Əlif – lam içində – mim arasında
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:02
Bцlmə: Məqalələr » Maarif
Şifahi xalq ədəbiyyatında Kərbəla faciəsi, eləcə də məsum imamlar haqda söz deyən ustadlar çox olub. Həmən silsilədən olan ustadlar arasında Tufarqanlı Abbasın özünəməxsus yeri olub. Biz çox tədqiqatçılar onu haqlı olaraq haqq aşığı kimi səciyyələndirmişlər. Aşığın yaradıcılığında lirik və aşiqanə əsərlərinə üstünlük verilsə də Əhli-Beytə həsr olunmuş şerlərin xüsusi yeri vardı. Həyatının müxtəlif dövrlərində çətin sınaqlarla üzləşən aşıq öz sevgilisinə qovuşmaq üçün hər cür cəfaya dözmüş, ümidini Allahdan üzməmiş, Peyğəmbər və məsum imamları yada salmış, göz yaşları axıdaraq onları köməyə çağırmışdı. Aşığın yaradıcılığında bu sayaq şerlər çox olmuşdu. Aşağıda onun mövlamız Şahi-Mərdana həsr etdiyi bir şerin məzmununu açıqlayaraq Əhli-Beyt oxucularına çatdırırıq.
Tufarqanlı Abbasın öz dastanında söylənilir ki, sevgilisi Pərixanımın dalınca gedərkən Abbası karvan yolunun üstə qazılmış su quyusuna salırlar...

Həmən quyunu Hacı Yaqub adlı bir şəxs xeyirxahlıq edib savab üçün qazmışdır. Yoldan keçən karvan adamları burda dayanar, su içib dincələr, yol üçün su götürərmiş. Abbas quyuya salındıqdan sonra düşünür ki, burdan çıxmaq asan iş deyil. Ulu Tanrıya üz tutur, Peyğəmbər (s) yadına salır, ağalar-ağası Şahi-Mərdanı köməyə çağırır...
Bu vaxt yuxuda ərənlər Hacı Yaqub kişiyə xəbər verir ki, qazdırdığın quyuya adam düşüb get onu oradan çıxar. Kişi ayılır ki, yuxuda imiş. Təkrar bir də yuxuya gedir. İkinci dəfə ona yenə deyirlər ki, dur get quyunun yanına, ora adam düşüb onu oradan çıxart. Bu dəfə Hacı Yaqub kişi anlayır ki, bu elə-belə yuxu deyil. Nə isə burda bir iş var. Odur ki, yuxudan ayılır. Dəstəmaz alıb yola düşür. Gəlib quyunun başına çatır. Baxır ki, quyunun yanında adam var. Düşünür ki, yəqin yol adamıdı. Karvandan düşüb qalıb. Yaxınlaşıb xəbər alır.
- Oğul, deyirlər quyuya adam düşüb, bəlkə xəbərin ola.
Cavab verir ki,
- Bilmərəm.
Yaqub kişi bir də xəbər alır.
- A bala, quyuya adam düşüb deyirlər. Bəlkə görəsən.
Yenə cavab verir:
- Tanı mənəm.
Bu cavabdan bir şey anlamayan Hacı Yaqub kişi təkrar bir də xəbər alır:
- Ay oğul, bir məni adam kimi başa sal. Deyirlər quyuya adam düşüb. Onu soruşuram, bəlkə biləsən. Bu dəfə Abbas:
- Gör mənəm!- deyib kişinin üzünə baxır.
Hacı Yaqub kişi indi başa düşür ki, quyuya düşən adam hər kimdisə elə bu özüdü. Sevincək xəbər alır.
- Oğul, bəs quyudan necə oldu ki, çıxa bildin. Kim səni çıxartdı. Tufarqanlı Abbas bu dəfə cavab verir ki, məni quyudan ağam çıxartdı. Odur bax orda namaz qılır, deyib əli ilə işarə edir. Hacı Yaqub kişi ətrafa boylanır, lakin heç kəsi görə bilmir. Bu vaxt Abbas Hacı Yaqub kişini ətraflı başa salmaq üçün üzünü mövlasına tutub deyir:
Zəmində giriftar idim, Əkbəri sübhanə bax,
İki aləmin günəşi, şövkət ilə şana bax,
Vəsəlləm qıldı qələmin, girdi donnan-dona bax,
Lök fələkdən tər açıldı, səf çəkdi sitaralar,
Səlli əla Rəsulun əlhəmi Heydara bax.

Bir təşnədə üç səxavət gülqəmdər xuda,
Daş yarıldı, Düldül çıxdı, Hafifdən gəli nida,
Yeddi min yeddi yüz yetmiş pərizada,
Səf çəkib səcdə qılır hüreyi qılmana bax.

Yeddi yerdi, yeddi göydü, yeddi də xaki zəmin,
Ərəb qiblə səmtindən olub belə şahi din.
Müşkülləri həll edən, Tufarqanlı Abbas üçün,
Üç döşərəm xaki payına, həbibim ol Rəhmana bax.
Söz tamam oldu, Abbas baxır ki, namaz bitib və ağa gözlərdən qeyb olub. Odur ki, ağlayaraq deyir:
Kor olasan a, gözlərim,
Ağam burdan hara getdi.
Batini də aşkar görən,
Ağam burdan hara getdi.

Zülfüqarı çəkdi daşa,
Bir cüt bulaq çıxdı qoşa.
Əjdahanı başdan-başa,
İki bölən hara getdi.

İstərəm siri-Xudanı,
Ağam Şahi Mərdanı,
Mən Abbası, beynəvanı,
Ağlar qoyan hara getdi.
Aşığın dastanında bu sayaq şerlər və məqamlar çoxdu. Bu onun haqq aşığı olduğunu bir daha sübut edir. Allahın xüsusi kəraməti bəxş olunmuş adamları, məsum imamları haraya çağıran insanları Allah taala heç vaxt məyus qoymayıb...
Dastanın başqa bir qolunda oxuyuruq ki, Tufaqanlı Abbas Pəri xanımın dalınca gəzə-gəzə gəlib bir məclisə çatır. Onu aşıq kimi məclisə dəvət edirlər. Bu vaxt məclisdə yemək paylanılır. Süfrəyə bol yeməklər düzülür. Aşığın qarşısında isə ağız-ağıza çevrilmiş iki qab qoyulur. Üz tuturlar ki, əgər sən haqq aşığısan əvvəlcə söylə görək bu qabın içindəki nədir və onu sənə kim göndərib. Abbas qalır məəttəl nə desin, nə cavab versin. Bütün məclis əhli tamaşa eyləyir ki, bu işin axırı nə ilə qurtaracaq. Bu vaxt haqdan səda gəlir və Tufarqanlı Abbas cavab verir.
Əlif, lam içində mim arasında,
Göndərdi yar bizə bir cəviz indi...
Qurani-Kərimin «Bəqərə» surəsinin birinci ayəsi olan bu hərflərin daşıdığı məna hələlik tam mənası ilə məlum deyildir. Aşıq Qurandan bağı olan bu ayəni yada salmaqla xatırladır ki, bu ayənin mənası sirr olaraq qaldığı kimi bu ağız-ağıza çevrilmiş qabın içərisindəkinin nə olduğu və bu qabın kim tərəfindən göndərilməsi də açıqlanmayan bir sirrdir...
Məclisdə olanlar təkid edirlər ki, əgər sən haq aşığı olsan, bu sirri aça bilərsən. Odur ki, Tufarqanlı Abbasa İlahidən ilham olur. Səda gəlir ki, qabın içindəki qoz ləpəsidi və onu sənə göndərən Pəri xanımdır. Tufarqanlı Abbas başını qaldırıb məclis əhlinə ərz eyləyir ki,
Əlif, lam içində mim arasında,
Göndərdi yar bizə bir cəviz indi...
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Hazırladı: Məşədi Mirağa MUSTAFAZADƏ
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930