İMAM ƏLİYYƏN-NƏQİ (Ə) VƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ
Müəllif: Admin
Tarix: 10-03-2019, 10:32
İMAM ƏLİYYƏN-NƏQİ (Ə) VƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ

Xəlifə Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu.

Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular.

İmam Əliyyən-Nəqi də (ə) hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və “mötəzilə” təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı.

Lakin Mütəvəkkilin hakimiyyətə gəlişi ilə təzyiqlər yenidən başladı. Mütəvəkkil “əhli-hədisi” himayə edərək onları şiənin əleyhinə qaldırdı.

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ

Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Əliyyən-Nəqinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Əliyyən-Nəqinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edilirdi.

İmam Əliyyən-Nəqi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm.

O, İmam haqqında mənə dedi: “Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan.”

Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Əliyyən-Nəqinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.”

Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.)

Şeyx Müfidin nəqlinə əsasən, imam Əliyyən-Nəqi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar.

Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı.

MÜTƏVƏKKİLİN İMAM ƏLİYYƏN-NƏQİ (Ə) İLƏ RƏFTARI

Mütəvəkkil imam Əliyyən-Nəqini (ə) nəzarət altında saxlamaqla onu saray adamı və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü kiçiltmək istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Əliyyən-Nəqinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.)

Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Əliyyən-Nəqini (ə) xidmətçisi Səid ibn Hacibə təslim edərək öldürmək istəyir.

Lakin Mütəvəkkil iki gün sonra gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” İmam Əliyyən-Nəqi (ə) bu hadisəyə öncədən işarə etmiş və buyurmuşdu: “İki gün keçməz Mütəvəkkili öldürərlər.” (“Mənaqib”, c.2, s.447.)


(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031