Onsuz da bu dünyada qalan olmayacaq. Elə isə, azuqəmizi toplayaq
Müəllif: Admin
Tarix: 5-07-2020, 22:54
Onsuz da bu dünyada qalan olmayacaq. Elə isə, azuqəmizi toplayaq


Allah Təala Qurani-Kərimdə bütün canlıların öləcəyini qəti hesab etmiş və heç bir canlının hətta Allahın ən sevimli bəndəsi olan Peyğəmbəri-Əkrəmin (s) cavidan olmasına belə razı olmamışdı. O Həzrət (s) də başqa canlılar kimi Haqqın rəhmətinə qovuşmuşdu.

Allahın Rəsulu (s) buyurur: “Bu aləmdən başqa aləmə köçmək – bir həqiqətdir ki, heç kim ondan qaça bilməz”.

Əmirəl-möminin (ə) buyurur: “Hər kim ölümə əlac tapmaq istəsə, öz vaxtını və zamanını tələf edər. Nəticəyə çatmaz. Aləmdə elə bir qüdrət yoxdur ki, ölümü insandan uzaqlaşdırsın. Elə bir dərman da mövcud deyildir ki, ölümlə nəticələnəcək xəstəliyə əlac etsin”.

Bəli, ona görə də bu sahədə vaxtını tələf etməyə dəyməz. Çünki ölüm qətidir. İnsan öz yeməyinə, içməyinə, qaldığı yerə, insanlarla ünsiyyətinə, sağlamlığını qorumaq üçün gigiyenasına xüsusi diqqət etməlidir.

O zaman ki, əcəli çatar və dünyadan gedər, ona deməzlər ki, sən dünyada olanda özün ölümün üçün şərait hazırlamışdın.

Hədislərimizdə şəxsi gigiyenaya diqqət etmək xüsusi vurğulanmışdır. Əgər Əhli-beytin (ə) qoyub getdiyi gigiyena qaydalarına müraciət etsəniz, bu haqda 5 mindən çox hədis taparsınız.

İnsan sağlamlığı o qədər mühümdür ki, Allah insan bədəninin təmizlənməsi üçün Ramazan ayında oruc tutmağı vacib buyurmuşdur. Orucun mənəvi faydası ilə yanaşı cismi faydası da az deyildir. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, xəstəliklərdən amanda olasınız”.

Orucla yanaşı ağlamaq da ruhun və canın xəstəliklərdən amanda olması üçün şərtdir. Allah Təala Qurani-Kərimdə buyurur: “Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən”. (Maidə” 83).

Bu göz yaşlarıdır ki, Allah bəndələrinin gözündən Allah üçün axar. Bu göz yaşları İmam Hüseyn (ə) üçün, axirət əzabı üçün axar. Ağlamaq - psixoloji təhlükəsizlik üçün lazımdır.

Yəni qəm və qüssəyə əlac edən təbii dərmandır göz yaşları. El arasında ona yüngülləşmək vasitəsi də deyirlər. Məsələn deyirlər ki, İmam Rzanin (ə) ziyarətinə getdim, bir saat ağladım və yüngülləşdim.

Bəli, oruc və ağlamaq - İslam dinində müalicə yollarındandır. Əgər insan Ramazan ayındakı orucuna riayət edərsə, bu ay qurtarandan sonra yüngülləşdiyini və artıq çəkidən azad olduğunu hiss edəcəkdir.

Nə qədər ki, bu dünyadayıq, sağlamlığımıza görə məsuliyyət daşıyırıq. Nəinki özümüz üçün, həm də başqalarının sağlamlığına görə. Ona görə də İslam dini bəzi şeylərin satılıb-alınmasını haram buyurmuşdur.

Məsələn, şərab almaq və satmağı, donuz ətini almağı və satmağı haram buyurmuşdur. Çünki, o cümlədən, insanların sağlamlığına ziyandır.

“Təkamül fil-İslam” kitabında yazılır: “İki nəfər qərara alırlar ki, bir yerdə ayaqyalın Kərbəlaya getsinlər və İmam Hüseynin (ə) Ərbəin mərasimində Kərbəlada olsunlar.

Onlar yola düzəlirlər. İnsan bu yolda xüsusi ab-havaya malik olur. Onlar yollarını itirirlər və ağacı, bitkisi olmayan bir yerə düşürlər. Hava da çox isti idi. Onlardan biri susuzluqdan çox zəifləyir və o birisi güclü olduğundan, onu qucağına alıb aparır.

Ancaq nə qədər gedrisə, yenə də suyu olan bir yerə gəlib çıxa bilmir. Nəhayət o da zəif düşür. Dostu susuzluqdan dünyasını dəyişir. O biri mömin nə dostuna qüsl verə bilir və nə də kəfənləyə bilir.

Ona yanında olan bıçaq vasitəsilə qəbir qazır və orada dəfn edir. Sonra da meyit namazı qılıb, yola düzəlir. Axır gəlib bir kəndə çatır. Ona yemək və su verirlər, düz yolu göstərirlər. O da karvana qoşularaq, Kərbəlaya gəlib çatır.

İmamı (ə) özünə və dostuna görə ziyarət edir. Ağlayır və dostunu xatırlayır. Qayıdan zaman yuxuda dostunu görür. Görür ki, dostu bir bağdadır, ancaq rəngi hələ də sarıdır. Soruşur ki, bu bağ nədir? Dostu deyir: “Peyğəmbərin (s) buyurduğu kimi, mən behişt bağlarından birindəyəm”.

Ancaq dostu soruşur ki, bəs niyə rəngin sarıdır, axı behiştdə insanın rəngi sarı olmur. Dostu cavab verir: “Düz deyirsən, ancaq hər 24 saatdan bir kiçik bir heyvan gəlir və ayaq barmağımı gəmirir və onun ağrısına bir gecə gündüz dözürəm”.

Ondan soruşur ki, niyə? Cavab verir: “Bir gün bir nəfərin evinə qonaq getmişdim. Bir meyvə gətirdi və meyvənin kənarına bir bıçaq da qoymuşdu ki, həmin bıçağın köməyi ilə meyvənin qabığını soya biləm.

Bıçağın işləməsi çox gözəl idi və mənə maraqlı gəldi. Bıçağı cibimə qoyub getdim. İndi də həmin bıçaq evimdəki şkafın içindədir. Sahibi də sağdır.

İmam Hüseynə (ə) xatir bıçağı götür və sahibinə qaytar. Burada mənə deyiblər ki, mal sahibinə qayıtmayanacan bu gəmirmə Qiyamətə qədər davam edəcəkdir”.

Dostu yuxudan ayılır və həmin dostunun evinə gedir. Bıçağın nişanələrini verir və bıçağı tapıb gətirirlər və o, da sahibinə qaytarır. Cümə gecələrindən birində dostunu yenə də yuxuda görür və dostu ona təşəkkür edirdi”.

Bəli, dünyaya nə üçün gəldiyimizi və nə üçün yaşadığımızı dərk etsək, aqibətimiz üçün azuqə toplasaq, bu dünyada olarkən o biri dünyamızı abadlaşdırsaq, ölümümüz də bizim üçün başlanğıc olar. İlahi rəhmətə qovuşacağımız günə qədər həm ruhumuza və həm də cismimizə görə məsul olduğumuzu hiss edərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31