İMAM MEHDİ (Ə) VƏ TƏRƏFDARLARI – YER ÜZÜNÜN VARİSLƏRİ
Müəllif: Admin
Tarix: 1-12-2017, 13:37
İMAM MEHDİ (Ə) VƏ TƏRƏFDARLARI – YER ÜZÜNÜN VARİSLƏRİ
Qurani-Kərimin “Nur” surənin 55-ci ayəsində buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları mütləq özlərindən əvvəlkiləri (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və varisi edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını, şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra küfr və nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.”

Bu ayədə açıq-aydın saleh və yaxşı işlər görən möminlərə müjdə verilir ki, onlar yer üzünün rəhbərliyini əldə edəcək, İslam dini hər tərəfə yayılacaq, qorxu əmin-amanlıq və təhlükəsizliklə əvəz olunacaq, şirk və fitnə-fəsada son qoyulacaq, Allahın bəndələri azadlıqla yeganə Allaha ibadət edəcək və bütün insanlara höccət tamamlanacaqdır. Belə ki, əgər hər kəs bundan sonra küfr və nankorluq etsə, Allahın itaətindən çıxmış əsl fasiq adlanacaqdır.

Bu mühüm hadisə və ilahi vədlər həm Peyğəmbəri-Əkrəmin (s), həm də ondan sonrakı dövrlərdə nisbətən geniş miqyasda dünya müsəlmanları üçün gerçəkləşdi. Lakin sonralar düşmənlərin caynaqları altına keçən İslam və müsəlmanları qorxu və dəhşət bürüdü. Bu dəhşət təkcə ərəb ölkələrini deyil, dünyanın əksər məntəqələrini əhatə etdi və düşmənlər bütün cəbhələrdə kəskin mövqe tutdular. Hələ ki, bütün dünyada şirk və bütpərəstliyi tövhidlə, zülm və haqsızlığı təhlükəsizlik və əmin-amanlıqla əvəz edəcək cahanşümul İslam hökuməti gerçəkləşməmişdir və mütləq onun intizarını çəkmək lazımdır. Bu böyük hadisə “mütəvatir” rəvayətlərə görə, imam Mehdinin (ə) zühuru və inqilabı ilə həyata keçəcəkdir. Lakin bu ayə nisbi olaraq İslam Peyğəmbərinin (s) və ona yaxın olan dövrlərə də şamil olur. Bu isə geniş miqyasda imam Mehdinin (ə) zühurundan sonra baş verəcəkdir. Burada əsla ziddiyyət yoxdur və bunlar ilahi vədlərin müxtəlif zamanlardakı təzahürləridir.

Ayədə qeyd olunan “Allah vəd etmişdir ki, onları özlərindən əvvəlkiləri Özünı canişin və varis etdiyi kimi, yer üzündə Öz canişini və varisi edəcək!” – ifadəsində məqsəd budur ki, keçmiş ümmətlərdə (nisbi) baş verdiyi kimi, möminlər və saleh bəndələr yer üzündən birdəfəlik zülm və küfrü qaldırıb yerində haqq hökuməti bərpa edəcəklər. Bunu biz “Yunus” surəsinin 14-cü ayəsində də görürük: “Onların ardınca sizi yer üzünün varisləri təyin etdik ki, görək özünüzü necə aparacaqsınız!”

Həmçinin “Əraf” surəsinin 137-ci ayəsində də buna toxunulmuşdur: “Zəif görünən o tayfanı (İsrail övladlarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis etdik. Səbir etdiklərinə görə, Rəbbinin İsrail övladlarına verdiyi gözəl vədlər tam yerinə yetdi.”

Məlum olduğu kimi, Allah İsrail övladlarını Fironun varisi etdi, onlar Misir və onun ətraf nahiyələrinə, eləcə də orada mövcud bütün sərvətə sahib oldular.

Ümumiyyətlə, bəhs etdiyimiz ayədə saleh bəndələrə, möminlərə yer üzünün rəhbərliyi müjdə verilir. Hərçənd, o zaman bu rəhbərlik və hökumət cahanşümul deyildi, bütün dünyanı əhatə etmirdi. Lakin bu özü də ilahi vədin gerçək bir nümunəsi idi. Onların yer üzündəki cahanşümul hökuməti təsis olunan zaman Allahın təqdir və istəyi, imam Mehdinin (ə) inqilabı ilə öz əksini tapacaq. Peyğəmbərin (s) və sair məsumların rəvayətlərinə əsasən, o, dünya boyu zülm və haqsızlıqdan sonra, haqq-ədaləti bərpa edəcək. Biz də Qurani-kərimin vəd etdiyi bu hökumətin intizarını çəkirik!

Ayənin təfsiri ilə bağlı müxtəlif mənbələrdə nəql olunan rəvayətlərdə bu həqiqət aşkar qeyd edilir. Məsələn, məşhur təfsir alimi Qurtubi “Əl-camiu li-əhkamil-Quran” kitabında Səlim ibn Amirin və Miqdad ibn Əsvədin Peyğəmbəri-Əkrəmdən (s) belə eşitdiyini nəql edir: “Yer üzündə daşdan, yaxud palçıqdan (tikilmiş) elə bir ev qalmayacaq ki, Allah-Taala İslamı o evə daxil etməsin!” (“Təfsiri-Qurtubi”, 7-ci cild, səh. 4692.)

“Ruhul-məani” kitabında imam Səccadın (ə) bu ayənin təfsiri ilə bağlı belə buyurduğu nəql olunmuşdur:

هُمْ وَاللهِ شِيعَتُنا اَهْلَ الْبَيْتِ يُفْعَلُ ذالِكَ بِهِمْ عَلَى يَدِ رَجُلٍ مِنّا وَهُوَ مَهْدِىٌّ هذِهِ الاُمَّةِ وَهُوَ الَّذى قالَ رَسُولُ اللهِ (ص) فِيهِ لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ تَعالى ذالِكَ الْيَوْمََ حَتّى يَلِىَ رَجُلٌ مِنْ عِتْرَتِى اِسْمُهُ اِسْمِى يَمْلَاُ الاَرْضَ عَدْلاً ًوَ قِسْطاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً:

“Allaha and olsun! Onlar bizim şiələrimizdir. Allah-Taala bunu bizdən olan bir şəxsin vasitəsilə həyata keçirəcək. O, bu ümmətin Mehdisidir. Allahın Peyğəmbəri (s) onun haqqında belə buyurmuşdur: “Əgər dünyanın qurtarmasına bir gün qalmış olsa belə, Allah-Taala həmin günü Əhli-beytimdən olan, adı mənim adımla eyni olan bir şəxsi yer üzünə hakim edəcəyi vaxta qədər uzadar. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar.”

Bu hədisə azacıq fərqlə şiə mənbələrində də təsadüf etmək olar.

Qurtubi başqa bir hədisdə Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Yer mənim üçün yığıldı, şərq və qərbin hər tərəfini gördüm. Tezliklə yer üzündə mənim ümmətimin hökuməti bərpa olacaq!” (“Təfsiri-Qurtubi”, həmin ayənin təfsiri.)

Qeyd etdiyimiz kimi, ilahi vədin xaricdə təzahürləri vardır. Bu vəd Peyğəmbəri-Əkrəmin (s) dövrünün saleh bəndələri və möminlərinə də şamil olur. Belə ki, Məkkə fəth edildikdən və İslam bütün Ərəbistan yarımadasına yayıldıqdan sonra müsəlmanlar nisbi təhlükəsizlik əldə etdilər və çox böyük bir məntəqəyə hakim oldular. Bu da həmin ayənin nazil olması ilə əlaqəlidir.

Uyğun ayənin nazilolma səbəbini açıqlayan bir çox təfsir kitablarında (azacıq fərqlə) nəql olunan rəvayətlərdə deyilir ki, Peyğəmbəri-Əkrəm (s) və müsəlmanlar Mədinəyə hicrət etdikdən və “ənsar” onları gülərüzlə qarşıladıqdan sonra bütün ərəblər onların əleyhinə qalxdılar. Hətta müsəlmanlar məcburiyyət qarşısında qalıb, özlərilə həmişə silah gəzdirir, gecəni silahla yatır, sübh silahla dururdular. Bəziləri soruşurdular ki, bu vəziyyət nə vaxta qədər davam edəcək? Elə bir vaxt gələcəkmi ki, gecəni rahat yataq, Allahdan başqa heç kəsdən qorxmayaq?! Bu zaman həmin ayə nazil oldu və onları belə bir xəbərlə müjdələdi.

Daha böyük mərhələ xəlifələrin dövründə həyata keçdi, dünyanın böyük bir hissəsi İslamı qəbul etdi və müsəlmanların əmin-amanlığı, təhlükəsizliyi bir az da artdı.

Lakin üçüncü və sonuncu mərhələ İslamın cahanşümul hökuməti, bütün dünyaya hakim olması, təhlükəsizliyin tam təmini və tövhid ordusunun şirk və küfr üzərində qəti qələbəsi ilə başa çatacaq. Bu da yalnız imam Mehdinin (ə) zühuru zamanıdır. Qeyd etdiyimiz bu üç mərhələ bir hədəfə doğru yönəlmişdir və bir-birinə əsla zidd deyil. Yeri gəlmişkən, bu ilahi vəd yalnız möminlərə və saleh əməl sahiblərinə məxsusdur. Şübhəsiz, nə vaxt bu şərt (iman və saleh əməl) ödənərsə, ilahi vəd də gerçəkləşəcəkdir. (“Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.305-308.)

Rza Şükürlü


maide.az
Oxşar xəbərlər
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031