Sən dəyərlisən...
Mьəllif: admin1
Tarix: 8-09-2016, 23:08
Sən dəyərlisən...

Görəsən, dünyada bundan daha dəyərli cümlə varmıdır? Hətta qarşındakının dəyərsiz olduğu halda, hətta qarşındakının bu müraciətə layiq olmadığı halda, “Sən dəyərlisən” deyilərək, onun dəyərli olduğunu yada salınanda. Hətta fikrində günah etmək olan insanın da qəlbinə İlahi kövrəklik gələr. Kiminsə dəyərini yada salmaq, özünə xatırlatmaq – o insanı ali mərtəbəyə aparmaq deməkdir. Bəşər övladı günahdan münəzzəh deyil, Məsumlardan (ə) başqa. Hər bir insanın həyatında bu və ya digər günah olur. Heç kəs lənətlik şeytanın şərindən sığortalanmayıb. Biri kiçik günah edir, digəri böyük. Amma Allaha qarşı günahın nə böyüyü, nə kiçiyi?! Günah, günahdır. Günah – Yaradanı qəzəbləndirməkdir. Günah Rəbbimizin narazılığına səbəb olmaqdır. Amma Rəbbimiz də Səttarul-uyubdur. Çox günahı örtür. Çoxunu açmır, ağartmır. Ona görə yox ki, O, görmür. Ona görə ki, bəndəsini sevir, bir şans daha verir, yıxılanda ayağa qaldırır. Büdrəyəndə yol göstərir...
Onun yaratdığı hər bir şey dəyərlidir. Dəyərlidir. Ona gorə ki, onları O, yaradıb. Onun yaratdığı dəyərsiz ola bilərmi? Bizim bəzən qaşımızdakı insana “Sən dəyərlisən” deməyimiz, onun həyatını bütünlüklə dəyişə bilər. Beş-on dəqiqə bundan əvvəl nəfsinin qulu-qurbanı olan insan dönüb, bir neçə anlıq dünyanın ən təmiz insanı ola bilər...

Gəiln, öz ətrafımızdakı insanlara “Sən dəyərlisən” deyək və qətiyyən çəkinməyək ki, birdən o, bu sözə layiq olmaz. Eybi yox, ola bilər, bu an qarşımızdakı insan bir çox tofiqatların qarşısını öz əməlləri ilə alsın. Ola bilər ki, o, bu an Rəbbi ilə öz arasında olan həya pərdələrini yandırsın. Amma inanaq ki, bizim bu sözümüzdən sonra onun daxilində aliyə doğru bir yüksəliş baş verəcək. Çünki, hər insan özü üçün dəyərlidir və özünə fitrən məhəbbəti var.

Ətrafımızdakılara “Sən dəyərlisən” prizmasından baxsaq, bütün cəmiyyətin də dəyərləri bu ali dəyərlər fonunda daha yüksələr. Pisə pis deməyə nə var ki! Hünərdir ki, pisə “Sən dəyərlisən” deyəsən. Sən balığı at dəryaya, balıq bilməsə də Xalıq bilər. Amma çox vaxtı elə balıq da bilir...

Bizim ona əsil dəyərini xatırlatdığımız insan, ən azı bir neçə saat günah etməkdən həya edər. Kimisə bir neçə saat günahdan ayırmaq, bir bəndə üçün böyük bir tofiqat deyilmi? Və bir bəndənin özünün bir neçə saat şüurlu şəkildə, Allahdan həya edərək, günahdan uzaq olması liyə doğru bir yüksəliş deyilmi? Ola bilər bir neçə saat az görünə bilər, amma Allahla rabitədə bəzən bir anın da dəyəri müstəsnadır. Və çox vaxt ali yüksəlişlər ani olur, bir anın içində olur, bir addımla, bir fikirlə, bir peşmançılıq ilə, bir qərar ilə...

Gəlin ətrafımızdakı insanlara “Sən dəyərlisən” deməkdən çəkinməyək. Bilək ki, bir Allah bəndəsinə Allaha yaxınlaşmaqda vasitəçi oluruq.

Sən dəyərlisən. Bunu bil.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930