Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsi yolları
Mьəllif: admin1
Tarix: 27-06-2020, 22:38
Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsi yolları
Uşaqları Əhli-beytlə (ə) tanış edərkən, daha çox əməli üslubdan istifadə edilir, nəinki danışıq yolundan.

Misal üçün körpəyə ad qoymaq - əməli bir üslubdur ki, uşaq dünyaya gələndən sonra valideynlərin təşkil etdiyi mərasimlə həyata keçirilir.

Bu yolla ona münasib ad seçməklə körpəni ilk günlərindən Əhli-Beytlə (ə) tanış etmək olar. Bu üslubun körpənin tərbiyəsində təsiri böyükdür.

Çünki əməli və hissi həyata keçirilir. Körpə özünü ona daha yaxşı uyğunlaşdıra bilir. Körpəni Əhli-Beytlə (ə) tanış etməyin bir çox yolları vardır ki, onların bəzisinə nəzər salaq:

1. Məsumların (ə) adlarını qoyaraq, tanış etmək.

Körpəyə ad qoymaq bir dini sünnədir ki, daima Məsumlar (ə) tərəfindən vurğulanmışdır. Onlar övladlara yaxşı ad qoyulmasına xüsusi əhəmiyyət verirdilər.

Gözəl ad uşağın izzətli və başıuca olmağına səbəb olar. O zaman ki, həmin adla onu çağırarlar, meyl və rəğbətlə cavab verər. Sanki bu adla fəxr edir.

Məsələn, əgər uşağa ”Əli” adı qoyularsa, öz yaşıdlarının yanında öz adını eşidəndə bir növ iftixar hissi keçirər. Təbiidir ki, İmam Əlinin (ə) fəzilətlərindən onun yanında nə qədər danışılarsa, o da bir o qədər diqqətlə qulaq asar.

Həzrət Peyğəmbər (s) buyurur: “Övladın ata və ana üzərindəki haqqı odur ki, ona gözəl ad qoysunlar”. Bir gün İmam Səccad (ə) Mədinənin valisi Mərvan ibn Həkəmlə görüşür. O, Əhli-Beytin (ə) qatı düşməni idi. Mərvan soruşur: “Sənin adın nədir?”.

İmam (ə) buyurur: “Mənim adım Əlidir”.

Mərvan dedi: “Qardaşının adı nədir?”.

İmam (ə) buyurdu: “Onun da adı Əlidir”.

Mərvan əsəbləşib deyir: “Uf, Əli, Əli. Nə xəbərdir? Atan bütün oğlanlarına “Əli” adı qoymağı qərara almışdır?”.

İmam (ə) buyurur ki, atam İmam Hüseynin (ə) yanına gəldim və Mərvanın dediklərini Həzrətə (ə) danışdım. Atam buyurdu: “Əgər yüz oğlum olsa, çox istəyirəm ki, hamısının adını Əli qoyum”.

2. Məsumlara (ə) məhəbbət göstərərək, onları uşaqlara tanış etmək.

Məhəbbət və sevgi göstərmək - Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yoludur. Bu mənada ki, valideyn evində xüsusi bayramlarda Əhli-Beytə (ə) məhəbbət göstərsin.

Məsələn, dini bayramlarda sevinsin və bayram etsin, əzadarlıqlarda isə qəmgin olsun. Bu rəftarlarla uşaqların zehnində olan bir çox suallara cavab vermək olar.

Bu yolla o da Əhli-Beytə (ə) məhəbbət bəsləyər. Çünki uşaq ata və anasının rəftarlarını təlqin edər. Onların etdiyi hər bir əməli dəyərli hesab edər.

Rəftarlarını ona uyğunlaşdırmağa çalışar. Əgər uşaq görsə ki, ata və anası daima Əhli-Beytə (ə) qarşı sevgi və hörmət bəsləyir, təbiidir ki, ata və anasının rəftarlarını təkrar edəcəkdir.

Məfzəldən nəql edilir ki, bir gün İmam Musa Kazimin (ə) xidmətinə gəldim. Gördüm ki, oğlu İmam Rza (ə) onun qucağında əyləşmiş və İmam Musa (ə) da onu öpür.

Gah çiyninə qoyur, gah da onu qucağına alır. Sonra buyurur: “Atam sənə fəda olsun! Necə xoş ətrin və necə gözəl əxlaqın vardır. Fəzilətin, elmin və biliyin necə aydın və aşkardır”.

3. Dini mərasimlərdə iştirak edərək, tanış etmək.

Uşaqları Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yolu da onları dini mərasimlərə aparmaqdır. Bu mərasimlərdə uşaqlara birbaşa olaraq, bu haqda bir şey deyilmir.

Ancaq bəzi şeyləri qeyri-müstəqim şəkildə başa düşürlər. Bayram və əzadarlıq mərasimlərində iştirak edən uşaqlar bundan çox təsirlənirlər.

Bu cür uşaqlar bayram və ya əzadarlıq başlamamışdan qabaq bu mərasimlərə hazırlaşarlar. Bu mərasimlərdə uşaqlar məddahlardan və ya mərsiyə deyənlərdən Əhli-Beyt (ə) haqqında eşiridir və istər-istəməz bu, onların zehninə nüfuz edir.

4. Əzadarlıq teatrları vasitəsilə tanış etmək.

Əzadarlıq mərasimlərində təşkil edilən teatrlar bütün müsəlmanlara xüsusi təsir qoyur. Təbiidir ki, uşaqlara da təsir edir.O dövrün paltarlarını geyinmək, onların bayraqlarını gəzdirmək uşaqlara xüsusi təsir qoyur.

5.Gözəlliklərlə tanış etmək.

Bu, o deməkdir ki, Əhli-Beytin (ə) adlarını gözəl şeylərlə uşaqlara öyrədirsən. O zaman ki, Məsumların (ə) adı çəkilər, gözəl xatirə zehnlərində canlanar. Bu da onları Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yoludur.

Belə ki, Əhli-Beyti (ə) uşaqlara gözəlliklərlə tanıdın. Uşaqların gözəl şeylərə: adlara, güllərə, quşlara xüsusi əlaqələri vardır. Onların gözəl adları da bu yolla uşaqların zehnində qalar. Ona görə də Məsumların (ə) adını onlara gözəl şeylərlə başa salmaq lazımdır.

6. Alimlərlə ünsiyyət vasitəsilə tanış etmək.

Böyük din alimləri ilə görüşmək və onlarla ünsiyyət bağlamaq - uşaqların Əhli-Beytlə (ə) tanış olmağına kömək edər. Əhli-Beyti (ə) sevən alimlərlə oturub-durmaq, xüsusilə də mərcəyi-təqlidlərlə görüşmək və onlarla söhbət etmək uşaqlara xüsusi təsir qoyar.

Çünki, onların rəftar və danışıqlarında Məsumların (ə) nişanəsini axtararlar. İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql edir: “Alimlərin yanına gedib-gəlmək dünya və axirət şərafətinə səbəb olar”.

7. Əhli-Beytin (ə) əsərlərini oxuyaraq.

Hər bir insanda keçmişdəkilərin təcrübəsindən faydalamaq maraq hissi yaradır. Ona görə də onların əsərlərini oxumaq şəxsiyyətin formalaşmasında böyük rol oynayır.

Quran, hədis və Məsumların (ə) əsərlərini oxumaq insanın mənəvi və ruhi ehtiyaclarını təmin edər. Bu, sözsüz ki, uşaqlara da təsir edər.

Uşaqları Əhli-Beytlə (ə) tanış etməkdən əvvəl valideynlərin özü onlarla yaxından tanış olmalıdır. Onların həyatları haqqında, əxlaq və ibadətləri haqqında lazımi məlumata malik olduqdan sonra, onları uşaqlara tanıtmalıdırlar.

Əgər bu sahədə kifayət qədər məlumatları yoxdursa, yaxşı olar ki, əvvəlcə özləri elmlərini artırsınlar. Yuxarıda qeyd edilən üslubların hər biri öz növbəsində təsiredicidir. Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsində bu üslubların hamısından istifadə etmək daha yaxşı olardı.



Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031