Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Müəllif: Admin
Tarix: 8-11-2015, 10:48
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Əvvəldə bir neçə məsələyə diqqət yetirmək lazımdır: Əvvəla, məsum imamların, xüsusilə həzrət Əli (əleyhis-salam)-ın mübarək adları Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında aşkar şəkildə və bir neçə dəfə qeyd olunmuş, o həzrət özündən sonra Əlinin canişinliyini və vilayətini aşkar qeyd etmişdir. Onun birincisi besətin əvvəllərində, risalətini öz yaxın qohum-əqrəbalarına təbliğ etdiyi zaman idi. Belə ki, həzrət o məclisdə buyurmuşdu: “Mənə iman gətirən ilk şəxs vəsim, vəzirim və canişinim olacaqdır”. Bu zaman həzrət Əli (əleyhis-salam)-dan başqa heç kəs müsbət cavab verməmiş və Peyğəmbər də yığıncağın axırında buyurmuşdu: “Sən məndən sonra vəsim, vəzirim və xəlifəm olacaqsan.”[1]
Digər bir hədis isə Peyğəmbərin Qədir-xumda aşkar şəkildə buyurduğu bu kəlamdır: “Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.”[2]
Həmçinin “mənzilət” hədisində həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhis-salam)-a xitabən buyururdu: “Sənin mənə olan münasibətin Harunun Musaya olan münasibəti kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”[3]
Həzrət Əli (əleyhis-salam)-ın xilafət və canişinliyi ilə əlaqədar buyurulan hədislər əksər hallarda mütəvatirdir və bu məsələyə sünnü və şiə kitablarının çoxunda işarə olunmuşdur.[4]
Digər bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) məsum imamların adlarını – Həzrət Əlidən Həzrət Höccətə (əleyhimus-salam) qədər – Cabir ibni Əbdüllah Ənsariyə buyurmuşdur.[5]
Deməli, nəzərə almaq lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə deyilməsə də, Quranın aşkar buyruğu ilə bütün sözləri haqq və vəhy olan bir şəxsiyyət – Peyğəmbəri-Əkrəm[6] onların adlarını tam aşkar şəkildə bəyan etmiş, onların canişinliyinə və imamət məqamlarına təkid etmişdir.
İkincisi: Qurani-məciddə Əli (əleyhis-salam)-ın vilayətinə dair işarələr vardır. O həzrətin adı aşkar deyilməsə də, bütün müfəssirlər – istər şiə, istərsə də sünnü müfəssirləri – yekdil fikirdədirlər ki, “Maidə” surəsinin 55-ci ayəsi Əli (əleyhis-salam)-ın barəsində nazil olmuşdur və ondan başqa heç bir nümunəsi yoxdur:[7] “Sizin rəhbəriniz və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”
Diqqət yetirmək lazımdır ki, islamda insanın rüku halında zəkat verməsinin vacibliyini göstərən bir göstəriş və qanun yoxdur. Deməli, bu ayə xarici aləmdə bircə dəfə baş verən bir gerçəkliyə işarə edir, bu da Əli (əleyhis-salam)-ın öz üzüyünü rüku halında dilənçiyə verməsi olmuşdur. Belə ki, həzrət Əli rüku halında olarkən işarə etdi və dilənçi gəlib üzüyü onun barmağından çıxardaraq getdi.[8] Buna görə də ayədə buyurulur: “Sizə vilayət və rəhbərlik yalnız və yalnız[9] Allah, Onun Peyğəmbəri və Əlinin öhdəsinədir və onlardan başqa heç kəsin sizə vilayət haqqı yoxdur.”
Bura qədər aydın odu ki, məsum imamların adı Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in mübarək dilində aşkar şəkildə deyilmiş, Quranda da Əli (əleyhis-salam)-ın vilayətinə dair üstüörtülü, kinayəli işarələr gəlmişdir. Belə ki, haqq-həqiqəti axtarmaq məqamına gələn tədqiqatçı və insaflı bir şəxs azacıq tədqiqat və araşdırılma ilə başa düşər ki, Peyğəmbərin özündən sonra imamət və canişinlik barəsindəki nəzəri – Əli (əleyhis-salam) və onun pak, mütəhhər övladlarının xilafəti olmuşdur. Amma imamların adlarının nə üçün Quranda aşkar deyilmədiyinə gəldikdə isə, bunu iki dəlili ola bilər:
1. Quranın bəyan üslubu belədir ki, məsələləri külli şəkildə bəyan edir, onun incəliklərinə dəxalət edərək şərh etmir. Belə ki, üsuli-din və fürui-dinin əksər məslər belədir.
Bu cavab imam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir rəvayətdə[10] təqdim olunur. İmam bu kəlamın təkidi üçün üç misal göstərir: Biri budur ki, Quran namaz məsələsini külli şəkildə irəli çəkir və necə qılınmalı olduğunu, hər namazın neçə rəkəti olduğunu heç vaxt buyurmur. Lakin Peyğəmbər (səlləllahu əleyhi və alih) namazın qılınma qaydasını, rəkətlərinin sayını müsəlmanlar üçün bəyan edir. Digəri isə zəkat məsələsidir. Quranda o, ümumi bir prinsip (və şəri qanun) şəklində bəyan edilir. Peyğəmbər isə zəkatın hansı şeylərə düşməsini, hər birinin nisab hədinin nə qədər olduğunu təyin edir. Üçüncü isə həcc məsələsidir. Quranda yalnız onun vacib olması deyilir, Peyğəmbər isə onun yerinə yetirilmə qayda-qanunlarını şəxsən müsəlmanlara təlim verib bəyan edir.[11]
Deməli, Quranın bütün hallarda məsələlərin tam incəliklərinə qədər bəyan etməsini təvəqqe etmək yersiz bir təvəqqedir. İmamət və xilafət məsələsində Əhli-beytin adlarının bir-bir və aşkar şəkildə çəkilməməsi isə Əhli-beyt məktəbinə sarılmağın vacib olmamasına dair bir dəlil deyildir. Necə ki, zöhr namazının dörd rəkət olması Quranda gəlmədiyini bəhanə edərək onu tərk etmək və ya iki rəkət qılmaq olmaz. Eləcə də həcdə yeddi təvaf yerinə yetirilməsi Quranda gəlmədiyi üçün təvafı və ya həcci tərk etmək olmaz.
2. Çoxlarının müxalifət etməsi ehtimal verilən belə məsələlərdə məsləhət bunu tələb edir ki, Quran mətləbi aşkar (birbaşa) olmayan vasitələrlə bəyan etsin. Çünki ehtimal verilir ki, Əli (əleyhis-salam)-ın imamət məsələsi ilə müxalifətin hüdudları Qurani-məcidin özü ilə müxalifətə də gətirib çıxarsın, bu da şübhəsiz, müsəlmanların məsləhətinə olmazdı.
Əlbəttə, diqqət yetirmək lazımdır ki, Quranın özü “həqiqətən Biz onu nazil etdik və Biz də onu qoruyub hifz edəcəyik” deyə buyurmuşdur.[12] Bu müqəddəs kitabın təhriflərdən, artırıb-azaldılmadan qorunma yollarından biri də elə şəkildə bəyan olunmasıdır ki, onun təhrif edilib dəyişdirilməsi üçün mövcud olan stimullar özünü zahirdə müsəlman kimi göstərən münafiqlərdən alınsın, hər hansı bir şəxs, yaxud qrup həva-həvəsə itaət, yaxud şəxsi ixtilaflar ucbatından Quranı təhrif etməsin və ya heç olmazsa, öz istəkləri əsasında yozmasınlar, nəticədə Quranın hörməti və dəyəri aradan getməsin.[13]
Ustad şəhid Mütəhhəri (r) öz bəyanında bu cavabı aşağıdakı şəkildə qələmə alır: “Nə üçün Əli (əleyhis-salam)-ın imamət və xilafəti Quranda dəqiq şəkildə və şəxsən adı ilə bəyan olunmamışdır?” - sualına gəldikdə isə, belə cavab verilir ki, əvvəla: Quranın əsası məsələləri ümumi prinsip və küllü qaydalar şəkilində bəyan etməkdir. İkincisi, Allah-taala, yaxud Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) müəyyən insanların həvayi-nəfslərinə tabe olduqları üçün müxalifətə qalxacaqları bir məsələni aşkar şəkildə irəli çəkmək istəməmişdir. Hətta məsələnin irəli çəkildiyi formanı da bu kimi insanlar müəyyən yollarla yozaraq öz şəxsi fikirlərini tətbiq etmiş və demişlər ki, Peyğəmbərin məqsədi filan-filan şeylərdir. Yəni əgər bu xüsusda aşkar şəkildə bir ayə nazil olsaydı, yenə də onu başqa mənalara yozacaqdır. Peyğəmbərin aşkar şəkildə buyurduğu “Bu Əli sizin mövlanızdır” kəlamından da aşkar bəyan tapmaq olarmı?! Lakin o həzrətin bu qədər aşkar şəkildə buyurduğu kəlamı yerə vurmaqla, onun vəfatından sonra Quranın aşkar bəyanını yerə vurmaq tam ayrı-ayrı şeylərdi. Mən həzrət Əli (əleyhis-salam)-ın xilafəti dövründə baş verən bir hadisəni “Xilafət və vilayət” kitabının müqəddiməsində nəql etmişəm: Yəhudi bir şəxs islamın əvvəllərində baş verən xoşagəlməz hadisələri onların üzünə çəkərək bütün müsəlmanları təhqir etmək istəyirdi (insafla desək, təhqir etməyə də yeri vardı). O, həzrət Əli (əleyhis-salam)-a dedi: – Hələ Peyğəmbərinizin dəfn işi qurtarmamışdı ki, onun barəsində ixtilaf etdiniz!
Əli (əleyhis-salam) buyurdu:
اِناَّ اخْتَلَفْنٰا عَنْهُ لاَ فِیهِ وَ لـٰکِنَّکُمْ مَاجَفَّتْ اَرْجُلُکُمْ مِنَ الْبَحْرِ حَتَّى قُلْتُمْ لِنَبِیِّکُمْ: اِجْعَلْ لَنَا اِلـٰهًا کَمٰا لَهُمْ آلِهَةٌ. فَقٰالَ: اِنَّکُمْ قَوْمٌ تَجْهَلُونَ
“Biz Peyğəmbərin barəsində ixtilaf etmədik; bizim ixtilafımız Peyğəmbərdən bizə gəlib çatan göstəriş barəsində idi. Lakin siz dəryadan keçəndən sonra hələ dəryanın ayaqlarınızda qalan suyu qurumamış peyğəmbərinizdən istədiniz ki, tövhidin ilkin prinsipini ayaq altına qoyasınız! Siz dediniz ki, “bunların malik olduqları büt kimi bizim üçün də bir büt düzəlt!” Deməli, bizim üçün baş verənlərlə sizin üçün baş verənlər arasında çox dərin fərqlər vardır; biz Peyğəmbərin özünün barəsində ixtilaf etmədik, ixtilafımız sadəcə Peyğəmbərin buyurduğunun məfhum və mahiyyətinin nə olmasında idi! Bunların arasında çox fərq vardır: bir işi hər bir halda yerinə yetirsələr, xaricdə onun izahı belə olsun (nəinki, həqiqətdə də belə olmuş olsun) və desinlər ki, onlar bu xətaya düsünlər və güman etsinlər ki, Peyğəmbərin məqsədi bu imiş. Nəticədə Peyğəmbərin kəlamını bu şəkildə izah etsinlər. Yaxud desinlər ki, Quranın aşkar buyruğunu kənara qoydular, yaxud Quranı təhrif etdilər.”[14]
Demək olar ki, məsum imamlarının adının, heç olmazsa, Əli (əleyhis-salam) adının Quranda aşkar şəkildə deyilməməsinin ilk əsas məqsədi Quranın təhrifdən və azaldılıb-çoxaldılmaqdan qorunması olmuşdur. Gördüyünüz kimi “Təthir” ayəsi,[15] “Təbliğ” ayəsi,[16] və “Vilayət” ayəsi[17] Peyğəmbərin qadınlarına aid olan ayələr arasında, yaxud kitab əhli ilə dostluq edilməsinin hökmlərini bəyan edən ayələrin arasında gəlmişdir ki, zahirdə məsum imamların vilayəti ilə heç bir əlaqəsi yoxdur. Lakin tədqiqatçı bir şəxs azacıq diqqət yetirməklə başa düşür ki, ayələrin bu cür düzümü əvvəldəki və sonrakı ayələrdən tamamilə fərqlidir ki, müəyyən məqsədlə həmin yerdə yerləşdirilmişdir.[18]

[1] İbni Bitriq, “Əl-umdə”, səh. 121 və 133; Seyid Haşim Bəhrani, “Ğayətul-məram”, səh. 320; Əllamə Əmini, “Əl-qədir”, 2-ci cild, səh. 278
[2] Bu hədis mütəvatirdir və sünnü-şiələrin kitablarında gəlmişdir. Dəyərli “Əl-qədir” kitabında bu hədisin raviləri başda altmış nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi olmaqla 14-cü əsrə qədər (hər bir əsrdə) qeyd olunmuşdur. Belə ki, sünnü kitablarında onlar bu hədisin raviləri hesab olunur və adları kitablarda qeyd olunmuşdur. Həmçinin Mərhum Mir Hamid Hüseyninin “Əbəqat” kitabında “Qədir” hədisinin mütəvatir olması sübuta yetirilmişdir. Bax: “Əl-qədir”, 1-ci cild, səh. 14-114; İbni Məğazili, “Mənaqib”, səh. 25-26; Mütəhhəri, Mürtəza, “İmamət və rəhbərlik”, səh. 72-73
[3] “Əl-umdə”, səh. 173-175; Əhməd ibni Hənbəl, “Müsnədi Əhməd”, 3-ci cild, səh. 32; “Əl-qədir”, 1-ci cild, səh. 51, 3-cü cild, səh. 197-201
[4] Əli (əleyhis-salam)-ın imaməti ilə əlaqədar hədislərin mütəvatir olması “Əl-qədir” və “Əbəqat” kitablarında çoxlu yorulmaz səylərlə isbat olunmuşdur. Sünnü alimlərindən olan Fazil Quşçi də bəzi rəvayətlərin mütəvatir olmasını rədd etmir. Bax: Xacə Nəsirəddin Tusinin (r) yazdığı “Təcridul-etiqad” kitabına Quşçinin şərhi
[5] Məhəmməd ibni Həsən Hurr Amili, “İsbatul-Hudad”, 3-cü cild, səh. 123; Süleyman ibni İbrahim Qənduzi, “Yənabiul-məvəddət”, səh. 494; “Ğayətul-məram”, 10-cu cild, səh. 267; Misbah Yəzdinin “Əqaid təlimləri”ndən nəqlən, 2-ci cild, səh. 185
[6] “Nəcm” surəsi, 3 və 4
[7] Bax: Təfsir kitabları, sözügedən ayənin təfsirində: Fəxruddin Razi, “Təfsiri Kəbir”, 12-ci cild, səh. 25; "Təfsiri-nümunə", 4-cü cild, səh. 421-430; Cəlaləddin Süyuti, “Durrul-mənsur”, 2-ci cild, səh. 393.
Həmçinin bu hadisə sünnülərin rəvayət kitablarında da nəql olunmuşdur: “Zəxairul-uqba”, Mühubbudin Təbəri, səh. 88; Cəlaləddin Süyuti “Lubabun-nuqul”, səh. 90; Əlauddin Əli Müttəqi, “Kənzul-ummal”, 6-cı cild, səh. 391 və digər sünnü alimlərini qeyd etmək olar ki, onların bəziləri "Təfsiri-nümunə”, 4-cü cild, səh. 425-də qeyd olunmuşdur.
[8] Ustad Mütəhhərinin “İmamət və rəhbərlik” kitabının təhlilindən, səh. 38
[9] Nəhv (sintaktika) alimlərinin dediyinə görə “innəma” kəlməsi həsrə dəlalət edir. Bax: “Muxtəsərul-məani”
[10] Kuleyni, “Kafi”, “höccət” kitabı, “ma nəssəllahu və Rəsuluhu ələl-əimməti vahidən fəvahidən” babı, 1-ci cild
[11] Rəvayətin mətni belədir:
عَنْ اَبِى بَصِیرٍ قٰالَ: سَاَلْتُ اَبَا عَبْدِ اللهِ (ع) عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ "اَطِیعُوا اللهَ وَ اَطِیعُوا الرَّسُولَ وَ اُولِى الْاَمْرِ مِنْکُمْ"، فَقٰالَ (ع) نَزَلَتْ فِى عَلِىِّ بْنِ اَبِى طَالِبٍ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ فَقُلْتُ لَهُ: اِنَّ النَّاسَ یَقُولُونَ: فَمَا لَهُ لَمْ یُسَمِّ عَلِیاًّ وَ اَهْلَ بَیْتِهِ فِى کِتَابِ اللهِ عَزَّ وَجَلَّ؟ قٰالَ (ع) قُولُوا لَهُمْ: اِنَّ رَسُولَ اللهِ نَزَلَتْ عَلَیْهِ الصَّلاَةُ وَ لَمْ یُسَمِّ اللهُ لَهُمْ ثَلاَثاً وَ اَرْبَعًا، حَتَّى کاَنَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَتْ عَلَیْهِ الزَّکَاةُ وَ لَمْ یُسَمِّ لَهُمْ مِنْ کُلِّ اَرْبَعِینَ دِرْهَماً، حَتَّى کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ .وَ نَزَلَ الْحَجُّ فَلَمْ یَقُلْ لَهُمْ طُوفُوا اُسْبُوعاً حَتىَّ کَانَ رَسُولُ اللهِ هُوَ الَّذِى فَسَّرَ لَهُمْ ذٰلِکَ.
[12] Bu məsələni ustad Hadəvi Tehrani özünün “İctihadın kəlam əsasları” dərs yığıncağında təqdim etmişdir ki, “İctihadın kəlam əsasları” kitabının 2-ci cildində çap olunacaqdır.
[13] Yenə orada
[14] “İmamət və rəhbərlik”, səh. 109-110, 27-ci çap, “Sədra” nəşriyyatı, Tehran, 1381 (2002)
[15] “Əhzab” surəsi, ayə: 33 إِنَّمَا یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیرًا
“Həqiqətən Allahın iradəsi bu olmuşdur ki, hər növ (zahiri və batini) çirkinliyi siz Əhli-Beytdən uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.” Bu ayə Peyğəmbərin qadınları ilə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.
[16] “Maidə” surəsi, ayə: 67 “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanları bəyan et; əgər etməsən, risaləti yerinə yetirməmişsən.” Bu ayə murdar olmuş heyvan və haram ətlərlə əlaqədar nazil olan ayələrin arasında yerləşdirilmişdir.
[17] “Maidə” surəsinin 55-ci (“innəma vəliyyukumullah...”) ayəsi yəhudi və məsihilərlə dostluq etməməklə əlaqədar ayələrin arasında yerləşdirilmişdir.
[18] Bu məsələ də ustad Hadəvi Tehraninin “İctihadın kəlami əsasları” dərslərindən əldə olunur ki, kitabın 2-ci cildində çap olunacaqdır.


islamquest.net
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031