“Allah istədiyini zəlalətə salar” - Ayəsindən məqsəd nədir?
Qurani Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur.
Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir. Qurani Kərimin hər kəs üçün aydın olmayan ifadələrindən biri də “Allah istədiyini zəlalətə salar” və ya bu kimi ayələrdir. Nəhl surəsinin 93-cü ayəsində buyrulur: “Əgər Allah istəsəydi, sizi (eyni dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!” İslam alimləri hidayəti iki qismə ayırırlar: ibtidai və qazanılan hidayət. İbtidai hidayət hər bir insanda mövcuddur. Allah Təala hər bir insanı xəlq edib, ona ruh bəxş edərkən, ona ağıl və fitrət (qəlb) adlı iki böyük dəyər bəxş edib. Bu iki dəyərli vasitə ilə insan üçün daima hidayətin yolu açıqdır. Bunlar hər bir insanda vardır, hidayət və Allahı tanıma yolunda ilkin sərmayə olduğu üçün bunlara “ibtidai” hidayət deyilir. İkinci isə “qazanılan” hidayətdir ki, bu da “ibtidai hidayətdən” nəşət tapır və tədricən hər insanda bir cür inkişaf edir. İnsanın hidayəti bu inkişafdan aslıdır. Yəni insan qəlbinin və ağlının dərinliklərində yerləşən Allaha pərəstiş hissini müəyyən əməl, niyyət, qəsd, təfəkkür və bu kimi qüvvələrlə hərəkətə gətirir, nəticədə “qazanılmış hidayət və zəlalət” əldə etmiş olur. Niyə hidayət və zəlalət deyirik? Çünki insan, qeyd etdiyimiz səyləri müqabilində hər zaman doğru istiqamətdə olub ilahi mükafat əldə edə bilmir. Bəzən bunun əksi olaraq cəza ilə üzləşməli olur. Yuxarıda qeyd etdiyimiz ayədəki “hidayət” və “zəlalət” anlayışları məhz bu növ hidayətə aiddir. Allah istədiyinə rəhm edər, istədiyinə cəza verər! Zəlalət, yəni Allah istədiyindən Öz lütf və inayətinin çəkər! Nəhl surəsinin 93-cü ayəsinin təfsirində Əllamə Təbatəbai buyurur: “Ayədən məqsəd budur ki, Mütəal Allah istəsə hamını hidayət və səadət baxımından bir cür xəlq edər. Bəzilərinin hidayət və zəlalətindən məqsəd ibtidai deyil, məcazatidir (yəni mükafat və cəza olaraq qazanılan). İstər günahkar olsun, istər doğru yolda olan, hər kəsdə ibtidai hidayət mövcuddur. Kim istəsə zəlalət yolunu, kimistəsə hidayət yolunu seçə bilər. Həmçinin günah edib peşman olan üçün tövbə yolu bağlı deyildir. Ayənin davamında zikr olunan “Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız!” ifadəsi insanın ixtiyarını əlindən alan şübhələri aradan qaldırır. Çünki insanın ixtiyarı barədə olan şübhələr, peyğəmbərliyin hədəflərini və ixtiyar məsələsini şübhə altına alır. Qeyd olunan sonuncu bu ifadə şübhələri dəf edir və bəyan edir ki, xeyr, sual-cavab (qiyamətdə) və ixtiyar məsələsi mövcuddur. Hidayətin və zəlalətin AllahTəalanın əlində olması sizin (insanın) ixtiyarınızı əlinizdən almır. Qısası, kim istəyərsə günah edər, kim istəyərsə hidayət olar. Mütəal Allah ibtidai hidayəti (ixtiyarı, əqli, daxili pərəstiş hissini) heç kimdən almır. Nə etmək istəsən Allah sənə icazə verər (yəni sənin gücün Allahdandır). Sən nə etsən Allah da onu səndən o şəkildə qəbul edər. “(Təfsir-Mizan.cild-12. Nəhl-93) Qeyd: Mərhum Əllamənin çatdırmaq istədiyi mətləb insanın ixtiyarının əlindən alınmaması məsələsidir ki, bu da bəhs etdiyimiz mətləbin aydın olmasında ən önəmli məsələdir. Həmçinin “Allah, zalim qövmü doğru yola yönəltməz” kimi ayələrdən aydın olur ki, (İbrahim-27) Allah etdiyi zülümlərə görə onlara hidayət nəsib etməz. Oxşar xəbərlər
|