (ə) buyurur: “Allah, mömin şəxsin işlərini özünə tapşırmışdır. Necə meyil etsə, o cür əməl etsin. Ancaq ona icazə verməmişdir ki, özünü zəlil etsin və öz xarlıq və alçaqlığı üçün zəminələr hazır etsin”.

İslam siyasətinin nəzərinə görə, hədəfə çatmaq üçün insan hər necə gəldi vasitədən istifadə edə bilməz. Bu sahədə azad deyildir. Onun vəzifə və məsuliyyətləri vardır.

İslam siyasəti əxlaqi mövzuları önə çəkir və buyurur ki, hədəfə çatmaq üçün əxlaqa riayət etməyiniz vacibdir. Bu yolda hərislik, tamah, paxıllıq, yalan, fırıldaq kimi rəzil sifətləri kənara qoymaq lazımdır.

Siyasət insanın şərəfinə qulluq etməlidir, onu zəlil və xar etməməlidir.

Bu yolda əziz Peyğəmbərimizin (s) mübarək varlığı hamımız üçün örnək və nümunə olmalıdır. O Həzrət (s), şahlar və imperatorlar kimi öz dövlətini sərtlik və barışmazlıq sayəsində qura bilərdi. Ancaq belə etmədi. Onun bu yoldakı əsil hədəfi – vəhdət, qardaşlıq, ədalət, xeyirxahlıq olmuşdur. Bu da İslam siyasətinin məkarim əxlaqını nümayiş etdirir.

Sinfi əxlaq.

Hər bir müsəlman öz rəftar və əməllərinə görə cavabdehdir. Ona görə də bu əməlləri dinimizin, Allahın, əhkamın buyurduqlarına uyğun yerinə yetirilməlidir.

Cəmiyyət öz ailə, iqtisadi və elmi səviyyəsinə görə bəzi sinif və təbəqələrə bölünür. Belə ki, tələbə ali məktəbə daxil olur və təhsil almaq istəyir. Həyatının hər bir anını təhsil almağa sərf etmək istəyir. İstəyir ki, həm elmi və həm də əməli cəhətdən inkişaf etsin.

Bu tələbə həm özünün və həm də cəmiyyətin ondan olan gözləntilərinə görə ümumi insanların əxlaqına riayət etməklə yanaşı, gərək təhsilli insanların əxlaqına da riayət etsin. Yəni, malik olduğu təbəqənin əxlaqına riayət etməlidir.

Eyni zamanda bu qanun həkimlərə, müdirlərə, siyasətçilərə, iqtisadiyyatçılara, ictimai aləmdə məşhur olan insanlara və digərlərə aiddir ki, hər birinin özünəməxsus riayət etməli olduğu əxlaq qanunları vardır.

O kəs ki, dindən və dindarlıqdan bəhs edir və özünü dindar kimi nümayiş etdirir – gərək bu əxlaqın çərçivəsindən çıxmasın. Öz əxlaq və əməlləri dinin buyurduqlarına uyğun olsun.

Belə olan halda hər kəs öz əqidəsinə uyğun yaşayar və ona müvafiq əxlaq nümayiş etdirər.


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930