Təvəkkülün mənası nədir? Təvəkkül edən nə qazanır?
Müəllif: Admin
Tarix: 28-08-2019, 10:43
Təvəkkülün mənası nədir? Təvəkkül edən nə qazanır?
"Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir”. ("Ali-İmran” 159).

Allaha təvəkkül etməyin həqiqəti budur ki, Allaha inanır və Onun əmrinə təslim olursan. Təvəkkülün mənası budur ki, müsəlman insanların əlində olandan ümidsiz və Allahın yanında olandan ümidvar olar.

Həzrət Peyğəmbər (s) Allahdan soruşur: "Ey Allahım! Hansı əməl daha fəzilətlidir?”.

Allah Təala buyurur: "Mənim yanımda heç bir əməl bu iki şeydən üstün deyildir: Bəndəm Mənə təvəkkül etsin və hər nəyi ki, ona qismət etməşəm, razı olsun”.

Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: "Allaha təvəkkül nədir?”

Cəbayil (ə) deyir: "Agah olmaq ki, məxluq ziyan və fayda vermir, əta etmək və ya mane olmaq onun əlində deyildir, bütün xəlqdən ümidsiz olmaqdır. Əgər bəndə bu cür olarsa, Allahdan başqası üçün çalışmaz. Heç kimə ümid bəsləməz. Allahdan başqa heç kəsdən qorxmaz. Budur təvəkkül”.

Həzrət Musanın (ə) dişi ağrıyır və Allaha şikayət edir. Allah Təala ona göstəriş verir ki, filan bitkidən istifadə etsin. Musa (ə) bu cür edir və ağrısı kəsir.

Musanın (ə) dişi yenə ağrıyır və həmin bitkidən istifadə edir, ancaq ağrısı kəsmir. O, Allahdan bunun səbəbini soruşur və Allah Təala buyurur: "İlk dəfə Bizim sorağımıza gəlmişdin, ancaq indi bitkinin sorağına getdin və Bizdən qafil oldun”.

Bir kişi ölkəsinin əmirinin yanına gəlir və deyir: "Mənə iş ver”. Soruşur ki, Quranı bilirsən? Deyir ki, yox. Deyir: "Get Quranı öyrən ki, biz Quranı bilməyənə iş vermirik”.

Kişi gedir və Quranı öyrənir. Bu zaman bir daha əmirin sorağına getmir. Bir gün həmin əmir onu görür.

Soruşur: "Nə etdin? Quran öyrəndin?”

Deyir: "Bəli”.

Deyir: "İndi gəl, sənə iş verim”.

Deyir: "İş istəmirəm”.

Soruşur: "Niyə?”

Deyir: "Çünki Qurana görə sənin işindən ehtiyacsız olmuşam”.

Soruşur: "Necə?”

Deyir: "Quranda bir ayəyə rast gəldim ki, məni səndən və işindən ehtiyacsız etdi”. O, həmin ayəni əmirə oxuyur.”

Təvəkkülün təsirləri:

1. Həqiqi təvəkkül edən Allahdan başqasından qorxmaz.

2. Allahdan qeyrisindən ümidsiz olar.

3. Həris deyildir.

4. Allahın əmrinə itaət edər.

5. Vəsaitlərinin olub-olmamasından təsirlənməz.

6. Məğlub olmaz. İmam Baqir (ə) buyurur: "Hər kim Allaha təvəkkül və etimad edərsə, məğlub olmaz”.

7. Allaha təvəkkül edən insan heç bir zaman ümidsiz olmaz.

Ona görə də hər bir işimizdə Allaha təvəkkül etməyə çalışaq. Çünki bizə həqiqi yardım etməyə qadir tək varlıq - Allahdır.


Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30