İMANIN TAMI!
Mьəllif: admin1
Tarix: 9-09-2015, 14:44
İMANIN TAMI!

İmam Əli (ə) buyurmuşdur:

لا يَذُوقُ الْمَرْءُ مِنْ حَقيقَةِ الْايمانِ، حَتّى‏ يَكُونَ فيهِ ثَلاثُ خِصالٍ: الْفِقْهُ فِى الدينِ، وَ الصَّبْرُ عَلَى الْمَصائِبِ، وَ حُسْنُ التَّقْديرِ فِى الْمَعاشِ؛

“İnsan üç xislətə sahib olmayınca imanın tamını dadmaz: 1. dində agahlıq; 2. müsibətlərə səbir etmək; 3. məişətdə tədbirli olmaq.”

(“Biharul-ənvar”, 1-ci cild, səh. 20, 68-ci cild, səh. 85 və 346.)



ŞƏRH VƏ TƏFSİR

“İmanın tamı varmı?” – sualının cavabı müsbət və aydındır. “İmanın tamını dadmaq” dedikdə, onu iman sayəsində yəqinlik və ruhi aramlıqla dərk etməkdir. İmandan baş qaldıran yəqinlik, ruhi aramlıq, nuranilik, və dillə vəsfolunmaz xüsusi halət mənəvi ləzzətdən və qəlbin səfasından ibarətdir.

İndi isə görək, deyilən üç xislətlə imanın tamı arasında rabitə necədir?

a) الْفِقْهُ فِى الدينِ (Dində agahlıq): İnsan dinin müxtəlif sahələri ilə tanışlığı olmayınca, dini hökmlər və göstərişlərə necə möhkəm etiqad və əməli iltizam bəsləyə bilər? İnsan saleh əməl yerinə yetirməyincə, imanın tamını dada bilməz.

b) وَ الصَّبْرُ عَلَى الْمَصائِبِ (Müsibətlərə səbir etmək): Müsibətlər və acı hadisələr müqabilində diz çöküb bütün kainata bədbin olan, dilində və ya qəlbində Allaha etiraz edənlərin sayı az deyildir! Belələri imanın tamını əsla dada bilməzlər. Halbuki müsibətlər və ağır hadisələrin aydın hikmətləri var ki, həqiqi mömin onları yaxşı dərk edir. Bəzən, müsibətlər insana qəflət zamanı xəbərdarlıq, bəzən də xəta və günahlarının kəffarəsidir. Həmçinin bilməliyik ki, dünyada baş verən hadisələrin heç biri səbəbsiz və təsadüfi deyil!

c) وَ حُسْنُ التَّقْديرِ فِى الْمَعاشِ (Məişətdə tədbirli olmaq): İmanın məişətdə tədbirli olmaqla rabitəsinə gəldikdə isə, həyatında və gündəlik məişətində düzgün iqtisadi proqramı olmayan və nəticədə bir sıra çətinliklərə və bəzən də israf kimi günahlara düçar olması danılmazdır. Aydındır ki, belə çətinliklərə mübtəla olan insan günahla sonuclanacaq və imanın tamını dada bilməyəcəkdir.

Bir sözlə, insan dini agahlıq və mərifət, müsibətlərə dözüm və həyatda düzgün proqramlar sayəsində imanın tamını dada bilər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930