Abort: cəzasız cinayət
Mьəllif: admin1
Tarix: 11-02-2021, 21:15
Abort: cəzasız cinayət
Dünya həyatında hər birimiz üçün Allahın bəxş etdiyi nemətlərin başında elə həyat dayanır.

Hər bir insan öz həyatı haqqında düşünür, qayğılanır, öz əməllərini məhz yaşamaq istiqamətində tənzimləyir. İstisnasız olaraq, hər kəs həyata böyük önəm və dəyər verir. Bəs görəsən digərlərinin həyatına necə?

Hələ üstəlik, bu «digərləri» dediklərimiz bizə ən yaxın, ən doğma biriləri olduqda necə? Sualımız və barəsində bəhs açdığımız mövzu dünyaya gəlməyə həzırlaşan övladlarını abort vasitəsilə məhv etməyə qərar verən "ATA" və "ANA"lara yönəlir.

Və əlbəttə, onların bu addımlarını dəstəkləyən həkimlərə, nənə-babalara, yaxın ətraflarına və bu hadisəyə laqeyd və biganə yanaşan cəmiyyətə…

Uşaq saldırmanın (abortun) mahiyyəti

Deyirlər ki, ilan yatmış adamı çalmır, it əl-ayağı bağlı adamı qapmır. Yəni heyvanlar belə müdafiəsiz və zəif insanlara hücum etmirlər...

Nəzəri olaraq, insanlar arasında da gücsüz və müdafiəsiz birisinə qarşı amansız davranış qətiyyətlə pislənilir və qınaq obyektinə çevrilir.

Ümumiyyətlə, cinayətə hədəf olan varlıq müdafiə baxımından nə qədər zəif olarsa, cinayəti bir o qədər ağır və rəhimsiz dəyərləndirirlər. Lakin praktik həyatda bu nəzəriyyə hər zamanmı özünü doğruldur?..

Bətndəki körpə (döl) insanların ən gücsüzü hesab olunur. Döl o qədər zəifdir ki, müxtəlif vasitələrlə onu doğrayarkən ah da çəkə bilmir!

Bu baxımdan bətndəki körpəni ən gücsüz və aciz bir məxluq kimi səciyyələndirmək olar. Bəs bu aciz varlıqlara “güclülərin” münasibəti hər zamanmı humanist xarakterli olur?

Danılmaz bir həqiqətdir ki, cavanın ölümü qocanın ölümündən daha üzücü olur. Nə üçün? Çünki gənc birisi həyata yenicə başlamışdır və onun ləzzətini hələ dadmamışdır.

Zənnimizcə, ana bətnindəki körpənin qətli bir gəncin qətlindən daha üzücüdür. Çünki o hələ gəncliyin də ləzzətini dadmamışdır.

Dünyanın ən mehriban, ən şəfqətli fərdindən, yəni anadan nəsibi ölüm olan körpə öz anasının istəyilə qətlə yetirilir və onun əllərilə torpağa gömülür.

Əslində öz övladlarının qatili olan belə analar bu addan qaçırlar. Amma bu, acı bir həqiqətdir...

Məsələyə obyektiv yanaşdıqda, həqiqətən də, uşaq saldırma yolu ilə bətndəki canlı məxluqu tələf etməyə, onun həyatına (!) son qoymağa qətldən başqa bir ad vermək mümkündürmü?

Tanınmış kanadalı jurnalist Tirver Lütan uşaq saldırmanın mahiyyətini araşdırıb və onu açıqlamağa çalışıb. O, abort haqqında statistik göstəricilərə toxunaraq bunları qeyd edir: “Hitlerin ölümündən sonra onun qələbəsinə nə qədər kömək edəcəksiniz?!”

O, abortu uşaqlara hitlersayağı vəhşi hücum kimi qiymətləndirir və onu insanlığa qarşı bir cinayət adlandırır.

Cəzasız cinayətlər...

Qanundankənar cinsi əlaqələr sayəsində bətindəki körpənin saldırılması cinsi azadlıqların son dayanacağıdır.

Araşdırmalar göstərir ki, qeyri-qanuni saldırılmış körpələr kiçik olduqda hətta küçədəki zibil qutularına da atılır. Amma abort etdirilmiş döllər zibil qutularına yerləşməyəcək həddə böyük olduqda başqa yollara əl atılır.

Kanadalı bir fotoloq deyir: “Abort edilmiş körpənin məhvi üçün əksər xəstəxanalarda xüsusi sobalardan istifadə edilir.

Amma dölləri zibil qablarına da atmaq olar. Çünki zibil maşınlarında olan doğrayıcı qurğular onları məhv etməyə qadirdir.”.

Avstriyada “Ölü yandırılan kiçik qurğular” adlı kitabça yayılmışdır. Bu kitabçada haqqında danışdığımız sobalarla bağlı maraqlı məlumatlar verilir.

Məsələn, yazılır ki, bu sobalar iki növdür. Onlardan bir növü 20-30 kq. insan cəsədini üç saata məhv edir. Kitabçada həmi sobanın müxtəlif şəkilləri verilir.

Kalqari universitetinin professoru Kris Betli daha “ziyalıcasına” düşünərək təklif etmişdir ki, kosmetikada istifadəyə yararlı döl yağlarını sobalarda yandırmaq, zibil qutularına atmaq heyifdir.

O təklif edir ki, bu döllər parfümeriya şirkətlərinə satılsın və onlardan “daha səmərəli” istifadə edilsin. Professor deyir: “Mən kifayət qədər böyük döl abort etmişəm.

Bir halda ki onlardan istifadə etmək olar, sobalarda yandırmağımız axmaqlıqdır... Mən hətta 7 aylıq körpələri də abort etmişəm... Onlardan çoxu formalaşmış olub və uzun müddət diri qalıb.”.

Bu canlı Hitler sözünə belə davam edir: “Bir gün 4 dölü yanaşı düzmüşdüm. Onların dördü də ağlayırdı. Onları öldürməyə vaxtım yox idi.

Amma yenə də onları sobaya atmaq fikrinə düşmədim. Axı onların yağından ticari məqsədlə istifadə etmək olar!”.

Vaxtıyla ABŞ-ın ən böyük abort mərkəzlərindən birinə rəhbərlik etmiş doktor Bernar Natonson deyir: “Kaliforniya şirkətlərində döl orqanlarının ticarəti rövnəq tapmışdır...”.

Qeyd edək ki, diri körpələrin orqanizmini canlı saxlamaq üçün onlar əvvəlcə dondurulur. Digər layihələrdə körpənin döyünən ürəyini həmin vəziyyətdə saxlamaq üçün orqanizmdən ayırıb xüsusi məhlulda araşdırırlar.

Bu yollarla, dünyaya gəlməyə hazırlaşan müdafiəsiz körpələr diri-diri məhv edilərək, kimlərinsə qazanc vasitəsinə çevrilir.

Araşdırmalardan görünür ki, bətndəki körpəsi 9 aylıq olan, doğuşuna anlar qalmış qadın da abort qərarına gələ bilər və həkimlər də onun bu qərarını gerçəkləşdirməkdən vaz keçməzlər.

Beləliklə də, hər gün minlərlə günahsız cana qəsd edilir, gözümüz önündə ən böyük cinayət – insan qətli törədilir və bu cinayətin müəllifləri cəzasız qalırlar.

Hələ üstəlik, törətdikləri amansız cinayətlər sayəsində külli miqdarda maddi gəlir də əldə edirlər...

Abortun zərər və fəsadları

Dünyada saysız-hesabsız qadınların aborta müraciətindən belə bir fikir yarana bilər ki, uşaq saldırmanın qadınlara zərəri yoxdur.

Əslində isə bu fikir kökündən yanlışdır. Biz həmin zərərlərdən bir qismini nəzərinizə çatdırırıq.

Abortun hansı üsulla həyata keçməsindən asılı olaraq, əsas etibarilə, aşağıdakı fəsadlara rast gəlinir: enboliya, qarın iltihabı, qan laxtalanması, qanın zəhərlənməsi, uşaqlıq və sidik yolunda çirklənmə, bağırsaq və böyrəklərin zədələnməsi, bətnin iltihabı və yaralanması, mədə yarası, ürək çatışmazlığı, sonsuzluq və s.

Abort sonrakı uşaqların anadangəlmə qüsurla doğulmasına da səbəb ola bilər. Bundan əlavə, ananın növbəti hamiləliyinin anormal olması ehtimalı da güclüdür.

Qeyd olunan zərərlər və xəstəliklər ananın orqanizminə aid idi. Abort etdirən qadınların 80 faizində psixoloji pozğunluqların da yaranması müşahidə olunur.

Qanunvericilik abortu hansı həddə qadağan edir?

Beynəlxalq Cəmiyyət və İnkişaf Konfransının proqramının 8/25-ci bəndində deyilir:

“Ailə planlaşdırılmasında abortdan bir üsul olaraq istifadə etmək olmaz. Dövlət və təşkilatlardan istənilir ki, qadınların sağlamlığı ilə bağlı öz öhdəçiliklərini yerinə yetirsinlər. Abortun acı sonluğu ümumi sağlamlıq problemi kimi qarşılanmalıdır.”

Avstriya hökuməti yeniyetmə və gənclər arasında sürətlə yayılan cinsi xəstəliklərin qarşısını almaq üçün 15-19 yaşlı qızlara hamiləliyin qarşısını alan vasitələri pulsuz paylayır.

Avstriya məktəblərində yeniyetmələr cinsi yaxınlıq və hamiləliyin qarşısının alınması mövzusunda məlumatlandırılır.

Pekin bəyannaməsinin 83-cü maddəsində məktəbli qızların hamiləlik faizini aşağı salmaq üçün xüsusi proqram təklif edilir. Bu proqram vəziyyətin necə dəhşətli olduğundan xəbər verir:

“Valideynlərin və tədris müəssisələrinin himayəsi ilə məktəbli qızlar və oğlanlar üçün hamiləliyin qarşısının alınması mövzusundan xüsusi proqramların həyata keçirilməsi zəruridir. Cinsi yaxınlıq vasitəsi ilə yayılan xəstəliklərin qarşısını almaq üçün bu iş görülməlidir.”

1995-ci ildə Pekində toplanan Beynəlxalq Qadın Konfransının son bəyannaməsinin 96-cı maddədə deyilir:

Abort qadınların böyük əksəriyyətinin həyatını təhdid edir. Bu, sağlamlıq sahəsində təhlükəli bir problemdir. Ən yoxsul və ən gənc insanlar bu təhlükəyə daha çox hədəf olur.

İnsanların bu mövzuya maraq həddi və münasibəti

Abort mütəxəssislərinin verdiyi məlumata əsasən, əməliyyat zamanı ana bütün baş verənləri hiss edir. Bətndəki uşaq isə öz həyatı uğrunda mübarizə aparır.

Həkimlər bildirirlər ki, vaxtı keçmiş abortlar zamanı (16 həftə ötdükdən sonra) bəzən bətndən çıxarılmış körpə zalım ana və həkimlərin gözü qarşısında can verir.

İnamla demək olar ki, son iki on illikdə cəmiyyətin aborta baxışı əsas ictimai amillərdən birinə çevrilib və ABŞ-da siyasi seçkilərə ciddi təsir göstərir.

Müxtəlif siyasətçilər aborta münasibətləri, ona tərəfdar və ya müxalif olmalarını bildirməklə xeyli tərəfdar toplayırlar. Bəzən də bu münasibət seçiciləri itirməklə müşayət olunur.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidentləri Ronald Reyqan və Corc Buş aborta qarşı olmuş və ona qadağa qoymağa cəhd göstərmişlər.

1997-ci ilin yanvarında Klintonun ikinci dəfə prezidentlik andı içəcəyi gün abort klinikası qarşısında baş vermiş partlayış amerikalıların aborta münasibətinin göstəricisi kimi səciyyələndirilə bilər.

Rəqəmlər göstərir ki, Azərbaycanda abortların üçdə ikisinin səbəbi dölün qız olması ilə bağlıdır. Yəni oğlan istəyən ailələr bətndəki körpənin qız olduğunu bildikdən sonra belə bir addım atırlar. Bu da qadınlara qarşı növbəti bir xəyanətdir.

Abort – insan həyatının məhvinə yönəlmiş bir hadisədir. İnsanın isə bu dünyadakı missiyası ölümə deyil, həyata yönəlib. İnsan yaşamağa və yaşatmağa gəlib bu dünyaya. İlahi vəhydə buyurulduğu kimi, bir günahsız insanı öldürmək, bütün bəşəriyyəti öldürmək kimidir!

Qurani-Kərimdə Rəbbimiz buyurur: “…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.” (Maidə surəsi, ayə 32).

Belə isə, bizlər öldürənlərdən deyil, həyat verənlərdən və həyatı dəstəkləyənlərdən olaq...

Zəhra Hüseynzadə

Beynəlxalq Mustafa Universitetinin Qadın mütaliələri fakültəsinin tələbəsi

Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829