İmam Həsən Əskəridən (ə) həyəcan təbili
Mьəllif: admin1
Tarix: 27-12-2017, 10:36
İmam Həsən Əskəridən (ə) həyəcan təbili

"Şirk insanlar arasında zülmət gecədə qara örtük üzərindəki qarışqanın tərpənişindən də gizlidir."
Hicrətin 232-ci ilinin Rəbius-sani ayının 8-də on birinci imamımız Həzrət İmam Həsən Əskəri ağanın mübarək mövlud günüdür. Bu münasibətlə İmam Zaman ağanı, bütün əhlibeytsevərləri təbrik edirik.

İmam Həsən Əskəri ağanın səadətli təvəllüd günü münasibətiylə Həzrətdən (ə) nəql edilən mühim bir hədisi qeyd etmək istərdik. Məlumdur ki, bizim məsumlardan (ə) nəql edilən bütün hədislərə ehtiyacımız var. Bu hədisləri gərək öz həyatımızda riayət edək. Amma hədislər içərisində elə ədislər var ki, xüsusi bir nöqtəyə işarə eləmir, insanın bütöv bir həyatını, həyatın müxtəlif sahələrini əhatə edir. Bu hədislərdən birində Həzrət imam insanları şirkdən çəkindirərək buyurur: "Şirk insanlar arasında zülmət gecədə qara örtük üzərindəki qarışqanın tərpənişindən də gizlidir." Bu yerdə sual oluna bilər ki, nə üçün bir yandan imamlar (ə) zamanında tövhidin, İslam dininin geniş yayıldığını tarixdə qeyd edirlər, digər tərəfdən imam nə üçün bu cür buyurur? Axı, ümmət içində baş qaldıran haqsızlıqlar, xudbinlik, təkəbbürlük, müxtəlif qəlb mərəzləri olduğu halda nə üçün imam aradan getmiş şirk, bütpərəstlik məsələlərinə toxunur.

İmam Həsən Əskəri ağa imamlar arasında ən az yaşamış imamdır. Hicri 260-cı ilə qədər, yəni cəmisi 28 il yaşamışdır. Amma elə bir hədis buyurur ki, insanın həyatının bütün mərhələlərində, cavanlığında, qocalığında, hətta ölüm ayağında belə onun dərdinə dəyəcək bir həddədir. Əslində Həzrət İmam burada şirkin aşkar növündən danışmır. Burada Allaha bütpərəst olmaqla şərik qoşmaqdan söhbət getmir. Burada söhbət gizli şirkdən gedir. Gizli şirk odur ki, insan bir işi əncam verərkən, bir anlıq qəflətə düşür və Allahı unudur. Nəticədə həmin iş Allah üçün deyil, Allahdan qeyrisi üçün edilmiş olur. Həqiqətən də bu məsələ günümüzdə daim öz təravətini qoruyub saxlayan məsələdir. Bu elə bir xəstəlikdir ki, hətta gününün yarısından çoxunu ibadətlə keçirən şəxs belə bu mərəzdən mümkündür əziyyət çəksin. Bu işin gizli şirk hesab edilməsi ona görədir ki, bu şirkdən heç kim xəbər tutmaz. Hətta çox zaman şirkin bu növünün sadir olduğu şəxs belə bunun fərqində olmur. Bir də ayılır ki, Allahı unudub, çox böyük günaha mürtəkib olub. Bütün günahların, nalayiq əməllərin kökündə əslində elə bu məsələ durub, yəni Allahdan qafil olmaq və Allahdan qeyrisini, Ondan qabağa salmaq.

Müasir dünyamız da bu mərəzdən sığortalanmayıb. Əsrlər keçməsinə baxmayaraq bu nurani hədisi hər zaman təkrarlamalıyıq. Hətta həyatımızın şüarına çevirməliyik bu hədisi. İmam şirk mərəzindən danışarkən elə bu mərəzin əlacını da həmin hədisdə göstərib, sadəcə məzkur şəklində deyil, elə məxfi şəkildə. İmam tapşırır ki, nə qədər bu mərəz gizli olsa da, siz daim əməllərinizi təftiş edin və mütləq bu gizliliyi hiss edəcəksiniz.

Dini terminologiyada bu mərəzin adı riyadır. Cəmiyyətdə riyakarlıq günü-gündən artır. Çox zaman görürsən ki, insan riyadan uzaq olmaq üçün bütün imkanlara sahibdir. Əlbəttə, ilk baxışdan belə görünür. Məsələnin dərinliyinə getdikdə görürsən ki, əslində riyanı darmadağın edən qüvvə ixlasdır.

O, isə ixlasa sahib olmadığı üçün riyaya düçar olur. Amma əziz imamlarımız bizi daim ixlaslı olmağa səsləyib. Hətta, İmam Həsən Əskəri (ə) zəmanəsinin zalım höküməti tərəfindən həbsə salındıqda, zalım başçı tərəfindən ən daşqəlbli insanlar zindanda məmur təyin edilsələr də, onlar İmam Həsən Əskəri ağanın əxlaqından, zöhdündən ibrət alıblar, birdən-birə həyatları dəyişib.

Belə bir çətin şəraitdə, zalım rejimin soyuq zindan divarları arasında belə Allahı unutmamaq, riyadan uzaq olmaq, ixlas əhlinə çevrilməyi imamlarımız bizə miras qoyub. O iki daşqəlbli məmurdan insan düzəldən qüvvə İmamın ixlası və ixlas üzərində qurulan gözəl əməlləri olub.

Necə ki, İmam Sadiq (ə) buyurur ki, bizim üçün dillərinizdən başqa bir şeylə dəvətçi olun. Yəni Allah yoluna təkcə dilinizlə deyil, əməlinizlə dəvət edin. "Dillərinizdən başqa bir şeydən" məqsəd ancaq əməl ola bilər.

Əslində, əməllə dəvət olmasa dillə edilən dəvətin nəinki faydası yoxdur, üstəlik zərərləri müşahidə ediləcək dərəcədə barizdir. Nurani hədisdə şiələrə müraciət edilib. Hər iki imam həyəcan təbili çalıb. İxlas, Allah üçün olmaq, Allahda olmaq və ixlas üzərində doğru-dürüst əməllər etmək.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930